Azərbaycan musiqisi dünya xalqlarını təəccübləndirən xəzinədir

 

Azərbaycan milli musiqi sənətinə dövlət tərəfindən göstərilən diqqətin və genişmiqyaslı layihələrin gerçəkləşməsi nəticəsində coğrafi əraziləri aşaraq milli sənət nümunələrimiz dünyanın müxtəlif ölkələrində təmsil və təbliğ olunmaqdadır. Demək olar ki, qısa bir zaman kəsiyində Azərbaycan milli musiqi sənətinə münasibət köklü şəkildə dəyişilmiş, bu sənət nümunəsi öz layiqli qiymətini almışdır. Yola saldığımız 2009-cu ildə musiqi tariximiz üçün əlamətdar bir zaman kimi salnamələrə həkk olundu. Bu, Azərbaycan milli-mənəvi dəyərlərinə dünya miqyasında verilən qiymətlə əlamətdar olan bir hadisədir.

Müsahibimiz milli musiqi alətlərinin mahir ifaçısı və dünya ölkələrində milli irsimizi layiqli bir şəkildə təmsil edən Məhərrəm Nəcəfzadə də bu sənətin dünya ölkələrində necə böyük bir anşlaqla qarşılanmasından, eləcə də, dövlət tərəfindən milli irsimizə verilən qiymətdən söz açdı.

- Məhərrəm müəllim, bildiyimiz kimi, siz müxtəlif milli alətlərin ifaçısı olaraq Azərbaycan musiqi sənətində yer almış sənətkarlar sırasındasınız. Həm simli, həm də nəfəsli alətlərin ifası kimi, Azərbaycan musiqisinin dünya musiqisinə hansı formada daxil olması ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Bildiyimiz kimi, bu yaxınlarda Azərbaycan aşıq sənəti YUNESKO tərəfindən dünyanın şah əsərləri sırasına daxil edilmişdir. Eyni zamanda, bu layihə ilə bərabər Novruz bayramı da bu sırada olan əsərlərin adı ilə yanaşı, şah əsərlər sırasında yazılmışdır. Bu iki böyük əlamətdar hadisə Azərbaycan milli-mənəvi dəyərlərinə olan münasibətin dünyəvi bir aləmdə həqiqi qiyməti kimi əks-səda doğurur. Qeyd etmək lazımdır ki, bu əlamətdar hadisə YUNESKO tərəfindən ilk nümunə kimi deyil, buna qədər olan hadisələrin davamıdır. Belə ki, muğam sənəti məhz şah əsərlər sırasında yer almışdır. Bütün bunlar dövlətin, xüsusilə də, YUNESKO və  İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənətimizə diqqət və qayğısı nəticəsində reallaşmışdır. Müasir dövrümüzdə Azərbaycan musiqisi dünya miqyasında geniş şəkildə təqdim olunur. Xüsusilə də, muğam sənətimiz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu səpkidə geniş bir yol açılmışdır. Xalq sənətinə olan münasibət hər kəsə aydındır. Bunun nəticəsində milli musiqimizin istedadlı nümayəndələrinin üzə çıxması və beynəlxalq müsabiqələrin iştirakçısı olaraq, yüksək nailiyyətlərin əldə olunması Azərbaycan dəyərlərini bir daha dünya xalqlarına layiqli şəkildə təqdim edə bildi. Bildiyimiz kimi, paytaxtımızda keçirilən muğam müsabiqələri, eləcə də, Beynəlxalq Muğam Mərkəzinin açılışı və burada çox mötəbər bir müsabiqənin, beynəlxalq muğam müsabiqəsinin keçirilməsi Azərbaycan milli musiqisinin təntənəsi idi. Bu layihələrin davamı olaraq, təbii ki, bu il də Azərbaycanda milli musiqi sənətinin təbliği istiqamətində müxtəlif tədbirlər keçiriləcəkdir. Buna əminliyimiz ondan ibarətdir ki, xalq musiqisinə meyil artmış, muğam sənətinə gənclərin axını güclənmişdir. Bildiyiniz kimi, mən simli alətlərdən tar, qopuz, nəfəsli alətlərdən isə tütək, zurna, balaban, ney kimi alətləri ifa edirəm. 1976-cı ildən başlayaraq, musiqi sənəti ilə məşğul olmuşam. Azərbaycan Dövlət Televiziyasındakı ilk çıxışım 1979-cu ilə təsadüf edir. Elə o illərdə də keçirilən müsabiqə və festivallarda iştirakçı olmuşam. Neçə illərin təcrübəsi əsasında deyərdim ki, muğam sənəti ilə yanaşı, bu gün adlarını qeyd etdiyim milli musiqi alətlərinə də geniş yer verilmişdir. Etiraf edək ki, balaban musiqi aləti son günlərdə, demək olar ki, sıradan çıxmaq üzrəydi. Amma son qısa bir zamanda orta və yaşlı nəsillə yanaşı, gənclərimiz də bu alətə meyil göstərmiş, efirlərdə balabanla milli musiqimizi səsləndirirlər. Pərviz Əlikramoğlunu dinlədikcə, insanın ruhu təzələnir. Düzü, bu ifaçılar bizi bir qədər də təəccübləndirirlər də. Bu, o deməkdir ki, sənətə olan münasibət yeniləşir və milli irsimiz yaşayır, nəsildən-nəslə ötürülür. Onu da deyim ki, Azərbaycan milli musiqisinə, demək olar ki, bütün televiziya kanalları yer ayırmışdır. Bu, onu göstərir ki, Mehriban xanımın həyata keçirdiyi layihələr nəticəsini vermişdir. Bir müddət bundan əvvəl, bütün televiziya kanallarında, demək olar ki, şouya, estrada musiqisinə xüsusi yer verilirdi. İstedadlı musiqiçilərimiz, xanəndələrimiz efirlərə çıxa bilmir və yaxud da çox nadir hallarda görünürdülər. Artıq sənət və sənətkara layiqli qiyməti verilir.

- Məhərrəm müəllim, bildiyimiz kimi, milli musiqimiz dünya musiqiləri sırasında seçilərək yüksək qiymətləndirilən bir irs kimi qəbul edilir, lakin bu musiqimizə şərik çıxmağa, onu özününküləşdirməyə doğru müəyyən əllər görünür. Bax, bu gün dünya ölkələrinin bir çoxunda məhz milli alətlərimizin, eləcə də, musiqi əsərlərimizin altında erməni xalq nümunəsi kimi bir imzaya təsadüf olunur. Bir musiqiçi kimi bunların qarşısının alınmasını nədə görürsünüz və xarici məkanlarda bununla bağlı işlərinizi hansı istiqamətdə qurursunuz?

- Düzdür, erməni təcavüzkar siyasətinin ərazi iddiası milli- mənəvi dəyərlərimizi özününküləşdirmək prinsipində də büruzə verilir. Bu istiqamətdə musiqişünas alimlər, sənətşünaslar məqsədyönlü fəaliyyətdədirlər. Bəlkə də, bizim bu günə qədər olan humanizmimizin nəticəsidir ki, onlar bu və ya digər alətlərimizin, musiqilərimizin mənimsənilməsi üçün çirkin niyyətlərini həyata keçirmişlər. Amma onlar heç bir zaman bizim musiqimizə sahib olmaq imkanına malik ola bilməzlər. Çünki Azərbaycan milli musiqisinin məxsusi elementlərinin tarixi kökü bunun təsdiqlənməsinə imkan verə bilməz. Bizim alətlərimizin milliliyi alimlərimizin tədqiqatı nəticəsində təsdiqini tapır. Sənətşünaslıq namizədi Abasqulu Nəcəfzadənin musiqi alətlərimizlə bağlı bir neçə kitabları çap olunmuşdur. Bu kitablarda alətlərin yaranma tarixi köklü faktlar əsasında öz təsdiqini tapır. Deyim ki, bizim evdə məxsusi olaraq, bir otaq sırf milli  musiqi alətlərinin saxlanılmasına ayrılmışdır. Burada hətta Azərbaycanda olmayan, yaxud da ki, nadir sayda olan milli musiqi alətləri qorunub saxlanılır. Adı bizə bəlli olmayan musiqi alətləri Abasqulu Nəcəfzadə tərəfindən əsərlər vasitəsilə öyrənilərək hazırlanır. Tar, kaman, ney, balaban və digər alətlər öz formasına, məzmununa görə sırf Azərbaycana məxsusdur. Lap qədimdən onlar Azərbaycan milli sənətinə daxil olmuş, kimsə hansısa bir faktı əsas götürüb bunun qeyri-xalqa mənsub olduğunu təsdiqləyə bilməz. Mən dünyanın bir çox ölkələrində Türkiyədə, Misirdə, İranda, İsraildə, ərəb ölkələrində və digər dövlətlərdə milli musiqi alətlərin ifaçısı kimi çıxış etmişəm. Beynəlxalq müsabiqə və festivallarda bir sıra dövlətlərlə yanaşı, Ermənistanı təmsil edən musiqiçilər də iştirak etmişdilər. Səmimi deyim ki, onların musiqisi heç zaman Azərbaycan musiqisi qədər alqışlanmamış və sevilməmişdir. Hansı dövlətdə olmasından asılı olmayaraq, Azərbaycan musiqisi layiqli qiymətini almış və iştirak etdiyi müsabiqələrdə birincilik qazanmış diplomlara və müsabiqənin laureatı adına layiq görülmüşlər. Astana şəhərində keçirilən beynəlxalq musiqi festivalında tanınmış cazmen Əzizə Mustafazadə ilə birgə layihəmizin əsasında Azərbaycan musiqisi yüksək qiymətləndirilərək, müsabiqəsinin qalibi olduq, Azərbaycan musiqisi hər zaman dünya xalqlarını təəccübləndirən bir xəzinədir. Təbii ki, istedadsız musiqiçilərin dünya ölkələrinə getməsinə, müsabiqə və festivallarda iştirak etməsinə imkan verilmir. Bu il də bir sıra xarici dövlətlərə artıq səfər üçün dəvətlər almışam. Bu yaxınlarda İsraildən qastrol səfərindən qayıtmışam. İsrailin dövlət orkestri məni müşayiət etmişdi. Konsert zamanı xalq musiqi nömrələrini və bəstəkar əsərlərini səsləndirdim.

- Dünyanın hər bir ölkəsinin özünəməxsus musiqi elementi, musiqisinin dili var. Azərbaycan musiqisinin dili məhz bu dövlətlərin məxsusi dəyərlərindən nə ilə fərqlənir?

- Azərbaycan musiqisinin tarixi kökü və bu kökün üzərində yaranmış mədəniyyəti dünya xalqlarından onu fərqləndirən əsas cəhətlərdəndir. Sözsüz ki, Azərbaycan musiqisinin dili ilə xalqın, bütövlükdə, xarakteri, mənşəyi, dünyəvi görüşləri öz əksini tapır. Dinindən, irqindən asılı olmayaraq, hər bir musiqiçinin dinlədiyi Azərbaycan musiqisi onun ruhuna təsir göstərmək iqtidarındadır. Düzdür, İran, ərəb musiqisi Şərq musiqisi olsalar da Azərbaycan musiqisinin bu sırada öz yüksək yeri var. Muğamlarımızı, milli sənətimizi öz kökümüz çərçivəsində təqdim edirik. Azərbaycan musiqisinə yaxın olan dövlətlər olmuş olsa da, bir musiqiçi kimi dyərdim ki, milli musiqimiz hər bir musiqidən fərqlənir, seçilir.

- Bir neçə milli musiqi alətinin pedaqoq tərəfindən tədris edilməsi mümkündürmü?

- Təvazökarlıqdan kənar da olsa, deyim ki, bir neçə alətin bir şəxs tərəfindən səsləndirilməsi İlahi vergisidir. Bu baxımdan da, bunu bir pedaqoq kimi tədris etmək mümkün deyildir. Mən Asəf Zeynallı adına Musiqi Kollecində Fikrət Əbdülqasımov və Sabir Ələkbərov kimi sənətkarlardan dərs almışam. Məktəbi qurtaran zaman dövlət imtahanında, ilk dəfə olaraq, tar və zurnadan istifadə etmişəm. Tarda Süleyman Ələsgərovun “Daimi hərəkət”, zurnada isə Üzeyir Hacıbəyovun “Cəngi”sini səsləndirmişəm. Azərbaycan sənət tarixində belə şəxslərə nadir hallarda təsadüf olunur. Azərbaycan musiqi sənəti tarixində ötən əsrdə yaşamış Şəkili Ələfsər, Ələkbər Əsgərov, Əbülfət Şəkili (Şəkili Ələfsərin qardaşı oğlu), eləcə də, müasirimiz olmuş Abbasqulu Nəcəfzadə kamança ilə bərabər nəfəsli alətlərdə də ifa edir.  6-7 alətin bir şəxs tərəfindən tədrisi qeyri-mümkündür. Əgər kimdəsə istedad varsa, yəqin ki, özü-özlüyündə bunu öyrənə bilər.

- Maraqlıdır ki, bir neçə musiqi alətinin özü də fərqli simli və nəfəsli alətin konsert proqramının tərtibatı hansı şəkildə qurulur?

- Təbii ki, tamaşaçı üçün maraqlı olsun deyə konsert proqramında elə ssenari qurulmalıdır ki, tamaşaçı yorulmasın və o, dinlədiyi musiqi əsərlərindən mənən zövq alsın. Tutaq ki, balaban və balabandan sonra neyi səsləndirmək tamaşaçı üçün bir o qədər də maraqlı ola bilməz. Çünki hər ikisi nəfəsli alətdir. Tütəklə “Çoban-bayatı” səsləndirib,  arxasınca saz ilə “Urfani” ifa etmək dinləyicini təəccübləndirəcək. Bu və ya digər havaların hazırlanmasında kökdən-kökə düşməyi də diqqətdə saxlayıram. Musiqiçinin özünün bu nömrələrdə dəyişməsi və ruhunun ifa etdiyi musiqi nömrəsinə uyğun olaraq dəyişməsi, sözsüz ki, ifa zamanı baş verir. Bir səmimi etirafı da deyim ki, gözəl musiqi nömrəsinin səslənməsi üçün ifaçının kədərli olması onun musiqi əsərinin daha orijinal bir şəkildə təqdiminə öz təsirini göstərir.

- Musiqiçi daim axtarışda və inkişafdadır. Müsahibəmizin sonunda yaxın gələcəkdəki planlarını bilmək maraqlı olardı?

- Hazırda yeni bir diskin hazırlanması üzərində çalışıram. Buraya Azərbaycan klassik musiqi əsərləri, Ramiz Mirişlinin “Dalğalar”, “Urfani” aşıq havaları, “Dəli Kür” kinofilmindən musiqi və s.daxil ediləcəkdir. Eyni zamanda, “Köhnə Bakı” rəqsini udla ifa edərək, bu diskə əlavə edəcəyəm. Mənim ifamda səsləndirilən “Köhnə Bakı” rəqsi Türkiyə böyük orkestrində eyni oranjimanla ifa edilib. Təbii ki, mən bundan böyük şərəf duyuram ki, məhz oranjimanı mənə məxsus olan əsər belə bir orkestrin ifasında təqdim edilib.

Bu günə qədər ifamda olan klassik musiqi əsərləri Azərbaycan Dövlət Televiziya və Radiosunun Qızıl Fondunda saxlanılır. 4 qardaş Abasqulu, Mehdi, İlham və Məhərrəm Nəcəfzadənin ifasında “Yallı”, “Qarabağ şikəstəsi”, “Heyratı”, “Simayi-şəms” ritmik muğamları da saxlanılır. Fərdi qaydada isə, “Bayatı-türk”, o cümlədən, “Dastan” folklor ansamblının solisti kimi 50-dən artıq musiqi nömrələrim fondun arxivinə daxil edilib. Bundan sonrakı yaradıcılıq fəaliyyətimi klassik musiqi sənətinin inkişafına həsr edəcəyəm.

 

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Səs.- 2010.- 19 yanvar.- S. 16.