2010-cu il ərzində Dağlıq
Qarabağ münaqişəsinin
həlli gözlənilir
Aydın Mirzəzadə: “Dağlıq Qarabağ
probleminin həlli regionun təhlükəsizliyi və
gələcək inkişafı baxımından strateji
əhəmiyyət daşıyır”
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
Azərbaycan Respublikasının
suverenliyinə və ərazi bütövlüyünə
riayət edilməsi əsasında diplomatik vasitələrlə həlli,
ölkə Prezidenti İlham Əliyevin xarici siyasətinin əsas prioritetidir. YAP Siyasi Şurasının
üzvü, Milli Məclisin Təhlükəsizlik
və Müdafiə Komitəsinin sədr müavini, millət vəkili Aydın Mirzəzadənin sözlərinə
görə, dünya birliyinin tanıdığı
və qəbul etdiyi Azərbaycanın ərazi bütövlüyünü
Ermənistan da tanımağa məcbur
olacaq:
- Qeyd edim ki, dövlət rəhbəri İlham Əliyev öz səlahiyyətlərinin icrasına
başladığı ilk
gündən bəyan
edibdir ki, biz informasiya hücumuna keçməliyik,
beynəlxalq birliyin münaqişənin Azərbaycanın
suverenliyinə və ərazi bütövlüyünə
riayət edilməsi əsasında həlli
variantını dəstəkləməsi
və Ermnistanın Azərbaycan torpaqlarını
işğal etməsi
faktını pisləməsi
istiqamətində səylər
davam etdirilməlidir. Mübaliğəsiz demək olar
ki, informasiya mübarizəsində Prezidentin
fəal və hücumçu mövqeyi hamıya nümunə göstərilə bilər.
İstər xarici ölkələrə rəsmi
və işgüzar səfərlərində, istərsə
də, müxtəlif
beynəlxalq təşkilatlar
çərçivəsində keçirilən görüşlərində Prezident
Azərbaycanın ağrılı
problemi olan Dağlıq Qarabağ və qaçqın-köçkün
məsələsinə diqqəti
yönəldir.
Azərbaycan Prezidentinin AŞPA-da, Avropa Birliyində, NATO-da, BMT Baş Assambleyasında çıxışlarında,
nüfuzlu kütləvi
informasiya vasitələrinə
verdiyi müsahibələrində
Ermənistanın işğalçılıq
siyasəti önə
çəkilir, Dağlıq
Qarabağ və qaçqın-köçkünlər probleminin həllinə yönələn çağırışlar səslənir.
Prezidentin özünün də qeyd etdiyi
kimi, bu çıxışların məqsədi
təkcə problem haqqında məlumat vermək yox, həm də Ermənistanın işğalçılıq
siyasətinin doğurduğu
təhlükəni bir
daha diqqətə çatdırmaqdır.
- Aydın müəllim, Dağlıq
Qarabağ münaqişəsinin
BMT Təhlükəsizlik Şurasının
gündəliyinə salınması
Azərbaycanın diplomatik
uğuru sayıla bilərmi?
- Bildirmək istərdim ki, Azərbaycan Prezidentinin Ermənistana qarşı diplomatik hücum siyasəti öz nəticələrini
verməkdədir. Münaqişə
ilə bağlı məsələnin BMT Təhlükəsizlik
Şurasının gündəliyinə
salınması aparılan
düzgün, məqsədyönlü
siyasətin nəticəsidir.
Düşünürəm ki, Türkiyənin Təhlükəsizlik Şurasına
sədrlik müddətində
Dağlıq Qarabağ
münaqişəsinin həlli
istiqamətində ciddi
irəliləyişlərə nail olunacaqdır. Xatırlamaq lazımdır ki, dövlət rəhbəri
İlham Əliyev ən yüksək səviyyələrdə, dəfələrlə
bəyan edibdir ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi yalnız
və yalnız Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
öz həllini tapa bilər. Bu, həm də
prezidentlərin son görüşündə bir
daha əyani şəkildə ortaya qoyuldu. Bu fakt
Azərbaycan dövlətinin,
onun Prezidentinin prinsipial mövqeyidir. Azərbaycan xalqı sülh tərəfdarıdır
və problemi sülh yolu ilə həll etmək niyyətindədir.
Amma Ermənistanın
qeyri-konstruktiv mövqeyi
problemin sülh yolu ilə həllinə
imkan vermir, danışıqlar hər
dəfə dalana dirənir.
- Ümumiyyətlə,
ATƏT-in Minsk Qrupunun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun nümayəndə heyətinin
Azərbaycana son səfəri zamanı xarici işlər naziri Elmar Məmmədyarovla
görüşləri oldu.
Bundan sonra, onları Prezident İlham Əliyev qəbul etdi. Sonda həmsədrlər mətbuat üçün
açıqlama verdilər.
Görüşlər zamanı
Minsk Qrupunun həmsədrləri münaqişə
tərəflərin problemin
həlli istiqamətində
razılığa gəlməsinin
vacibliyini bir daha qeyd etdilər.
ABŞ, Rusiya və Fransa hökumətləri
hesab edir ki, münaqişə yalnız sülh yolu ilə həll
olunmalıdır. Buna
görə də, Ermənistan prezideni öz xalqını müharibəyə yox, sülhə çağırmalıdır.
Bildiyiniz kimi, yanvar ayının 10-dan Ermənistanda mitinqlər dalğası başlayıb.
Bu mitinqlərdə Ermənistan prezidenti Serj Sarkisyanın istefa verməsi tələb olunur. Yaranmış vəziyyət
Ermənistanın hansı
durumda olduğunu aydın göstərir.
- Aydın müəllim, 2010-cu il ərzində Dağlıq
Qarabağ münaqişəsinin
həlli gözlənilir?
- Demək istəyirəm ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun
bu gün Ermənistana və Ermənistan müdafiə
nazirinin Moskvaya səfər etməsi, Dağlıq Qarabağ münaqişəsi ətrafında
gedən proseslərlə
bağlıdır. Digər
bir tərəfdən
isə, Ermənistanın
Konstitusiya Məhkəməsi
Türkiyə-Ermənistan protokollarının
imzalanmasına müsbət
rəy verib. Onu da vurğulayım
ki, Rusiya dövləti Ermənistanın
müttəfiqi kimi bu gün bu
ölkədə gedən
proseslərin qarşıdurmaya
gətirib çıxarmasında
maraqlı deyil. Həmçinin, Dağlıq
Qarabağ münaqişəsinin
həlli yaxınlaşır
və Rusiya dövləti ATƏT-in Minsk Qrupu ölkələrindən
biri kimi müsbət təşəbbüs
ortaya qoyur. Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin həllinə
kömək etmək istəyir. Ona görə də, mümkündür ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da Rusiyaya səfəri
zamanı Dağlıq
Qarabağ münaqişəsinin
həlli məsələsi
ortaya atılsın. Eyni zamanda, xarici
işlər naziri Sergey Lavrovun Yerevana səfəri də, şübhəsiz ki, Rusiyanın öz müttəfiqi ilə əlavə danışıqlar aparılmasından
irəli gəlir.
Hər halda, 2010-cu il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli
gözlənilir. Bilirsiniz
ki, 2009-cu ildə sözügedən münaqişənin
həlli istiqamətində
vacib işlər görülüb. Onun üçün də imkanlar var ki,
2010-cu ildə münaqişənin
həllində Çərçivə
Sülh Müqaviləsi
bağlanılsın.
- Sizcə, Türkiyə-Ermənistan arasındakı
imzalanan Protokolların
hər iki ölkə parlamentləri
tərəfindən radifikasiyası
realdırmı?
- İnanmıram. Çünki
Azərbaycanın işğal
olunan əraziləri geri qaytarılmayana kimi, Türkiyə-Ermənistan
arasında imzalanan protokollar qəbul olunmayacaq. Bu baxımdan da,
Ermənistanın Dağlıq
Qarabağ münaqişəsinin
həlli istiqamətində
konstruktiv mövqe tutmaqdan başqa çıxış yolu qalmayıb. Əgər münaqişə həll
olunarsa, o zaman Ermənistan sürətlə inkişaf
edə bilər, vətəndaşlarının həyat səviyyəsi yaxşılaşa bilər. Digər tərəfdən isə,
Türkiyə ilə Ermənistan arasındsa sərhədlərin açılması
məsələsi Ermənistanın
inkişafına çox
böyük təkan verəcək. Hətta sərhədlər bağlı
olduğu halda, Türkiyədə işləyən
ermənilər hər
il Ermənistana 50 milyon dollar həcmində
vəsait göndərirlər.
Təsəvvür edin
ki, sərhədlər
açılsa, o zaman Ermənistan nə qədər inkişaf edə bilər.
Məlum olduğu kimi, hazırda Ermənistan iqtisadi problemlər içərisində
boğulur. Ötən il Ermənistanın dövlət
büdcəsi 3 milyard
dollar idi, amma bu il 2,2 milyard
dollara enib. Bütün bu kimi faktlar
Ermənistanın vəziyyətinin
ildən ilə çətinləşməsinə səbəb olur. Hazırda Ermənistanda fəaliyyət
göstərən bütün
dövlət strukturlarında
ciddi ixtisarlar gedir, xaricə ezamiyyətlər həddindən
artıq məhdudlaşdırılıb,
işsizliyin həcmi gündən-günə çoxalır.
Ermənistanda hər hansı
infrastrukturun qurulmasından
və ya inkişafından söhbət
gedə bilməz.
Yəni,
Ermənistanın apardığı
siyasət, özünün
daxilinə çox ciddi zərbələr vurur. Hesab edirəm ki,
bu gün Ermənistan hakimiyyətinin
Azərbaycan torpaqlarının
azad olunmasından başqa çıxış
yolları qalmayıb.
Ümumiyyətlə, qeyd etməliyəm ki, biz nəyin bahasına olursa-olsun, istər sülh, istərsə də hərb yolu ilə torpaqlarımızı
azad etməliyik. Belə vəziyyətdə,
orduya, əsgərə
qayğı dövlətin,
hər bir vətəndaşın müqəddəs
vəzifəsi olmalıdır.
Çünki biz azərbaycanlılar üçün Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
probleminin həlli yalnız milli maraq yox, həm
də milli qürur məsələsidir.
Hər bir şüurlu və namuslu Azərbaycan vətəndaşının borcu
Azərbaycanın haqq
işinin qələbəsinə
yönələn, ölkəmizin
tam suverenliyinin, ərazi
bütövlüyünün təmin olunmasına, onun gələcək siyasi və iqtisadi tərəqqisinə
xidmət edən bu prosesdə Prezident İlham Əliyevə dəstək
vermək, hər an Onun yanında olmaqdır.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 14 yanvar.- S. 5.