Azərbaycan dövləti neftçilərə böyük diqqət və qayğı göstərir

 

Prezident İlham Əliyev: “Neftçilər bütün zamanlarda Azərbaycanda böyük hörmətə malik olmuşlar, bu gün də bu davam edir”

 

Xəbər verdiyimiz kimi, yanvarın 14-də “Buta” sarayında görkəmli neftçi-alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru, akademik Xoşbəxt Yusifzadənin 80 illik yubileyi münasibətilə mərasim keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

 Azərbaycan Prezidentinin “Xoşbəxt Yusifzadənin 80 illik yubileyinin keçirilməsi haqqında” 2009-cu il 28 dekabr tarixli Sərəncamına əsasən təşkil edilmiş mərasimə toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Prezident İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:

-Əziz Xoşbəxt müəllim!

Bu gün sizin yubileyinizdir. Bu gözəl yubiley münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı arzulayıram. Arzu edirəm ki, siz həmişə olduğu kimi cavan, gümrah, nikbin olasınız və biz ölkəmizin gələcək inkişafı üçün birlikdə çox işlər görə bilək.

Siz böyük insansınız, böyük alimsiniz. Sizin yubileyiniz Azərbaycanda geniş qeyd olunur. Bilirsiniz ki, yubileyinizin ölkə miqyasında keçirilməsi üçün mən bir müddət bundan əvvəl müvafiq Sərəncam imzalamışam. Bu onu göstərir ki, Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Siz həqiqətən də buna layiqsiniz. Siz uzun illər Azərbaycanın neft-qaz potensialının inkişafı üçün çalışırsınız, işləyirsiniz. Fəal işləyirsiniz və ən önəmlisi ondan ibarətdir ki, bu fəaliyyətin ölkəmiz üçün çox gözəl və çox vacib nəticələri vardır. Sizin bilavasitə rəhbərliyiniz və iştirakınız sayəsində Azərbaycanda 20 neft-qaz yatağı kəşf edilmişdir. Onların içində bu gün Azərbaycanın neft-qaz potensialını böyük dərəcədə müəyyən edən “Azəri”, “Çıraq”, “Günəşli”, “Kəpəz”, “Bahar” yataqları vardır. Bütün bu yataqlar Azərbaycanı bu gün dünya neft aləmində təmsil edir.

Bütün bu yataqların kəşfi və işlənilməsi, onların bugünkü mövcudluğu Azərbaycanın nəinki iqtisadi, eyni zamanda, siyasi imkanlarını böyük dərəcədə genişləndiribdir. Bu gün Azərbaycanı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarsız təsəvvür etmək mümkün deyildir. Əgər bu yataqlar sizin tərəfinizdən vaxtında kəşf edilməsəydi, bu gün bizim neft-qaz imkanlarımız çox məhdud ola və bunun nəticəsində ölkəmiz müstəqillik dövründə böyük çətinliklərlə üzləşə bilərdi. Uzun illər ərzində sizin tərəfinizdən və sizin rəhbərliyinizlə kəşf edilmiş yataqlarımız bundan sonra da Azərbaycanın gələcək inkişafını təmin edəcəkdir. Bu, imkan verəcək ki, biz bundan sonra da neft amilindən səmərəli şəkildə istifadə edərək ölkəmizi hərtərəfli inkişaf etdirək. Ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün daha da böyük işlər görək. Ölkəmizi daha da gözəlləşdirək, abadlaşdıraq.

Siz, eyni zamanda, böyük alimsiniz, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüsünüz, çoxsaylı elmi əsərlərin müəllifisiniz. O əsərlərin ki, onların, sözün əsl mənasında, praktiki nəticələrini də biz görürük, Azərbaycan vətəndaşları görür. “Əsrin müqaviləsi”nin imzalanmasında sizin böyük rolunuz olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən Azərbaycanın neft strategiyasının icrasında həmişə fəal olmusunuz.

Məhz bu siyasət bugünkü Azərbaycanın inkişafını təmin edir. Məhz 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan özü üçün yeni imkanlar açdı. Azərbaycan özünü tanıtdı, ilk dəfə olaraq Xəzər dənizini xarici sərmayədarlar üçün açdı. Bunun nəticəsində bu gün bizim hasilat və ixrac imkanlarımız o səviyyədədir ki, bəlkə bu barədə heç təsəvvür etmək də mümkün deyildir. Bu gün Azərbaycan 50 milyon ton neft hasil edir, təxminən 25 milyard kubmetr qaz hasil edir. Neftçilər bunu çox yaxşı bilirlər ki, bu nə deməkdir. Azərbaycanın tarixində öz imkanlarımızı, neft-qaz yataqlarımızı biz heç vaxt belə böyük həcmdə işlədə bilmirdik. Bu gün bu imkanlar vardır və başlıca səbəbi ondan ibarətdir ki, bunun arxasında 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan neft strategiyası, onun məntiqi nəticəsi - “Əsrin müqaviləsi”nin imzalanması və ondan əvvəl sizin iştirakınızla bu yataqların kəşfi və hasilat üçün hazırlanması məsələləri dayanır.

“Əsrin müqaviləsi”ndən sonra “Şahdəniz” yatağı üzrə kontrakt imzalanmışdır. Bu kontrakt da böyük çətinliklərlə imzalanmışdır, biz bunu yaxşı xatırlayırıq. Azərbaycanın geniş ictimaiyyəti bəlkə də bundan xəbərsizdir, ancaq çox ciddi müqavimət göstərilirdi. Əfsuslar olsun ki, nəinki xaricdən, eyni zamanda, ölkə daxilindən və o vaxt Azərbaycanın rəhbərliyində təmsil olunan bəzi insanlar “Şahdəniz” yatağının işlənilməsinə çox ciddi şəkildə əngəllər törətməyə çalışırdılar. Siz bir peşəkar neftçi, geoloq, alim, mütəxəssis kimi öz sözünüzü qətiyyətlə demisiniz. Mən bunu çox yaxşı xatırlayıram, ulu öndər Heydər Əliyevin yanında keçirilmiş iclasda Azərbaycan Dövlət Neft Şirkətinin bütün rəhbərləri öz sözünü demişlər. Ancaq sizin sözünüz səslənən o başqa fikirlərdən bəlkə də daha da vacib idi. Çünki siz dünya şöhrətli alimsiniz və ulu öndər Heydər Əliyev sizin sözünüzə çox inanırdı. Mən də sizin sözünüzə həmişə inanmışam və onu da xatırlayıram ki, müəyyən müddət bundan əvvəl bəzi xarici şirkətlərin təkliflərinə də siz öz iradlarınızı bildirmisiniz. Sübut etməyə çalışmısınız ki, qazılacaq quyular üçün onların seçdiyi yer məqbul deyildir. Əfsuslar olsun ki, həyat bunu göstərdi. Sizə qulaq asmadılar və qazdıqları quyular boşa çıxdı. Ancaq həmin yataqlar bu gün yenə xarici şirkətlər tərəfindən işlənilir, bir neçə ildən sonra da işlənəcəkdir. Bu yataqlara maraq vardır. Ona görə ki, biz hamımız bilirik, həmin yataqlarda həm neft, həm də qaz vardır.

Mən sizin haqqınızda çox danışa bilərəm və bir daha qeyd etmək istəyirəm ki, sizin fəaliyyətiniz və Azərbaycana verdiyiniz töhfələr xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu gün bizim neft-qaz imkanlarımız iqtisadi inkişafımız üçün başlıca şərtdir və bunun başında Azərbaycan neftçiləri durur. Azərbaycan neftçiləri öz əməyi hesabına Vətənə xidmət göstərirlər. Neftçilər bütün zamanlarda Azərbaycanda böyük hörmətə malik olmuşlar, bu gün də bu davam edir.

Bu gün bir daha onu qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Eyni zamanda, bizi şəxsi münasibətlər də bağlayır. Səmimi münasibətlər. On beş ildən çoxdur bizim münasibətlərimiz davam edir. Təkcə ona görə yox ki, vaxtilə ikimizin bir qəbul otağımız var idi və tez-tez o qəbul otağında görüşürdük. Həm də ona görə ki, mən Dövlət Neft Şirkətində işləməyə başlayanda sizinlə daim təmasda idim. Daim biz fikir mübadiləsi aparırdıq. Mənim üçün o sahə yeni idi. Sizdən çox şey öyrəndim və eyni zamanda, bizim aramızda o vaxtdan yaranan bu səmimi münasibətlər bu gün də davam edir. Bu, bizə də və əminəm ki, Azərbaycan dövlətinə də lazımdır.

Mən bu əziz gündə sizi bir daha ürəkdən təbrik etmək istəyirəm. Qeyd etmək istəyirəm ki, siz Azərbaycan dövlətinin ali mükafatları ilə təltif edilmisiniz. Ulu öndər Heydər Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilmisiniz. Beş il bundan əvvəl siz “Şöhrət” ordeni və bu yaxınlarda “Şərəf” ordeni ilə təltif edilmisiniz. Mən istərdim ki, bu yüksək mükafatı bu gün özüm sizə təqdim edim və sizə gələcək fəaliyyətinizdə yeni uğurlar və cansağlığı arzulayım.  

 

*  *  *

Prezident İlham Əliyev Azərbaycanda neft sənayesinin və elminin inkişafında böyük xidmətlərinə görə Xoşbəxt Yusifzadəyə “Şərəf” ordenini təqdim etdi. Azərbaycanın dövlət mükafatları laureatı, respublikanın əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi Xoşbəxt Yusifzadə təşəkkür edərək dedi:

-Mən sizin hamınıza minnətdaram. Hamınız məni sayıb gəlmisiniz, yubiley mərasimində iştirak edirsiniz. Mən hamınıza minnətdaram. Hamınıza təşəkkürümü bildirirəm. Mən bu gün ulu öndər Heydər Əliyevin ruhu qarşısında baş əyirəm. Mən həyatda nə əldə etmişəmsə, nəyə nail olmuşamsa, Heydər Əliyevin diqqət və qayğısı sayəsində nail olmuşam. O, məni 1970-ci ildə Dəniz Birliyində müavin təyin edib. Ondan sonra həyatım boyu onun rəhbərliyi altında işləmişəm. Ayrı-ayrı mərasimlərdə mənim haqqımda xoş sözlər deməyi, işimi qiymətləndirməyi, hərdən mənimlə zarafat da etməyi, doğrudan da məndə həmişə ruh yüksəkliyi yaradıb, məni canla-başla işləməyə ruhlandırıbdır.

Cənab Heydər Əliyevin haqqımda dediyi sözləri təkrar etmək istəmirəm. Ancaq bir-iki məqamı yada salmaq istərdim: 70 yaşım olanda mənə zəng etdi. Onun birinci cümləsi belə oldu: “Xoşbəxt, sən də qocaldın”. Ondan sonra 6-7 dəqiqə ərzində mənə elə xoş sözlər dedi ki, indiyədək xatırlayıram, nə qədər ömrüm var yadımdan çıxmayacaqdır.

Mən ulu öndər haqqında həmişə çox gözəl, çox yaxşı fikirlərdə olmuşam. Onun respublikamız üçün, neft sənayemiz üçün gördüyü işlər əvəzsizdir. Cənab Prezident İlham Əliyevin bir yaxşı sözü var, hansı rayona gedirsə, tikintiləri, müasir kompleksləri göstərib deyir: Bunları özünüz görürsünüz, daha mən sizə nə danışım. Cənab Heydər Əliyev də o qədər gözəl işlər görüb ki, onların hamısının nəticəsini biz indi görürük. İndi bizim respublika keçmiş sovet respublikaları arasında ən qabaqcıl ölkələrdən biridir.

Mənim ikinci xoşbəxtliyim onda oldu ki, cənab İlham Əliyev Prezident seçildi. Cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini, gördüyü işləri davam etdirməklə bərabər, eyni zamanda, onun mənə olan münasibətini də davam etdirdi. İndiyəcən də davam etdirir. Amma bir balaca fərq ondadır ki, cənab Heydər Əliyev həmişə ali vəzifədə olub, rəhbər olub. Ancaq cənab İlham Əliyev ilə həmkar olmuşuq, bir yerdə işləmişik, 9 il qonşu olmuşuq. Qonşu da deyirəm, bağ qonşusu yox, işdə qonşu olmuşuq. Ona görə də həmişə məsləhətləşmişik, bir-birimizə kömək etmişik. Cənab İlham Əliyev bizim şirkətə təzə gələndə, bilirsiniz, xarici işlər üzrə vitse-prezident təyin olunmuşdu. Biz elə hesab etdik ki, o, ancaq xarici işlərlə məşğul olacaq, daha ayrı işlərlə - neftlə, qazla bir o qədər də məşğul olmayacaqdır. Bir-iki ay keçdi, gördük ki, cənab İlham Əliyev neftdən, qazdan təklif verir. Doğrusu, yarım il keçəndən sonra bizdə elə təsəvvür yarandı ki, cənab İlham Əliyev şirkətdə yarım il deyil, 15-20 ildir işləyir. Qısa vaxtda neft-qaz işinin incəliklərinə elə yiyələndi ki, sanki, çoxdanın neftçisi idi, elə bil uzun illərdir bizimlə bir yerdə işləyir. Bizimlə bir yerdə 9 il işləməyin, neft sənayesinin bütün problemlərini dərindən bilməyin nəticəsidir ki, indi də neft məsələsi ilə bağlı ortaya bir problem çıxan kimi dərhal həll olunur.

Cənab İlham Əliyevin şirkətimizdə ən böyük xidmətlərindən biri də “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlıdır. İndi hamımız deyirik ki, qol çəkildi, imzalandı. Bu heç də asan başa gəlmədi. Ay yarım oturduq orada, o nə günlər idi, bir Allah bilir. Bunu mən hər yerdə deyirəm, indi də təkrar edəcəyəm: elə olurdu ki, bir də gördün qarşı tərəf küsdü getdi. Elə də olurdu ki, biz küsüb gedirdik. O müqaviləni biz çox çətinliklə, əziyyətlə başa gətirdik. Bu işdə cənab İlham Əliyevin böyük rolu oldu. Doğrudan da, çox əziyyətli idi. Cənab İlham Əliyev diplomatiya institutunu bitirmişdi, ona görə bu işlərdə bizə çox kömək etdi, “Əsrin müqaviləsi”nin hazırlanmasını uğurla başa çatdırdıq. Ölkəmizin inkişafında “Əsrin müqaviləsi”nin çox böyük rolu oldu. Ən başlıcası bütün dövlətlər, bütün şirkətlər inandılar ki, Azərbaycan sabit ölkədir, burada işləmək olar və gəldilər, başladılar bizimlə bir yerdə işləməyə. Heç təsadüfi deyildir ki, bu müqavilədən sonra 27 müqaviləyə imza atıldı. Buna “Əsrin müqaviləsi” yol açdı.

Mən indi İlham müəllim barəsində çox danışa bilərəm. Ancaq bizimlə bir yerdə işləməyindən, bizə, neft sənayesinə köməyindən iki misalı diqqətə çatdıracağam. Birinci dəfə Prezident seçiləndən sonra biz “Neft daşları”na getdik. “Neft daşları”nın 55 illiyini qeyd etdik. İkinci dəfə 60 illiyini qeyd etdik. 60 illikdə cənab İlham Əliyev bütün günü neftçilərin arasında oldu, elə bil, necə deyərlər, öz həmkarları arasında idi. Bu, hamımızı, bütün neftçiləri çox sevindirdi. Sonra “Əsrin müqaviləsi”nin 15 illiyi - o da çox təntənəli keçdi. Bunlar hamısı cənab İlham Əliyevin neftçilərə olan hörmətidir, neftçilərin əməyinə verdiyi yüksək qiymətdir.

İndi mən nə deyə bilərəm? Onu deyə bilərəm ki, nə qədər imkanım var, işləyəcəyəm, yaşayacağam. Amma bir şey var: 5 ili mən mütləq sağ qalmalıyam, işləməliyəm. Çünki bunu Prezident mənə “Neft daşları”nda tapşırıb. Mən nə karəyəm ki, Prezidentin tapşırığını yerinə yetirməyim. Ondan sonra baxaram, görüm nə olacaq? Hələlik, o tapşırığı gərək yerinə yetirim. İndi burada hörmətli Mehriban xanım əyləşib. Mehriban xanım da respublikamız üçün çox işlər görür, hamınız bilirsiniz, indi mən onları təkrar etmək istəmirəm. Amma o da bizimlə Hyustonda külüng vuranlardan biri olub. Bir ay yarım bizimlə orada qalıb. Biz hamımız bir yerdə çörək yeyirdik, söhbət edirdik. Hətta çörək yeyəndə də işdən danışardıq. O, öz məsləhətləri ilə bizə kömək edirdi, öz sözlərini deyirdi. Ən vacibi o idi ki, bizi səhər bir bacı kimi yola salırdı. Sanki biz davaya gedirdik. Hər səhər bizi yola salır, bizə uğurlar arzu edirdi. Sizə də cansağlığı arzu edirəm. Uşaqlara, nəvələrə, hamınıza xoşbəxtlik arzu edirəm. Siz də bizim millətin fəxrisiniz. Biz hamımız Sizə baxıb fəxr edirik. Ona görə mən bilmirəm öz təşəkkürümü necə çatdırım. Bütün dünyaya səs yayılıb ki, Xoşbəxtin 80 illiyi keçirilir. Çox sağ olun ki, mənim üçün belə tədbir, belə məclis təşkil etmisiniz. Heç bilmirəm nə deyim, heç deməyə də sözüm qalmayıb. Bircə onu bilirəm ki, həyatımda üç şeyi həmişə əsas tutmuşam.

Birinci, xoşbəxtliyim onda olub ki, işlədiyim adamların hamısı yaxşı insanlar olublar. İstəyir “Neft daşları”nda, istəyir birliklərdə insanlar ilə münasibətim həmişə yaxşı olub. Rəhbərlərin - cənab Heydər Əliyevin, cənab İlham Əliyevin də mənə münasibəti həmişə yaxşı olub. Bu, əlbəttə, mənim 80 yaş yaşamağıma, iş görməyimə böyük kömək olub. İkinci, Bakıxanovun 103 nəsihəti vardır. Onun biri belədir: “Heç vaxt öz halından şikayət etmə. Minlərlə insan var ki, sənin vəziyyətində olsalar özlərini xoşbəxt hesab edərlər”. Bunun mənası odur ki, yuxarı çox baxma, aşağı da bax hərdən. Üçüncüsü də zəhmətdir. Leninin bir sözü var: “Oxumaq, oxumaq, yenə də oxumaq!” Mən də deyirəm ki, işləmək, işləmək, yenə işləmək! İnsan gərək can yandırsın, işləsin. Deyir, balığı at dəryaya, balıq bilməsə də xalıq bilər. Bu fikir həmişə mənim başımdadır ki, əgər sən əziyyət çəkirsənsə, mütləq onun nəticəsi olacaqdır. Məktəb vaxtı, institutda oxuyurdum, oxuyurdum, oxuyurdum, görürdüm sabah imtahan olacaq hamısı yadımdan çıxıb. Sonra özüm özümə deyirdim: Ola bilməz, bu qədər əziyyət çəkmişəm, bunların hamısı mənim yadımdan çıxsın. Elə bileti götürən kimi, hamısı gəlib dolurdu başıma. Ona görə əgər əziyyət çəkirsənsə, zəhmət çəkirsənsə həmişə nəticəsini görəcəksən.

Bir daha çox sağ olun deyirəm, cənab Prezident. Sizin hamınıza, ailənizə, Sizə öz minnətdarlığımı bildirirəm. Amma onu da qeyd etmək istəyirəm ki, burada əsasən, neftçilər əyləşiblər. Sizin mənə bu diqqətiniz, məni mükafatlandırmağınız, elə hesab edirəm ki, bax bütün bizimlə birlikdə burada əyləşən neftçilərə aiddir. Sizin mənə hörmətinizi, qayğınızı bütün neftçilərə aid edirəm. Ona görə bir daha Sizə minnətdarlığımı bildirirəm. Hamınıza uzun ömür, cansağlığı, bütün burada əyləşənlərə xoşbəxtlik arzu edirəm. O gün olsun ki, sizin də 80, 90, 100 yaşınız olsun. Sağ olun!

 

*  *  *

 

Sonra görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin 80 illik həyat yoluna həsr olunmuş film nümayiş etdirildi.

Mərasim konsert proqramı ilə başa çatdı.

 

 

Səs.- 2010.- 16 yanvar.- S. 2-3.