Xalqımızın istiqlal mübarizəsinin ən şərəfli
səhifələri
20 Yanvar faciəsi xalqımızın azadlıq
mübarizəsinin zirvəsidir
“XX əsr tarixində
totalitarizmin törətdiyi ən qanlı terror aktlarından
biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına
qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə,
humanizmə, azadlığa qarşı həyata
keçirilmiş dəhşətli bir əməldir.
Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət,
eləcə də, Azərbaycan xalqı qarşısında
cavab verməli olacaqlar. Bu gün Azərbaycan xalqı milli mənliyini
qorumaq üçün öz canlarından keçməyə
hazır olan övladları ilə fəxr edir”.
Heydər ƏLİYEV
Məlum olduğu kimi,
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda
baş verən qanlı 20 Yanvar hadisəsi hələ də
yaddaşlardan silinməyib. Bu tarixi faciə, neçə illərdir
ki, kütləvi formada yad edilir. Hər il Şəhidlər
Xiyabanına kütləvi axın bir daha sübut edir ki, 20
Yanvar faciəsinin qurbanları Azərbaycanın müstəqillliyi
uğrunda özlərini fəda edən şəxslər
olduğu üçün heç vaxt yaddaşlardan silinməyəcək.
Azərbaycan xalqına qarşı törədilmiş bu faciəli
tarixi günə aydınlıq gətirmək
üçün bir sıra siyasətçilərə
müraciət etdik.
YAP Cəlilabad rayon təşkilatının sədri
Mirsüleyman Mirxaslı:
- 20 Yanvar hadisəsi
sovet imperiyası tarixində ən qanlı ləkələrdən
biridir. Həmin vaxt Qorbaçov başda olmaqla, sovet rəhbərliyi
SSRİ Konstitusiyasında göstərilən xalqların təhlükəsizliyinin
təmin olunması prinsipini tapdayaraq, Azərbaycan xalqına
qanlı divan tutdu. Halbuki bu dövlətin Konstitusiyasına
görə, dövlət öz vətəndaşlarını
qorumalı idi. Hesab edirəm ki, 20 Yanvar hadisəsi sovet
imperiyasının Azərbaycan xalqına qarşı həyata
keçirdiyi dəhşətli soyqırımı hadisəsidir.
Dünya tarixi durduqca çar Rusiyası və sovet
imperiyasının tarixi araşdırılarkən, hər iki
imperiyanın xalqımıza qarşı apardığı
qanlı soyqırım siyasətinin sırasında bir
ağır səhifəni də 20 Yanvar faciəsi təşkil
edir.
Qeyd edim ki, Azərbaycan
xalqının tarixində 20 Yanvar hadisəsi ən
şanlı, ən parlaq səhifələrdən biridir. 20
Yanvar hadisələri onu da sübut etdi ki, Azərbaycan
xalqı Qarabağın ondan qoparılıb başqasına
verilməsinə razı deyil. Bütün bunlar
torpaqlarımızın əlindən alınmasına
qarşı xalqın kütləvi etirazı idi. 20 Yanvar hadisələrində
ayağa duran xalqımızın yeganə tələbi
Qarabağın əlimizdən getməməsi idi. Xalq başa
düşdü ki, torpaqlarını, suverenliyini qorumaq
üçün azad olmalıdır.
20 Yanvar hadisələrinin mühüm nəticələrindən biri də odur ki, bu hadisə sovet imperiyasının dağılmasında ciddi rol oynadı. Həmin vaxt SSRİ-nin tərkibində olan respublikalarda Azərbaycandakı kimi imperiyaya qarşı kəskin dirəniş olmamışdı. Bu baxımdan, SSRİ-nin çökməsində xalqımızın mübarizəsi mühüm rol oynadı. Əlbəttə, SSRİ-nin dağılmasının ümumi səbəbləri var. Bu, sosializm sisteminin qüsurları ilə bağlıdır. Ancaq bu prosesin sürətlənməsində Azərbaycan xalqının mübarizəsi böyük önəm kəsb etdi və 20 Yanvar hadisəsi sovet rejiminin iç üzünü açdı. Ona görə də, 20 Yanvar hadisələri istiqlal mübarizəmizin nadir hadisələrindən biri və tariximizin qürur səhifəsidir.
Gələcək nəsillər öz yaddaşlarına həkk edəcəklər ki, Azərbaycan xalqını məhv etmək mümkün deyil. Belə vəziyyətlərdə millətin öndərləri üzə çıxaraq, mübarizənin önündə gedir. 20 Yanvar zamanı da belə oldu. O dövrdə Azərbaycan informasiya blokadasına alındığı halda, ulu öndər Heydər Əliyev yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qorbaçovun cinayətkar olduğunu dünyaya bəyan etdi. Sübut elədi ki, xalq sahibsiz deyil, Heydər Əliyev kimi rəhbəri var. Rəhbər nəyə qadir olduğunu 20 Yanvarda sübut etdi. Bu gün Azərbaycanda Heydər Əliyev yolu uğurla davam etdirilir. 20 Yanvar şəhidlərin ailələrinə dövlət yardımları artırılır. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi böyük öndərimizin yolunu davam etdirir. Xüsusilə, Qarabağ məsələsində ölkə Prezidenti bütün dünyaya Ermənistanın təcavüzkar olduğunu bəyan edir. Dövlət başçısı, eyni zamanda, dünya miqyasında erməniləri başa salır ki, onların oturduğu torpaqlar da tarixi Azərbaycan əraziləridir və Azərbaycan xalqının bu torpaqları tələb etmək hüququ var.
YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov:
- Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin 20-ci ildönümü qeyd ediləcək. Faciədən keçən müddət, nəinki həmin gecə baş verən dəhşətləri unutdurub, əksinə, həmin qanlı olayın yaddaşlarda həkk olunması prosesi baş verib. Faciənin şahidi olan insanlar indi də həmin gecənin vahiməsini xatırlayırlar. Xalqımız, o cümlədən, Qazax rayon sakinləri bir araya gələrək, tarixin ən çətin sınaq dövrü olduğunu bildirdilər. Onu da qeyd edim ki, 20 Yanvar hadisəsi həm Azərbaycanda, həm də sovet məkanında gedən proseslərin nəticəsi kimi meydana çıxmışdır.
O zaman ölkədə hakimiyyətsizliyin getdikcə vüsət alması, idarəçiliyin zəifləməsi insanların, geniş xalq kütləsinin mənafelərinin arxa plana keçməsi ilə nəticələnirdi. Bu məsələlərin həllində bganəliyin, özbaşınalığın artması belə bir etiraz dalğasının yaranmasına gətirib çıxarmışdır. Nəticədə, bir tərəfdən, Azərbaycana qarşı olan haqsız, ədalətsiz torpaq iddiası - Dağlıq Qarabağ məsələsinin fəallaşdırılması, digər tərəfdən Azərbaycanın bir respublika kimi mənafelərinin tapdalanması xalq arasında böyük narazılığa səbəb olurdu. Həmin məsələlərin Azərbaycanın mənafeləri nəzərə alınmadan inkişaf etməsi bütün bu hadisələri daha da kəskinləşdirdi. Ölkədəki vəziyyət 1989-cu ilin sonunda kritik həddə gəlib çatdı. Bu hakimiyyətsizlik, anarxiya, özbaşınalıq elə vəziyyət yaratdı ki, bu qarışıqlıqda bir sıra qüvvələr prosesləri öz mənafeyi üçün istifadə etməyə çalışdılar. Xüsusilə də, yanvar ayında Bakıda törədilən qırğınlarla bir sıra proseslərə təsir edilməyə çalışıldı. Amma buna baxmayaraq, 20 Yanvar hadisəsi zamanı Azərbaycan xalqının iradəsi, vətən, torpaqlarının bütövlüyünü qorumaq məsələsində düşüncə vəhdəti özünü göstərdi.
Ölkəmizin nümayəndələri, yaşlı və cavan nəsli bir daha o dövrkü mövqeyi ilə nümayiş etdirdi ki, hansısa siyasi dairələrin istəyindən asılı olmayaraq, sadə vətəndaşlar bu proseslərin müsbət məcrada inkişaf etməsinə, Azərbaycan xalqının həqiqi mənafelərinin qorunmasına tərəfdardırlar. Təbii ki, bütün bunlardan ötrü canlarını qurban verməyə də tərəddüd etmirlər. Onu da vurğulayım ki, bu gün Qazax rayon sakinləri o işğalçı mənfurların vəhşilikləri ilə hər gün, hər saat üzləşirlər. Lakin bu, sakinlərimizi heç də, qorxutmur, əksinə, onlara qarşı daha hiddətli olurlar. Bu, belə də olmalıdır. Elə 20 Yanvar faciəsi zamanı Azərbaycan övladlarının atdığı addım həm faciə, digər tərəfdən isə, həmişə qeyd etdiyimiz kimi, bir qəhrəmanlıq nümunəsi idi. Eyni zamanda, bu təcavüz Azərbaycana qarşı yönəldilmişdi və sovet qoşunlarının, məkrli erməni qüvvələrin atdığı bu addımlar xalqımızın iradəsini sarsıtmadı, əksinə, verilən itkilərə baxmayaraq, Azərbaycan xalqı öz qəti mövqeyindən dönmədi. Bu baxımdan, 20 Yanvar olayı tariximizə qanlı hərflərlə yazılmış şanlı hadisədir. Bu faciə həm qəhrəmanlıq abidəsi, həm də milli faciə kimi qəbul edilməlidir.
YAP Hacıqabul rayon
təşkilatının sədri Hafiz Bəşirov:
- 20 Yanvar faciəsi hər bir azərbaycanlının yaddaşındadır. Bu faciə bir çox ailələri başsız qoydu. İnsanlar doğmalarını, qohumlarını, yaxınlarını itirdilər. Digər tərəfdən isə, Azərbaycan xalqı öz müstəqilliyini hər şeydən üstün, uca tutdu. Xalq başdan-ayağa silahlanmış bir ordunun qarşısına əliyalın çıxdı. Xalqımız o günlərdə daha mütəşəkkil idi. Ən şirin nemət olan canını müstəqillik yolunda verən xalqımız öz suvereniliyini qanı bahasına əldə etdi. İmperiya qüvvələri müxtəlif respublikalarda millətlərarası nifaq, düşmənçilik salır və keçmişdə olan münaqişələri yenidən oyadırdı. Bu, Qorbaçovun Azərbaycanda başlanan milli hərəkatı boğmaq arzusundan irəli gəlirdi. O zaman Azərbaycana rəhbərlik edən adamların xalqdan uzaq düşməsi bu hadisənin baş verməsinə rəvac verdi. İşini düzgün qura bilməyənlər xalqı meydanlara çağırırdı.
Bu, bir tarixdir və hadisələr hər kəsin gözü önündə baş verib. O vaxt respublikaya rəhbərlik edən şəxs ulu öndərimiz Heydər Əliyev səviyyəsində olsaydı, yaxud da, elə öndərimizin özü olsaydı, Qorbaçov özündə o cəsarəti tapmazdı. Xalqla Heydər Əliyev arasında olan birlik qaniçənləri də qan tökməkdən çəkindirərdi. Azərbaycanın geosiyasi şəraiti bir çox ölkələrin maraqlarının bu ərazidə toqquşmasına gətirib çıxarırdı. Tarix bizə bir neçə il əvvəl Heydər Əliyev şəxsiyyətini bəxş etsəydi, təbii ki, bu qırğınlar, Qarabağ düyünü də olmazdı. Tarixdə şəxsiyyətin rolu böyükdür. Xəstə olmasına baxmayaraq, Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, rəsmi şəkildə imperiyanın başçısına öz etirazını bildirdi.
Ulu öndərin bu addımı faciənin acısını yaşayan xalqda özünə inam yaratdı. Ancaq cinayət olan yerdə, cəza da olmalıdır. Bu faciəni törədənlər də öz qanuni cəzasını almalıdır. Xalqın nifrəti isə ən böyük cəzadır, onlar bu cəzanı alıblar və alacaqlar. Ancaq onu da qeyd edim ki, 20 Yanvar xalqımızın tarixinə şərəfli bir gün kimi həkk olundu. Yaşından asılı olmayaraq, hər bir azərbaycanlı şəhidlərin anım gününü qürurla, fəxrlə anır. Vətənin azadlığı, müstəqilliyi uğrunda canından keçən soydaşlarımızın məzarı xalqımızın ziyarətgahına çevrilib. 20 Yanvar tarixində baş verən hadisələr xalqımızın milli qürur hissini daha da formalaşdırdı. Allah şəhidlərə rəhmət eləsin!
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 13 yanvar.- S. 6.