Qeyri-neft sektoru yeni inkişaf mərhələsinə
daxil olur
Regionların inkişafında müasir infrastrukturun və
turizm sektorunun mühüm rolu var
Azərbaycan
iqtisadiyyatının, xüsusilə, qeyri-neft sektorunun
inkişafı dövlət siyasətinin prioritet istiqamətlərini
təşkil edir. Son illər ölkə əhalisinin rifah
halının yüksəldilməsi istiqamətində
çox böyük nailiyyətlər əldə edilib.
İşsizliyin aradan qaldırılması, əhalinin
yaşayış səviyyəsinin yüksəldilməsi,
regional inkişaf haqqında Dövlət Proqramının qəbul
edilməsi və s. kimi mühüm vəzifələr qeyd
olunan irəliləyişlərin bariz nümunəsidir.
Azərbaycan təbii şəraiti, olduqca zəngin və rəngarəng rekreasiya ehtiyatları, xarici və daxili turizmin və əhalinin istirahətinin təşkili üçün hər cür şəraitə malikdir. Respublikamızın əlverişli iqlim şəraiti, ilboyu zirvələri qar və buzlaqlarla örtülü olan ecazkar quruluşu, cəlbedici landşaftı, çoxsaylı dağ çayları və şirinsulu gölləri, insanı heyrətə gətirən şəlalələr, yüzlərlə mineral və müalicəvi bulaqlar, narın qumlu dəniz çimərlikləri, palçıq vulkanları, tarixi-mədəni və dini abidələr və s. ölkədə daxili və xarici turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Təbii ki, bu imkandan səmərəli formada yararlanmaq üçün bir sıra digər tədbirlərin də həyata keçirilməsi zəruridir.
Məlumdur ki, son illər sürətlə dəyişən Azərbaycan Respublikasında yuxarıda qeyd edilən problemlərin həlli, o cümlədən, infrastruktur sahələrin inkişafı istiqamətində irimiqyaslı yerli, regional və beynəlxalq layihələr həyata keçirilməkdədir. Bu layihələr müxtəlif istehsal və xidmət sahələrini əhatə etməklə ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynamaqdadır.
Həyata keçirilən layihələrin prioritet istiqamətlərindən biri də infrastruktur sahələrin təkmilləşdirilməsi və müasir tələbata uyğunlaşdırılmasıdır. Bu da təbiidir, çünki köhnə, müasir standartlara cavab verməyən infrastruktur sahələrlə hər hansı inkişafa nail olmaq qeyri-mümkündür.
Bu gün infrastruktur layihələrinə dövlət büdcəsindən ayırmaların ilbəil yüksək templə artması dövlətin bu məsələyə necə böyük həssaslıqla yanaşdığını göstərir. Müşahidə və təhlillərdən aydın olur ki, Azərbaycan Respublikasında son 6 ildə sürətlə inkişaf edən sahələrdən biri də nəqliyyat sektoru, xüsusən, avtomobil nəqliyyatıdır.
Nəqliyyat xidmətlərinin, yolların və s. inkişafı isə sahibkarlıq, turizm və s. sahələrin dirçəlişinə təkan verir. O cümlədən, bu gün Azərbaycan Respublikasının ən ucqar kəndlərinədək rahat yolların çəkilməsi, ölkəmizin Şərq-Qərb, Şimal-Cənub kimi iri beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi turizm sektorunun da inkişafına ciddi təsir göstərməkdədir.
Belə ki, həm ölkə daxilində, həm də beynəlxalq səviyyəli yolların yenidən qurulması, yeni yolların çəkilişi ölkənin Avropa və Asiya arasında yerləşən nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da yüksəldir. Azərbaycanın tranzit potensialı artdıqca isə ölkə ərazisindən tranzit kimi istifadə edən xarici daşıyıcıların sayı da çoxalır. Bu da turizmin inkişafında mühüm rol oynayır.
Məlumdur ki, turizmin inkişafında daxili turistlər də xüsusi rol oynayır. Xüsusən, ölkəmizdə kənd turizminin inkişafı, əsasən, daxili turistlərdən asılıdır. Belə ki, turizmin ekoloji turizm, dağ turizmi, idman turizmi və s. müxtəlif növləri içərisində kənd turizmi daha geniş yayılıb. Eyni zamanda, Azərbaycanda da kənd turizminin inkişaf etdirilməsi üçün çox geniş potensial imkanlar mövcuddur.
Ümumiyyətlə, kənd turizmi Avropa ölkələrində XX əsrin 70-ci illərindən başlayaraq, inkişaf edən ekoturizmlə bağlı olub. Kənd turizmi insanların ətraf mühitlə bağlılığına aid olduğuna görə, müasir dövrdə ekoturizmin tərkib hissəsi kimi çıxış edir.
Hər bir ölkədə, xüsusilə də, əhalisinin təqribən yarısı kənd yerlərində yaşayan Azərbaycan kimi ölkələrdə kənd turizminin inkişafı çox vacibdir. Çünki kənd turizmi şəhər mühitinin kənd mühiti ilə əvəz olunması ilə yanaşı, kənd yerlərində kiçik sahibkarlığın inkişafının, kənd təsərrüfatı məhsullarının istehlakçılara birbaşa çatdırılmasının təmin edilməsində, bölgələrin mövcud potensialından səmərəli istifadə olunmasında xüsusi əhəmiyyətə malikdir.
Araşdırmalardan aydın olur ki, kənd turizmi ümumilikdə, milli park və təbiət ərazilərindən istifadəyə, insanların istirahət tələbatında ətraf mühitlə bağlılığa, mədəni və milli irs nümunələrindən, eləcə də, tarixi memarlıq abidələrindən istifadəyə, yüksək keyfiyyətli yaylaq havasına və müalicəvi bulaq sularına daimi tələbatın olmasına əsaslanır .
Azərbaycanda kənd turizminin sürətli inkişafı XX əsrin 80-ci illərinə təsadüf edir. Belə ki, tədricən iqlim dəyişmələrinin kəskinləşdiyi, ölkə ərazisində isti günlərin sayının və temperaturun yüksəlməsi Bakı və Aran rayonlarında yaşayan insanların yay aylarında təbiət qoynunda olmağa, kənd yerlərində müvəqqəti yaşayış yerləri kirayələyərək, orada istirahət etməyə məcbur edirdi.
Təbii ki, kütləvi axında əsas hissəni əhalinin orta və aztəminatlı təbəqəsi təşkil edirdi. Son illər ölkədə siyasi və iqtisadi stabilliyin təmin olunması, əldə edilmiş iqtisadi uğurlar nəticəsində əhalinin həyat səviyyəsinin yüksəlməsi və yaşayış şəraitinin yaxşılaşması insanların asudə vaxtlarının daha səmərəli istifadə etməsinə, eləcə də, istirahət maraqlarının artmasına səbəb olub. Bütün bunlar isə, təbii ki, son nəticədə turizmin inkişafına təkan verir.
Son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, əksər regionlara və sahələrə dair dövlət proqramlarının qəbulu, onların uğurla icra edilməsi və s. nəticəsində bir çox problemlər tədricən öz həllini tapıb, ölkədə kənd turizminin inkişafı üçün münbit şərait formalaşdırılıb. Bu sahədə isə nəqliyyat əlaqələrinin genişlənməsi, ən ucqar yaşayış məntəqələrinədək abad yolların çəkilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəlməsi və s. xüsusilə, əhəmiyyətli olub. Avtomobil yollarının yenidənqurulması və təkmilləşdirilməsi nəinki kənd turizminin, ümumilikdə, ölkə turizminin inkişafında mühüm rol oynayır.
Aydındır ki, kənd turizm mərkəzləri əsasən dağlıq rayonlarda- Quba, Qusar, Xaçmaz, Masallı, Şamaxı, Qəbələ, Şəki və s. rayonların ərazisində yerləşir. Digər tərəfdən, məlumdur ki, son dövrlər, hətta ən mürəkkəb coğrafi şəraitə və dağlıq relyefə malik ərazilərlə nəqliyyat əlaqələri yaradılıb. Ən yüksək zirvədə yerləşən, rəngarəng təbiəti və gözəl mənzərələri olan Xınalıq kəndinə yol çəkilişi buna sübutdur. Təbii ki, Xınalıq və bu kimi digər ərazilərdə keyfiyyətli turizm xidmətlərinin təşkili ilə yolların çəkilişinə sərf edilən vəsaiti tezliklə dövlət büdcəsinə qaytarmaq və turizmi büdcənin əsas gəlir mənbələrindən birinə çevirmək olar.
Bütün bunlarla yanaşı, son illər, regionlarda (Gəncə, Zaqatala, Lənkəran və s.) beynəlxalq standartlara cavab verən hava limanlarının tikintisi, Lerik-Lənkəran, Şəmkir-Qazax, Xınalıq-İspik yollarının yenidən qurulması, Tovuz, Gədəbəy, Yardımlı, Daşkəsən, Quba və s. rayonlarda yeni yol çəkilişləri regional inkişafa verilən ən gözəl töhfədir. Təbii ki, regionların abadlaşdırılması, yeni yolların çəkilməsi sahibkarlıq və turizm kimi sahələrin də inkişafına güclü təkan verəcəkdir.
Burada ölkə başçısı cənab İlham Əliyevin bir fikrini xatırlatmaq yerinə düşərdi: “Harada ki, müasir yol var, o bölgədə mütləq və mütləq inkişaf olacaqdır. Əgər yol yoxdursa, o bölgə inkişaf edə bilməz. Orada istənilən təbii sərvətlər, istənilən infrastruktur, gözəl binalar, mehmanxanalar olsa da, əgər yol yoxdursa və ya bərbad durumdadırsa, oraya heç kim gəlməyəcəkdir”.
Təbii ki, yol olmadıqda və ya yararsız halda olduqda nəqliyyat vasitələri, normal nəqliyyat vasitələri olmadıqda isə yollar əhəmiyyətsiz olur. Eyni zamanda, tələbata uyğun nəqliyyat xidmətləri olmadan hər hansı sahədə istənilən inkişafa nail olmaq qeyri-mümkündür.
Turizmin, o cümlədən, kənd turizminin inkişafı nəqliyyat və onun infrastruktur sahələrinin inkişafı ilə bir kompleks əmələ gətirir. Bütün bunlar isə ölkədə həyata keçirilən infrastruktur layihələrin turizmin inkişafında, konkret olaraq, regionlarda aparılan quruculuq işləri, yeni yol çəkilişlərinin isə kənd turizminin inkişafında xüsusi əhəmiyyəti olduğunu bir daha sübut edir. Son illərdə Azərbaycana gələn turistlərin xeyli artması bu sahənin klaster yanaşmada ən vacib sahələrdən olduğunu göstərir.
Elçin Bayramlı
Səs.- 2010.- 15 yanvar.- S. 10.