20 Yanvar xalqın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir şəhidlər millətin qeyrət rəmzidir

 

Qədim tarixə malik olan Azərbaycan xalqı əsrlərin sınağından həmişə üzüağ çıxıb. İllərin qan yaddaşına neçə-neçə zəfərlər yazan xalqımız əsrlər boyu qəhrəmanlıq savaşlarında qəhrəmanlıqları ilə tarixə düşmüşdür. 1990-cı ilin 20 yanvar tarixində də millətimiz məhz belə bir qəhrəmanlıq səlnaməsini yazdı. Bu tarixi gün, illər keçsə də, yaddaşlardan silinmir və silinməyəcək. Ziyalılarımız 20 Yanvar tarixi ilə bağlı yaddaşlarını bizimlə belə bölüşdü.

 

YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov:

 

- Mövcud qanunlarla, o dövrün tələbatları ilə imperiyanın yaratdığı rejim uyğun gəlmirdi və dünya dövlətlərinin  əksəriyyəti müstəqil idi. Rus imperiyasının müstəmləkə dövründə Azərbaycan xalqının müstəqillik, azadlıq arzusu, istəyi oyanmışdı. Ona görə də, Sovet İttifaqı öz müstəqilliyini qoruyub saxlaya bilmirdi. Ancaq imperiya zorakılıq yolu, güc yolu ilə də olsa, öz əvvəlki formasını saxlamaq istəyirdi. O dövrdə ulu öndər Heydər Əliyevin nüfuzu keçmiş Sovet İttifaqında artdığından, O, Siyasi Şuradan uzaqlaşdırıldı. Elə o zaman Qarabağ məsələsi ortaya atıldı. Ermənistanda yaşayan bütün azərbaycanlılar oradan, doğma torpaqlarından çıxarıldı. Qərbi Azərbaycandakı bütün insanlar zor gücü ilə deportasiya edildi. Azərbaycanın tarixi torpaqlarında soydaşlarımız kütləvi və vəhşicəsinə qətlə yetirildi. Xalq rejimə qarşı mübarizə apararaq, “Azadlıq” meydanına axışmağa başladı. Dövlət bu axının qarşısını almağa çalışsa da, bu, bir nəticə vermədi. Azadlıq hərəkatı, xalq hərəkatı bütün Azərbaycanı bürüdü. Bu zaman Qorbaçov Yazovun rəhbərliyi ilə Azərbaycana qoşun yeritdi. Xalq inanmırdı ki, sovet ordusu ona qarşı silaha əl atsın. Rusiyanın qeyri-qanuni şəkildə Azərbaycana yeritdiyi qoşun qanlı yanvar hadisəsini törətdi. Millət rus ordusunun bu qədər vəhşi olduğunu gözləmirdi. Bu qanlı 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç bir zaman silinməyəcək. Xalq əliyalın da olsa, ayağa qalxdı. Öz sözünü dedi. Böyük bir imperiya ordusunun qarşısında əyilmədi, qorxmadı, qurbanlar verdi. Bu qurbanlar həm də xalqımızın azadlığı, müstəqilliyi uğrunda oldu. Ancaq xalqımız öz sözünü dedirus qoşunlarını  Azərbaycandan çıxardı. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana ikinci siyasi hakimiyyətə qayıtdıqdan sonra, ilk dəfə olaraq, məsələyə siyasi qiymət verildi. O günə qədər məsələyə heç bir münasibət bildirilməmişdi. İmperiya öz siyasətini təkcə Azərbaycanda deyil, Qazaxıstanda, Tbilisidə, Pribaltika ölkələrində də törətsə belə, heç nəyə nail ola bilmədi. Qeyd edim ki, qanlı Yanvar hadisələri bir tərəfdən bizi kədərləndirsə də, digər tərəfdən də, düşünürük ki, xalqımız  öz müstəqilliyi uğrunda  canını-qanını verdi. Elə bunun nəticəsidir ki, Şəhidlər Xiyabanı bizim and yerimiz, ziyarətgahımızdır. Eyni zamanda, 20 Yanvar şəhidləri millətin qeyrət rəmzidir. Bu qeyrəti, vüqarı həmişə uca tutmaq bizim borcumuzdur.

 

 YAP Şəki rayon təşkilatının sədri Həsən Həsənov:

 

- 20 Yanvar faciəsindən  20 il ötür. Bu 20 il ərzində bu məsələ həmişə dövlətin diqqət mərkəzində olub. Sözsüz ki, xalqın  faciəsinə  dövlət rəhbəri səviyyəsində bəslənən  ehtiram bir daha göstərir ki, ölkə Prezidenti İlham Əliyev hakimiyyəti  ulu öndər Heydər Əliyevdən əxz etdiyi milli təəssübkeşlik missiyasını  dönmədən həyata keçirir. Onu da qeyd  edək ki, Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün son illər mühüm işlər görür. Prezidentin sərəncamları ilə 20 Yanvar faciəsinin ildönümü hər il respublikanın hər yerində geniş surətdə qeyd olunur. Eyni zamanda, Prezident İlham Əliyevin fərmanı ilə şəhid ailələrinə  dövlət qayğısı artırılıb. Məhz bu qayğıya cavab olaraq xalqımız öz rəhbəri ətrafında daha sıx birləşir. Elə bu yaxınlarda Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı martın 18-də referendumun keçirilməsi də ictimaiyyətin təklifinin nəticəsində irəli sürüldü. Xalq ölkə Prezidentinin hər bir vətəndaşın Prezidenti olduğunun bu son illər ərzində bir daha şahidi olub. Bu gün də 20 Yanvar faciəsi ilə əlaqədar geniş tədbirlərin keçirilməsi ilə bağlı dövlət başçısı cənab İlham Əliyevin verdiyi sərəncamı onu sübut edir ki, Prezident xalqının dərdinə həmişə şərikdir və diqqətindədir. Çünki 20 Yanvar faciəsi hər bir azərbaycanlının yaddaşındadır. Bu faciə  bir çox ailələri başsız qoydu. İnsanlar doğmalarını, qohumlarını, yaxınlarını itirdilər. Digər tərəfdən isə, Azərbaycan xalqı öz müstəqilliyini hər şeydən üstün, uca tutdu. Əliyalın xalq başdan-ayağa silahlanmış bir ordunun qarşısına əliyalın çıxdı. Xalqımız o günlərdə daha mütəşəkkil idi. Ən şirin nemət olan canını müstəqillik yolunda verən xalqımız öz suverenliyini qanı bahasına əldə etdi. İmperiya qüvvələri müxtəlif respublikalarda millətlərarası nifaq, düşmənçilik salır və keçmişdə olan münaqişələri yenidən oyadırdı. Bu, Qorbaçovun Azərbaycanda başlanan milli hərəkatı boğmaq arzusundan irəli gəlirdi. O zaman Azərbaycana rəhbərlik edən adamların xalqdan uzaq düşməsi bu hadisənin baş verməsinə rəvac verdi. Xalqın təşkilatlanması işini düzgün qura bilməyənlər xalqı meydanlara  çağırırdı.

20 Yanvar faciəsi bir tarixdir və hadisələr hər kəsin gözü önündə baş verib. Tarix hadisələrdən bir neçə il əvvəl  Heydər Əliyev şəxsiyyətini bizə bəxş etsəydi, təbii ki, bu qırğınlar, Qarabağ düyünü də olmazdı. Tarixdə şəxsiyyətin rolu böyükdür. Xəstə olmasına baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, rəsmi şəkildə imperiyanın başçısına öz etirazını bildirdi. Ulu öndərin bu addımı faciənin acısını yaşayan  xalqda özünə inam yaratdı. Ancaq cinayət olan yerdə cəza da olmalıdır. Bu faciəni törədənlər də öz qanuni cəzasını almalıdır. Xalqın nifrəti  isə ən böyük cəzadır, onlar bu cəzanı alıblar və alacaqlar. Ancaq onu da qeyd edim ki, 20 Yanvar xalqımızın  tarixinə şərəfli bir gün kimi həkk olundu. Yaşından asılı olmayaraq, hər bir azərbaycanlı şəhidlərin anım gününü qürurla, fəxrlə  anır. Vətənin azadlığı, müstəqilliyi uğrunda  canından keçən soydaşlarımızın məzarı xalqımızın ziyarətgahına çevrilib. Çünki 20 Yanvar tarixində baş verən hadisələr xalqımızın milli qürur hissini daha da formalşdırdı.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

YAP Beyləqan rayon təşkilatını sədri Rəfael Pəşiyev:

 

- Bu gün respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonunda da 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər planı hazırlanaraq həyata keçirilməkdədir. 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar, rayonun bütün qəsəbə və kəndlərində mərasimlər keçirilir, faciə qurbanları üçün ehsanlar verilir, şəhid ailələrinə yardımlar göstərilir. Bu tarixi faciə hər il, hər gün yaddaşlarda qalmalıdır. Qoy yeni nəsil bu faciənin mahiyyətini dərindən dərk etsintariximizin bu şərəfli səhifəsini dönə-dönə öyrənsinlər. Çünki 20 Yanvar faciəsi şərəfli bir tarixdir. Həmin gün 10 minlərlə vətən oğlu sovet imperiyasının Azərbaycan xalqına qarşı M.Qorbaçov başda olmaqla Moskvada oturan ermənipərəst rəhbərliyinin düşmənçlik siyasətinə öz etirazını bildirməsi və müstəqillik amalları uğrunda müqəddəs mübarizəyə qalxmışdır. Bu, əsil azadlıq mübarizəsi idi. Digər bir tərəfdən isə, igid oğul və qızlarımızın tarixi qəhrəmanlığı, onların müqəddəs şəhid qanları bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda tarixi mübarizəyə qalxıb. Daima ermənilərin müdafiəsində duran M.Qorbaçov Azərbaycan xalqının azadlıq və istiqlal istəyini qanla boğmaq qərarına gəldi. O, ümummilli liderimiz Heydər Əliyevin qarşısında cılız olduğunubu tarixi şəxsiyyətə daim məğlub olduğunu gözəl dərk edirdi. Xalqımıza qarşı düşmənçilik mövqeyində dayanan M.Qorbaçovun əmri ilə sovet qoşunları yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə daxil olaraq öz xalqının azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxmış insanların üzərinə yeridi. Lakin sovet imperiyasının top-tüfəngi xalqımızın qəhrəman oğul və qızlarını qorxutmadı. Əksinə, onların bu tarixi qəhrəmanlığı sahəsində Azərbaycan öz müstəqilliyinə qovuşdu. M.Qorbaçovun Moskvadakı digər canişinlərinin köməyi və dəstəyilə erməni daşnakları və 10 minlərlə azərbaycanlını öz yurd-yuvasından qovmuş, sonradan isə Dağlıq Qarabağdakı azərbaycanlılara qarşı vəhşicəsinə hücum edərək, divan tutmağa başlamışdılar. Bu gün biz 20 Yanvar faciəsini təkcə bir faciə kimi xatırlatmamalıyıq. Çünki bu, bizim tariximizdə olduqca şərəfli bir səhifədir. Həmin gün biz yüzlərlə şəhid versək də, müqəddəs şəhid qanları bahasına Azərbaycanın müstəqilliyini və azadlığını əldə etmişik. Onların qəhrəmanlığı göstərdi ki, Azərbaycanın igid oğul və qızları öz qanları bahasına doğma vətənlərini xilas etməyə qadirdilər. 20 Yanvar faciəsi bizim tariximizdə milli qürur səhifəsidir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 14 yanvar.- S. 3.