Rusiya-Türkiyə yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilər

 

Elman Nəsirov: “Türkiyə Rusiyadan xahiş edə bilər ki, forpostu olan Ermənistana təzyiq etsin”

 

Məlum olduğu kimi, artıq bu gün Türkiyənin baş naziri R.T.Ərdoğanın Rusiyaya səfəri başlayır. Onun Moskvaya səfəri barədə şərhlər və ən müxtəlif fikirlər elə bu ilin ilk günlərindən etibarən geniş şəkildə yayılmışdır. İki region dövləti arasında aparılacaq danışıqların mövzusu və bu danışıqların hansı məcrada keçəcəyi ilə bağlı olan bu fikirlər adıçəkilən dövlətlərlə yanaşı, Azərbaycanda da izlənilməkdədir.

Bunun da başlıca səbəbi kimi məhz Türkiyə və Rusiya baş nazirlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin də müzakirəsi gözlənilirdi. Bu məsələnin iki region ölkəsi arasında müzakirə mövzusu olması ona ayrılan yüksək diqqətin nəticəsidir. Lakin qeyd etdiyimiz kimi, aparılacaq danışıqlar və onun nəticələri barədə  müxtəlif proqnozlar ölkə ictimaiyyəti arasında yer alıb. Ekspertlerin də bu məsələyə münasibəti birmənalı deyil. Belə ki, Ərdoğanın Rusiyaya səfəri və ümumiyyətlə, Rusiya- Türkiyə münasibətləri barədə fikirlərini öyrəndiyimiz politoloq Elman Nəsirov  Rusiya - Türkiyə münasibətlərinin ən yüksək inkişaf səviyyəsində olduğunu və bunun regionda gedən proseslərə təsirinin də hiss olunduğunu qeyd etdi.

“Əvvəla, onu qeyd edim ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri Rusiya baş naziri Vladimir Putinin dəvətilə gerçəkləşir. Yəni bu səfərdə Türkiyə nə qədər maraqlıdırsa, ondan da çox Rusiya tərəfi maraqlıdır. Bu səfərin gedişatında, heç şübhəsiz ki, bizim üçün maraqlı olan məsələ Rusiya-Türkiyə yaxınlaşmasının Qarabağ probleminin həllinə hansı dərəcədə təsiri məsələsidir. Onu da qeyd etmək lazımdır ki, heç bir zaman Rusiya ilə Türkiyənin münasibətləri indiki qədər yüksək inkişaf səviyyəsinə malik olmayıb. Təkcə bir faktı sizə deyim ki, Türkiyənin ən yaxın strateji müttəfiqi olan ABŞ-la onun ticarət dövriyyəsinin səviyyəsi ötən il cəmi 15 mln dollar təşkil edib. Müqayisə üçün deyim ki, Rusiya ilə Türkiyənin ticarət dövriyyəsinin səviyyəsi 38 mlrd dollara gəlib çatıb. Eyni zamanda, Türkiyənin xarici ticarət dövriyyəsində də birinci yerdə məhz Rusiyadır. İki dövlətin iqtisadi sahədə çox yüksək əməkdaşlığı var. Hətta iş o yerə gəlib çatıb ki, hərbi sahədə də bu iki dövlətin maraqları xeyli mənada üst-üstə düşməyə başlayıb. Müqayisə üçün deyim ki, keçən ilin dekabr ayının sonunda Türkiyə Rusiyadan təxminən 100 mln dollardan baha olan tank əleyhinə raket sistemi alıb. Yeri gəlmişkən, NATO standartlarını tətbiq edən Türkiyənin Rusiyadan belə silahlar alması çox maraqlı faktdır. Bu da Türkiyə ilə Rusiyanın hərbi sahədə də əməkdaşlıq etdiyini təsdiqləyir.

Belə bir vəziyyətdə həm siyasi, həm hərbi, həm də iqtisadi sahədə əməkdaşlığı sürətlənən bu iki dövlət təbii ki, Cənubi Qafqazda da bir sıra hallarda oxşar maraqların daşıyıcısı kimi çıxış edirlər və hazırkı vəziyyətdə Türkiyə diplomatiyasının qarşısında çox ciddi bir problem dayanıb. O da bundan ibarətdir ki, artıq aprel ayı yaxınlaşır və qondarma erməni genosidinin Konqresdə müzakirəsinə az müddət qalıb. Belə bir vəziyyətdə, çox şübhəsiz ki, Türkiyəyə qarşı ABŞ tərəfindən çox ciddi təzyiqlər başlanacaq. Artıq gələn ay - fevralda ABŞ dövlət katibi Hillari Klintonun erməni təşkilatlarının rəhbərləri ilə görüşü olacaq. Eyni zamanda, orada türk-erməni dialoqu və qondarma erməni soyqırımı məsələlərinin müzakirəsi gözlənilir. Belə bir vəziyyətdə Ankara da ciddi təzyiqlərlə üzləşəcəyinin fərqindədir. Lakin bu, o demək deyil ki, Türkiyə özünün əvvəlki mövqeyindən çəkiləcək. Mövqe isə belədir: Dağlıq Qarabağ probleminin həlli ilə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması paralel şəkildə gedə bilər. Türkiyə bunu ən yüksək səviyyədə, hətta Barak Obama ilə görüşlərində də bildirmişdi. Lakin Türkiyə onun da fərqindədir ki, aprel ayı yaxınlaşır və bu istiqamətdə Türkiyə hansısa bir irəliləyişə nail olmalıdır. İrəliləyiş isə Ermənistanın mövqeyində yumşalma ilə müşahidə oluna bilər. Bu, Dağlıq Qarabağın ətrafında olan rayonların qaytarılması ilə bağlı ola bilər. Türkiyə həm bunu çox gözəl dərk edir ki, Ermənistanı belə bir addım atmağa vadar edə biləcək yeganə dövlət Rusiyadır. Təbii ki, Rusiya Türkiyə ilə daha da inkişaf edən pozitiv münasibətlərindən istifadə edir, Rusiya rəhbərliyindən onu xahiş etmək istəyir ki, Ermənistana təzyiqlər etsinlər və Ermənistan tutduğu mövqeyindən geri çəkilsin və öz mövqeyini liberallaşdırsın, konkret addımlar atsın. Təsadüfi deyil ki, Türkiyənin baş naziri Rusiyanın baş naziri ilə danışıqlar aparan zaman Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək. Elə həmin gün də Ermənistanın konstitusiya məhkəməsində Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması müzakirə olunacaq. Bu hadisələrin üst-üstə düşməsi ona dəlalət edir ki, yanvar, fevral və mart aylarında regionla bağlı çox ciddi siyasi hadisələr baş verəcək. Türkiyə prezidenti A.Gül də verdiyi son müsahibələrdən birində qeyd edib ki, indi Türkiyə-Ermənistan münasibətləri ilə bağlı çox fəal siyasət yeridilir: “Mənə elə gəlir ki, indi bəhs etdiyimiz məsələlər həmin fəal diplomatiyanın real görüntüləridir.”

Rusiya ilə Türkiyə arasında münasibətlərin inkişafının yüksək səviyyəsinin Dağlıq Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcəyini də politoloq nəzərimizə çatdırdı. “Problem ondadır ki, Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəb bir münaqişədir. Onun mürəkkəbliyi onunla əlaqəlidir ki, bu üçtəbəqəli münaqişədir. Birinci təbəqə Ermənistanla Azərbaycanın münaqişəsidir. İkincisi, bu münaqişədə region dövlətləri iştirak edir. Nəhayət, üçüncü təbəqə qlobal təbəqədir ki, bu təbəqəyə beynəlxalq güclər daxildir. Üç səviyyədlə olan belə bir münaqişənin həllini tapmaq üçün həm lokal, həm regional, həm də qlobal  səviyyələrdə ortaq mövqe tapılmalıdır. Bu baxımdan regional səviyyədə Rusiya və Türkiyə bu məsələdə öz fikirlərini qətiyyətli şəkildə ortaya qoya bilsələr, təbii ki, bu münaqişənini həllinə çox kömək etmiş olar. Bu da, heç kəsə sirr deyil ki, münaqişənin həllində həlledici tərəf nə ABŞ, nə də Fransadır. Həmsədr kimi əsas söz sahibi Rusiyadır və rıçaqlar da onun əlindədir. Bu reallığı Türkiyə çox gözəl dərk edir. Türkiyə bilir ki, Ermənistanın mövqeyində bu və ya digər dəyişikliyə nail olmaq üçün, Rusiya bu məsələyə maraqlı olmasa, onda Ermənistanla belə bir danışığın heç bir əhəmiyyəti yoxdur. Bu məntiqdən çıxış edərək, rəsmi Ankara rəsmi Moskva ilə birbaşa danışıqlara gedir və elə bugünkü görüş də həmin məntiqin davamıdır. Bu danışıqlar yolu ilə Rusiyanı razı salıb, nəticə etibarilə Ermənistana təzyiq etmək. Bəziləri iddia edirlər ki, Ərdoğan Moskva səfəri ilə Rusiyaya təzyiq göstərmək fikrindədir. Rusiya çox böyük və güclü dövlətdir. Rusiya fövqəldövlət olmaq iddiasında olan dövlətdir. Türkiyənin ondan nəsə tələb etməsi ağlabatan deyil. Türkiyə, təbii ki, Rusiyadan xahiş edə bilər ki, forpostu olan Ermənistana təzyiq etsin. Yəni əslində, təzyiqi Ermənistana Rusiya edəcək. Belə olan halda, biz danışıqlar prosesinin 2010-cu ildə əhəmiyyətindən bəhs edə bilərik. Güman edə bilərik ki, Ermənistan daha konstruktiv mövqedən çıxış edə bilər. İnanın ki, Rusiyanın bircə işarəsi ilə Türkiyə-Ermənistan danışıqları ən yüksək səviyyəyə qalxa və həmçinin də, sıfıra enə bilər.

Güman edirik ki, danışıqlar konstruktiv məcrada keçəcək və mövqelərin üst-üstə düşməsi müşahidə olunacaq. Belə olan təqdirdə, Rusiyanın da Ermənistana təzyiq imkanları ola bilər. Elə Sergey Lavrovun da Ermənistana səfərinin həmin məntiqdən qaynaqlandığını demək olar” deyə A.Gül bildirir.

 

 

Murad İSMAYILZADƏ

 

Səs.- 2010.- 12 yanvar.- S. 7.