Azərbaycan Ordusu xalqın inam və fəxr yeridir

 

Azərbaycan Respublikası Milli Məclisinin Təhlükəsizlik və Müdafiə komitəsi sədrinin müavini, orduya ictimai nəzarət komitəsinin üzvü Aydın Mirzəzadənin yap.orq.az-a müsahibəsi

 

- Aydın müəllim, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli 2009-cu ildə də ölkəmiz üçün prioritet məsələ olaraq qaldı. Bu problemin əsas motivləri haqqında nə demək olar?

- Azərbaycanın qonşu Ermənistanla münasibətləri artıq 22 illik tarixi olan Dağlıq Qarabağ probleminin həllindən asılıdır. Hələ keçmiş SSRİ-nin tərkibində olarkən Ermənistan millətçilərinin Azərbaycan torpaqlarına iddiası İttifaq dağılarkən erməni hərbi birləşmələrinin torpaqlarımızın işğalına gətirib çıxardı. Azərbaycanın həmin dövrdə həqiqi liderinin olmaması, Ermənistanın bu prosesə xeyli əvvəlcədən hazırlaşması birinci Dağlıq Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının böyük bir hissəsinin işğalına zəmin yaratdı. Həmin dövrdə hərbi texnikasız və hazırlıqsız Azərbaycan əsgəri düşmənlə ilk növbədə doğma torpağına sevgi və vətənpərvərlik hissi ilə vuruşurdu. Məhz bu səbəbdən, SSRİ ordusunun silahları ilə silahlanmış, SSRİ ordusunda yüksək vəzifələrdə xidmət keçmiş erməni generallarının rəhbərliyi altında olan erməni silahlı qüvvələri indiki cəbhə xəttindən daha çox ərazini işğal edə bilmədilər. Əlbəttə ki, ermənilərin torpaq iddiasında əsas məqsəd ümumilikdə müstəqil Azərbaycan dövlətinin yaranmasına imkan verməmək, “böyük Ermənistan” iddiasını, ilk növbədə, Azərbaycan üzərindən reallaşdırmaqdan ibarət idi.

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin 1993-cü idə xalqın tələbi ilə siyası hakimiyyətə qayıtması, bundan sonra apardığı düşünülmüş dövlətçilik siyasəti Azərbaycanı birinci ağır mərhələdə bir çox fəlakətlərdən xilas edə bildi.

Sonradan isə 1994-cü ildə əldə olunmuş atəşkəs nəticəsində hər iki tərəf öz dövlətçiliyini möhkəmləndirməyə və problemi özünün düzgün saydığı formada həllinə hazırlaşmağa başladı. Azərbaycan Dağlıq Qarabağın və ətraf rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunmasını qonşu dövlətin işğalı adlandırırdı və bu, beynəlxalq təşkilatların sənədlərində və böyük dövlətlərin münasibətində öz əksini tapa bildi. Azərbaycan dövlətinin lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılan siyasət bir tərəfdən Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlirdi, digər tərəfdən isə, Azərbaycanın bir dövlət kimi qüdrətinin artmasına gətirib çıxarırdı. Ermənistan isə Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim etməyə və bunu beynəlxalq hüququn subyekti kimi təqdim etməyə çalışdı.Ancaq ötən dövrlər ərzində bu istəklər baş tutmadı, bununla bağlı Ermənistanın bütün planları iflasa uğradı.

- Bu proseslərdə ordu faktorunun rolu nədən ibarətdir?

- Ümumilikdə götürəndə, ordu faktoru hər bir dövlətin daxili və xarici siyasətinin güzgüsü sayıla bilər. Dövlətin və cəmiyyətin orduya münasibəti isə həmin dövlətin öz nüfuzuna, bu gününə və sabahına olan münasibətidir. Ordu faktorunun rolu isə bilavasitə onun döyüş qabiliyyətindən asılıdır. Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də ümummilli liderimiz, müasir Azərbaycan Ordusunun yaradıcısı Heydər Əliyevin kursu bu gün də uğurla davam etdirilir. Elə bunun nəticəsidir ki, ordumuz döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. Artıq bütün dünya görür ki, Azərbaycanın Silahlı Qüvvələri 90-cı ilin əvvəllərindəki siyasiləşmiş silahlı dəstələr deyil, vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan bir ordudur. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir Azərbaycan vətəndaşı bu gün öz ordusu ilə, sözün əsil mənasında, fəxr edir, onun uğurlarına ürəkdən sevinir.

Əldə olunan uğurlar, bir daha sübut etdi ki, cəmiyyətdəki siyasi plüralizm daxili qüvvələrin parçalanmasına, siyasi iddiaların həyata keçirilməsinə deyil, vahid dövlət quruculuğuna xidmət edərsə, ordu quruculuğu sahəsində dövlətin apardığı siyasət əsaslandırılmış və ardıcıl olarsa, silahlı qüvvələrin təşkili və gücləndirilməsində yüksək nailiyyətlər əldə etmək olar. Bütün bunlar ordu quruculuğu prosesində də öz müsbət nəticəsini verməyə başladı.Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu sahədə də ciddi irəliləyişlərin əldə olunmasını şərtləndirib.

- Müasir, güclü Azərbaycan Ordusunun yaradılması nədən başladı? Döyüş qabiliyyəti və mənəvi gücün birliyi ordumuzda özünü nə dərəcədə göstərir?

- Bizim ordumuzun yaranması və müasir tələblər səviyyəsində formalaşması, ağır, mürəkkəb, kəşməkeşli yollardan keçmişdir. Erməni təcavüzü, daxili çəkişmələr, yeni yaradılmış özünümüdafiə taborlarının ayrı-ayrı siyasi məqsədlərə xidmət etməsi bir tərəfdən torpaqlarımızın işğalına şərait yaradır, digər tərəfdən ordumuzun yaranmasına mane olurdu.

Ulu öndərin titanik fəaliyyəti nəticəsində güclü Azərbaycan Ordusu yaradılmağa başlandı. Ordu quruculuğunun elmi-təcrübi əsaslar üzərinə qoyulması, vahid komandanlıq prinsipinin həyata keçirilməsi Qarabağ bölgəsində gedən döyüş əməliyyatlarına öz müsbət təsirini göstərdi. 1993-cü il noyabrın 2-də Ulu öndər Heydər Əliyev radio və televiziya ilə xalqa müraciət etdi. Bu müraciət, bütünlüklə, Azərbaycanın düşdüyü ictimai-siyasi və hərbi böhranın təhlilinə və ondan çıxış yollarına həsr edilmişdi. Bu çıxışdan sonra xalqımızın çoxdan arzuladığı birliyin, həmrəyliyin əsası qoyuldu. Hamı bir nəfər kimi ölkəni dəhşətli təhlükədən çıxarmaq üçün Heydər Əliyevin ətrafında birləşməyə başladı.

Ordu quruculuğu sahəsində aparılan işlərin sistemləşdirilməsi, mərkəzləşdirilməsi, ordunun vahid komandanlıq prinsipi əsasında fəaliyyət göstərməsi qısa müddətdən sonra öz səmərəsini verdi. Azərbaycan Ordusu tərəfindən aparılan uğurlu döyüş əməliyyatlarından təşvişə düşən və gücümüzün artmasını hiss edən düşmən 1994-cü il mayın 12-də atəşkəs haqqında müqaviləni imzaladı. Sonrakı dövrlərdə ordumuzun daha da möhkəmləndirilməsi sahəsində bir çox mühüm tədbirlər həyata keçirildi. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində çağırış və səfərbərlik işi xeyli təkmilləşdirilmiş, hərbi hissələrdə intizam möhkəmlənmiş, qanun-qaydalara tam riayət olunması təmin edilmişdir. Bütün bunlar orduya gələn gənclərin peşəkar hərbi qulluqçu kimi hazırlanmasına, hərbi ixtisaslara dərindən yiyələnməsinə şərait yaratmışdır.

Silahlı qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz, yəni hər gün davam edən bir prosesdir. Döyüş hazırlığı məsələlərinə ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri hal-hazırda istər quruda, istər havada, istərsə də, dənizdə hər hansı döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Məlumdur ki, hər bir ordunun gücü - onun döyüş qabiliyyəti ilə mənəvi gücünün vəhdətində reallaşır. Bu gün Azərbaycan cəmiyyətində, eləcə də, orduda ümummilli liderimiz Heydər Əliyev tərəfindən hazırlanmış və elmi-nəzəri prinsipləri zamanın sınağından çıxmış mükəmməl hərbi vətənpərvərlik konsepsiyası mövcuddur. İstər sülh, istərsə də, müharibə dövründə hərbi qulluqçularda Vətənə, xalqa, dövlətçiliyimizə sədaqət və məhəbbət hisslərinin möhkəmləndiriməsi, onların ümumdövlət mənafeləri ətrafında səfərbər edilməsi bu istiqamətdə aparılan fəaliyyətin əsas məqsədləridir.

- Bu məsələdə NATO ilə fəal əməkdaşlığı əsas şərtlərdən saymaq olarmı? Eyni zamanda, ordumuzun NATO standartlarına uyğunlaşdırılması məsələsi də daim cəmiyyətin diqqət mərkəzində olub. Bu baxımdan, mövcud vəziyyəti necə dəyərləndirmək olar?

- Hələ ordumuzun yaradıldığı ilk dövrdə Azərbaycan Ordusunun müasir NATO standartlarına uyğun olaraq qurulacağı tam aydın idi.

Eyni zamanda Prezident Heydər Əliyevin Avrointeqrasiya siyasəti NATO ilə sıx əməkdaşlığı vacib edirdi. Bunun üçün Azərbaycanda yetərli potensial da mövcud idi. Eyni zamanda, Azərbaycanda ali hərbi məktəblər sisteminin yaradılması, onun tədris prosesinin NATO- ya üzv olan ölkələrin hərbi təhsil sisteminin üstünlüklərinə uyğun olaraq qurulması öz nəticəsini tədricən verməkdədir. Hal-hazırda Azərbaycan Ordusu ciddi, hazırlıqlı, vətənpərvər zabit kadrları ilə təchiz edilir, ordunun maddi - texniki bazası möhkəmləndirilir. Ötən illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələri xeyli genişlənmiş və keyfiyyətcə yeni mərhələyə daxil olmuşdur. 1994-cü il may ayının 4-də Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulmuşdur.

Azərbaycan Silahlı Qüvvələrinin zabitləri NATO-nun strateji və regional qərargahlarında müxtəlif vəzifələrə təyin edilmişlər. Hər il Azərbaycan Respublikası ilə NATO arasında fərdi əlaqələndirmə proqramı hazırlanır və təsdiq edilir. Proqrama əsasən, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun hərbi məktəbləri, kollecləri və başqa strukturlarında keçirilən sülhməramlı kurslarda, Avropa təhlükəsizlik sahəsində əməkdaşlıq, adi silahlara nəzarət, böhran vəziyyətini idarəetmə, ətraf mühitin mühafizəsi, inteqrasiya proseslərinin genişləndirilməsi və digər tədbirlərdə iştirak edirlər. Hərbçilərimiz sülhməramlı, humanitar və digər çoxmillətli təlimlərin planlaşdırılması, hazırlanması və həyata keçirilməsində yaxından iştirak edirlər. Azərbaycan sülhməramlılarının bundan əvvəl Kosovoda, İraqda və hal-hazırda isə Əfqanıstanda NATO-nun Koalisiya Qüvvələrinin tərkibində öz missiyalarının layiqincə və yüksək peşəkarlıqla yerinə yetirmələri NATO komandanlığı tərəfindən də yüksək qiymətləndirilmişdir. 2004-cü ilin may ayında Fərdi Tərəfdaşlığın Fəaliyyət proqramı NATO Baş katibinə təqdim edilmişdir. Bu proqram 2005 -ci ilin may ayında NATO tərəfindən təsdiq edilmiş və onun icrasına başlanmışdır. Ötən illər ərzində Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında hərbi sahədə əməkdaşlıq haqqında onlarla saziş, protokol və plan imzalanmışdır.

Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla silahlanıb. Ordumuzun şəxsi heyəti üçün həmin silahlardan istifadə edilməsi təlimi həm ölkə daxilində, həm də ölkəmizdən kənarda keçirilir. Silahlı qüvvələr üçün kazarmalar əsaslı təmir edilir, yeniləri tikilir . Zabit və gizir heyətinin mənzil problemi və digər sosial problemləri həll olunur, hərbi qulluqçuların əməkhaqqı məsələsi daim diqqətdə saxlanılır, dövlətin imkanları artdıqca, bu məsələnin həlli yolunda çox ciddi tədbirlər görülür.

2008-ci ildə Azərbaycan Ordusunun yaradılmasının 90 illiyi ilə bağlı keçirilən hərbi parad bir sıra dövlətlərin Azərbaycan Ordusu haqqında təsəvvürlərinin dəyişməsinə səbəb oldu. Eyni təəssürat ötən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Silahlı qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrinin iştirakı ilə keçirilən birgə əməliyyat-taktiki təlimlərindən də yarandı. Silahlı Qüvvələrin komplektləşdirilməsi, hərbi çağırış sisteminin müasir tələblər səviyyəsində təkmilləşdirilməsi üçün görülmüş işlər də öz nəticəsini verməkdədir. Orduda xidmət bu gün hər bir Azərbaycan gənci üçün fəxr nümunəsinə çevrilmışdir. Ordu üzərində ictimai nəzarət sistemi yaradilmışdır və açıq fəaliyyət göstərir.

Bütün deyilənləri ümumiləşdirib belə nəticəyə gəlmək olar ki, Azərbaycanda ordu quruculuğu yüksələn xətlə inkişaf edir, ordunun problemləri hər gün, hər an respublika rəhbərliyinin diqqət mərkəzindədir.

- Bəs hərbi qulluqçuların sosial təminatı hansı səviyyədədir?

- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dövlət başçısı postunda fəaliyyətə başladığı ilk günlərdə bəyan etmişdi ki, ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərin bütün parametrlər üzrə daha da inkişaf etdirilməsi onun fəaliyyətində prioritet istiqamətlərdən biri olacaq. Ötən müddət ərzində, yuxarıda qeyd etdiyim kimi, istər silahlı qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də hərbi qulluqçuların sosial müdafiəsi sahələrində həyata keçirilən tədbirlər Ali Baş Komandanın Vətənin müdafiəçilərinin şərəfli xidmətinə necə yüksək qiymət verdiyini bir daha təsdiq etdi.

Son illərdə ölkənin müdafiə xərclərinin bir neçə dəfə artırılması, həpbi qulluqçuların sosial problemlərinin ardıcıl olaraq həll edilməsi yaxın gələcəkdə ordu quruculuğu sahəsində daha böyük uğurlar qazanacağımıza təminat verən amillərdəndir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin silahlı qüvvələrin şəxsi heyətinə bu cur diqqət və qayğısı, ordumuza bəslədiyi yüksək inam və etimad bütün hərbçilərin qəlbini qürur və iftixar hissləri ilə doldurmuşdur.

Bu gün Azərbaycan ordusunun hər bir əsgəri və zabiti respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpasına, torpaqlarımızı işğalçılardan azad etməyə hazırdır.

Ordumuzun möhkəmlənməsi istiqamətində Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması yeni mərhələnin əsasını qoydu. Azərbaycan bu gün nəinki hərbi əşya və arxa təminat təchizat, artıq döyüş silahlarını da istehsal edir. Bu silahlar nəinki daxili tələbata yönəldilir, həm də dünya bazarlarına çıxarılır və ciddi rəğbətlə qarşılanır.

 

 

Aydın Mirzəzadə

 

Səs.- 2010.- 16 yanvar.- S. 7.