Lepestki” (“Ləçəklər”) antologiyası çap olunub

 

Rusiyanın Perm şəhərində həmyerlimiz İlham Qimayət oğlu Əliyevin tərtib etdiyi Azərbaycan ədiblərinin seçilmiş əsərlərindən ibarət “Lepestki” (“Ləçəklər”) antologiyası çap olunub. Kitabda ensiklopedik məlumat xarakterli yazılar və rusdilli oxucu üçün zəruri şərhlər də yer almışdır. ADU-nun şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş fəlsəfə doktoru İlham Əliyev yaşadığı və çalışdığı Perm vilayətində Azərbaycan mədəniyyətini və elmini layiqincə təmsil etməyi öz mənəvi borcu hesab edir. Rusiya və Azərbaycanın dövlət himnləri ilə açılan kitabdaKoroğlu” və “Qaçaq Nəbi” dastanlarından parçalar, “Küçələrə su səpmişəm” xalq mahnısı, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Həsənoğlu, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Nəbati, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq, Məhəmməd Hüseyn Şəhriyar, Fərhad İbrahimi, Nigar Rəfibəyli, Rəsul Rza, Hüseyn Arif, Məmməd Araz, Aslan Aslanov və Nüsrət Kəsəmənlinin yaradıcılığından nümunələr yer almışdır. Yeni nəşrdəki əsərlərin, oxucu auditoriyasının xüsusiyyəti nəzərə alınaraq, rus dilindən əlavə Azərbaycan və qismən ingilis dilində də tərcümələri verilmişdir. Azərbaycanın tanınmış xalçaçı rəssamı Dilavər Eynulla qızı kitaba nəfis tərtibat vermişdir. Kitabın redaktoru E.Rzazadədir.

 

 

Zümrüd

 

Səs.- 2010.- 13 yanvar.- S. 12.