Azərbaycan iqtisadiyyatında keçid dövrü başa çatıb

 

Tahir Rzayev: “2009-cu il ölkəmizin həyatında sosial-iqtisadi, ictimai-siyasi və mədəni hadisələrlə zəngin oldu”

 

“Səs” qəzetinin budəfəki qonağı olan millət vəkili Tahir Rzayev ötən ilin nailiyyətləri və 2010-cu ildə əldə olunacaq uğurlar barədə fikirlərini söylədi:

 

- Tahir müəllim, məlum olduğu kimi, geridə buraxdığımız 2009-cu il ölkəmiz üçün olduqca uğurlu və əlamətdar hadisələrlə zəngin bir il oldu. Bu ildə də ulu öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu inkişaf yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə bu uğurlu siyasətin nəticəsidir ki, ölkəmizin iqtisadi qüdrəti daha da artaraq, siyasi arenada güclü dövlət kimi özünü təsdiq edib. Bu baxımdan, ötən ili necə qiymətləndirirsiniz?

- 2009-cu il ölkəmizin həyatında sosial-iqtisadi, ictimai-siyasi, mədəni hadisələrlə zəngin oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi əsaslı və əhəmiyyətli tədbirlər iqtisadiyyatın daha da inkişaf etdirilməsinə, sosial həyatın yeniləşməsinə, yaxşılaşmasına, demokratiyanın genişlənməsinə, əhalinin siyasi fəallığının yüksəlməsinə, milli-mənəvi dəyərlərimizin geniş tətbiq edilməsinə, dövlətimizin beynəlxalq aləmdə böyük nüfuz qazanmasına zəmin yaradıb. Qeyd edim ki, 2009-cu ilin martında Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan əlavələr və dəyişikliklərin ümumxalq müzakirəsinə çıxarılaraq, yüksək siyasi fəallıqla qəbul edilməsi, demokratik inkişafın əyani nümunəsinə çevrilməklə xalqımızın yekdilliyini, öz rəhbərinə, dövlətinə və Konstitusiya hüquq - vəzifələrinə ehtiramını, inamını əks etdirib. Çünki bu əlavə və dəyişikliklər bilavasitə xalqın öz təklifi, arzu və istəklərinin ifadəsi, ölkədə baş verən mühüm dəyişikliklərin, insanların hüquq və azadlıqlarının qorunması, demokratik prinsiplərin həyata keçirilməsi, gələcək nəsillərin daha xoşbəxt, azad yaşaması, dövlətimizin qüdrətlənməsi yolunda atılan uğurlu addımların nəticəsi idi. Demokratik prinsiplərə sadiqlik, insanların seçim hüququnun dəyərləndirilməsi ölkədə yerli özünüidarəetmənin bilavasitə daşıyıcısı və təşkilatçısı olan bələdiyyə seçkilərində də özünü bariz şəkildə əks etdirərək, bir daha Azərbaycanın beynəlxalq hüquqnormalara hörmətlə yanaşmasına əməl etdiyini sübuta yetirdi.

- Sizcə, hər iki seçim - referendum 23 dekabr bələdiyyə  seçkiləri azad, şəffaf oldumu? Hər halda, bununla bağlı müəyyən birmənalı olmayan fikirlər səslənməkdədir.

- Birmənalı olaraq, hər iki seçimin azad, şəffaf insanların yüksək siyasi fəallığı şəraitində keçməsi, deyərdim ki, həm daxili sabitliyin bərqərar edilməsi, vətəndaş həmrəyliyinin yaradılması, seçim mədəniyyətinin yüksəldilməsi formalaşması, dövlətin mənafeyinin daha yüksək qiymətləndirilməsi, həm dünyada Azərbaycanın demokratik bir ölkə kimi nüfuzunun möhkəmlənməsi  baxımından əhəmiyyətlidir. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq aləmdə şöhrətlənməsi diplomatik, siyasi amillərlə bərabər iqtisadi yüksəlişlə də sıx əlaqədardır. Son illər iqtisadiyyatımızda baş verən sürətli inkişaf ötən ilin dünya maliyyə böhranının yaratdığı çətinlikləri dəf etməyə, ölkədə durğunluğun yaranmasının qarşısını almağa kömək edib, ciddi işsizlik, ərzaq, iqtisadi problemlər yaratmayıb. Maliyyə böhranı bəzi sahələrə müəyyən təsirini göstərsə də, ölkədə həyata keçirilən əsaslı tədbirlərin, sosial-iqtisadi vəzifələrin qarşısını ala bilməyib, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına maneçilik törətməyib. Bu, iqtisadiyyatımızın düşünülmüş qaydada inkişaf etdirilməsinin, elmi əsaslarla idarə olunmasının göstəricisidir. Regionların dinamik sosial-iqtisadi inkişafı da bunu sübut edir. 2009-cu ildə regionlarda baş verən əsaslı dəyişikliklər, tikinti-abadlıq, yenidənqurma işləri, bir çox istehsal müəssisələrinin istifadəyə verilməsi, sosial obyektlərin tikintisi, yolların çəkilməsi, körpülərin salınması, yerlərinin açılması davamlı iqtisadiyyatın təmin edilməsinin nəticəsi kimi qiymətləndirilməlidir.

- Necə hesab edirsiniz, 2009-cu ili də Azərbaycan diplomatiyası üçün uğurlu il saymaq olarmı?

- Bəli, 2009-cu il Azərbaycan diplomatiyası üçün uğurlu sayılmalıdır. Ölkə başçısı cənab İlham Əliyevin bir çox xarici ölkələrə səfərləri, balanslaşdırılmış bir siyasət yeritməsi, dünyada sülhün, əmin-amanlığın bərqərar edilməsi sahəsində göstərdiyi cəhdlər, uğurlu diplomatik gedişlər sülhsevər insanlar, görkəmli dövlət xadimləri və siyasətçilər tərəfindən dəyərləndirilib, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında göstərilən səylərə bir stimul verib. Bu, xalqımızın ən ağrılı və çətin olan Qarabağ probleminin həllində, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması gedişində aparılan danışıqlarda aydın ifadəsini göstərir. Onu da qeyd edim ki, Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların doğurduğu əks-səda Azərbaycan xalqı üçün 2009-cu ilin ən narahatçılıq doğuran, həm də diqqətlə izlənilən düşünüdürücü hadisələrdən biridir. Təcavüzkar Ermənistanla münasibətlərin yaxşılaşdırılması, sərhədlərin açılması Azərbaycanın mənafeyinə zərbə olmaqla, həm də Türkiyənin dövlətçiliyinə, gələcək inkişafına, Azərbaycan-Türkiyə əlaqələrinə, qardaşlığına xələl gətirdiyinə, bir milyondan artıq qaçqın və köçkünü olan, 20 faizdən çox ərazisi işğal olunan bir respublikanın ərazi bütövlüyünün təyin edilməsinə zidd olduğuna görə, türklərin və azərbaycanlıların kəskin etirazına səbəb oldu. Hər iki ölkə xalqları etiraz etməkdə haqlıdırlar. Azərbaycanın işğal olunmuş əraziləri azad edilmədən, ölkənin ərazi bütövlüyü təcavüzkar tərəfindən tanınmadan, Qarabağ problemi beynəlxalq hüquq normaları əsasında həll olunmadan Ermənistanla münasibətlərin normallaşdırılmasının, əməkdaşlığın təmin olunmasının mümkünsüzlüyü barədə Türkiyə və Azərbaycan rəhbərlərinin səsləndirdiyi bəyanatlar xalqlarımızın ürəyindəndir və elə bilirəm ki, qarşıdan gələn ildə də bu bəyanatlar müdafiə olunacaq. Bir sözlə, 2009-cu ildə ölkəmizdə baş verən hadisələrin müsbət irəliləyişlərin, müəyyən çatışmazlıqların tam xronologiyasını vermək çox çətindir. Ancaq başa çatmaqda olan 2009-cu il hər birimizin həyatının bir parçası, necə keçməsindən asılı olmayaraq, silinməz anlarıdır. Arzum budur ki, üzümüzə gələn 2010-cu il - başda ölkə Prezidenti İlham Əliyev olmaqla - xalqımız üçün daha xoşbəxt, firavan, torpaqlarımızın azğın düşməndən azad olunması, ölkəmizin tərəqqisi, ölkəmizin sevincli, bayramlı günləri ilə zəngin bir il olsun.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 9 yanvar.- S. 9.