20 Yanvar hadisələri təkcə faciə yox, həm də mübarizlik, qəhrəmanlıq tarixidir

 

20 Yanvar faciəsi ilə bağlı respublikamızın bütün regionlarında geniş tədbirlər keçirilir. Dünən faicənin 20 illiyi ilə bağlı YAP Xızı rayon təşkilatının qərərgahında keçirilən tədbirdə partiyanın fəalları və rayon ictimaiyyəti iştirak etdi. Tədbir iştirakçıları, ilk öncə, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Görüşdə çıxış edən YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirdi ki, 20 Yanvar faciəsi xalqımızın tarixinə qanla yazılmış səhifələrdən biridir.

Amma o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, çağdaş milli-azadlıq hərəkatının qəhrəmanlıq günü kimi daxil oldu. Həmin gün yüzlərlə qəhrəman oğul və qızlarımız təpədən-dırnağa qədər silahlanmış 35 min nəfərdən ibarət sovet ordusunun qarşısına əliyalın çıxmağa qadir olduğunu dünyaya sübut etdi: “Ümummilli liderimiz Heydər Əliyev   20 Yanvar faciəsini XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror adlandırmışdı: “XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, azadlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də, Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar. Bu gün Azərbaycan xalqı milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir”.

F.Haqverdiyev, həmçinin, onu da vurğuladı ki, 20 Yanvar faciəsi süqut etməkdə və çökməkdə olan nəhəng imperiyanın - Sovet İttifaqının son akkordları idi. Sovet imperiyasının qanlı terror aktlarından biri olan bu faciə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli və ağır cinayətlərdən biri kimi qiymətləndirilmişdir.

Tədbirdə Xızı şəhər orta məktəbin direktoru Fazil Məmmədov, Xızı rayon icra hakimiyyətinin məsul işçisi Valeh Məmmədov, YAP Xızı rayon təşkilatının Xızı şəhər ilk təşkilatının sədri Pakizə Novruzova, Xızı rayon mədəniyyət və turizm idarəsinin rəisi Sənan Talıbov və başqaları çıxış edərək bildirdilər ki, 1990-cı il yanvarın 20-ə keçən gecə SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozan sovet imperiyası respublikamıza qarşı açıq təcavüzə başlamış, sovet ordusunun xüsusi təyinatlı dəstələri, daxili qoşunlarının böyük bir kontingenti, SSRİ  DTK-sının “Alfaqrupu, həmçinin, Stavropol, KrasnodarRostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlər, sovet hərbi hissələrində xidmət edən ermənilər Bakıya soxuldular. Bununla da, Bakıda görünməmiş qəddarlıqla bir gecənin içində 147 nəfəri qətlə yetirərək, 744 nəfəri yaraladılar.

Yığıncaqda xüsusi olaraq vurğulandı ki,  ümummilli liderimiz Heydər Əliyev özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndələyinə gələrək, oraya yığılmış xarici jurnalistlər və azərbaycanlılar qarşısında çıxış etmiş, imperiya siyasətini, Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa  etmişdir.

Tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana ikinci siyasi hakimiyyətə qayıdışından sonra bu faciəyə hüquqi-siyasi qiymət verildiyini bildirdilər. Qeyd etdilər ki, Milli Məclis 1994-cü il 29 mart tarixli iclasında 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi.

Tədbirdə o da qeyd edildi ki, şəhidlərin əziz xatirəsi və onların ailələrinə qayğı daim ulu öndərin layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyev tərəfindən həmişə diqqət mərkəzində olubbundan sonra da olacaq.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2010.- 19 yanvar.- S. 12.