Teatr 100 illik yubileyinə hazırlaşır

 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının mətbuat xidmətindən aldığımız məlumata istinadən, teatr 100 illik yubileyi ərəfəsində bir-birindən maraqlı layihələri reallaşdırır. Qeyd edək ki, Musiqili Komediya Teatrı vaxtı ilə bu səhnədə böyük uğur qazanmış retro tamaşaları yeni quruluşda təqdim etmək istiqamətində addımlar atır.

 Belə tamaşalardan biri dünya şöhrətli bəstəkar, SSRİ xalq artisti Arif Məlikovun şair Əliağa Kürçaylının 42 il əvvəl xalq artisti Şəmsi Bədəlbəylinin quruluşunda teatrsevərlərə təqdim olunmuşLəpələrikihissəli musiqili komediyasıdır.

Əvvəlki quruluşdan fərqli olaraq, bu dəfə əsasən, yaradıcı gənclərin qüvvəsindən istifadə olunmuşdur. Arif Məlikovun musiqisinə müraciət gənclərdən böyük məsuliyyət tələb edir. Əsərə gənc rejissor Mikayıl Mikayılov quruluş verir. Gənc rəssam Mustafa Mustafayev teatra, məhz bu komediya üçün dəvət olunmuşdur.

Tamaşanın dirijoru, əməkdar incəsənət xadimi Nazim Hacıbəlibəyovdur.

Xəzər dənizi balıqçılarının həyatına həsr olunmuş səhnə əsərində baş rolları da əsasən gənclər - Ramil Qasımov (Sahibzadə), Gültac Həsənova (Ceyran), Ülviyyə Əliyeva (Narıngül), Əlimməməd Novruzov (Ağabala) ifa edəcəklər. Xalq artisti Arif Quliyev (Qubad), tanınmış gülüş ustası Çingiz Əhmədov (Əsgər) da tamaşada maraqlı obrazlar yaradacaqlar.

Rejissor Mikayıl Mikayılov quruluşçu rəssam Mustafa Mustafayev yeni tamaşada bir qədər fərqli nüanslar, daha müasir təqdimat forması tapmağa çalışır, ötən əsrin 60-cı illərində yazılanLəpələr baş verən hadisələrə bir qədər fərqli aspektdən yanaşır, onu müasir tamaşaçının tələblərinə cavab verən səviyyədə hazırlamağa səy göstərirlər.

 

 

Zümrüd

 

Səs.- 2010.- 9 yanvar.- S. 12.