“Azərbaycan Ordusu regionda ən güclü ordudur”
İlham Əliyev: “Azərbaycan Silahlı Qüvvələri
istənilən an işğal olunmuş
torpaqlarımızı azad etməyə qadirdir”
“Azərbaycan
Ordusu bu regionda ən güclü ordudur, ən böyük hərbi
potensiala malikdir. Biz bundan sonra da bu potensialı daha da
artırmalıyıq. Çünki dediyim
kimi, biz müharibə şəraitində
yaşayırıq. Müharibə hələ
bitməyib və Ermənistan-Azərbaycan
danışıqları, əfsuslar olsun, hələ ki,
heç bir nəticə vermir. Bunun da yeganə
səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir”-
Prezident İlham Əliyev atəşkəs dövründə
Ermənistandan fərqli olaraq, Azərbaycanın öz hərbi-iqtisadi
qüdrətini xeyli artırdığını bildirib.
“Bunu hamı bilsin...”
Ali Baş
Komandanın sözlərinə görə, Ermənistan
bütün qoşunlarını Azərbaycanın
işğal olunmuş torpaqlarından
çıxarmalıdır. “Danışıqlar prosesində və
müzakirə olunan məsələlərdə Dağlıq
Qarabağa nə vaxtsa, lap 100 ildən sonra müstəqilliyin
verilməsi, ümumiyyətlə, müzakirə olunmur və
bu, heç vaxt olmayacaqdır.
Ona görə biz
çalışırıq ki, məsələ beynəlxalq
birlik tərəfindən tanınmış norma
və prinsiplər əsasında tezliklə həll olunsun. O
da bundan ibarətdir ki, Azərbaycanın işğal
olunmuş bütün torpaqları
işğalçılardan azad edilməlidir. Azərbaycan
vətəndaşları, məcburi köçkünlər
öz doğma torpaqlarına, o cümlədən,
Dağlıq Qarabağa qayıtmalıdırlar. Bu da danışıqlar prosesində öz əksini
tapan bir məsələdir.
Bölgədə gedən
proseslər, Azərbaycanın bölgədə fəal
iştirakı, Azərbaycan tərəfindən irəli
sürülmüş bütün təşəbbüslər-
siyasi, iqtisadi və başqa təşəbbüslər, Azərbaycanın
bölgədə və dünyada artan rolu, əlbəttə,
heç vaxt imkan verməyəcək ki, Ermənistan təcrid
olunmuş vəziyyətdən çıxsın. Ermənistanın təcrid olunması onun öz rəhbərlərinin
fəaliyyəti nəticəsində baş veribdir”- ölkə
rəhbəri deyib.
“Biz öz milli
maraqlarımız uğrunda axıra qədər mübarizə
aparacağıq. Bizim mübarizəmiz ədalət
mübarizəsidir, haqq-ədalət bizim tərəfimizdədir.
Əlbəttə ki, biz öz milli
maraqlarımızı istənilən yollarla müdafiə edəcəyik”
deyə Prezident bildirib.
Prezident İlham Əliyev
öz mövqeyini bir daha bəyan edib: “Bunu hamı bilsin: Azərbaycan
bundan sonra da nə danışıqlar prosesində, nə də
bölgədə gedən başqa proseslərdə öz
prinsipial mövqeyindən dönməyəcəkdir”.
Mövcud
olduğu regionun lideri statusunu daşıyan, eləcə də,
postsovet məkanının ən güclü dövlətlərindən
biri kimi xarakterizə olunan Azərbaycanın mövqeləri
beynəlxalq sferada da günü-gündən güclənməkdədir. Bunun nəticəsidir
ki, beynəlxalq ictimaiyyətdə indi Azərbaycanın
mövqeləri ilə daha çox hesablaşırlar. Ölkəmizin maraq dairəsinə daxil olan məsələlərdə
mütləq onun istək və mənafeləri nəzərə
alınır, yeni regional düzən siyasətinin müəyyənləşməsində
Azərbaycan əsas müəlliflərdən biri kimi
çıxış edir. Bu durum Azərbaycanın
ən ağrılı problemi kimi dəyərləndirilən
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
də yeni və ölkəmizin maraqlarına cavab verən mərhələnin
başlanmasını şərtləndirməkdədir.
Münaqişənin
çözümü istiqamətində artıq Ermənistanı
diplomatik məğlubiyyətə uğradan Azərbaycan hərbi
müstəvidə də hakim mövqedən
çıxış edir və işğalçı ölkənin
Dağlıq Qarabağdan, zəbt olunmuş ətraf rayonlardan
güc yolu ilə çıxarılmasına tam
hazırdır.
Yaxın
zamanda, danışıqların nəticə verməyəcəyi
təqdirdə, Azərbaycan hərbi gücdən istifadə
etmək məcburiyyətində qalacağını ən
yüksək səviyyədə bəyan edib.
Azərbaycan
torpaqlarının 20%-ni işğal etmiş Ermənistan
sülh prosesini həddən çox uzatdığından
artıq Yerevanda Bakının səbrinin
daşacağını və torpaqları hərbi yolla azad edəcəyi
haqda əndişələr yaranıb. Son vaxtlar Ermənistan
rəsmilərinin bəyanat və açıqlamalarda ehtiyac
yaranarsa, Azərbaycana hücum edə biləcəklərini bəyan
etməsi də məhz bunun göstəricisidir. Ekspertlər belə bəyanatların
üçüncü dövlətlərin təşviqi ilə
səsləndirildiyini, Ermənistan ictimaiyyətinin ordudakı
problemlərin artması və danışıqlarda Azərbaycanın
üstünlüklər əldə etməsi ilə
bağlı narahatlıqlarına hesablandığını
bildirirlər.
Son vaxtlar
dünyada və regionda baş verən hadisələr bir
sıra ölkələr kimi Ermənistanın da durumunu
ağırlaşdırıb. İşğalçı
ölkə həm iqtisadi, həm siyasi, həm də sosial
böhran keçirir. Ən pis durum isə,
Ermənistan ordusundadır. Terrorçu
dövlətin cinayətkar rəhbərləri bunu
ört-basdır etmək üçün hərdənbir “hərbi”
təlimlər keçirsələr də, artıq orduda
baş verənləri gizlətmək mümkün olmur.
Münaqişə
tərəfi olan iki ölkənin hərbi-iqtisadi imkanları
və müharibə potensialı haqda son günlərdə həm
yerli, həm də xarici mediada çox yer ayrılır. Ümumiyyətlə,
Ermənistan müharibəyə hazırdırmı? İşğalçı ölkənin maddi-texniki
və insan resursları, ordudakı mənəvi-psixoloji durum
Azərbaycanla müharibə aparmağa kifayət edirmi?
İqtisadi potensialın savaşda rolu
Hər
hansı bir müharibəni apara bilmək üçün,
ilk növbədə, güclü maliyyə imkanları,
güclü iqtisadi potensial lazım gəlir. 1 milyon ac vətəndaşı
olan Ermənistanın isə öz əhalisini normal
dolandıracaq qədər belə maliyyə imkanı yoxdur.
Hərbi
ekspertlərin fikrincə, xaricdəki erməni diasporunun
topladığı sədəqəylə dolanan Ermənistan
bütün imkanlarını səfərbər etsə belə
uzağı 1-2 ay hərbi əməliyyat aparma imkanına
malikdir. Hazırkı şəraitdə hərbi əməliyyatların
1 aydan artıq davam etməsi isə Ermənistanda iqtisadi
çökmə, sosial partlayışla nəticələnə
bilər.
Ermənistanın
cari dövlət büdcəsi 3 mlrd dollar, hərbi büdcəsi
isə yarım milyarda yaxındır. 2009-cu ildə Azərbaycanın
dövlət büdcəsi 15 milyard, büdcədən hərbi
sahəyə yönəltdiyi vəsaitin həcmi 2,3 mlrd. ABŞ dollarına
yaxın olub. Göründüyü kimi, hər iki sahədə
beş qat fərq var.
Bundan başqa,
Azərbaycanın strateji valyuta ehtiyatları 20 milyard dollara çatır. Ölkədə digər
iri fondlar da var ki, bunların da resursları fövqəladə
hallarda ümumi fonda daxil edilə bilər.
Ötən il
isə Ermənistanda ÜDM-in həcmin rekord səviyyədə,
15% azalıb. Ölkənin büdcə kəsirinin ÜDM-ə
nisbəti 7,5%-dək artıb, cari hesab kəsiri
isə 13%-i keçib. Beynəlxalq təşkilatların
proqnozlarına görə, Ermənistan bu il
dünyada ən çox geriləməyə məruz qalan
ölkələrdən biri olacaq.
Belə
imkanlarla müharibə Ermənistan üçün əsil fəlakət
olacaq. Cəmi 1-2 ay ərzində müharibə davam etsə,
Ermənistan iqtisadiyyatı bunun öhdəsindən gələ
bilməz və ermənilər sadəcə acından ölərlər.
Müharibədə
əsas rollardan birini oynayacaq faktor ordunun texniki təminatıdır. Gəlin
işğalçı ölkənin arsenalını nəzərdən
keçirək. Ermənistan silahlı qüvvələri
Qarabağdakı hərbi birləşmələrsiz 3 ədəd
T-54, 5 ədəd T-55 və 160 ədəd T-72 tankı, 10 ədəd
BMD-1, 80 ədəd BRDM-2, 869 ədəd BMP-1, 98 ədəd
BMP-2, 25 ədəd BTR-60, 228 ədəd BTR-70, 50 ədəd
BTR-80, 145 ədəd zirehli rabitə maşınına, 50 ədəd
BM-21 “Qrad” və Ural maşınlarının bazasında 9A51
“Prima” reaktiv yaylım atəş sisteminə, “Akatsiya” 2S3,
“Qvozdika” 2S1, 90 ədəd D-30, habelə, Çin istehsalı
olan açıqlanmayan sayda WM-80 artilleriya sistemlərinə,
152 mm çaplı M1955 və 2A36, 29 ədəd T-12 tank əleyhinə
topa malikdir.
Ermənistan hərbi
hava qüvvələri (HHQ) Cənubi Qafqaz regionunda ən zəif
aviasiya hesab olunur. HHQ-nin inventarına 15 ədəd Su-25 hücum təyyarəsi,
bir ədəd MiQ-25PD və 2 ədəd İl-76 hərbi
yük təyyarəsinin daxil olduğu bildirilir. Ermənistan
hava məkanının qorunmasında bununla yanaşı, 12 ədəd
Mi-24 helikopteri və Gümrüdəki 102-ci hərbi
bazadakı Rusiyanın 18 ədəd MiQ-29-a bel bağlayır.
Azərbaycan Ordusunun
ixtiyarında isə, daha modern hərbi texnika, döyüş
uçaqları və silah-sursat var. Hərbi sirr olduğuna
görə, açıqlaya bilməsək də, deyə bilərik
ki, hər halda, ordumuzun maddi-texniki bazası Ermənistanınkından
xeyli çoxdur.
Azərbaycan
Silahlı Qüvvələrinin 90 illik yubileyi münasibətilə
Bakıda keçirilən möhtəşəm hərbi parad
da ordumuzun qüdrətini və modern texniki bazasını nümayiş
etdirdi.
Ötən il
Azərbaycan Ordusunun maddi-texniki bazası daha da gücləndirilib,
şəxsi heyətin peşəkarlıq qabiliyyəti
artıb, ordunun təminatı yüksək səviyyəyə
çatdırılıb. 2009-cu ildə ordumuz
xeyli hərbi təlimlər keçirib və hərbi ekspertlərin
fikrincə, bu təlimlər yüksək səviyyədə
təşkil edilib.
Hər il
olduğu kimi, 2009-cu ildə də Azərbaycan hərbçiləri
NATO ilə əməkdaşlıq çərçivəsində
qurumun təşkil etdiyi tədbir və təlimlərdə,
hərbi kurslarda seminarlarda iştirak edib. NATO ilə
əməkdaşlıq çərçivəsində
artıq Azərbaycan Silahlı Qüvvələrinin
döyüş qabiliyyətinin artırılması ilə
bağlı tədbirlərə başlanıb.
Prezident İlham Əliyev
bununla əlaqədar bildirib: “Danışıqlara ümidimiz
tükənsə, o zaman bizim başqa yolumuz qalmır. Biz buna da hazır olmalıyıq. Son illər ərzində ordu quruculuğunda
görülən işlərin təbii ki, məqsədi var.
Biz milyardlarla vəsait xərcləyirik, ordumuzu gücləndiririk,
yeni silahlar alırıq, texnika alırıq, təmas xəttində
öz mövqelərimizi gücləndiririk. Bunu ona görə edirik ki, biz bu variantı heç
vaxt istisna etməmişdik və etmirik də. Bizim tam hüququmuz var ki, öz
torpaqlarımızı hərbi yolla azad edək. Beynəlxalq hüquq normaları bu hüququmuzu
tanıyır”.
Silahlı
qüvvələrin hazırkı durumunu nəzərdən
keçirdikdə əminliklə söyləmək olar ki, Azərbaycan
Ordusu hərb yolu ilə torpaqları işğaldan azad etməyə
qadirdir və artıq ordu döyüşə tam
hazırdır. Belə bir durumda müharibənin necə
sonuclanacağı öncədən aydındır.
Canlı qüvvə faktorunun müharibədə rolu
Müharibədə
ən əsas amillərdən biri də, canlı qüvvədir. Hazırda rəsmi
məlumata görə, Ermənistan ordusu 60 min əsgərə
və 32 min nəfər əlavə ehtiyat qüvvəyə
malikdir. Orduda həqiqi hərbi xidmət
üçün yaş senzi 18-27 yaş, total səfərbərlik
dövrü hərbi xidmətə çağırış
üçün yaş senzi 16-49 yaşdır.
İldə iki dəfə orduya çağırış olsa da, Ermənistan mətbuatının yazdıqlarına görə, 2004-cü ilin payızından bu yana ordu çağırışçı çatışmazlığı problemi ilə üzləşir. Əvvəllər hər çağırışda 16-17 min gənc xidmətə yola salındığı halda, son illər bu göstərici 10-11 min nəfərə düşüb. Çağırışçı çatışmazlığı səbəbindən mülki vətəndaşlar belə döyüş mövqelərinə göndərilir. Cəbhəyanı kəndlərin sakinlərinə silah paylanır və onlar ayda 50 dollara posta çıxırlar.
Hərbi mənbələrin məlumatına görə, Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində saxlanılan hərbi qüvvələrinin sayı 20 min nəfərdir. Bu qüvvənin 75 faizi Azərbaycanın işğal olunmuş ərazilərinin ordumuzla təmas xətti üzrə cəmləşib.
Ermənistan Əsgər Anaları Cəmiyyətinin açıqladığı hesabatlarda, Azərbaycan ərazilərindəki hərbi hissələrə imkansızların övladlarının göndərildiyi, imkanlı övladlarının Ermənistandakı hərbi hissələrdə xidmət etdiyi bildirilir. Qarabağdakı hərbi hissələrdə isə “dedovşina”, xəstəliklər, nizamnamədən kənar hallar, narkomanlıq baş alıb gedir.
Bu qurumlar tərəfindən hazırlanmış hesabatlara görə, düşmən ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı getdikcə artır. Terrorçu dövlətin ordusunda ölüm hallarının sayı da yüksələn xətlə artır. Ötən il Ermənistan silahlı qüvvələrində 150-dən artıq hərbi qulluqçu həlak olub ki, bunlardan 130 nəfərdən çoxu qeyri-döyüş vəziyyətində ölüb.
Yaranmış durum erməni gənclərin kütləvi şəkildə ordudan yayınmasına və əsgərlərin fərarilik etməsinə səbəb olur. İşğalçı ölkənin zəbt edilmiş Azərbaycan ərazilərində olan hərbi ekspedisiya korpusunda son vaxtlar daha ciddi problemlər ortaya çıxır.
Bu gün Ermənistan ordusu olduqca ağır böhran yaşayır ki, bunu faktlar sübut edir. Məsələ burasındadır ki, Ermənistan ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı 2008-ci ilə nisbətən 2009-cu il ərzində təxminən 30 faiz artıb.
Azərbaycan Silahlı Qüvvələri isə daha çox canlı qüvvəyə malikdir. Ehtiyat qüvvə isə Ermənistandakından azı 3 dəfə çoxdur. Ölkədə total səfərbərliyə cəlb oluna biləcək canlı qüvvənin sayı isə 2 milyona yaxındır. Çağırış planı, demək olar ki, 100 faiz yerinə yetirilir. Ordudan yayınma və fərarilik halları, demək olar ki, yoxdur. Peşəkar hərbçi kadr baxımından isə, ordumuzun imkanları daha yüksəkdir.
Psixoloji faktorların müqayisəli
təhlili
Beynəlxalq
hərbi təşkilatlar və xarici mediada yayımlanan
materiallara görə, Ermənistan ordusunun mənəvi-psixoloji
durumu həddən artıq böhranlı durumdadır. Bununla
bağlı Ermənistanda fəaliyyət göstərən hərbi
yönümlü qeyri-hökumət təşkilatları, o
cümlədən, “Əsgər Anaları” cəmiyyəti
maraqlı faktlar açıqlayıblar.
Elçin Bayramlı
Səs.- 2010.- 13 yanvar.- S. 8-10.