2009-cu ilin yekunlarına görə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır

 

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib

 

Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 18-də Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

 

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

 

-Nazirlər Kabinetinin bugünkü iclası 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmişdir. 2009-cu il dünyada maliyyə böhranı ili kimi tarixdə qalacaq və demək olar ki, bütün ölkələr böhrandan bu və ya digər formada əziyyət çəkmişlər. Baxmayaraq ki, Azərbaycan dünya iqtisadiyyatına çox uğurla inteqrasiya edir və bütün beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi inkişaf sahəsində görülən işləri yüksək qiymətləndirirlər, yenə də demək istəyirəm ki, buna baxmayaraq, Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi bu böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir.

Qeyd etdiyim kimi, biz dünya iqtisadi proseslərinə getdikcə daha da sürətlə qoşuluruq. Azərbaycanda aparılan ciddi sosial-iqtisadi islahatlar ölkəmizi hərtərəfli inkişaf etdirməyə imkan yaradır. Dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik. Əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda duran bütün infrastruktur layihələri, sosial proqramlar icra edildi. Ölkəmiz 2009-cu ildə də sürətlə inkişaf etməyə davam edirdi, bu dinamika saxlanılırdı. 2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Bunu əyani şəkildə göstərmək üçün, sadəcə iqtisadi və sosial göstəricilərimizə baxmaq kifayətdir. 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artmışdır. Hesab edirəm ki, bu tarixi nailiyyətdir. Bu, bir daha onu göstərir ki, bütün uğurlarımızın təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır. Demək olar ki, bizim bölgədə və postsovet məkanında və geniş mənada qitədə ölkələrin tam əksəriyyəti böyük çətinliklərlə üzləşmişlər. O ölkələrdə iqtisadi inkişaf böyük dərəcədə aşağı düşmüşdür. Bəzi ölkələr demək olar ki, faciə astanasındadırlar. Ancaq bizdə vəziyyət tam başqadır və 9,3 faiz artan iqtisadiyyatımız, bir daha demək istəyirəm ki, 2009-cu ildə və ondan əvvəlki illərdə görülən işlərin nəticəsidir.

Sənaye istehsalı 2009-cu ildə 8,6 faiz artmışdır. Bu onu göstərir ki, sənayemiz də artıb. Azərbaycanda son illər ərzində sürətlə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verməkdədir. Kənd təsərrüfatı 3,5 faiz artmışdır. Bu da çox önəmli göstəricidir. Çünki əgər sənayenin inkişafında, artırılmasında müəyyən dərəcədə neft amili də vardır. Kənd təsərrüfatının inkişafı sırf onu göstərir ki, Azərbaycanın qeyri-neft sektoru, o cümlədən ölkəmizdə həm iqtisadi və eyni zamanda, sosial məsələlərin həlli üçün vacib olan aqrar sahənin sürətlə artması görülən işlərimizin nəticəsidir.

2008-ci ilin də Azərbaycan üçün çox uğurlu olmasına baxmayaraq, 2008-ci ildə bizi narahat edən əsas məsələ inflyasiyanın yüksək həddə çatması idi. Yaxşı xatırlayırıq ki, 2008-ci ildə inflyasiya təxminən 21 faiz təşkil etmişdi. Onun da əlbəttə ki, obyektiv səbəbləri var idi. Çünki beş il ərzində sürətli artım istər-istəməz istehlak qiymətlərinin artmasına təsir göstərmişdi. Eyni zamanda, dünyada neftin qiyməti kəskin şəkildə artmışdı. Bu da birbaşa inflyasiyanın artımına xidmət göstərirdi. Bu il isə inflyasiyanın səviyyəsi 1,5 faizdir. Bu onu göstərir ki, 2009-cu ildə biz makroiqtisadi sabitliyi saxlaya bildik. İnsanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün konkret addımlar atdıq. İstehlak qiymətlərinə nəzarət böyük dərəcədə gücləndirilmişdir. Bütün bu amillər bugünkü vəziyyəti şərtləndirir. Beləliklə, hər bir ölkənin iqtisadi və sosial inkişafını müəyyən edən göstəricilər bu gün Azərbaycanda çox gözəldir, ürəkaçandır. 2009-cu ildə Azərbaycana investisiya qoyuluşu davam etmişdir. İl ərzində 9,2 milyard dollar investisiya qoyulmuşdur ki, bunların da 7,3 milyardı daxili sərmayələrdir. Bu da çox gözəl göstəricidir. Çünki bilirik ki, dünyada həm banklarda yaranmış ciddi vəziyyət, eyni zamanda, maliyyə resurslarının azaldılması istər-istəməz investisiya qoyuluşunun davamına müsbət təsir göstərə bilməzdi. Ancaq biz bütün imkanları səfərbər edib, həm dövlət, həm yerli şirkətlər, özəl sektorun xətti ilə, eyni zamanda, xarici şirkətlərin Azərbaycana marağını nəzərə alaraq, biz Azərbaycanda böyük həcmdə investisiya qoyuluşunu təşkil edə bildik. Burada da ölkəmizdə aparılan ümumi siyasət öz xüsusiyyətlərini göstərir. Həm dövlət tərəfindən qoyulan əsaslı investisiyalar, eyni zamanda, yerli şirkətlərin böyüməsi və onların imkanlarının artırılması, onlar üçün gözəl şəraitin yaradılması, dövlət tərəfindən sahibkarlığın inkişafına ayrılan vəsait, kreditlər, subsidiyalar, başqa güzəştlər, ölkəmizdə güclü infrastruktur layihələrinin icrası, hər yerdə yollar, elektrik stansiyaları, sosial obyektlərin yaradılması, digər tərəfdən xarici investorlar üçün də yaxşı şəraitin yaradılması amilləri bax bu vəziyyətə gətirib çıxarıbdır. Mən əminəm ki, Azərbaycan gələcək illərdə də həm daxili, həm xarici investorlar üçün cəlbedici ölkə kimi öz marağını saxlayacaq və biz növbəti illərdə, keçən il - 2009-cu ildə başlanmış layihələrin və yeni layihələrin icrası nəticəsində daha da böyük dərəcədə investisiya qoyuluşunu görəcəyik.

2009-cu ildə Azərbaycanda bir neçə nəhəng layihənin təməli qoyuldu, yaxud da ki, o layihələrin müəyyən hissəsi icra edildi. Xarici investorlar tərəfindən maliyyələşdirilən yeni böyük sement zavodunun təməl daşı qoyuldu. Ora qoyulacaq investisiyaların məbləği təxminən 400 milyon dollar səviyyəsindədir. Azərbaycan dövləti tərəfindən ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük dərəcədə xidmət edəcək yeni məişət tullantıları emalı zavodunun təməli qoyuldu. Ora qoyulacaq investisiyalar təxminən 400 milyon dollar səviyyəsindədir. “Sumqayıt texnopark”ın müəyyən hissəsi artıq istifadəyə verildi və orada nəhəng tikinti-quraşdırma işləri aparılır. Sumqayıtın həqiqətən müasir sənaye şəhərinə çevrilməsi üçün bu texnoparkın çox böyük əhəmiyyəti vardır. Oraya, ümumiyyətlə, qoyulacaq investisiyaların həcmini indi hesablamaq çətindir. Amma nəzərə alsaq ki, orada ən azı 10 nəhəng zavod qurulacaq, yəqin investisiyaların həcmi 100 milyon dollarla ölçüləcəkdir. Mən təkcə 3 layihəni qeyd etdim. Bu layihələrin hər biri ölkə üçün çox böyük əhəmiyyətə malikdir. Bu onu göstərir ki, həm dövlət, həm xarici, həm yerli sahibkarların xətti ilə Azərbaycana qoyulan sərmayələrin həcmi artır. Biz gələcəkdə də bu siyasəti davam etdirəcəyik. Əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün bunun çox böyük və əhəmiyyətli nəticələri olacaqdır.

2009-cu ildə valyuta ehtiyatlarımız artdı. Deyə bilərəm ki, bu da çox gözəl göstəricidir. Çünki ağır maliyyə böhranı ilində valyuta ehtiyatlarının artırılması hər bir yerdə müşahidə olunmur. Bizim indi valyuta ehtiyatlarımız 20,4 milyard dollar təşkil edir. Bu, böyük məbləğdir. Bu bizə imkan verir ki, gələcəkdə də özümüzü çox rahat hiss edək. Bizim heç kimin yardımına ehtiyacımız yoxdur, öz hesabımıza yaşayırıq. Nəzərə alsaq ki, görülən tədbirlər nəticəsində 2010-cu ildə daha da böyük işlər aparılacaq, əminəm, 2010-cu ilin yekunlarına görə valyuta ehtiyatlarımız daha da artacaqdır.

Bu, bizə imkan verir ki, makroiqtisadi sabitliyi qoruyaq, ölkədə gedən bütün sosial proqramları, bütün infrastruktur layihələrini vaxtında icra edək. 2010-cu ildə həyata keçiriləcək investisiya layihələri ölkəmizin hərtərəfli inkişafına xidmət göstərməlidir. Biz tezliklə investisiya proqramını təsdiq etməliyik. Vaxt itirmədən maliyyə vəsaiti ayrılmalıdır ki, 2010-cu ildə də sürətli inkişafımızı davam etdirək.

Keçən il regionların sosial-iqtisadi inkişafı prosesi uğurla davam etmişdir. Ümumiyyətlə, keçən il 74 min yeni iş yeri açılmışdır. Bu da onu göstərir ki, bu proses davam edir. Baxmayaraq ki, biz işsizliklə bağlı əsas məsələləri demək olar həll etmişik. Bu gün xarici vətəndaşlar var ki, Azərbaycana işləməyə gəlmək üçün müraciət edirlər. Azərbaycana xaricdən gələn miqrantların sayı artır və bu məsələyə də biz ciddi nəzarət etməliyik. Elə etməliyik ki, xaricdən Azərbaycana işləməyə gələn vətəndaşlar qanunlarımıza hörmətlə yanaşsınlar. Əminəm ki, Azərbaycana xoş niyyətlə gələn insanların, turistlərin yəqin ki, işçi qüvvəsinin sayı artacaqdır. Çünki Azərbaycanda indi böyük tikinti-quraşdırma işləri nəzərdə tutulur. Ancaq bütün bu işlər, yenə deyirəm ki, Azərbaycan qanunlarına hörmət əsasında görülməlidir.

İş yerləri ilə bağlı, qeyd etdiyim kimi, demək olar ki, əsas məsələlər öz həllini tapdı. Halbuki hələ ki, işsizlik vardır və biz işsizliklə bundan sonra da mübarizə aparacağıq. Amma bu böyük sosial bəlanın əsas hissəsi həll olundu. Bunu göstərən həm son 6 il ərzində yaradılmış 840 min iş yeri, eyni zamanda, Azərbaycanda yoxsulluq şəraitində yaşayan insanların sayının azaldılmasıdır. Altı il bundan əvvəl Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdı, bu gün bu göstərici 11 faizdir. Əgər 2008-ci ilin yekunları ilə müqayisə etsək, görərik ki, keçən il ərzində yoxsulluq 13,2 faizdən 11 faizə düşmüşdür. Bu da çox gözəl göstəricidir. Bu onu göstərir ki, hətta böhranlı ildə Azərbaycanda yoxsulluğa qarşı çox ciddi mübarizə aparılıb. Bu mübarizənin praktik nəticələri vardır və Azərbaycan vətəndaşları gündən-günə daha da yaxşı yaşamağa başlayırlar.

Demək olar ki, Azərbaycanın iqtisadi göstəriciləri bundan ibarətdir. Sosial proqramların həlli həmişə olduğu kimi, böyük əhəmiyyət kəsb edir. Mən qeyd edə bilərəm ki, burada da bütün sosial proqramlar vaxtında icra edildi, ünvanlı sosial yardım proqramı davam etdi. 2009-cu ildə Azərbaycanda 64 məktəb tikilmişdir. 59 səhiyyə müəssisəsi tikilmiş və təmir edilmişdir. Beş böyük olimpiya kompleksi istifadəyə verilmişdir. Bu onu göstərir ki, hətta maliyyə imkanlarımız bir az azalanda da biz sosial infrastrukturun inkişafı üçün lazımi tədbirləri görürük, maliyyə vəsaiti ayırırıq və beləliklə, Azərbaycanda bütün sosial məsələlər öz həllini tapır. Böyük infrastruktur layihələrinin icrası davam edir. Bütün istiqamətlərdə həm magistral, həm də şəhərlərarası yollar çəkilir.

2009-cu ildə Azərbaycanda 840 meqavatlıq yeni enerji gücləri yaradılmışdır. “Sumqayıt”, “Şahdağ” böyük elektrik stansiyaları tikilib istifadəyə verilmişdir. Biz əvvəlki illərdə tikilmiş stansiyalarda yenidənqurma işləri nəticəsində əlavə güclərin yaradılmasına nail ola bildik. Beləliklə, biz özümüzün enerji tələbatını tam şəkildə təmin edirik. Bu, artıq uzun müddətdir ki, belədir və ixrac üçün də gözəl imkanlar vardır. Biz bu imkanlardan istifadə edirik. Xarici ölkələrə Azərbaycanın elektrik enerjisinin ixracı artır. Gələcək illərdə görüləcək tədbirlər nəticəsində biz bu işləri daha da böyük həcmdə görəcəyik. Biz 2010-cu ildə isə görülən işlər nəticəsində ən azı 400 meqavat elektrik enerjisinin istifadəyə verilməsini gözləyirik. Beləliklə, Azərbaycan nəinki neft-qaz ixracı ilə öz imkanlarını genişləndirəcək, eyni zamanda, elektrik enerjisini xaricə böyük həcmdə satmaqla məşğul olacaqdır. İndi bütün infrastruktur yaradılır. Qazlaşdırma prosesi uğurla davam etdi. Biz bu sahədə daha da böyük işlər görə bilərik və görürük. Bilirsiniz ki, bu yaxınlarda əhalinin qazdan istifadəyə görə yaranan bütün borcları silindi, bağışlandı və beləliklə, biz insanları böyük əziyyətdən xilas etdik. Çünki o borcların yığılması prosesi artıq uzun illər idi ki, davam edirdi. Bəzi hallarda bu, təbii narazılığa səbəb olurdu. Bəzi hallarda insanların maliyyə imkanları o borcu ödəməyə imkan vermirdi. Biz bütün bunları başa düşməliyik. Azərbaycan xalqı ildən-ilə yaxşı yaşayır. Ancaq hələ ki, çətin vəziyyətdə yaşayanlar da vardır. Biz onlara daim qayğı göstərməliyik, onların problemlərini həll etməliyik. Bu məqsədlə ünvanlı sosial yardım proqramı icra edilir. Bu məqsədlə digər başqa yardımlar edilir. Qazdan istifadəyə görə olan borclar silindi. Halbuki bu, Azərbaycan büdcəsi üçün o qədər də asan məsələ deyildi. Təxminən 400 milyon dollar həcmində - 330 milyon manat məbləğində vəsait silindi. Ümid edirəm və əminliyimi bildirmək istəyirəm ki, bundan sonra əhali qaz pulunu və ümumiyyətlə, bütün kommunal xərcləri vaxtında ödəyəcəkdir. Borclar yaranmamalıdır. Çünki yığılan vəsait büdcənin təmininə yönəldilir. Nə qədər çox vəsait yığılsa, bizim imkanlarımız o qədər də çox artacaq, pensiyalar, maaşlar o qədər də çox artırılacaq və bütün başqa işlər də görüləcəkdir.

Yəni, demək istəyirəm ki, sosial məsələlərin həlli həmişə olduğu kimi, bizim üçün prioritet məsələlər olmuşdur. Baxmayaraq ki, böhranlı ildir, yaxud da ki, neftin qiyməti aşağı düşüb, yuxarı qalxıb. Bütün bunlar əlbəttə ki, Azərbaycanın iqtisadiyyatına təsirsiz ötüşmür. Ancaq sosial məsələlər həmişə prioritet olaraq qalır və qalacaqdır. Gələcək illərdə də bu sahədə bir dənə də yubanma, yaxud da ki, geriləmə olmamalıdır və olmayacaqdır.

2009-cu ildə xarici siyasət sahəsində çox vacib addımlar atılmışdır. Azərbaycanın xarici əlaqələri daha da gücləndirilmişdir. Mənim çoxsaylı xarici səfərlərim, xarici dövlət və hökumət başçılarının Azərbaycana səfərləri Azərbaycanın dünya miqyasında tanınmasında və mövqeyimizin güclənməsində böyük rol oynamışdır. Dostlarımızın, strateji tərəfdaşlarımızın, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz də bundan çox razıyıq və həmişə olduğu kimi, bütün ölkələrlə əlaqələrimizi qarşılıqlı hörmət, bir-birimizin işlərinə qarışmamaq, qarşılıqlı etimad və qarşılıqlı maraqlar əsasında qururuq.

Əminəm ki, gələcəkdə bu meyillər daha da gücləndiriləcək, xarici əlaqələrimiz daha da çoxşaxəli və möhkəm olacaqdır. Xarici siyasətimizin əsas məsələsi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində 2009-cu ildə praktiki nəticələr əldə edilməsə də, hesab edirəm ki, müəyyən irəliləyiş olmuşdur. Artıq məsələnin hansı yolla həll olunması daha da dəqiqləşdi. Keçən ilin sonunda Afinada ATƏT-in xarici işlər nazirlərinin səviyyəsində keçirilən iclasda məsələ ilə bağlı qəbul edilmiş sənəd münaqişənin hansı yollarla həll olunmasını açıq-aydın göstərir. Orada göstərilir ki, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki, önəmli məqam ondan ibarətdir ki, ilk dəfə olaraq Ermənistan bu sənədə qoşuldu, buna qol çəkdi və beləliklə, məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunmasını etiraf etdi. O ki qaldı, xalqların öz müqəddəratını təyinetmə məsələlərinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bütün beynəlxalq sənədlər məhz bu yanaşmanı müdafiə edir, o cümlədən 1975-ci ildə Helsinkidə qəbul edilmiş, bu gün üçün də əsas olan sənəd məsələnin məhz bu yolla həll olunmasını göstərir. Xalqların öz müqəddəratını təyinetmə məsələləri ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və bu məsələ yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bu düstur Dağlıq Qarabağ məsələsinin həlli üçün hesab edirəm ki, həlledici ola bilər. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır. Bütün işğal edilmiş torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır. Bizim soydaşlarımız - məcburi köçkünlər ora qayıtmalıdırlar. Təhlükəsizlik tədbirləri görülməlidir. Gələcəkdə Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları yüksək muxtariyyət şəraitində, Azərbaycan dövləti tərkibində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir. Qeyd etdiyim kimi, Afinada ATƏT-in xarici işlər nazirlərinin səviyyəsində keçirilən görüşdə qəbul edilmiş sənəd məhz bu yanaşmanı təsdiq edir. Ondan əvvəl - 2008-ci ildə Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə imzaladıqları bəyanatda da məhz bu yanaşma göstərilir. Məsələ beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qətnamələr və qərarlar əsasında həll olunmalıdır. Bu hansı qərarlar və qətnamələrdir - bunu siyasətdən bir az başı çıxan adam dərhal deyə bilər. İlk növbədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi - hansılar ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. ATƏT-in sənədləri, digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər ki, Azərbaycanın ərazi bütövlüyünü təsdiq edir.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və heç vaxt müzakirə mövzusu olmayıbdır. Ərazi bütövlüyü bu məsələ ilə məşğul olan Minsk qrupunun bütün üzvləri tərəfindən tanınıb, bu barədə dəfələrlə bəyanatlar verilmişdir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim məsələ ilə bağlı prinsipial mövqeyimiz bundan ibarətdir. Biz çalışacağıq ki, bundan sonra da bu mövqeyimizi möhkəmləndirək, gücləndirək. Siyasi və hüquqi cəhətdən əlbəttə ki, bu məsələ açıq-aydındır. Yəni heç kimdə şübhə doğurmur. Biz öz mövqeyimizi, eyni zamanda, iqtisadiyyatımızın, ordu potensialımızın möhkəmlənməsi ilə daha da gücləndirməliyik.

Bu sahədə də çox vacib işlər görülüb. 2009-cu ildə Müdafiə Sənayesi Nazirliyinin xətti ilə çox böyük işlər görülübdür və biz özümüzü daha da böyük həcmdə hərbi texnika, silah-sursatla təmin edirik. Bununla bərabər, xaricdən 2009-cu ildə çoxsaylı hərbi yönümlü texnika, silah-sursat alınmışdır. Bizim ümumi hərbi xərclərimiz 2 milyard dollara bərabərdir. Biz bu məsələ ilə bağlı səylərimizi daha da gücləndirməliyik. Bu məsələlərlə gündəlik məşğul olmalıyıq.  Azərbaycanın hərbi və ordu potensialının gücləndirilməsi, hesab edirəm ki, danışıqlar prosesində ən vacib rollardan birini oynayır. Mən hesab edirəm ki, son müddət ərzində danışıqlarda müşahidə olunan dinamika, yəni müsbətə doğru dinamika, o cümlədən Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının gücləndirilməsinin nəticəsidir.

Beləliklə, hesab edirəm ki, 2009-cu ilin yekunları çox uğurlu olmuşdur. 2009-cu ildə biz qarşıya qoyduğumuz bütün məsələlərə nail olduq. İndi 2010-cu il başlayır. Biz 2010-cu ili də uğurla başa vurmalıyıq. Bu il də çox önəmli il olacaqdır. Bütün proqramlar, layihələr, nəzərdə tutulmuş bütün məsələlər öz həlini tapmalıdır və əminəm ki, tapacaqdır. Beləliklə, ölkəmiz bundan sonra da uğurla inkişaf etməyə davam edəcəkdir.

İndi isə keçək müzakirələrə və söz verilir maliyyə naziri Samir Şərifova.

 

X X X

 

Maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək bildirdi ki, böhrana baxmayaraq, 2009-cu ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 7,9 faiz artaraq 3917 manata və yaxud 4874 ABŞ dollarına, ölkədə orta aylıq əmək haqqı 6,8 faiz artaraq 298 manata çatıb. Onu da qeyd etmək yerinə düşər ki, ötən müddət ərzində manatın dəyəri də sabit qalmış, inflyasiya 1,5 faiz təşkil edib.  2009-cu ildə sosialyönümlü tədbirlərin və xərclərin büdcə icrasına üstünlük verilmiş, müvafiq dövlət proqramlarının maliyyələşdirilməsi tam təmin edilib. Bu məqsədlər üçün dövlət büdcəsindən 2 milyard 903 milyon manat, o cümlədən onun cari xərclərindən 2 milyard 763 milyon manat vəsait sərf edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 450 milyon manat və ya 19,5 faiz çoxdur.  2009-cu ildə 2008-ci illə müqayisədə dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial-müdafiə və sosial-təminat xərcləri 24,6 faiz, təhsil xərcləri 17,2 faiz, səhiyyə xərcləri 16,2 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 12,9 faiz artıb.

 Rabitə və informasiya texnologiyaları naziri Əli ABBASOV 2009-cu ildə Azərbaycanda iqtisadiyyatın bu sahəsində əsaslı irəliləyişə nail olunduğunu diqqətə çatdırdı. O vurğuladı ki,  Son illər ərzində informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda əldə olunan gəlirlərin orta illik artım tempi 32-35 faiz, yola saldığımız 2009-cu böhran ilində isə bu artım 13,7 faiz təşkil edib. Nazir dedi ki, bu artım tempi ilə ölkəmiz dünya üzrə İKT-nin 2009-cu ildəki artım tempini 2 dəfə qabaqlayıb. Telekommunikasiyanın inkişafı üzrə mobil telefon şəbəkəsi hesabat dövründə 1,1 milyon qoşulma ilə artmış və beləliklə, Azərbaycanda hər 100 nəfərə düşən mobil telefonların sayı 85,6 faiz təşkil edir ki, bu da ümumdünya orta göstəricisindən təxminən 25 faiz yüksəkdir.

 Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim MÜSLÜMOV ötən illərdə aparılan məqsədyönlü tədbirlər hesabına respublikamızda beynəlxalq standartlara uyğun sosial müdafiə modelinin təşəkkül tapdığını və sosial proqramların davamlı icrasının təmin edildiyini bildirdi. İlkin məlumatlara əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2009-cu ildə gəlirləri 1 milyard 600 milyon manat olmuş və 2008-ci  ilə nisbətən 205 milyon manat və ya 14,7 faiz artıb.  Sosial sığorta haqları üzrə daxilolmalar 8,3 faiz artaraq 1 milyard 37 milyon manata çatıb ki, bunun da 56 faizi qeyri-büdcə təşkilatlarının payına düşür. 

Qlobal maliyyə və iqtisadi böhranla bağlı beynəlxalq səviyyədə həyata keçirilən kompleks tədbirləri xarakterizə edən Mərkəzi Bankın idarə heyətinin sədri Elman RÜSTƏMOV bu baxımdan Azərbaycanda da əsaslı tədbirlərin reallaşdırıldığını dedi.  O vurğuladı ki, milli iqtisadiyyatımız qlobal iqtisadiyyata kifayət qədər inteqrasiya olunub. Ölkənin ümumi daxili məhsulunun üçdəiki hissəsi ixrac edilir və ölkədə iqtisadi artımın yarıdan çoxu xarici tələb amilləri hesabına formalaşıb. 

 

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

 

-2009-cu ilin yekunları bir daha onu göstərir ki, Azərbaycan keçən il uğurla inkişaf etməyə davam etmişdir. Bizim seçdiyimiz yol düzgün yoldur. Biz öz resurslarımıza arxalanırıq və bütün işləri Azərbaycanın milli maraqlarının qorunması istiqamətində aparırıq. Bu, bizim üçün başlıca amildir. Ölkəni daha da gücləndirmək, müasirləşdirmək, ölkə qarşısında duran bütün problemləri həll etmək üçün bizim bütün imkanlarımız vardır. Bir daha demək istəyirəm ki, həm düşünülmüş siyasət, həm də möhkəm iradə vardır.

Bir daha qeyd etmək istəyirəm, mən bunu əvvəllər də demişəm, bu gün də qeyd edildi ki, 2009-cu il bütün ölkələr üçün sınaq ili olmuşdur. Əvvəllər uğurlarımıza pis gözlə baxan, yaxud da ki, paxıllıq edən, istər xaricdə, istər daxildə uğurlarımızı qəbul etmək istəməyən dairələr uğurlarımızı daha çox neft amili ilə bağlayırdılar. Halbuki neft amili də Azərbaycan xalqının zəhməti və ulu öndər Heydər Əliyevin fədakarlığı hesabına mövcud olmuşdur. Neftin dərin laylarda olması hələ neft strategiyasının icrası demək deyildir. Biz ümumiyyətlə ən ağır, ən çətin illərdə xarici investorları cəlb etmək, bütün çətinliklərə baxmayaraq, böyük iradə, uzagörənlik, cəsarət göstərməklə Azərbaycana bu sərmayələri cəlb etmək, “Əsrin müqaviləsi”ni imzalamaq, onun icrasını təmin etmək sayəsində bu gün neft amilindən danışırıq. Yəni, Azərbaycanın müasir və neft-qaz ixrac edən güclü ölkəyə çevrilməsi işində Heydər Əliyevin mizilsiz xidmətləri olmuşdur. Ona görə də hətta neft amili hesabına olsa da, bu, bizim iqtidarımızın əməyidir, zəhmətidir və nailiyyətidir. Ancaq bununla bərabər, yenə də deyirəm ki, bizə müəyyən iradlar tutmaq istəyənlər, yaxud da, uğurlarımızı sadələşdirmək istəyən qüvvələr iqtisadi inkişafı neft amili ilə bağlayırdılar. Sirr deyil ki, əlbəttə, bu amilin öz rolu vardır və bu, davam edəcəkdir. Çünki Azərbaycanda son illər ərzində həm neft, həm qaz hasilatı böyük dərəcədə artmışdır. Ancaq 2009-cu il o il olmuşdur ki, bütün bəd niyyətlə ifadə edilən sözləri alt-üst etdi. Ölkəmiz, iqtisadiyyatımız böhranlı ildə də uğurla inkişaf etməyə davam etdi. İndi hər şey müqayisə ilə ölçülür. Mən indi başqa ölkələrlə Azərbaycanı müqayisə etmək istəmirəm, ancaq statistika vardır, göstəricilər vardır. MDB məkanında ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Bütün bölgədə iqtisadi tənəzzül, sənaye istehsalının tənəzzülü hökm sürür, Azərbaycanda isə artım vardır. Dünya İqtisadi Forumu - dünyanın mötəbər beynəlxalq təşkilatı Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 51-ci yerə layiq gördü və bu, MDB məkanında birinci yerdir. Yəni, iqtisadiyyatımız bütün MDB məkanında ən rəqabət qabiliyyətlidir, ən çoxşaxəlidir, ən müasirdir, ən güclüdür. Bu, reallıqdır. Biz bu reallıqlarla haqlı olaraq fəxr edirik.

2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdı və təqdim etdi. Yəni, budur uğurlarımızın təməlində duran məsələlər - güclü siyasət, siyasi iradə, siyasi və iqtisadi islahatlar, düşünülmüş strategiya və taktika. Sirr deyil ki, bu yolda son illər ərzində müxtəlif məqamlarda işimizə qarışmaq, bizə məsləhət, tövsiyə vermək istəyən, əvvəlki illərdə lap göstəriş vermək istəyən tərəflərin sayı az deyildi. Ancaq biz bildiyimizi etdik. Onu etdik ki, Azərbaycanı bu günə gətirib çıxardıq. Əgər o vaxt bizə sərf etməyən məsləhətlərə qulaq assaydıq, bəlkə də bu gün başqa ölkələr kimi çətin anları yaşaya bilərdik - həm iqtisadi sahədə, həm siyasi islahatlar sahəsində. Biz ölkəmizin hərtərəfli inkişafında Azərbaycan xalqının maraqlarını təmin etdik, ölkəmizi gücləndirdik və bu gün bunun hesabına Azərbaycan ilə hesablaşırlar. Azərbaycanın maraqlarını heç kim inkar edə bilməz. Əgər Azərbaycanın maraqları müvəqqəti olaraq kiminsə fikrində kənara qoyulursa, dərhal hamı görür ki, Azərbaycanın maraqlarını təmin etmədən bölgədə nə iqtisadi, nə siyasi, nə heç bir başqa layihə və təşəbbüs icra oluna bilməz. Biz özümüzü təsdiq etdik, özümüzü göstərdik, ilk növbədə, ölkə qarşısında duran bütün vəzifələri icra etdik. 2009-cu il bu baxımdan tarixdə sınaq ili kimi qalacaq və Azərbaycan bu sınaqdan şərəflə çıxdı. Bu gün burada səslənən bütün iqtisadi və sosial göstəricilər onu bir daha göstərir.

Mən bir müddət bundan əvvəl demişdim ki, Azərbaycan iqtisadiyyatı artıq öz keçid dövrünü başa vurdu. Bu həqiqətən də belədir. Biz artıq keçid dövrünün iqtisadiyyatı deyilik. Bunu şərtləndirən müxtəlif amillər vardır və bu gün bu barədə burada danışıldı. Biz tam şəkildə bazar iqtisadiyyatına keçmişik. Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən iqtisadiyyatdır. Beynəlxalq kredit agentliklərinin böhranlı ildə verdikləri açıqlamalar, verdikləri qiymətlər onu göstərir ki, kredit reytinqlərimiz də artır.

Biz neft-qaz, enerji sahəsində uğurlu investisiya siyasətimizi aparmaqla bütün başqa sahələrə də investisiyaların cəlb olunmasına nail olduq. Bu gün mən bu rəqəmləri səsləndirdim, keçən il 9 milyard dollardan çox investisiya qoyulmuşdur. Bu il, hesab edirəm ki, investisiya qoyuluşu davam etdiriləcəkdir. Bu gün Azərbaycan ilə iş görmək, investisiya qoymaq, yaxud da ki, podratçı kimi işləmək istəyən şirkətlərin sayı artır. Bizim tərəfdaşlarımız dünyanın aparıcı şirkətləridir. Bütün bu amillər ölkəmizin bundan sonra da uzunmüddətli dayanıqlı inkişafını təmin edəcək, Azərbaycanın bütün sahələrinin inkişafını təmin edəcək, enerji amilindən asılılığımızı azaldacaqdır. Artıq biz bunu görürük və ölkəmiz, əlbəttə ki, bundan sonra da sürətlə inkişaf edəcəkdir.  Biz 2010-cu ildə, diqqətimizi əlbəttə ki, həmişə olduğu kimi, makroiqtisadi sabitliyə yönəltməliyik. Hesab edirəm ki, bu sabitlik 2010-cu ildə qorunub saxlanılacaqdır. Çünki bu ilin göstəriciləri və bundan əvvəlki illərdə görülən tədbirlər bunu göstərir. Həm böyük valyuta ehtiyatlarımız, həm güclü bank sektorumuz və istehlak qiymətlərinə güclü nəzarət bütün bu amilləri təmin edəcəkdir.

Biz daxili bazarımızı daha da ciddi qorumalıyıq. Bunun müxtəlif yolları vardır. Əlbəttə ki, ən əsası idxalı əvəzləyən məhsulların istehsalını artırmaqdır. Bu məqsədlə həm Dövlət İnvestisiya Şirkətinin, eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ayrılan kredit məbləğləri öz rolunu oynayır. Keçən il sahibkarlığa güzəştli şərtlərlə 130 milyon manat vəsait verilmişdir. Dövlət İnvestisiya Şirkəti isə xarici şirkətlərlə bərabər ölkəmiz üçün bir sıra önəmli layihənin icrasına başlamışdır. Yəni, bütün bu kredit resursları daxili bazarın qorunmasına, ilk növbədə daxili istehsalı artırmağa, digər tərəfdən, Azərbaycanda istehsal olunan malların istehlakçılara məqbul qiymətlərlə çatdırılmasına da xidmət göstərir. Əlbəttə ki, bizim mallarla rəqabət aparmaq gücündə olan xarici malların gətirilməsinə yenidən baxmalıyıq. 2009-cu ildə demək olar ki, bütün ölkələr, hətta ən inkişaf etmiş ölkələr bu meyilləri büruzə vermişlər. Çünki hər bir ölkə çalışmalıdır ki, öz istehsalçılarını və istehlakçılarını müdafiə etsin ki, qiymətlər qalxmasın. Ona görə də daxili bazarın qorunması işində daha da ciddi addımlar atılmalıdır.

İnflyasiyaya nəzarət ediləcəkdir. Mən əminəm ki, inflyasiya birrəqəmli olacaqdır. Beləliklə, insanların yaşayış səviyyəsi daha da yaxşılaşacaq və belə də olmalıdır. 2010-cu ildə bütün sosial proqramlar icra olunmalıdır, həm məktəb, xəstəxana, idman komplekslərinin, həm də mədəniyyət obyektlərinin tikintisi nəzərdə tutulmalıdır. Bunu etmək üçün tezliklə Dövlət İnvestisiya Proqramı qəbul edilməlidir. Biz burada yubanmaya yol verməməliyik ki, tezliklə maliyyə vəsaiti ayrılsın və biz vaxt itirməyək. Bütün digər sosial proqramlar - əhalini və aztəminatlı təbəqəni müdafiə etmək üçün proqramlar da icra olunmalıdır.

Azərbaycanda demoqrafik vəziyyət də çox yaxşıdır, çox gözəldir. Bu yaxınlarda ölkəmiz üçün çox vacib və tarixi hadisə baş vermişdir - doqquz milyonuncu vətəndaş dünyaya gəlmişdir. Bu, böyük nailiyyətdir, böyük göstəricidir. Ümumiyyətlə, keçən il Azərbaycanda 152 min uşaq dünyaya gəlmişdir. Əvvəlki illərlə müqayisədə bu, böyük artımdır. Biz dinamikadan görürük ki, ildən-ilə Azərbaycanda doğulan uşaqların sayı artır. Bu, əlbəttə ki, ölkə əhalisinin sayını artırır, bizi gücləndirir və eyni zamanda, Azərbaycanda görülən işlərin nəticəsidir. Vəziyyət yaxşılaşır, insanlar daha da yaxşı yaşamağa başlayırlar. Beləliklə, demoqrafik artım bunun bilavasitə göstəricisidir. Mən çox şadam ki, Azərbaycanda demoqrafiya məsələləri ilə bağlı heç bir problem yoxdur. Biz bilirik ki, bəzi ölkələrdə bu problemlər böyük dərəcədə ciddiləşir. Problemlər ciddiləşdikcə gələcəkdə çox böyük problemlərə gətirib çıxaracaqdır. Ancaq Azərbaycanda bu problem yoxdur. Bizim əhali artır və yaxşı templərlə artır. Biz çalışırıq və çalışmalıyıq ki, bu artım davam etsin, sürətlənsin. Mən əminəm ki, gələcəkdə Azərbaycanda iqtisadi və sosial vəziyyət daha da yaxşılaşdıqca əhalinin sayı da sürətlə artacaqdır. Bu fürsətdən istifadə edib həm doqquz milyonuncu uşağın valideynlərinə öz təbriklərimi göndərirəm, eyni zamanda, bütün Azərbaycan xalqını, doğrudan da, bu böyük və tarixi hadisə münasibətilə təbrik edirəm. Allah eləsin ki, biz 10 milyonuncu vətəndaşın da dünyaya gəlməsini bərabər qeyd edək.

2010-cu ildə bütün infrastruktur layihələrinin icrası davam etməlidir. Əlbəttə ki, bu, investisiya proqramında öz əksini tapacaqdır. Həm bu ilə qədər görülən işlər davam etdirilməli, həm də yeni layihələr icra edilməlidir. Avtomobil yollarının tikintisi davam etməlidir. Bakı-Gürcüstan sərhədi İpək yolunun tikintisi bu il başa çatmalıdır. Eyni zamanda, bizi İranla birləşdirən, İran sərhədinə gedən yolda işlər davam etməlidir, daha da sürətlə davam etməlidir. Bu yol da çox böyük əhəmiyyət daşıyır. Bakı-Rusiya sərhədi yolunun böyük hissəsi artıq istifadəyə verilib, çox keyfiyyətli beton örtüklü yoldur. Bu il yolun Rusiya sərhədinə qədər də tikintisi başa çatmalıdır. Beləliklə, biz bu il bu üç əsas magistralın böyük hissəsini tikib istifadəyə verəcəyik. Bütün başqa yollar - həm şəhərdaxili, həm də şəhərlərarası yollar, kənd yolları təmir və bərpa olunmalıdır. Yeni yollar salınmalıdır. Bu məsələlərə nail olmaq üçün investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulmalıdır. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün çox gözəl imkanlar vardır. Bu sahə bizim üçün nisbətən yeni sahədir. Haradasa 5-6 il bundan əvvəl Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır. Biz qısa müddət ərzində bu sahədə böyük uğurlara nail ola bildik. Mən yenə də dünyanın aparıcı beynəlxalq qurumunun hesablamalarına istinad etmək istəyirəm. Dünya İqtisadi Forumu Azərbaycanı informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində çox yüksək qiymətləndirir və biz MDB məkanında ən qabaqcıl yerlərdəyik, bəlkə də birinciyik. Azərbaycanda kosmik sənayenin yaradılması son illər ərzində görülən əməli işlərin məntiqi nəticəsidir. Yəni, biz daim qabağa baxmalıyıq, irəliyə baxmalıyıq. Əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Bu gün əldə edilmiş nailiyyət sabah daha da böyük addımın atılması üçün əsas olmalıdır. Xüsusilə dünyada sürətlə inkişaf edən informasiya texnologiyaları sahəsində biz hər zaman bir addım öndə olmalıyıq, rəqibləri də, zamanı da qabaqlamalıyıq. Məhz bu yanaşma bizə imkan verdi ki, biz qısa müddət ərzində Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində demək olar, inqilab yarada bildik. Bu sahə dünyada çox sürətlə inkişaf edir. Biz bütün aparıcı beynəlxalq şirkətlərlə bu sahədə səmərəli əməkdaşlıq edirik. Bu sahənin çox böyük gələcəyi vardır. Bu, həm iqtisadi cəhətdən, həm bütün başqa cəhətlərdən çox vacib, önəmli sahədir.

Bu il biz Ələtdə yeni dəniz limanının təməl daşını qoymalıyıq. Artıq Bakıda yeni liman tikilir. Bu yaxınlarda mən o tikinti ilə tanış oldum. Hesab edirəm ki, bir neçə aydan sonra biz o limanı istifadəyə verəcəyik. Beləliklə, şəhərin mərkəzində yerləşən dəniz limanı oradan köçürüləcək və insanların istirahəti üçün çox gözəl yeni yerlər istifadəyə veriləcəkdir. Ələt limanı isə bu bölgədə ən böyük liman olmalıdır. Bu, gələcəyə yönəldilən bir addımdır. Hesab edirəm ki, bu il biz tikintiyə başlamalıyıq. Bu il biz yeni elektrik stansiyalarının tikintisinə başlamalı və tikintinin davam etməsini təmin etməliyik. Mən giriş sözümdə bu barədə fikirlərimi söylədim. Füzulidə Su Elektrik Stansiyasının tikintisi sürətləndirilməlidir. “Taxtakörpü” Su Elektrik Stansiyasında tikinti gedir, o da sürətləndirilməlidir. Naxçıvanda Biləvçay üzərində Su Elektrik Stansiyasının tikintisi yəqin ki, bu il başa çatacaqdır. “Cənub” Elektrik Stansiyasında tikinti davam edir və orada maliyyə mənbələri artıq müəyyən edilibdir. Bu ən böyük elektrik stansiyasının gücü, haradasa 800 meqavata yaxın olacaqdır. Əlbəttə ki, bu il bu stansiyanın istifadəyə verilməsi mümkün deyildir. Yəqin ki, 2011-ci ildə “Cənub” Elektrik Stansiyası da işə düşməlidir.

Bununla bərabər, bu il hesab edirəm ki, ilin əvvəlindən bərpa olunan enerji növlərini təmin edən stansiyalar yaradılmalıdır. Su, günəş, külək. Bu məqsədlər üçün investisiya proqramında vəsait nəzərdə tutulmalıdır və yubanmadan biz bu məsələlərlə məşğul olmalıyıq. Bilirsiniz ki, bərpa olunan və alternativ enerji mənbələrinin yaradılması Azərbaycanda prioritet istiqamət kimi qiymətləndirilir. Biz əvvəlki illərdə öz enerji təhlükəsizliyimizi təmin etdik. Növbəti illərdə bərpa olunan enerji mənbələrini yaratmalıyıq, həm itkilər azalacaq, eyni zamanda, ixrac potensialımız daha da artacaqdır.

Ölkəmizdə qazlaşdırma prosesi daha da sürətlə və müasir standartlara əsasən getməlidir. Biz köhnə, sıradan çıxmış qaz xətlərini dəyişməliyik. Bu məsələni həll etmək üçün Dövlət Neft Şirkətinə müvafiq göstərişlər verilib, işlər gedir. Yeni kəndlər, qəsəbələr, əvvəllər qaz almayan qəsəbələr qazlaşdırılır. Bu proses davam etməlidir. Azərbaycanda, ümumiyyətlə, qazlaşdırma, haradasa 85 faiz təşkil edir. Ancaq unutmamalıyıq ki, bunun müəyyən hissəsinə - bu rəqəmə biz böyük şəhərlər hesabına çatmışıq. 85 faiz o demək deyil ki, hər bir rayonun 85 faizi qazlaşdırılıb. Bakının, böyük şəhərlərin demək olar ki, bütün yerləri qazlaşdırılıb. Amma rayonlarda elə deyil. Rayonlarda, rayon mərkəzləri və rayon mərkəzlərinə yaxın kəndlər qazlaşdırılıb, qalan kəndlərdə qaz yoxdur. İlk növbədə, biz bu məsələləri həll etməliyik.

Hesab edirəm ki, Azərbaycanda qazlaşdırma daha da artmalıdır, ən azı 90 faiz təşkil etməlidir və ən önəmlisi, itkilər kəskin şəkildə aşağı düşməlidir. Çünki bu itkilər bizə böyük problemlər yaradır. İtkilərin azaldılması üçün ciddi inzibati tədbirlər görülməlidir. Çünki bu itkilərin bəziləri obyektiv səbəblər üzündən baş vermir, eyni zamanda, köhnə xətlər dəyişdirilməlidir. Biz qaz təchizatı sahəsində ən müasir sistem yaratmalıyıq. Eyni zamanda, biz bütün başqa kommunal xərclərin uçotu, hesablanması və əhali tərəfindən ödənişin asanlaşdırılması məsələlərinə də ciddi baxmalıyıq və buraya yeni bir yanaşma yaradılmalıdır.

Bu il ölkəmiz üçün çox vacib olan layihə - Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi başa çatmalıdır. Artıq işlərin böyük hissəsi görülüb. Qalan hissənin görülməsi üçün Dövlət Neft Fondunda vəsait nəzərdə tutulub. Hesab edirəm ki, bu il bu xətt mütləq istifadəyə verilməlidir və Bakıya çox təmiz içməli suyun gətirilib çıxarılması prosesi başa çatacaqdır. Bu da hesab edirəm ki, Azərbaycanda son illər ərzində görülən işlərin içində ən vaciblərindən biridir. Bu, böyük infrastruktur layihəsidir. Biz su kəmərini öz gücümüzə, neftdən əldə edilən gəlirlər hesabına çəkdiririk. Bu, ümumiyyətlə, ölkəmizin inkişafını, prioritetlərini, sosial məsələlərin nə qədər vacib olduğunu göstərir. Baxmayaraq ki, bu kəmərin tikintisi həm texniki, həm də maliyyə cəhətdən çox mürəkkəb bir prosesdir. Bu tikintiyə böyük vəsait sərf olunub. Amma biz bunu etməliyik. Elə etməliyik ki, bütün vətəndaşlar təmiz içməli su ilə təmin olunsunlar.

Bu il biz Bakıda yeni, müasir gəmiqayırma zavodunun tikintisinə başlamalıyıq. Bu məsələ ilə bağlı artıq bir müddətdir ki, danışıqlar aparılır. Hələ 2-3 il bundan əvvəl mən göstəriş vermişdim ki, Bakıda mütləq müasir gəmiqayırma zavodu yaradılmalıdır, çünki bizim buna böyük ehtiyacımız vardır. Həm Dövlət Neft Şirkətinin, həm Xəzər Dəniz Gəmiçiliyinin donanmasını biz müasirləşdirməliyik. Eyni zamanda, bizim Hərbi Dəniz Qüvvələrimizi, Sərhəd Qoşunlarının tələbatını ödəməliyik. Yeni gəmiqayırma zavodu bütün növ gəmiləri tikməyə qadir olmalıdır. Artıq son danışıqlar tamamlanıb, bütün razılaşmalar əldə olunub, vəsait təşkil edilib. Biz yubanmadan bu il gəmiqayırma zavodunun təməl daşını qoymalıyıq. Hesab edirəm ki, bunu iki ilə tikmək mümkün olacaqdır. Ondan sonra həm özümüzü təmin edəcəyik, həm də Xəzər hövzəsində nadir bir infrastruktur müəssisəsini yaradacağıq. Gələcəkdə Azərbaycana bunun həm iqtisadi, həm də siyasi mənfəəti çox böyük olacaqdır.  Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edəcəkdir. Azərbaycan Dövlət Neft Fondunda bu məsələlərin həlli üçün vəsait nəzərdə tutulub. Hesab edirəm ki, kifayət qədər vəsait nəzərdə tutulub. Əgər görsək ki, tikinti daha da sürətlə gedir və əlavə vəsaitə ehtiyac olarsa, o zaman biz operativ qaydada ayrılan məbləği artıra da bilərik. Elə etməliyik ki, həm bizim üçün, həm qonşularımız, həm də ümumiyyətlə dünya üçün vacib olan bu layihə yubanmadan davam etsin. Düzdür, tikinti zamanı gözlənilmədən yeni məqamlar ortalığa çıxdı - texniki məsələlər, ondan sonra relyef məsələləri. Bərpası nəzərdə tutulan hissədə demək olar ki, dəmir yolları qalmayıb ki, onlar bərpa olunsun. Biz əvvəllər hesab edirdik ki, bir hissəsi tikiləcək, bir hissəsi bərpa olunacaqdır. Amma orada, yerlərdə müşahidə aparılan zaman gördük ki, bərpa olunan yerlər ümumiyyətlə yoxdur, yataqlar da sürüşüb gedib. Ona görə faktiki olaraq bu yol yenidən çəkilir və bilirsiniz ki, bu xərclərin böyük hissəsini Azərbaycan öz üzərinə götürübdür. Bir halda ki, biz bu layihəni başlamışıq və böyük təntənə ilə başlamışıq, yubanmaya yol verməməliyik. Çalışmalıyıq ki, bu layihənin icrasını vaxtında təmin edək. 2009-cu ildə kənd təsərrüfatının inkişafında önəmli addımlar atılmışdır. 2010-cu ildə bütün bu müsbət meyillər davam etməlidir. Həm kreditlər, həm “Aqrolizinq”in xətti ilə alınan texnikalar, gübrələr. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə soyuducu anbarların, eyni zamanda, taxıl anbarlarının tikintisi Azərbaycanda çox geniş vüsət almışdır. Yəni, bu iki istiqamət 2009-cu ildə çox sürətlə inkişaf etdi. Bu il də bu, davam etməlidir. Bununla bərabər, kənd təsərrüfatının inkişafını təmin edən başqa sahələrə də biz əlbəttə ki, diqqətimizi əsirgəməməliyik. Bu həm iqtisadi, həm də sosial baxımdan çox vacib olan sahədir və eyni zamanda, emal müəssisələrinin yaradılmasına xidmət göstərəcəkdir. Azərbaycanda artıq bir neçə yerdə müasir emal müəssisələri yaradılıbdır, bəziləri indi tikilir. Mən tikinti zamanı tanış olmuşam və hesab edirəm ki, növbəti bir neçə il ərzində biz Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının böyük hissəsini özümüzdə emal edəcəyik və hazır məhsul kimi ixrac edəcəyik. Biz ixrac yollarımızı daha da genişləndirməliyik. Əlbəttə ki, ənənəvi bazarlar vardır və biz o bazarlarda daha da geniş təmsil olunmalıyıq. Ancaq biz yeni bazarları da axtarmalıyıq. Nəzərə alsaq ki, heç axtarmağa da dəyməz, bu bazarlar bizim ətrafımızdadır. Elə məhsullar buraxılmalıdır ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları Avropa İttifaqı bazarlarına rahatlıqla çıxa bilsinlər. Bunun üçün əlbəttə ki, müəssisələr müəyyən standartlara uyğun olmalıdır. Azərbaycanda son illər ərzində yaradılan emal müəssisələri bu standartlara cavab verir.

Bu il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün səylərimiz davam etməlidir. Yeni qəsəbələr salınmalıdır və eyni zamanda, yataqxanalarda yaşayan köçkünləri biz oradan köçürməliyik. Bakıda artıq belə gözəl təcrübə vardır. Keçən il bir neçə evin açılışını qeyd etdik. Bakıda soydaşlarımız üçün hündürmərtəbəli evlər tikilir və bu proses davam etməlidir. Yataqxanaların siyahısı çıxarılıbdır. Düzdür, orada məskunlaşan köçkünlərin sayı çoxdur. Bu, çox böyük maliyyə vəsaiti tələb edəcəkdir. Ancaq biz bunu etməliyik. Elə etməliyik ki, bu il ərzində artıq yataqxanaların bir neçəsi köçürülsün. Bunu etmək üçün əlbəttə ki, Bakıda yeni evlər tikilməlidir. Torpaq sahələrinin ayrılması üçün mən artıq müvafiq göstərişlər verdim. Həm şəhər icra hakimiyyətinə, həm Dövlət Əmlak Məsələləri Komitəsinə. Qaşqınkomla bərabər siz bütün bu işləri müzakirə edib, tezliklə o yerləri müəyyən etməlisiniz. Yəqin ki, o yerlər artıq tikilmiş evlərin yanında olmalıdır ki, orada köçkünlər yığcam şəkildə yaşasınlar. Orada, eyni zamanda, məktəblər də, tibb məntəqələri də vardır. Həm Bakıda, həm də ki, rayonlarda, xüsusilə işğaldan azad edilmiş bölgələrdə - Ağdam rayonu ərazisində, Füzuli rayonu ərazisində, Yevlaxda, müxtəlif yerlərdə yeni qəsəbələrin salınması davam etməlidir. Ordu quruculuğu sahəsində bütün işlər uğurla davam edir. 2010-cu ildə, hesab edirəm ki, biz müdafiə sənayesinin xətti ilə yaradılan yeni zavodların açılışında iştirak etməliyik. Bu proses gedir və lazımi vəsait ayrılır. Müdafiə Sənayesi Nazirliyi qısa müddət ərzində Azərbaycanda yeni sənaye sahəsinin yaradılmasında çox mühüm rol oynamışdır.

 

 

Səs.- 2010.-  19 yanvar.- S. 2-4.