Ali Məclisin sədrinə “Mətbuatın dostu” fəxri adının diplomu verilib

 

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova Naxçıvan Mətbuat Şurasının “Mətbuatın dostu” fəxri adının diplomu təqdim olunub. Ali Məclis sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli sərəncamı kütləvi informasiya vasitələrinin inkişafı sahəsində əsaslı dönüş yaradıb, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin maddi-texniki bazası yaxşılaşdırılıb. Redaksiyaların əsaslı təmir olunmuş və ya yeni tikilmiş binalarda yerləşdirilməsi, onlara kompyuter dəstlərinin hədiyyə edilməsi, illik kağız ehtiyatının yaradılması, lazımi texniki avadanlıqla təchiz edilməsi, “Şərq qapısı” qəzetinin gündəlik, şəhər və rayon qəzetlərinin isə həftədə bir dəfə çap olunması, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin və “Şərq qapısı” qəzetinin redaksiyası üçün müasir tələblərə cavab verən redaksiya-nəşriyyat kompleksinin yaradılması regionda mətbuatın inkişafına göstərilən qayğının parlaq ifadəsidir. Bütün bunları əsas götürərək Naxçıvan Muxtar Respublikası Mətbuat Şurası Ali Məclisin sədri Vasif Talıbova “Mətbuatın dostu” fəxri adının verilməsi haqqında qərar qəbul edib. Naxçıvan Mətbuat Şurasının sədri Fərəc Fərəcov diplomu Ali Məclisin sədrinə təqdim edib. Vasif Talıbov qərara görə şura üzvlərinə təşəkkürünü bildirərək deyib ki, son illər muxtar respublikada mətbuatın inkişafı üçün bir çox işlər görülüb. Bununla bərabər, hələ görüləsi işlər də çoxdur. Çünki mətbuat bütün dövrlərdə cəmiyyət həyatına təsir edən qüdrətli vasitələrdən biri, dövrün aynasıdır. Mətbuat işçiləri bugünkü tariximizi gələcək nəsillərə daşıyan peşə adamlarıdır.

 

 

Səs.- 2010.- 15 yanvar.- S. 5.