Azərbaycan dünyanın
iqtisadi mərkəzinə
çevrilir
Müsahibimiz Azərbaycan Sosial Rifah Partiyasının
sədri, millət vəkili Xanhüseyn Kazımlıdır
- Xanhüseyn müəllim, siz həm partiya sədri, həm millət vəkili, həm kafedra müdiri, həm də professorsunuz. Həmçinin, ixtisasınız
üzrə tanınmış
beynəlxalq təşkilatlardan
birinin üzvüsünüz.
Həmin quruma üzv olmaq sizə nə verir?
- Bəli, mən hazırda MDB Qiymətləndiricilər
Assosiasiyası Birliyinin
üzvüyəm. Bir
müddət isə həmin quruma rəhbərlik etmişəm. Mən “sizə” deməzdim. Deyərdim ki, “nə verib bizə”.
Sözügedən qurum,
sözün əsil mənasında, əmlakın
qiymətləndirilməsi üzrə
peşəkar birlikdir.
Bu təşkilat hələ 1995-ci ildə yarananda cəmi beş ölkəni əhatə edirdi. Təsisçilərindən biri
“Azərbaycan Qiymətləndiricilər
Cəmiyyəti” oldu.
1997-ci ildə Birliyin
2-ci Beynəlxalq Konfransı
Bakı şəhərində
keçirildi. Qonşu
ölkələrdən Ermənistan
həmin təşkilata
bu vaxta qədər üzv yazıla bilməyib. Gürcüstan isə çox cəhdlərdən
sonra 2009-cu ildə qəbul olunub. Əlbəttə ki, dünyanın hər bir yerində Vətənin nüfuzu hər birimizin onu necə təmsil
etməyimizdən daha
çox asılı olur.
- ASRP yaranandan ona
sədrliyi siz edirsiniz. 15 ildən artıq müddətdə
partiyanızda sədr
ola biləcək
kadr yetişməyibmi?
- ASRP-də
siyasi, iqtisadi, sosial və fəlsəfi cəhətdən
kamil insanlar çoxdur. Lakin mənim indiyə
qədər bu partiyaya rəhbərlik etməyim həmin kadrların razılığı
və təkidi ilə olub.
- Partiyanızın ölkənin
ictimai-siyasi həyatındakı
fəaliyyəti son vaxtlar
zəif görünür...
- Mən
bu fikirlə razı deyiləm. Fəallıq var, lakin onun kimlərəsə zəif görünməsindən
söhbət gedə bilər. Bu fəallığın
görünməməsi bir
çox səbəblərlə
izah oluna bilər. Bir var bu aktivliyi zaman tələb edir, bir də var
zaman özü buna, hələlik, ehtiyac duymur. Bizim partiya cılız, sensasion və yersiz nümayişkarlıqdan
daim uzaq olub. Bir də ki, partiyanın fəaliyyəti
onun sədrinin tez-tez efirdə və ya qəzet
səhifələrində görünməsi
ilə ölçülmür.
Əsas məsələ milli və beynəlxalq məkanda cərəyan edən hadisələrin düzgün təhlilindən,
onun Azərbaycan cəmiyyəti üçün
nəticələrinin öyrənilməsi
və müvafiq addımların atılması
təşəbbüslərindən ibarətdir. Bilirsiniz, siyasi
partiyanın əsas missiyası cəmiyyətin
ictimai-siyasi həyatında
aktiv rol oynamaq, ən əsası isə seçkilərdə yaxından
iştirak etməkdir.
ASRP hər zaman
demokratik prinsiplərə
əsaslanaraq, keçirilmiş
bütün seçkilərə
qatılıb. Hər halda,
əsas məsələ
əqidənin bütövlüyü
və amalın təmizliyidir. Eyni zamanda,
hər bir siyasi partiya beynəlxalq səviyyədə
tanınmalı və
qəbul edilməlidir.
Ona görə partiyamız beynəlxalq əlaqələrə
xüsusi önəm verir. Məsələn, 2008-ci ildə ASRP-nin təşəbbüsü
və təşkilatçılığı
ilə Bakıda “Qadınlar və dövlət quruculuğu”
mövzusunda beynəlxalq
konfrans keçirildi.
Həmin
tədbirə dünyanın
36 ölkəsindən müxtəlif
səviyyəli xanımlar
- məmurlar, deputatlar,
rektorlar və sair təşrif buyurmuşdu. Biz bir sıra ölkələrin
aparıcı siyasi partiyaları ilə əməkdaşlıqlar qurmuşuq.
Rusiyanın “Spravedlivaya Rossiya”
partiyasının qurultaylarında
partiyamızın nümayəndə
heyəti təmsil olunurdu. Mən həmin qurultaydakı
çıxışda Dağlıq
Qarabağ münaqişəsinə
daha böyük üstünlük verdim.
Eyni zamanda, ASRP-nin tədbirlərində də
müvafiq qaydada dəvət olunan qonaqlar iştirak edirlər. Vətənimizin ən böyük
dərdi olan Qarabağ problemi hər zaman partiyanın diqqətindədir.
Bununla bağlı, dünyanın
aparıcı ölkələrinə,
beynəlxalq təşkilatlara
dəfələrlə müraciətlər,
bəyanatlar qəbul olunub.
- Partiyanızın növbəti
qurultayı nə vaxt keçiriləcək?
- Nizamnaməyə
görə 2013-cü ilin
yazında nəzərdə
tutulub.
- Siz onda da partiya sədri
kimi namizədliyinizi irəli sürmək niyyətindəsiniz?
- Bizdə
bu məsələ ilə bağlı kollegiallıq çox güclüdür. Onu partiyanın
üzvləri bilər.
Bir də ki, zamanın
hökmü.
- Xanhüseyn müəllim,
qanunvericilik yaradıcılığına
münasibətiniz necədir?
- Cəmiyyətin sosial-iqtisadi,
ictimai-siyasi həyatının
tənzimlənməsi və
idarə edilməsində
qanunlar həlledici rol oynayır. Antik yunan filosofu
Platon yazırdı ki, kamilliyə can atan insanlar
üçün ən
gərəklisi qanunlar
haqda elmdir. Ölkəmizdə artıq
qanunlar sistemi bir-birini tamamlamaqla, həm də həyat mexanizminin ahəngdar idarə edilməsinə imkan verir. Lakin arzu
edərdim ki, qanunlarımızı təkcə
onun yaradıcıları
və peşə adamları yox, bütün cəmiyyət
üzvləri olduğu
kimi mənimsəsin. Bu zaman qanunların
ictimai həyata müdaxiləsi və onların təsir gücünün maksimum təmin edilməsinə nail olmaq mümkündür.
- Bir iqtisadçı kimi, necə fikirləşirsiniz,
büdcədə neftin
qiymətinin 45 dollardan
hesablanması düzgün
addım idi?
- Xam neftin hər barreli indi 80 dollar civarındadır. Dünyada belə
proqnozlar var ki, neftin ucuzlaşması
hələ yaxın gələcəkdə də
davam edəcək.
Lakin mənim fikrimcə,
2010-cu ilin sonunda neftin qiyməti yüksəlməlidir. Bir də
ki, xörəyi bişirəndə, duzunu çox atmazlar. Onu yeyəndə istənilən
səviyyədə duzlamaq
olar. Hesab edirəm ki,
büdcədə neftin
qiymətinin 50 dollardan
hesablanması düzgün
addımdır. Yəni, əlavə
daxil olan gəlirlər onsuz da bizim büdcəmizə
gələcək. Digər
tərəfdən də
may ayında büdcəyə
yenidən baxaraq, əlavə və dəyişikliklər edilməlidir.
Həmin
vaxt qiymət məsələsinə də
yenidən baxıla bilər.
- Ümumiyyətlə, ölkə iqtisadiyyatının
durumunu necə qiymətləndirirsiniz?
- Özümüzə
özgələrin gözü
ilə baxmaq daha real və həqiqətə uyğun
olardı. Dünyanın bir çox
nüfüzlu beynəlxalq
qurumları Azərbaycanın
əldə etdiyi nailiyyətləri yüksək
qiymətləndirirlər. Məsələn, Azərbaycan
2007-ci ilin iyul ayından 2008-ci ilin iyun ayına qədər Dünya Bankının araşdırma
apardığı 10 sahənin
7-də islahatlar həyata
keçirən və
“Doing Business 2009” hesabatında sahibkarlıq fəaliyyətinin
əlverişli baxımından
dünya reytinqində
ən böyük yüksəlişi əldə
edən ölkə elan olunub. Eyni zamanda,
Azərbaycan həmin reytinqə görə 183 ölkə arasında bir nömrəli islahatçı ölkə
kimi qəbul edilib. Ölkəmizin iqtisadiyyatına digər
müsbət rəy Dünya İqtisadi Forumu tərəfindən verilib. Həmin beynəlxalq təşkilatın
“2009-2010-cu illərdə dünya
ölkələrinin rəqabət
qabiliyyətli iqtisadiyyatları
haqqında hesabat”ında
ölkəmizin son iqtisadi
uğurları yüksək
qiymətləndirilib. Bu
dövrdə ölkəmizin
reytinqi qlobal rəqabətliliyi indeksinə
görə, 133 ölkə
arasında 18 pillə
irəliləyib və
2008-ci ildəki 69-cu yerdən
2009-cu ildə 51-ci yerə
yüksəlib. Dünyanın
nüfuzlu nəşrlərindən
sayılan “İnternational
Living” jurnalı ölkələrin
2009-cu il üçün müxtəlif
kateqoriyalar üzrə
reytinq göstəricilərini
açıqlayıb. Jurnalın həyat
səviyyəsi, mədəniyyət,
iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur,
ictimai təhlükəsizlik
və iqlim sahələri üzrə
apardığı araşdırmalar
194 ölkəni əhatə
edib. Bu sahələr
üzrə hər bir ölkə 100 ballıq sistemlə qiymətləndirilib. Reytinq göstəricisində
Azərbaycan iqtisadiyyat
kateqoriyası üzrə
42 bala layiq görülüb. Bu, MDB və region ölkələri
arasında iqtisadiyyat sahəsi üzrə ən yüksək nəticə hesab edilir. Qlobal maliyyə böhranı şəraitində öz
tarazlığını qoruyub
saxlayan mərkəzin
və regionların sosial-iqtisadi inkişafının
ahəngdar gedişinə
çox müsbət
qiymət verən Dünya Bankının Azərbaycan üzrə meneceri Qreqori Vedjevçak “Azadlıq” radiosuna verdiyi müsahibəsində deyib:
“Ümumi vəziyyəti
10 balla qiymətləndirsəydik,
Azərbaycana verərdim”.
Dünyanı bürüyən iqtisadi böhran reallıqları nəzərə
alındıqda, bu, çox uğurlu nəticədir.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 14 yanvar.- S. 10.