“20 Yanvar faciəsindən 20 il ötür

 

“Səs” qəzeti Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin 20-ci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq dəyirmi masa keçirdi

 

(Əvvəli ötən sayımızda)

 

XX əsrin sonlarında Azərbaycanda müstəqillik uğrunda baş qaldıran milli-azadlıq hərəkatı sonrakı mərhələdə müstəqilliyimizin bünövrəsini qoydu. Ancaq o vaxtkı SSRİ rəhbərliyi sapı özümüzdən olan baltalardan istifadə etməklə, xalqın mübarizə əzmini qırmağa səy göstərmişdi. Məhz buna görə də, xalqımız üçün bu dövr çox keşməkeşli və ağır olmuşdu. Bu yolda itkilərimiz də az olmadı. 1990-cı il yanvarın 20-də sovet imperiyasının xalqımıza qarşı törətdiyi əməlləri ən qəddar və amansız vəhşilik hesab etmək olar. Həmin gün 131 nəfər qətlə yetirilmiş, 700-ə yaxın insan isə, bu və ya digər dərəcədə bədən xəsarəti almışdı. Bakı şəhərində avtomaşınlar dağıdılmış, evlər gülləbaran edilmişdi. Ancaq xalqımızın tarixində ən şanlı, parlaq səhifələrdən olan 20 Yanvar hadisəsi xalqın mübarizə əzmini qıra bilmədi.  Azərbaycan müstəqillik uğrunda mübarizəsini davam etdirdi və 1991-ci il oktyabr ayının 16-da müstəqillik aktının qəbul edilməsinə nail olmaqla istəyini reallaşdırdı. “Səs” qəzeti olaraq ənənəvi keçirdiyimiz dəyirmi masanın mövzusunu məhz 20 Yanvar faciəsinin 20 illiyinə həsr etdik. Dəyirmi masanın mövzusu isə “20 Yanvar faciəsindən 20 il ötür” olmuşdur.

Dəyirmi masada millət vəkilləri Eldar İbrahimov, Aydın Mirzəzadə, politoloq Cümşüd Nuriyev, “Azad Respublikaçılar Partiyası”nın sədri Kamil Seyidov, “Milli Hərəkat Partiyası”nın sədri Nemət Pənahlı, “Azadlıq Hərəkatçılar Birliyi”nin sədri Təhmasib Novruzov, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə, “İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, “Millətim” qəzetinin baş redaktoru Ramiz Tağıyev, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

Onu da qeyd etmək yerinə düşər ki, dəyirmi masaya 20 Yanvar faciəsinin törədilməsində bu və ya digər günahları olduğu bildirilən Sabir Rüstəmxanlı, Etibar Məmmədov, Vaqif Səmədoğlu, Əli Kərimov, İskəndər Həmidov da dəvət edilmişdilər. Ancaq bir sıra suallara cavab verəcəklərindən (bunu həm də onların qorxması kimi də qiymətləndirmək olar-red.), onlar dəyirmi masaya gəlmədilər.

Dəyirmi masanı giriş sözü ilə açan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, ilk olaraq, onu bildirdi ki, qəzetimiz cəmiyyətdə maraq doğuran müxtəlif mövzular ətrafında hökumət və dövlət nümayəndələrinin, millət vəkillərinin, ziyalıların iştirakı ilə müzakirələr qurur, sual doğuran məsələlərə aydınlıq gətirilməsinə çalışır. Budəfəki mövzu heç də təsadüfi seçilməyib. Çünki 20 Yanvar faciəsi, o vaxtkı sovet imperiyasının xalqımıza qarşı törətdiyi qətliam olayı, həm də millətimizin qəhrəmanlıq salnaməsidir. B.Quliyev 20 yanvar faciəsinin 20-ci ildönümünün ölkəmizin hər yerində qeyd olunması üçün dövlət tərəfindən Tədbirlər Planı hazırlandığını söylədi. Qeyd etdi ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “20 Yanvar faciəsinin 20-ci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqləyib. Tədbirlər Planına uyğun olaraq, idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin, konfransların, yığıncaq və mühazirələrin keçirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı KİV-lərində, eləcə də, televiziya kanallarında və internet şəbəkələrində qanlı 20 yanvar faciəsi barədə materiallara geniş yer verilməsi nəzərdə tutulub.

Baş redaktor 20 Yanvar faciəsinə qədər respublikada hökm sürən ictimai-siyasi proseslərə nəzər yetirdi, xalqın müstəqillik uğrunda apardığı mübarizə əzmindən danışdı: “SSRİ Konstitusiyasında xalqların təhlükəsizliyinin təmin olunması prinsipi mövcud idi. Ancaq Moskva bu prinsipi ayaq altına ataraq, o vaxtkı SSRİ respublikalarından biri olan Azərbaycanda kütləvi qətliam həyata keçirdi. 1990-cı ilin 20 yanvarında onlarla azərbaycanlı öldürüldü, yüzlərlə insan isə bu və ya digər formada sağlamlığından məhrum edildi. Bununla Moskva Azərbaycan xalqının mübarizə əzmini qırmağa ümid etmişdi. Ancaq o zaman dünyanın ən mübariz xalqı adını almış millətimiz milli-azadlıq uğrunda mübarizəsini davam etdirdi”.

B.Quliyev 20 Yanvar faciəsinin baş verməsində o vaxtkı milli-azadlıq hərəkatının önündə gedən şəxslərlə yanaşı, Azərbaycan rəhbərlərinin də günahı olduğunu qeyd etdi. Bildirdi ki, digər sovet respublikalarında olduğu kimi, müstəqillik mübarizəsini qansız-qadasız həyata keçirmək olardı.

Baş redaktor 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin ulu öndərimiz Heydər Əliyev tərəfindən verildiyini də bildirdi: “1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələn ulu öndərimiz Heydər Əliyev Bakıda 20 Yanvar faciəsinin törədilməsinə görə, bilavasitə, Qorbaçovun günahkar olduğunu bildirdi. Heydər Əliyev Bakıda baş verən qanlı olaylar barədə dünya ictimaiyyətini məlumatlandırdı. Bununla da Azərbaycanda mövcud olan informasiya blokadası ulu öndərimizin qətiyyəti sayəsində aradan qaldırıldı”.

B.Quliyev 20 Yanvar faciəsinin başvermə səbəbləri və o dövrdəki ictimai-siyasi vəziyyətlə bağlı müzakirələrin aparılmasının vacibliyini dəyirmi masa iştirakçılarının nəzərinə çatdırdı.

 

20 YANVAR HADİSƏSİNİ TÖRƏDƏNLƏR İMPERİYAYA NÖKƏRÇİLİK, MİLLƏTƏ XƏYANƏT EDƏNLƏRDİR

 

Nemət Pənahlı:

- Mən azadlıq hərəkatının iştirakçısı deyil, bilavasitə, təşkilatçısı olmuşam və bununla da fəxr edirəm. Bir məsələni araşdırmaq lazımdır ki, Azərbaycan xalqının milli azadlıq davası zamanı kim hansı cəbhəyə xidmət edib. Həmin vaxt iki cəbhə var idi. Biri milli-azadlıq hərəkatı, yəni xalqın azadlıq eşqi ilə öz istiqlalı uğrunda ölüm-qalım savaşı edib, ortaya milli iradə qoyanlar idi. Digəri isə bu xalqı əzmək üçün sovet imperiyasının əlində dəyənəyə çevrilənlər idi. Azadlıq hərəkatını ittiham edənlər, xalqın meydanlara axıdılmasının onların qanı bahasına olduğunu deyənlərin özləri vaxtında sovet imperiyasına nökərçilik, millətə xəyanət edənlərdir. Onlar sovet ordusunu çağıraraq, xalqımızı qan içində boğanlardır. Bir millətin istiqlalı uğrunda apardığı mübarizə onun qanı bahasına reallaşsa belə, faciə adlandırılmamalıdır. Gəlin, bir il ərzində avtomobil qəzaları nəticəsində həyatını itirənlərin statistikasına nəzər salaq. Hər il minlərlə insan bu qəzalar nəticəsində ölür. Onda nə üçün xalqın müstəqillik savaşında qurban verməsi faciə adlandırılmalıdır?

Əgər o dövrdə insanlar mənim göstərişimlə hərəkət edirdilər, meydana gəlirdilərsə, deməli onlar mənə daha doğma insanlar idi. Ona görə, mənim üçün 20 yanvar itkiləri daha ağırdır. Onlar mənim əqidədaşlarım, silahdaşlarım idilər. Bu insanların itkisinin səbəbini məndə axtaranlar bilməlidir ki, sovet ordusunu Bakıya dəvət edib, faciəni törədənlər onlar özləridir. Əbdürrəhman Vəzirov və onun davamçıları imperiyaya nökərçilik edənlərdəndir. Konkret olaraq, Həsən Həsənov, Rafiq Zeynalov, Telman Orucov və s. şəxslər məhz bu əqidəyə qulluq edənlərdəndir. Onlar çalışırdılar ki, azadlıq hərəkatını qan içində boğsunlar. Mübarizəyə qalxanlar nemətçilər, ölənlər xalq, xalqı mübarizəyə qaldıran isə ekstremist olub. Məsələyə bu cür yanaşma düzgün deyil.

 

YANVAR AYININ 19-DAN 20-SİNƏ KEÇƏN GECƏ ƏBÜLFƏZ ƏLİYEV KAFEDƏ OTURUB, YEYİB-İÇİRDİ

 

Araz Əlizadə:

- O zamankı SSRİ Nazirlər Kabinetinin sədri Nikolay Rıçkovun kitabından çıxarışlar gətirmişəm. O deyirdi: “Azərbaycandan Polyaniçko dəfələrlə bizə müraciət edirdi ki, Azərbaycanda fövqəladə vəziyyət elan etmək lazımdır. Biz qorxurduq ki, məzlum erməni xalqına qarşı vəhşiliklər ola bilər. Qorbaçovun qətiyyətsizliyi bunu müəyyən müddətə uzatdı. Nəhayət, 13 yanvar hadisələri baş verdi”. Onun öz kitabında əsas ittiham etdiyi Ayaz Mütəllimov idi. O yazırdı: “A.Mütəllimov mənə dəfələrlə zəng edib deyirdi ki, nə badə Azərbaycanda fövqəladə vəziyyət elan edəsiniz. Mən bunun əleyhinəyəm”. O, qeyd edir ki, Həsən Həsənov, A.Mütəllimov və Elmira Qafarova 20 Yanvar hadisəsinin baş verməsində günahkardırlar. Onların yanvarın əvvəlində Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə qarşı çıxdıqlarını yazırdı. O, həmçinin, kitabında qeyd edir ki, sovet ordusu artıq yanvar ayının 10-da Bakıya yeridilmişdi. Ə.Vəzirov burada fövqəladə vəziyyətin elan olunmasına razılıq versə də, digərləri bunun tamamilə əleyhinə idilər və bizim əl-qolumuzu bağlayırdılar. Sizə xəbərdarlıq olunurdu ki, Tbilisi hadisələri Bakıda təkrarlana bilər. Əgər siz xalqı buna inandırmaq istərmirdinizsə, ya nadan idiniz, ya da xalqı bilərəkdən qırdırdınız. Ən qəribəsi isə odur ki, xalqı qırğına aparan liderlərin birinin də burnu qanamır. Yanvar ayının 19-dan 20-sinə keçən gecə Əbülfəz Əliyev Asəf Zeynallı adına musiqi məktəbinin yanındakı kafedə oturub, yeyib-içirdi. Nemət Pənahlı isə, “Qurd qapısı”nın qabağına “benzavoz” maşın və butulkalar gətirmişdi ki, benzinlə butulkaları dolduraraq, yanğınlar törətsin.

 

Nemət Pənahlı:

- Yalançının atasına lənət.

 

Araz Əlizadə:

-  Ataba-atasına lənət.

 

İSA QƏMBƏROV ƏMANƏTƏ SAHİB ÇIXMADI

 

Təhmasib Novruzov:

- 31 dekabr tarixini hamımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edirik. Amma sərhəd hərəkatını yaradanları “KQB”yə işləməkdə günahlandırırıq. Tarixi hadisələrə bu cür qeyri-obyektiv yanaşma düzgün deyil. Kiminsə kimdənsə xoşu gəlməyə bilər, ancaq tarixi hadisələrə obyektiv yanaşmaq lazımdır. Bir faktı qeyd edim ki, 1989-cu ilin sentyabr ayında bizə məlum oldu ki, Azərbaycanda olan milliyyətcə erməni Qrisedin və adını unutduğum bir nəfər “xaxol” SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin adamları olub. Əgər yadınızdadırsa, Ağdamda olan cəbhəçilər hər gün qatarla buraya gəlib-gedirdilər. Onlar qatarlara nəzarət edirdilər. Çünki qatarlar buradan Ağdama, ordan Xankəndinə, sonra isə təkrar buraya qayıdırdı. Ona görə də qatarlar hər an diqqətdə saxlanılırdı. Həmin cəbhəçi uşaqlar 2 nəfər portfelli adamı yanımıza gətirdilər. Həmin adamlar təcili olaraq Bakıya göndərildi və onlarla söhbətləşmədən sonra, birinin cibindən məxfi kağız çıxarıldı. Kağızda Azərbaycan SSRİ ərazisində çaxnaşma və qarşıdurma yaradılması planı haqqında yazılırdı. “Xaxol”un cibindən çıxarılan bu kağızı uzun müddət qoruyub-saxladım. Sonradan həmin kağızı o zaman yaxın əlaqədə olduğum İsa Qəmbərova verdim. Bir müddət keçəndən sonra ondan kağızı nə etdiyi soruşdum. O, mənə cavab verdi ki, elə şeylərə fikir vermə, bu cür hadisələr SSRİ-nin hər yerində olur.

İstər Azərbaycanda, istərsə də Tbilisidə baş verən hadisələr təkcə o günlərin hadisələri deyildi. Həmin ərəfədə ölkəmizdə Moskvanın razılığı olmadan “Suverenlik haqqında” qanun qəbul edildi. Həmin qanun böyük çətinliklər hesabına qəbul olundu. Boş yerəmi həmin vaxt Azərbaycan xalqı ilin xalqı elan olundu?! SSRİ tərkibində ən mübariz xalq kimi özünün “Suverenliyi haqqında” qanun qəbul etdi. Bütün bunlar Moskvanı Azərbaycana qarşı planlı şəkildə təxribat törətməyə vadar etdi.

 

20 YANVAR FACİƏSİ BAŞ VERMƏYƏ BİLƏRDİ

 

Ramiz Tağıyev:

- 20 Yanvara gedən yol, əslində, 1920-ci ilin 28 aprel tarixindən, 1937-ci il repressiyalarından, Hüseyn Cavid kimi dahilərin günahsız güllənməsindən, milli təfəkkürə malik insanların soy-kökünün kəsilməsindən başlayıb. Bu günkommunist təfəkkürünü qoruyan insanlar bunu dərk etmirlər. Mənim çox güclü arxivim var. Mən o zamankı AXC-Müsavat rəhbərliyi kimi qorxaqlıq göstərib, “KQB” arxivlərinin açılmasından qaçmamışam. Biz demokratik seçkilərlə rayon rəhbərliyinə gəlmişdik. Təbii ki, mənim rayon rəhbəri olmağımda Heydər Əliyevin böyük rolu olmuşdu. Deməli, “KQB”nin ilk sərəncamı ilə Culfa rayonunda SSRİ “KQB”sinin idarəsi bağlandı. Oradan çıxarılan sənədlərin əksəriyyəti Heydər Əliyevə təqdim edildi. O da haqlı olaraq, Naxçıvanda SSRİ “KQB”sinin fəaliyyətinin dayandırmasını məsləhət bildi. Hətta o zaman aydın oldu ki, SSRİ “KQB”si Heydər Əliyevə qarşı Naxçıvanda çevriliş hazırlayırdı və bu addımla da təxribatın qarşısı alındı.

20 Yanvar hadisələri baş verməyə bilərdi. O zaman milli azadlıq hərəkatının liderləri adlandırılan şəxslərin əksəriyyəti hadisələrin arxasında, yedəyində gedirdilər. Etiraf etmək lazımdır ki, onların içərisində Heydər Əliyev kimi böyük, cəsarətli lider yox idi. Heydər Əliyev Azərbaycanda olsaydı, bu hadisələrin qarşısı kifayət qədər alına bilərdi. 20 Yanvar hadisələri zamanı özünü lider adlandıranların böyük əksəriyyəti qaçıb gizləndi və hadisələrə öz münasibətlərini bildirmədilər.

 

Nemət Pənahlı:

- Təbii ki, burada İsa Qəmbərovun adını çəkmək olar.

 

AZƏRBAYCANDA GEDƏN MİLLİ-AZADLIQ HƏRƏKATI SOVET İMPERİYASINI DAĞITDI

 

Ramiz Tağıyev:

- 20 Yanvar hadisəsindən bir-iki gün öncə, Bakıdaydım. Mərkəzi Komitənin qarşısında keçirilən mitinqləri idarə edənlərdən biri olmuşam. Mən dediyim hər bir sözün məsuliyyətini daşıyıram. Çoxları deyirdi ki, SSRİ-ni Qorbaçovun özü dağıtdı. Ancaq “KQB” bağlananda, əlimə çox maraqlı bir sənəd keçdi. Belə ki, Qorbaçovun tövsiyyəsi ilə SSRİ “KQB”sinə Leriki Derdavanı saxlanması üçün ən sərt göstərişlər gəlib. Bu sənəd Vaqif Hüseynovun rezolyusiyası ilə məxfi olaraq rayon “KQB”lərinə göndərilib. Həmin 33 səhifəlik sənədi bu yaxınlarda “Millətim” qəzetində dərc etdirəcəm. Hamınız bununla yaxından tanış ola bilərsiniz. Əslində, Azərbaycanda gedən milli-azadlıq hərəkatı sovet imperiyasını dağıtdı və bu proses bütün respublikalara öz təsirini göstərdi.

 

Təhmasib Novruzov:

- Meydan hərəkatının şəriksiz lideri Nemət Pənahlı olub, Azərbaycanda milli-azadlıq hərəkatının ikinci proqramının əvəzsiz lideri isə Heydər Əliyev idi. Heç kəs ona şərik ola bilməz.

 

Nemət Pənahlı:

- Mənim Azərbaycanda heç kimlə şəxsi münasibətdə prinsipim olmayıb. Mənim apardığım azadlıq mübarizəsində mənə düşmən olan insanlar olub. Araz Əlizadə mənim şəxsi düşmənim deyil. Araz Əlizadənin sualına cavab verim ki, Nemət Pənahlının ölməməsinin səbəbi var. Çünki Azərbaycanda yerə tökülən şəhid qanlarının qisası hələ alınmayıb, satqınlar bu günə qədər hələ cəzalandırılmayıb. Allah bizi yaşadıb, şans verdi ki, milli satqın və xainləri mütləq tarixin mühakiməsinə cəlb edək.

 

(Ardı var)

 

 

Kübra ƏLİYARLI, Sevinc NƏZƏROVA

 

Səs.- 2010.- 15 yanvar.- S. 8-9.