20 Yanvar faciəsindən 20 il ötür

 

“Səs” qəzeti Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin 20-ci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq dəyirmi masa keçirdi

 

(Əvvəli ötən sayımızda)

 

XX əsrin sonlarında Azərbaycanda müstəqillik uğrunda baş qaldıran milli-azadlıq hərəkatı sonrakı mərhələdə müstəqilliyimizin bünövrəsini qoydu. Ancaq o vaxtkı SSRİ rəhbərliyi sapı özümüzdən olan baltalardan istifadə etməklə, xalqın mübarizə əzmini qırmağa səy göstərmişdi. Məhz buna görə də, xalqımız üçün bu dövr çox keşməkeşli və ağır olmuşdu. Bu yolda itkilərimiz də az olmadı. 1990-cı il yanvarın 20-də sovet imperiyasının xalqımıza qarşı törətdiyi əməlləri ən qəddar və amansız vəhşilik hesab etmək olar. Həmin gün 131 nəfər qətlə yetirilmiş, 700-ə yaxın insan isə, bu və ya digər dərəcədə bədən xəsarəti almışdı. Bakı şəhərində avtomaşınlar sındırılmış, evlər gülləbaran edilmişdi. Ancaq xalqımızın tarixində ən şanlı, parlaq səhifələrdən olan 20 Yanvar hadisəsi xalqın mübarizə əzmini qıra bilmədi.  Azərbaycan müstəqillik uğrunda mübarizəsini davam etdirdi və 1991-ci il oktyabr ayının 16-da müstəqillik aktının qəbul edilməsinə nail olmaqla istəyini reallaşdırdı. “Səs” qəzeti olaraq ənənəvi keçirdiyimiz dəyirmi masanın mövzusunu məhz 20 Yanvar faciəsinin 20 illiyinə həsr etdik. Dəyirmi masanın mövzusu isə “20 Yanvar faciəsindən 20 il ötürolmuşdur.

Dəyirmi masada millət vəkilləri Eldar İbrahimov, Aydın Mirzəzadə, politoloq Cümşüd Nuriyev, “Azad Respublikaçılar Partiyası”nın sədri Kamil Seyidov, “Milli Hərəkat Partiyası”nın sədri Nemət Pənahlı, “Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə, “İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, “Millətim” qəzetinin baş redaktoru Ramiz Tağıyev, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

Onu da qeyd etmək yerinə düşər ki, dəyirmi masaya 20 Yanvar faciəsinin törədilməsində buya digər günahları olduğu bildirilən Sabir Rüstəmxanlı, Etibar Məmmədov, Vaqif Səmədoğlu, Əli Kərimov, İskəndər Həmidov da dəvət edilmişdilər. Ancaq bir sıra suallara cavab verəcəklərindən (bunu həm də onların qorxması kimi də qiymətləndirmək olar-red.), onlar dəyirmi masaya gəlmədilər.

Dəyirmi masanı giriş sözü ilə açan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, ilk olaraq, onu bildirdi ki, qəzetimiz cəmiyyətdə maraq doğuran müxtəlif mövzular ətrafında hökumət və dövlət nümayəndələrinin, millət vəkillərinin, ziyalıların iştirakı ilə müzakirələr qurur, sual doğuran məsələlərə aydınlıq gətirilməsinə çalışır. Budəfəki mövzu heç də təsadüfi seçilməyib. Çünki 20 Yanvar faciəsi, o vaxtkı sovet imperiyasının xalqımıza qarşı törətdiyi qətliam olayı, həm də millətimizin qəhrəmanlıq salnaməsidir. B.Quliyev 20 Yanvar faciəsinin 20-ci ildönümünün ölkəmizin hər yerində qeyd olunması üçün dövlət tərəfindən Tədbirlər Planının hazırlandığını söylədi. Qeyd etdi ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “20 Yanvar faciəsinin 20-ci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqləyib. Tədbirlər Planına uyğun olaraq, idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin, konfransların, yığıncaq və mühazirələrin keçirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı KİV-lərində, eləcə də, televiziya kanallarında və internet şəbəkələrində qanlı 20 yanvar faciəsi barədə materiallara geniş yer verilməsi nəzərdə tutulub.

Baş redaktor 20 Yanvar faciəsinə qədər respublikada hökm sürən ictimai-siyasi proseslərə nəzər yetirdi, xalqın müstəqillik uğrunda apardığı mübarizə əzmindən danışdı: “SSRİ Konstitusiyasında xalqların təhlükəsizliyinin təmin olunması prinsipi mövcud idi. Ancaq Moskva bu prinsipi ayaq altına ataraq, o vaxtkı SSRİ respublikalarından biri olan Azərbaycanda kütləvi qətliam həyata keçirdi. 1990-cı ilin 20 yanvarında onlarla azərbaycanlı öldürüldü, yüzlərlə insan isə buya digər formada sağlamlığından məhrum edildi. Bununla Moskva Azərbaycan xalqının mübarizə əzmini qırmağa ümid etmişdi. Ancaq o zaman dünyanın ən mübariz xalqı adını almış millətimiz milli-azadlıq uğrunda mübarizəsini davam etdirdi”.

B.Quliyev 20 Yanvar faciəsinin baş verməsində o vaxtkı milli-azadlıq hərəkatının önündə gedən şəxslərlə yanaşı, Azərbaycan rəhbərlərinin də günahı olduğunu qeyd etdi. Bildirdi ki, digər sovet respublikalarında olduğu kimi, müstəqillik mübarizəsini qansız-qadasız həyata keçirmək olardı.

Baş redaktor 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin ulu öndərimiz Heydər Əliyev tərəfindən verildiyinibildirdi: “1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələn ulu öndərimiz Heydər Əliyev Bakıda 20 Yanvar faciəsinin törədilməsinə görə, bilavasitə, Qorbaçovun günahkar olduğunu bildirdi. Heydər Əliyev Bakıda baş verən qanlı olaylar barədə dünya ictimaiyyətini məlumatlandırdı. Bununla da Azərbaycanda mövcud olan informasiya blokadası ulu öndərimizin qətiyyəti sayəsində aradan qaldırıldı”.

B.Quliyev 20 Yanvar faciəsinin başvermə səbəbləri və o dövrdəki ictimai-siyasi vəziyyətlə bağlı müzakirələrin aparılmasının vacibliyini dəyirmi masa iştirakçılarının nəzərinə çatdırdı.

 

“Səs” qəzetinin əməkdaşı:

 

- O dövrdə Azərbaycan informasiya blokadasına alınmışdı. 1990-cı il yanvarın 21-də ulu öndərimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Qorbaçovun rəhbərliyi ilə Azərbaycan xalqına qarşı törədilmiş bu cinayəti ifşa etdidünya ictimaiyyətinə bununla bağlı məlumat verdi. Eldar müəllim, o dövrün canlı şahidi kimi, bu barədə nə deyə bilərsiniz?

 

ƏL-AYAĞI YALIN CAMAATI KRASNODARDAN GƏLMİŞ AZĞIN ERMƏNİNİN QABAĞINA VERMƏYƏYDİNİZ

 

Eldar İbrahimov:

 

- O vaxt mən Naxçıvan Ali Sovetinin deputatı idim və Bakıya tez-tez gəlib-getmirdim. Hansı hakimiyyət olursa-olsun, Naxçıvan bütün vaxtlarda blokadada saxlanılıb. Burada heç bir mətbuat orqanı fəaliyyət göstərməyib. Hesab edirəm ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının ən qanlı, faciəvi tarixi səhifələrindən olsa da, eyni zamanda, milli qəhrəmanlıq tariximizdir. Soydaşlarımız qətlə yetirilsə də, bu faciəyə mərdliklə sinə gərmişik və sovet imperiyasını bundan ağır faciələr törətməyə imkan verməmişik. Bu, həqiqətdir ki, başda Qorbaçov olmaqla erməni daşnaklarından istifadə edərək, Azərbaycan xalqının azadlıq əzmini qırmaq istəyirdilər. Çünki Azərbaycanda azadlıq hərəkatı çox güclü idibunu boğmaq istəyirdilər. Həmçinin, ermənilərin diqtəsi ilə xalqımızın azadlığa olan ümidlərini puç etmək istəyirdilər. Hətta Vəzirovun Azərbaycan rəhbərliyinə təyin olunması da təsadüfi deyildir. O Qorbaçovun kadrı idionun göstərişi ilə hərəkət edirdi. Bu hadisənin əsas günahkarlarını məhz Azərbaycanın o zamankı rəhbərlərinin olduğunu düşünürəm. Onlar müxtəlif danışıqlara girərək, baş verənlərin qarşısını ala bilərdilər. Eyni zamanda, o vaxtkı azadlıq hərəkatının təşkilatçılarında da az günah olmayıb. Azərbaycan rəhbərliyi ilə gedən oyunlar azadlıq hərəkatında da eyni qaydada gedirdi. Burada etiraf olundu ki, azadlıq hərəkatının rəhbərlərindən heç biri nə küçə və meydanda göründü, nə də həlak olmadı. Onlar bu hadisənin baş verəcəyini qabaqcadan bilsələr də bunun qarşısını almaq üçün heç bir tədbir görməyiblər. Ən azından xalq sizə qulaq asıb, sizi eşidirdi. Heç olmasa, əl-ayağı yalın camaatı Krasnodardan gəlmiş azğın erməninin qabağına verməyəydiniz. Buna baxmayaraq, bu işlərin başında durduqları üçün milli-azadlıq hərəkatının işini yüksək qiymətləndirirəm.

Həmin vaxt mən Naxçıvan Nazirlər Soveti sədrinin birinci müavini, deputat idim. Afiyəddin Cəlilov isə Nazirlər Sovetinin sədri idi. Mənə deyirdilər ki, Ali Sovetdə çıxış etmə, amma mən çıxış etdim. Çıxışımda diqqəti Qars müqaviləsinə yönəltdim. Həmin iclasda Ramiz Tağıyev və Aydın Quliyeviştirak edirdilər. O zamankı bəzi millət vəkillərimiz isə Kommunist Partiyasını müdafiə edirdilər. Həmin gecə Naxçıvan Ali Sovetində qərar qəbul olundu.  Gecə saat 3-də məni Culfadan Arazı keçməklə Türkiyəyə məktub aparmağa göndərdilər. Naxçıvan sərhəd qoşunlarının başçısı bizə sərhədi keçməyə icazə vermədi ki, Moskvadan icazə almaq lazımdır. Bizə bildirdilər ki, Arazı keçərkən öldürülsəniz, biz məsuliyyət daşımırıq. Onu demək istəyirəm ki, bu cür qırğınlar Naxçıvanda da ola bilərdi. Ona görə burada bu hadisələr baş vermədi ki, A.Cəlilov başda olmaqla Naxçıvan rəhbərliyinin ürəyi xalqla birgə döyünürdü. O zamana qədər Naxçıvana gəlməyən Mərkəzi Komitənin katibləri, generallar artıq Naxçıvana gəlməyə başlamışdılar.

Diviziyanın komandiri Ruxlin bir gün gecə saat 4 radələrində mənə zəng vurdu. O, məndən Türkiyəyə gedib-getmədiyimi soruşdu. Dedim, yox, getməmişəm. Amma məktubu aparmaq istəyərkən, Culfada sərhəddən keçməyə qoymadılar. Dedilər ki, rus generalları hansısa naziri həbs etməyə gəlib. O vaxt Ruxlin mənim qanım arasına girdi, həbs olunmadım. Ancaq hər şey ola bilərdi. Nəinki həbs edə, hətta hər birimizi öldürə bilərdilər. Bir daha xatırladım ki, ulu öndər Heydər Əliyev 1990-cı il 21 yanvar tarixində ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək, Qorbaçovu və ümumilikdə, sovet imperiyası rəhbərliyini ittiham etdi. Bir daha qeyd edim ki, 20 Yanvar bizim ağlaşma günümüz deyil, milli qəhrəmanlıq tariximizdir.

 

HƏMİN VAXT BİR NEÇƏ NƏFƏR HƏBS OLUNUB, DAR AĞACINDAN ASILMAĞA LAYİQ İDİ

 

Ramiz Tağıyev:

 

- Tam dəqiqliyi ilə sübut edə bilərəm ki, milli-azadlıq hərəkatının Azərbaycan xalqının arzusu istiqamətində yüksəlib, qələbə çalması məhz Heydər Əliyevin rəhbərliyi ilə başladı. Bayaqdan bir-birimizi “KQB”-nin agenti olmaqda ittiham edirik. Bu bir faktdır ki, azadlıq hərəkatının içərisinə kifayət qədər “KQB” agenti doldurmuşdular. Heydər Əliyev isə Naxçıvanda bu imperiyanın onurğa sütunu olan “KQB”-nin fəaliyyətini dayandırmaqla mühüm addım atdı. O zaman mənim özümün də səhvlərim olub. Naxçıvanda vəziyyət gərginləşməyə başlamışdı və mən mütləq oraya getməli idim. Gecə Mərkəzi Komitənin qabağında qaldıq ki, bizi Naxçıvana yola salsınlar. Çünki Naxçıvanla heç bir əlaqə yox idi, ora tam blokada şəraitində saxlanılırdı. Heç kim bizə oradabaş verdiyini bildirmirdi. Bütün gecəni MK-nın qarşısında qaldıq, o şaxtalı havada heç kim bizə əhəmiyyət vermirdi. Kimsə gedib üç-dörd ədəd taxta parçası gətirdi. Mən gülərək dedim ki, bu taxta parçalarından dar ağacı düzəldərik. Sizi inandırıram ki, bu sözümü böyük problemə çevirdilər.

Mənim içimdə Vəzirovun səfeh hərəkətlərinə və Ayaz Mütəllimovun Heydər Əliyevə münasibətlərinə qarşı bir etiraz var idi. Bizi bir tərəfdən sovet imperiyası və ermənilər sıxırdısa, digər tərəfdən bu şəxslər onların vasitəsilə Heydər Əliyevin fəaliyyətini yoxlayırdılar. Həmin vaxt bir neçə nəfər həbs olunub, dar ağacından asılmağa layiq idi.

 

Eldar İbrahimov:

 

- Bakıdan Zakir Abdullayevlə mərhum Zülfi Hacıyev Naxçıvana gəlmişdi. A.Cəlilov mənə tapşırmışdı ki, onları müşayiət edim. Hər ikisi ilə münasibətlərim yaxın idi. Onlara dedim ki, gəlin qonaq evində bliyard oynayın, onsuz da Naxçıvanda referendum keçirilməyəcək. Doğrudan da, belə oldu, onlar çıxıb getdilər. Hər şeyin əsası, özəyi Naxçıvandan başlayırdı. Çünki Naxçıvanda ulu öndər Heydər Əliyev kimi ağıllı, müdrik insan var idi.

 

“Səs” qəzetinin əməkdaşı:

- O zaman xalqla hakimiyyətin ayrı düşməsində 20 Yanvar hadisələrini vacib amil hesab etmək olarmı?

 

20 YANVAR XARAKTERİNƏ GÖRƏ FACİƏ, İDARƏ OLUNAN VƏ İDARƏ OLUNMAYAN PROSESLƏRİN TOQQUŞMASI, QƏHRƏMANLIQ NÜMUNƏSİDİR

 

Aydın Mirzəzadə:

 

- Birmənalı şəkildə bu suala cavab belədir. Sovet siyasi sistemində hakimiyyətin formalaşdırılması, xalqın seçimi, qiyməti ilə deyil, yuxarı hakimiyyət orqanlarının birbaşa təyinatı əsasında baş verirdi. Düzdür, onların içərisində uğurlu, xalqla birlikdə hərəkət edərək, onun problemlərini həll etmək istəyən liderlər də var idi. Amma ümumən götürdükdə, sistemin özü qüsurlu idi. Buna görə də böhran dövründə hakimiyyətlə xalq arasında uçurum yaranmışdı. Bu baxımdan, xalq hərəkatı, vətəndaş təşəbbüs qrupları yaranırdı və bunlar vəziyyəti düzəltməyə çalışırdılar. 20 Yanvar hadisəsi xeyli müddət əvvəldən başlamışdı. Yəni, bu tarix 1987-ci ilə gedib çıxır. 1987-ci ildə Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasından sonra bu proseslər böyük vüsət aldı. Kulminasiya nöqtəsi isə 20 Yanvar hadisəsi idi. Bu hadisənin qarşısını almaq olardı. Heydər Əliyev vaxtında Azərbaycanda böyük siyasətə qayıdışına qərar verdi. İştirakçısı olmasam da, dəqiq məlumatım var ki, o zaman mitinqlərdə Heydər Əliyevin adı tez-tez çəkilirdi. Əgər o vaxt O hakimiyyətdə və siyasətdə olsaydı, proseslər bu formada davam etməzdi. Proseslərin o cür davam etməsi Azərbaycan xalqına və respublikamıza çox böyük ziyan idi. Aydın məsələ idi ki, SSRİ dağılır. Əgər bunu yuxarılar hiss edirdisə, aşağılar iki qat artıq hiss edirdi. Bunu normal, sivil formada həyata keçirmək olardı. 20 Yanvar, 9 Aprel  Tbilisidə və s. hadisələrin baş verməsi SSRİ-nin heç də asanlıqla dağılmayacağından xəbər verirdi. SSRİ-nin dağılacağı, eyni zamanda, ətraf regionların müstəqil olacağı artıq aydın idi. Bu baxımdan, gələcəyinə plan quran dairələr, xüsusilə, Qorbaçovonun yaxınları elə qarşıdurma yaratmağa çalışırdılar ki, sonradan müstəqil dövlətləri kənardan idarə etmək mümkün olsun. Beləliklə, yeni yaranmış həmin dövlətlər öz problemləri ilə inkişafa nail ola bilməsinlər. Dağlıq Qarabağ məsələsi də bundan ibarət idi. Qafqaz Rusiya üçün böyük əhəmiyyət daşıyırdı. Ermənilərin Azərbaycan torpaqlarına, mədəniyyətinə və tarixinə qarşı iddiası göz qabağında idi. Birincisi, rəhbərliyə xalqla əlaqəsi olmayan şəxslərin gətirilməsi, ikincisi, kortəbii hərəkatların baş verməsinə daha çox rəvac verilməsi, üçüncüsü isə, maksimum dərəcədə əks-səda salacaq qanlı hadisələrin yaradılmasının baş verməsidir. Bu proseslər fonunda 20 Yanvar hadisəsi o dövrdəki hadisələrin kluminasiya nöqtəsi idi.

Sovet sosialist siyasi sistemi başqa bir cəmiyyətlə işləməyi bacarmadı. Bunun üçün ancaq gücdən, qoşunlardan istifadədən, təhlükəsizlik orqanları ilə qorxutmaqdan, əhalini qırmaqdan s. istifadə edirdi. Kronştadt qiyamının yatırılmasından tutmuş, 1962-ci ildə Novoçerkaskda baş verən, 1967-ci ildə Xankəndində məqsədli şəkildə törədilən hadisələr  buna misaldır. SSRİ cəmiyyətləri ancaq qırğınlarla işləyirdi. Bu gün 20 Yanvar hadisəsinin başvermə səbəbləri haqqında müxtəlif fikirlər irəli sürülür. Hesab edirəm ki, 20 Yanvar hadisəsi olmalı idi. Bu, Azərbaycan xalqının gözünü qorxutmaq, onun layiq olduğu siyasi liderdən məhrum etmək demək idi. Həmçinin, Azərbaycan timsalında digər respublikaları da milli azadlıqdan məhrum etmək demək idi. Ancaq 20 Yanvar hadisəsinə çoxmənalı qiymət verilməlidir. Bu hadisə xarakterinə görə faciədir, idarə olunan idarə olunmayan proseslərin toqquşmasıdır, qəhrəmanlıq nümunəsidir. Kimin harda olmasından asılı olmayaraq, hadisə zamanı 131 nəfərin həlak olması faktdır. Bu insanlar ideya uğrunda qoşuna qarşı qorxmadan getdilər qəhrəmancasına həlak oldular. Bu gün biz onların qarşısında baş əyirik.

Ümumən götürdükdə, hadisənin baş verməsindən 20 il keçməsinə baxmayaraq, ağrısı hələ xalqımızın qəlbindədir. Hesab edirəm ki, onilliklər keçsə , Azərbaycan xalqı 20 Yanvar hadisəsini unutmayacaq onu olduğu kimi qiymətləndirəcək. Əsas odur ki, Azərbaycan cəmiyyəti 20 Yanvar hadisəsini unutmasın. Bu gün Azərbaycanda elə bir siyasi sistem yaradılıb, ictimai fikir formalaşdırılıb ki, artıq bir daha 20 Yanvar hadisəsi baş verməyəcək.

 

 

(Ardı var)

 

Sevinc NƏZƏROVA,

 

Kübra ƏLİYARLI

 

Səs.- 2010.- 19 yanvar.- S. 8-9.