Klarnet ustası Vəli Qədimovun xatirəsi anıldı

 

Dövlət Muğam Teatrında klarnet ifaçısı Vəli Qədimovun xatirə gecəsi keçirildi. Tədbir ustad sənətkarın ifasında lentə alınmış “Vağzalı” qədim el havası ilə açıldı.

 

Teatrın direktoru, xalq artisti Arif Qazıyev tanınmış klarnet ustasının həyat və yaradıcılığından söhbət açaraq, bildirdi ki, Baba Salahovun rəhbərlik etdiyi ansamblda fəaliyyətə başlayan Vəli Qədimov az vaxt ərzində istedadı ilə ustad sənətkarların diqqətini cəlb etmiş, xalqın sevimli ifaçılardan birinə çevrilmişdir.

Mahir klarnet ifaçısı Vəli Qədimov uzun illər respublikanın müxtəlif xalq çalğı alətləri ansambllarında çalışmışdır. Onun ifa etdiyi oyun havaları və xalq musiqisi nümunələrinin lent yazıları hazırda Azərbaycan Radiosunun “Qızıl fond”unda qorunur.

Xalq artistləri Arif Babayev, Canəli Əkbərov, sənət dostları, doğmaları Azərbaycan musiqi mədəniyyətinin inkişafında, xarici ölkələrdə təbliğ və təmsil olunmasında Vəli Qədimovun xidmətlərindən danışaraq, xatirələrini bölüşdülər.

Sənətkarın yetirmələrinin ifasında müəllimlərinə həsr etdikləri “Xatirə” musiqili kompozisiyasını ilk dəfə ifa edildi.

Tanınmış müğənnilərin ifasında xalq musiqisi nümunələri, bəstəkar mahnıları səsləndi.

Qeyd edim ki, tədbir çərçivəsində Vəli Qədimovun həyat və yaradıcılıq yolunu əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunmuşdu.

 

 

Zümrüd

 

Səs.- 2010.- 14 yanvar.- S. 12.