Kamil Nəcəfzadənin 80 illik yubiley sərgisinin
açılış mərasimi keçirildi
Dünən Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Dövlət İncəsənət Muzeyində tanınmış Azərbaycan rəssamı Kamil Nəcəfzadənin 80 illik yubiley sərgisinin açılış mərasimi keçirildi.
Azərbaycan
kino, teatr və rəngkarlıq
sənətinin istedadlı nümayəndələri
sırasında görkəmli rəssam, respublikanın xalq rəssamı, “Şöhrət” ordenli Kamil Nəcəf oğlu Nəcəfzadənin layiqli
yeri vardır.
Kamil Nəcəfzadə
29 dekabr 1929-cu ildə Bakıda anadan olub. Ömrünün 60
ilə yaxın bir dövrünü rəssamlıq sənətinə
həsr edib. O, yaradıcılıq fəaliyyətinə
1948-ci ildə Ə.Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra
başlayıb. 1955-ci ildə Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunda təhsilini tamamlayıb, Bakıya
qayıdan Kamil Nəcəfzadə Cəfər Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasında
yaradıcılıq dövrünün yeni mərhələsinə
başlayır. Bu illər ərzində o, “Bir məhəlləli iki
oğlan”, “Uzaq sahillərdə”, “Qara daşlar”, “Mən rəqs edəcəyəm”, “Bir cənub
şəhərində”, “Səmt küləyi”, “Qaçaq Nəbi”,
“Ad günü” filmlərinin quruluşçu rəssamı
kimi sənətsevərlərin məhəbbətini
qazanır. Kamil Nəcəfzadə bu dövr ərzində
40-a yaxın filmin quruluşçu rəssamı olub.
Kino filmlərdən əlavə,
Kamil Nəcəfzadə Azərbaycan teatr səhnəsində
də fəaliyyət göstərmiş, Hüseyn Cavidin
“Knyaz” (1964-cü il) və Səməd Vurğunun “Fərhad və
Şirin” (1976) əsərlərinə quruluş vermişdir.
Səhnəqrafiya və kino filmlərin bədii tərtibatı ilə yanaşı, Kamil Nəcəfzadə rəngkarlıq və qrafika sahələrində də öz istedadını bu günə qədər nümayiş etdirir. O, 1957-ci ildən Rəssamlar İttifaqının və Kinematoqrafçılar İttifaqının üzvüdür.
Kamil Nəcəfzadənin yaratdığı əsərlər bənzərsizliyi ilə seçilir. Onun “Əmək adamları”, “İlk traktor”, “Azərbaycan harayı”, “Yaylaqda səhər”, “Tarix bağışlamır”, “Çay kənarında” tabloları, “Əli Zeynalov”, “İmran Qasımov”, “Mahmud Esembayev” və bir sıra portret əsərləri rəssamın yaradıcılığında özünəməxsus yer tutmuşdur. Rəssamın əsərləri dünyanın bir çox guşələrində - Amerika, Böyük Britaniya, Yaponiya, Türkiyə, Çexoslovakiya, Almaniya, Fransa, Kanada, və başqa ölkələrin muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır. Həmin ölkələrin bir neçəsində rəssamın fərdi sərgiləri Azərbaycan təsviri sənətinin uğurlu nailiyyətləridir. O, 1986-cı ildə Vyetnamın Hanoy şəhərində fərdi sərgisinin açılışından sonra 29 əsərini Vyetnam xalqına hədiyyə etmişdir.
Kino və rəngkarlıq sahəsində xidmətlərinə görə K.Nəcəfzadə 1964-cü ildə Çeçen-İnquş Respublikasının Əməkdar İncəsənət Xadimi, 1976-cı ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, 1987-ci ildə isə Azərbaycan Respublikasının Xalq Rəssamı kimi yüksək fəxri adlara layiq görülmüş, müxtəlif orden və medallarla təltif olunub. O, iki dəfə Dövlət mükafatı laureatıdır. Kamil Nəcəfzadə öz sənətini gənc nəslə də həvəslə öyrədir. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş və hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru kimi gənc nəslin tərbiyəsi işinə öz layiqli töhfəsini verir.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif illərdə rəssamın əsərləri alınaraq, Dövlət İncəsənət Muzeyi və Dövlət Rəsm Qalereyasının fonduna daxil edilib. Müxtəlif sərgilərdə K.Nəcəfzadənin əsərləri nümayiş etdirilir. 2004-cü ildə S.Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda rəssamın 75 illik yubiley sərgisi keçirilib.
2009-cu ildə
sənətşünaslıq doktoru Cəmilə
Həsənzadə, Ceyhun Səmədovun
müəllifliyi ilə hazırlanmış “Kamil
Nəcəfzadə” adlı kitab 500 tirajla nazirlik tərəfindən
nəfis şəkildə çap olunub.
Zümrüd
Səs.- 2010.- 13 yanvar.- S. 12.