20 Yanvar
xalqımızın qəhrəmanlıq tarixidir
Əli Əhmədov: “20 yanvar faciəsi,
xalqımızın tarixində və bütövlükdə,
XX əsrin sonlarında baş verən faciələr içərisində,
xüsusilə, amansızlığı və
anlaşılmazlığı ilə seçilən faciədir”
Dünən Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycan xalqına qarşı 1990-cı ilin 20 yanvarında törədilmiş qanlı faciənin 20-ci ildönümü ilə bağlı dəyirmi masa keçirildi. Dəyirmi masa iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov1990-cı ilin 20 yanvarında baş vermiş qalnı faciənin xalqımızın başına gətirilmiş faciələrdən ən dəhşətlisi olduğunu bildirdi. “Azərbaycan xalqının tarixində qanlı hadisələr çox olub. Amma təəssüflər olsun ki, bunların böyük bir hissəsi, ən faciəliləri XX əsrin taleyinə düşübdür. Azərbaycan xalqı öz müstəqilliyini və azadlığını əldə etmək və qorumaq üçün böyük itkilər veribdir. 1990-cı ilin 20 yanvarında baş verən dəhşətli olay Azərbaycan xalqının tarixində və bütövlükdə, XX əsrin sonlarında baş verən faciələr içərisində, xüsusilə, amansızlığı və anlaşılmazlığı ilə seçilən faciələrdən biridir. Həm çoxlu sayda insanların qətlə yetirilməsi, həm də, dövlətin öz vətəndaşlarına amansızcasına divan tutmasıdır ki, bu da tarixdə çox az rast gəlinən hadisələrdəndir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan xalqının bu faciəsinin dünya miqyasında təbliğ etmək, buna lazımınca beynəlxalq qiymət verilməsinə nail olmaq mümkün olmadı. Sovet İttifaqının ömrünün sona yaxınlaşdığı bir dövrdə bir çox keçmiş ittifaq respublikaları milli respublikalarda, milli dövlətlərdə bu cür olaylar miqyasına görə, 1990-cı ilin yanvarın 20-də baş vermiş Bakı olayından əhəmiyyətli dərəcədə fərqlənsə də, baş vermişdi. Amma 20 Yanvar parametrləri ilə heç bir müqayisəyə gəlməyən olaylara beynəlxalq aləmin verdiyi diqqət Bakı olayı ilə müqayisədə əhəmiyyətli dərəcədəydi” -deyən İcra katibi Ə.Əhmədov 20 Yanvar facəsi ildönümünün qeyd edilməsi təkcə bu faciə nəticəsində həyatını itirmiş insanların əziz xatirəsi naminə edilən mərasimə çevrilməsinin əleyhinə olduğunu bildirdi. “Baxmayaraq ki, bu hadisəni insanlıq və vətənpərvərlik baxımından da ildönümlərinin qeyd edilməsinin çox vacib komponentləridir” deyən Ə.Əhmədov digər əhəmiyyətli bir məsələnin bu faciənin yetərincə bütün təfərrüatları, incəlikləri ilə beynəlxalq ictimaiyyətə çatdırmağın vacib olduğunu bildirdi. “20 Yanvar faciəsindən ötən 20 il ərzində Azərbaycan əhalisi əhəmiyyətli dərəcədə artıb. Bu faciə isə xalqın yaddaşına həkk olunub. Çalışmalıyıq ki, Azərbaycan xalqının bütün nəsillərinin də yaddaşında bu faciə daha dərindən həkk olunsun. Bundan da bizim gələcək nəsillərimiz lazımınca ibrət götürə bilsinlər. Faciədən ötən 20 il ərzində Azərbaycanın əhalisi 2 milyona yaxın artıb. Azərbaycan əhalisinin 23-24 faizi bu faciə baş verdikdən sonra dünyaya gəlmiş insanlardır. Hər il bu faciənin ildönümünü qeyd etməklə qarşımıza qoyduğumuz məqsədlərdən biri də o olmalıdır ki, Azərbaycan xalqının bütün nəsilləri bu faciə haqqında filmlərdən gördükləri ilə yanaşı, eyni zamanda, insanların dillərindən də eşitsinlər. Onların da yaddaşına bu qanlı faciə birdəfəlik həkk olunsun və beləliklə, bu faciə, nəinki unudulmasın, ondan gələcək üçün müvafiq bir dərs çıxarılsın. Təəssüf doğuran bir tərəf də ondan ibarətdir ki, biz başımıza gətirilən faciələr haqqında danışmaqdan sanki utanırıq. Onun miqyasını azaltmağa, başqalarına xas olan xüsusiyyətlərdən yan keçməyə çalışırıq. 1990-cı il 20 Yanvar faciəsindən bir neçə gün öncə Bakıda ovaxtkı hakimiyyətin xüsusi xidmət orqanları tərəfindən törədilmiş olan təxribatlar nəticəsində təxminən on nəfər erməni əsilli Bakı sakinləri qətlə yetirilmişdir. İndi Ermənistanda aparılan təbliğat nəticəsində onlar həmin vaxt törədilən hadisə nəticəsində ölmüş ermənilərin sayını 400 nəfərə çatdırıblar. Hazırda Ermənistanın təhsil naziri ölkəsinin bütün məktəblərində xüsusi dərslər keçərək, bu hadisəyə uydurma don geyindirməyə çalışır. Əgər ermənilər bu məsələni 20 ildən sonra on nəfərin sayını 400 nəfərə qaldırıblarsa, növbəti 20 ildən sonra bunun 1000 nəfərə, 50 il keçdikdən sonra isə 15-20 min nəfərə qədər qalxacağı şübhəsizdir. Necə ki, 20-ci əsrin əvvəllərində uydurduqları və qondardıqları “erməni soyqırımı” nəticəsində tələf olanların sayını bir milyon yarıma qədər artırıblar. Biz isə sanki böyük bir günah edirik kimi, başımıza gətirilən faciələr nəticəsində qurban gedənlərin sayını elə olduğu qədər də deməyə utanırıq. Düşünürəm ki, 20 Yanvar faciəsi zamanı həlak olmuş vətəndaşlarımızın həqiqi sayını biz indi bilmirik. Çox ehtimal ki, biz onu dəqiqliyi ilə bilmirik. O zaman itkin düşən çoxlu sayda insanlar var ki, onların heç biri həlak olanların, ağır yaralanaraq sonradan həyatını itirənlər bu siyahıya daxil edilməyiblər. Beləliklə, biz faciəmizin miqyasını hər zaman kiçiltməyə çalışmışıq. Elə bilmişik ki, bizdən daha güclü qüvvələr tərəfindən başımıza gətirilən bu faciənin əsil nəticələrini desək, bu, bizim üçün əsil utanclıq gətirər. Lakin digərləri 20 il içərisində 10 nəfəri 400 nəfərə qədər artırıblar. Bunun əksinə olaraq, biz öz faciəmizin nəticələrini kiçiltmişik. Düşünürəm ki, bu sahədə xüsusi araşdırma aparmağımıza ehtiyac var”- deyən Ə.Əhmədov tarixən törədilən facilərin həqiqi qiymətinin bilməyinə ehtiyacın olduğunu söylədi.millət onun başına gətirilən faciələrin həqiqi miqyasının günahkarlarının səbəblərini dəqiqliyi ilə bilməlidir. Bizim hər il 20 yanvar faciəsi ilə bağlı keçirdiyimiz anma mərasimlərinin qarşısında dayanan başlıca məqsəd bundan ibarət olmalıdır” deyən Ə.Əhmədov bu dəyirmi masada iştirak edən hər bir millət vəkilinin və siyasi partiya təmsilçilərinin də eyni mövqedə dayandığını söylədi. “Faciənin qurbanlarından bəhs etmək və onun əsil günahkarlarının cəzalandırılmasını axtarmaqla kifayətlənmək olmaz” deyən Ə.Əhmədov bu faciəyə, həmçinin, siyasi, tarixi qiymət verilməsinə çalışmaq lazımdır.
Xanhüseyn Kazımlı: “20 Yanvar
Azərbaycan xalqının başına gətirilən ən
böyük bəlalardan biridir”
Dəyirmi masada çıxış edən Sosial Rifah Partiyasının sədri millət vəkili Xanhüseyn Kazımlı da 1990-cı ilin 20 yanvarında xalqımızın başına gətirilən faciənin milli azadlığımıza və məfkurəmizə qarşı təcavüz olduğunu bildirdi. Qeyd etdi ki, faciə miqyasından asılı olmayaraq, Azərbaycan xalqının başına gətirilən ən böyük bəlalardan biridir. O bildirdi ki, o vaxt sovet hakimiyyətində rəhbərlikdə olan şəxslərin bir qrupu xalqımızın milli mübarizə əzmini qırmaq üçün məhz bu vasitədən istifadə etmişdir.
Fəzail Ağamalı: “Bizi xalqımızın şanlı qəhrəmanlıq
tarixindən 20 illik bir
vaxt ayırır”
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı da çıxışında bildirdi ki, 20 Yanvar faciəsi ilə əlaqədar həm də, sözün əsil mənasında, bir qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biridir. “Ulu öndərimiz Heydər Əliyev 20 Yanvar faciəsinə ən lakonik ən düzgün hüquqi siyasi qiyməti vermişdir” deyən F.Ağamalı “Bu faciə deyil, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixidir” ümummilli liderimizin fikirlərinin doğruluğuna tam əminliyini ifadə etdi. Bildirdi ki, məhz 20 yanvarda Azərbaycan xalqı sovet imperiyasına qarşı, ərazi bütövlüyümüz əleyhinə yönəlmiş olan hərəkətə qarşı öz etirazlarını, öz canları bahasına bütün dünyaya nümayiş etdirə bildilər.
Fazil Mustafa: “20 Yanvar millətin bütün
təbəqələrinin hissiyyatına toxunan,
həyatlarında özünü ifadə
edən genişmiqyaslı bir faciədir”
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində xalqın qələbələrlə bağlı birlik modeli hamı tərəfindən necə mənimsənilirsə, elə bir yer tutubdur. Bu faciə fonunda da yeganə hadisədir ki, hamımızın birləşə bilməyimizin mümkünləşməsini gerçəkləşdirdi. F.Mustafa dedi ki, keçmiş tarixə münasibətdə çox zaman bizim fikirlərimiz üs-üstə düşməyə bilmir. Yaxın tarixə münasibətdə isə bu məsələ xeyli çətinlik törədir. F.Mustafa 20 Yanvar hadisəsinin xüsusi şərhə ehtiyacı olmadığını bildirmişdi. Elə bir hadisə baş veribdir ki, “Bütün təbəqələrin hissiyatına toxunan, bütün təbəqələrinin həyatında özünü ifadə edən masştabda bir faciə yaşamışıq” deyən F.Mustafa Azərbaycan xalqının məhz öz istiqlalını bu yolla əldə etdiyini bildirdi.
Cəmil Həsənli:
“Xalqımıza qarşı dövləti cinayət məhz
20 Yanvarda baş verdi”
Millət vəkili, Cəmil Həsənli 20 Yanvarın təsadüfən baş vermiş adi bir hadisə olmadığını bildirdi. Qeyd etdi ki, bu SSR adlı bir dövlətin cinayətidir. “Dövlətin öz vətəndaşlarına qarşı olan bu cinayətinin məzmununu heç bir izahatla başa düşmək olmur” deyən C.Həsənli tarixin bu cür məqamlarda tam açıq olduğunu söylədi. 20 Yanvar hadisəsinin dövləti bir cinayət olmasını və faciəni daha geniş şəkildə təbliğ etməyin vacibliyini söyləyən C.Həsənli bu tarixi hadisələrdən daha çox ibrət götürməyin də zəruri olduğunu nəzərə çatdırdı.
Rövşən Rzayev:
“20 Yanvar tarixdə şanlı bir iz buraxdı”
Millət vəkili Rövşən Rzayev 20 Yanvar gecəsi xalqın öz milli azadlığını təmin etdiyini bildirdi. Söylədi ki, onlar vətən yolunda şəhidlik zirvəsinə qalxıblar. R.Rzayev 1990-cı ilin 20 yanvarında olan faciənin tarixdə şanlı bir iz buraxdığını vurğuladı.
Qüdrət Həsənquliyev:
“20 Yanvar hadisələrində günahkar olan şəxslər
beynəlxalq ictimaiyyətə bəlli edilməlidir”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqına qarşı xüsusi amansızlıq nümayiş etdirmiş şəxslər və onların havadarları barəsində Azərbaycan məhkəmələri tərəfindən qiyabi də olsa məsələ qaldırılmalı olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan xalqına qarşı tarixin müxtəlif dövrlərində xüsusi amansızlıqla divanlar tutulmuş və onlara qarşı heç bir addım atılmamışdır. 1990-cı ilin 20 yanvarında birbaşa əli olan şəxslər bu gün azadlıqdadırlar. Onların cəzalandırılması və beynəlxalq ictimaiyyət də bu məsələnin yenidən qaldırılmasının vacibliyini qeyd edən Q.Həsənquliyev tariximizin parlaq səhifələrindən olan 20 Yanvarın gələcək onilliklər və yüzilliklərdə də xalqımız tərəfindən böyük hörmət və izzətlə anılacağına əminliyini ifadə etdi.
İlyas İsmayılov: “20 Yanvar hadisəsi ermənilərin əhatəsində
olan Mixail Qorbaçovun Azərbaycan xalqına
qarşı böyük cinayətidir”
Ədalət Partiyasının sədri, Milli Məclisin üzvü
İlyas İsmayılov
çıxışında bildirdi ki, dəyirmi masada ondan öncə çıxış edən
şəxslərin hər birinin 20 Yanvar faciəsi ilə bağlı
yanaşmaları ilə razılaşdığını və
burada səslənən bütün
təklifləri dəstəklədiyini bildirdi.
Söylədi ki, 20 Yanvar
hadisəsi ermənilərin əhatəsində olan Mixail Qorbaçovun
Azərbaycan xalqına qarşı böyük
cinayətidir. “O vaxtlar sovet hakimiyyətində
hər şeyi kommunist partiyası həll edirdi. Partiyanın mərkəzi komitəsində
49 erməni var idi. Təkcə bir azərbaycanlı
var idi ki,
onun da anası
erməni idi. M.Qorbaçovun da ən sədaqətli dostu Şahnazarov idi. 20 Yanvar isə
ermənilərin Qorbaçovun
adı ilə bizə qarşı etmiş olduğu bir faciə idi” deyən İ.İsmayılov 20 Yanvar
faciəsinin bütün
beynəlxalq təşkilatlar
və dünya ictimaiyyəti qarşısında
da açıq şəkildə təbliğ
etməli olduğumuzu
bildirdi.
Dəyirmi masanın yekununda çıxış edən
YAP İcra katibi Ə.Əhmədov səsləndirilmiş
olan bütün fikirlərdə ayrı-ayrılıqda
böyük həqiqətlərin
olduğunu və bu həqiqətlərin daha doğru və dürüst formada təbliğinin vacibliyini söylədi.
Tapdıq QURBANLI
Səs.- 2010.- 20 yanvar.- S. 4.