“20 Yanvar faciəsindən
20 il ötür”
“Səs” qəzetinin redaksiyasında bu mövzuda
növbəti dəyirmi masa keçirildi
XX əsrin sonlarında
Azərbaycanda müstəqillik uğrunda baş qaldıran
milli-azadlıq hərəkatı sonrakı mərhələdə
müstəqilliyimizin bünövrəsini qoydu. Ancaq o
vaxtkı SSRİ rəhbərliyi sapı özümüzdən
olan baltalardan istifadə etməklə, xalqın mübarizə
əzmini qırmağa səy göstərmişdi. Məhz
buna görə də, xalqımız üçün bu
dövr çox keşməkeşli və ağır
olmuşdu. Bu yolda
itkilərimiz də az olmadı.
1990-cı il yanvarın 20-də sovet imperiyasının törətdiklərini xalqımıza qarşı yönəldilmiş ən qəddar və amansız vəhşilik hesab etmək olar. Həmin gün 131 nəfər qətlə yetirilmiş, 700-ə yaxın insan isə, bu və ya digər dərəcədə bədən xəsarəti almışdı. Bakı şəhərində avtomaşınlar dağıdılmış, evlər gülləbaran edilmişdi. Ancaq xalqımızın tarixində ən şanlı, parlaq səhifələrdən olan 20 yanvar hadisəsi xalqın mübarizə əzmini qıra bilmədi. Azərbaycan müstəqillik uğrunda mübarizəsini davam etdirdi və 1991-ci il oktyabr ayının 16-da müstəqillik aktının qəbul edilməsinə nail olmaqla istəyini reallaşdırdı. “Səs” qəzeti olaraq ənənvi keçirdiyimiz dəyirmi masanın mövzusunu məhz 20 Yanvar faciəsinin 20 illiyinə həsr etdik. Dəyirmi masanın mövzusu isə “20 Yanvar faciəsindən 20 il ötür” olmuşdur.
Dəyirmi masada millət vəkilləri Eldar İbrahimov, Aydın Mirzəzadə, politoloq Cümşüd Nuriyev, “Azad Respublikaçılar Partiyası”nın sədri Kamil Seyidov, “Milli Hərəkat Partiyası”nın sədri Nemət Pənahlı, “Azadlıq Hərəkatçılar Birliyi”nin sədri Təhmasib Novruzov, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə, “İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, “Millətim” qəzetinin baş redaktoru Ramiz Tağıyev, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Onu da qeyd etmək yerinə
düşər ki, dəyirmi masaya 20 Yanvar faciəsinin
törədilməsində bu və ya digər günahları olduğu
bildirilən Sabir Rüstəmxanlı, Etibar Məmmədov, Vaqif
Səmədoğlu, Əli Kərimov, İskəndər Həmidov
da dəvət edilmişdilər. Ancaq bir sıra suallara cavab verəcəklərindən
(bunu həm də onların qorxması kimi də qiymətləndirmək olar-red.) onlar dəyirmi masaya gəlmədilər.
Dəyirmi masanı giriş sözü ilə açan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, ilk olaraq, onu bildirdi ki, cəmiyyətdə maraq doğuran müxtəlif mövzular ətrafında hökumət və dövlət nümayəndələrinin, millət vəkillərinin, ziyalıların iştirakı ilə müzakirələr qurur, sual doğuran məsələlərə aydınlıq gətirilməsinə çalışır. Budəfəki mövzu heç də təsadüfi seçilməyib. Çünki 20 Yanvar faciəsi o vaxtkı sovet imperiyasının xalqımıza qarşı törətdiyi qətliam olayı həm də millətimizin qəhrəmanlıq salnaməsidir. Baş redaktor 20 Yanvar faciəsini (qədər) respublikada hökm sürən ictimai-siyasi proseslərə nəzər yetirdi, xalqın müstəqillik uğrunda apardığı mübarizə əzmindən danışdı: “SSRİ Konstitusiyasında xalqların təhlükəsizliyinin təmin olunması prinsipi mövcud idi. Ancaq Moskva bu prinsipi ayaq altına ataraq, o vaxtkı SSRİ respublikalarından biri olan Azərbaycanda kütləvi qətliam həyata keçirdi. 1990-cı il 20 Yanvarında onlarla azərbaycanlı öldürüldü, yüzlərlə insan isə bu və ya digər formada sağlamlığından məhrum edildi. Bununla Moskva Azərbaycan xalqının mübarizə əzmini qırmağa ümid etmişdi. Ancaq o zaman dünyanın ən mübariz xalqı adını almış millətimiz milli azadlıq uğrunda mübarizəsini davam etdirdi”.
B.Quliyev 20 Yanvar faciəsinin baş verməsində o vaxtkı milli- azadlıq hərəkatının önündə gedən şəxslərlə yanaşı, Azərbaycan rəhbərlərinin də günahı olduğunu qeyd etdi. Bildirdi ki, digər sovet respublikalarında olduğu kimi, müstəqillik mübarizəsini qansız-qadasız həyata keçirmək olardı.
Baş redaktor 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin ulu öndərimiz Heydər Əliyev tərəfindən verildiyini də bildirdi: “1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələn ulu öndərimiz Heydər Əliyev Bakıda 20 Yanvar faciəsinin törədilməsinə görə, bilavasitə, Qorbaçovun günahkar olduğunu bildirdi. Heydər Əliyev Bakıda baş verən qanlı olaylar barədə dünya ictimayyətini məlumatlandırdı. Bununla da informasiya blokadasında olan Azərbaycan ulu öndərimizin qətiyyəti sayəsində aradan qaldırıldı”.
B.Quliyev 20 Yanvar faciəsinin başvermə səbəbləri və o dövrdəki ictimai-siyasi vəziyyətlə bağlı müzakirələrin aparılmasının vacibliyini dəyirmi masa iştirakçılarının nəzərinə çatdırdı.
20 YANVAR İMPERİYANIN ÖLÜM, MİLLİ ŞƏHİDLİYİMİZİN
DOĞUM GÜNÜDÜR
Nemət Pənahlı:
- İlk və yeganə siyasətçiyəm ki, məhz 20 yanvar gününün sabahı və dəfn günü zamanı bu hərəkatın qəhrəmanlıq olduğunu qeyd etmişəm. Bu gün imperiyanın ölüm, milli şəhidliyimizin doğum günüdür. O zamankı imperiya nökərləri və imperiyanın qafilləri elə fikirləşirdilər ki, Azərbaycan xalqını əzməklə, gülləbaran etməklə, onun azadlıq və müstəqillik yolunu əngəlləyəcəklər. Hesab edirəm ki, 20 Yanvar hadisələrinə münasibət faciədir. Çünki 20 Yanvara gedən yol azadlıqdan, istiqlaldan başlanıb. İlk dəfə 1988-ci ilin meydan hadisələri zamanı birmənalı şəkildə etiraf etmişəm ki, bu gündən etibarən, Lenin meydanı Azadlıq meydanı adlandırılmalıdır. Bu meydan xalqımızın azadlıq savaşının qibləgahı və məbədgahıdır. Bizim yolumuz sosializm, demokratiya, yenidənqurma uğrunda aparılan mübarizə deyildi. Bizim apardığımız mübarizə milli-azadlıq və milli dövlətçilik yoludur. Bu yolda imperiya özünü qoruyub-saxlamaqdan ötrü bütün üsul və metodlara əl atacaq ki, xalqımızı gülləbaran etsin, zindanlara salsın və çarmıxa çəksin. Xalqımızın da əsas məqsədi, nəyin bahasına olursa-olsun, öz azadlığına, müstəqilliyinə nail olmaqdır. Bəşər tarixində elə bir nümunə ola bilməz ki, hər hansı bir xalq müstəmləkə şəraitində yaşasın və özünün azadlıq mübarizəsinə qalxan zaman qan tökülməsin. O dövrdə bütün SSRİ-nin daxilində yaşayan xalqlar sovet imperializminə, rus şovinizminə qarşı qalxaraq, öz haqları və hüquqları uğrunda mübarizəyə qoşulmuşdular.
Pribaltika ölkələrində azadlıq savaşının başında dayananlar ölkənin kommunist hakimiyyəti rəhbərliyi, yəni dövlət başçıları, ziyalıları, alimləri və şairləri idi. Bu şəxslər bütünlükdə azadlıq hərəkatına rəhbərlik edirdi. Ona görə də, Ali Məclis və Kommunist Partiyası səviyyəsində Moskvaya dirəniş verirdi. Bizdə isə faciənin yaranmasına səbəb ondan ibarət idi ki, həmin dövrdə ölkəmizə rəhbərlik edənlər öz xalqının qanını tökməkdən ötrü Moskvaya üz tuturdular. Bir faktı qeyd edim ki, mən meydan hadisələri zamanı həbs edildim. O zaman öncədən Moskva rəhbərliyinə müraciət edirdilər ki, meydana yığışanlar ekstremistlər, narkomanlar və əxlaqsızlardır. Beləliklə, hakimiyyətdən tələb edirdilər ki, buraya gələrək, xalqı əzsinlər. Bu, meydan dağıdılmamışdan öncə baş vermişdir ki, buna “donos” deyilir. Məsələnin ikinci tərəfi isə o idi ki, istintaqa cəlb edilən 2900 nəfər izahat vermişdi. Faciə bu idi ki, izahat verən 2900 nəfərin əksəriyyəti hərəkatı ittiham edirdi və xalqı qaragüruh, kütlə, ekstremist adlandırırdı. Eyni zamanda, sovet hökumətindən xalqın cəzalandırılmasını istəyirdilər.
MƏN NEMƏT PƏNAHLIYA QARŞI HƏR ZAMAN ƏKS- CƏBHƏDƏ
OLMUŞAM
Araz Əlizadə:
- Nemət Pənahlı çıxış edən zaman qəribə məntiqlə rastlaşdım. Dedi ki, imperiyanın tərkibindən çıxmağımız üçün mütləq qurbanlar olmalıdır. Məgər Türkmənistanda, Qırğızıstanda, Estoniyada, Ukraynada, Belorusda bir nəfərin burnu qanadı? Əlbəttə ki, yox. Onsuz da imperiya dağılırdı və o, mütləq çökməli idi. Bunun da banisi M.Qorbaçov, E.Şevardnadze və s. şəxslər idi, Nemət Pənahlı deyildi. O zaman Xalq Cəbhəsinin liderləri indiki Prezident Administrasiyasının qarşısına çıxaraq, mübahisə edirdilər. Mübahisə də birinci katibin Həsənov, yoxsa Hüseynov olması uğrunda idi. Bu necə imperiyadan çıxmaq idi ki, Kommunist Partiyasının rəhbərinin kim olması mitinqdə elan edilirdi. Nəcəf Nəcəfov Həsən Həsənovun, Rəhim Qazıyev isə, məhz adını çəkmək istəmədiyi başqa bir şəxsin birinci katib olacağını bildirdi. Yəni, bu mübahisələr azadlıq uğrunda deyil, Kommunist Partiyasının rəhbərliyinin təyin olunması uğrunda gedirdi. Mən Nemət Pənahlıya qarşı hər zaman əks- cəbhədə olmuşam.
Nemət Pənahlı:
- Sən mənə qarşı deyil, azadlıq hərəkatına
qarşı olmusan.
Araz Əlizadə:
- Yox, mən şəxsən sənə qarşı olmuşam. Siz danışanda mən sizin sözünüzü kəsmirdim, mədəniyyətiniz olsun. Bura sizin üçün meydan hərəkatı deyil ki, qalxıb-oturub, idman dərsi keçəsən. “Azərbaycan” mehmanxanasının 7-8-ci otaqları “KQB”nin iqamətgahı idi. Orada göstəriş alıb, meydana qayıdırdınız. Mənim bununla bağlı faktlar əsasında yazılmış yazılarım var idi.
Nemət Pənahlı:
- Əgər mən “KQB”nin adamı idimsə, onda
nə üçün məni tuturdular?
Araz Əlizadə:
- Mən o zaman insanlara çatdırırdım ki, Tbilisidə olan hadisələr bizdə də olacaq. İnsanlar buna inanmırdılar və o zamankı Xalq Cəbhəsinin nadan rəhbərləri deyirdilər ki, Tbilisidə olan hadisələr Bakıda təkrarlana bilməz. Onlar başa düşmürdülər ki, adətən, yaralanmış ayı daha çox vəhşiliklər törədir, nəinki sağlam ayı. Sonrakı hadisələr göstərdi ki, Tbilisidə baş verənlər Bakıda da təkrarlandı. Bunun qarşısını almaq olardı. Bir faktı yadınızda saxlayın ki, respublikanın kommunist rəhbərləri Moskvanın buyruğu ilə hərəkət edənlər idi. Onlar özləri müstəqil qərar qəbul edə bilmirdilər.
AZƏRBAYCANA HEÇ KİM XONÇANIN
İÇİNDƏ AZADLIQ GƏTİRİB VERMƏYİB
Təhmasib Novruzov:
- Təkcə 20 Yanvar hadisələri dövrünü təhlil etməklə heç nəyə nail ola bilmərik. 20 Yanvara gedən yol, 1987-ci ilin sonundan Aqanbekyanın məlum bəyanatından sonra başlayan yoldur. 1960-70-ci illərdən bəri xalqın qəlbində yaranan azadlıq eşqi Qarabağ problemi ilə daha da coşdu. 1988-ci il hadisələrindən sonra Azərbaycana qarşı repressiv siyasəti yürüdüldü. Nəticədə, istədiklərini əldə edə bilmədilər. Nemət Pənahlının o fikri ilə razıyam ki, Azərbaycana heç kim xonçanın içində azadlıq gətirib verməyib. Xahiş edirəm ki, bunun əksinə olan fikirlərdən yayınaq. Azərbaycan xalqı fəxr etməlidir ki, məhz onun içərisində yaranan hərəkat sayəsində Türkmənistan, Qazaxıstan, Özbəkistan və s. ölkələr də qan tökülmədən azad oldular. Ona görə, 1988-1994-cü illər azadlıq hərəkatına heç kim gölgə salmasın. Bu, heç birimizə başucalığı gətirməz. Bu gün Nemət Pənahlını 20 Yanvar hadisələrinin təşkilatçısı və törədicisi kimi ittiham edirlər. Digər tərəfdən isə, 20 Yanvar tarixini Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi kimi dəyərləndiririk. Əgər bu hadisə xalqımızın qəhrəmanlıq tarixidirsə, onda nə üçün onun yaradıcısına hücum edirik? Məsələyə bu cür yanaşma düzgün deyil.
(Ardı var)
Kübra ƏLİYARLI,
Sevinc NƏZƏROVA
Səs.- 2010.- 14 yanvar.- S. 8-9.