“20 Yanvar-Ümumxalq
Hüzn Günü”
Bu mövzuda Gəncliyə Yardım Fondunda tədbir
keçirildi
Dünən Azərbaycanın
Beynəlxalq Humanitar Yardım üzrə Respublika
Komissiyası, “İstanbul Beynəlxalq Qardaşlıq və
Yardımlaşma Dərnəyi”nin Azərbaycan nümayəndəliyi
və 20 Yanvar Fondunun təşkilatçılığı
ilə “20 Yanvar-Ümumxalq Hüzn Günü” mövzusunda tədbir keçirildi.
Tədbirdə hökumət rəsmiləri, Türkiyənin
Azərbaycandakı səfirliyinin nümayəndələri,
20 Yanvar şəhidlərinin ailələri və Milli Məclisin
deputatları iştirak etdi.
Tədbir
iştirakçıları, ilk öncə, şəhidlərin
ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Sonra həm Azərbaycan
Respublikasının, həm də Türkiyənin himni səsləndi.
Dəyirmi masada
çıxış edən Azərbaycan Respublikası Gəncliyə
Yardım Fondunun prezidenti Ahmet Tecimin 20 Yanvar hadisələrinin
Azərbaycanın müstəqilliyinin təmin olunmasında
mühüm rol oynadığını vurğuladı. O, 20
Yanvar hadisələrinin həm faciə, həm də dövlətin
qürur günü olduğunu diqqətə
çatdırdı. Qeyd edərək vurğuladı ki, hər
bir xalqın tarixində azad və müstəqil yaşamaq
üçün dönüm nöqtəsi hesab olunan tarixlər
və azadlıq, müstəqillik uğrunda öz şirin
canlarından keçmiş qəhrəman övladları
olubdur. Məhz belə qəhrəmanlar zamanın axarında əsla
unudulmur. Tarixin yaddaşına azadlıq uğrunda
axıtdıqları müqəddəs qanları ilə
adlarını yazdırmış 20 Yanvar şəhidləri
də məhz xalqımızın yaddaşında daima belə
yaşayacaqdır. Onların xatirələri həmişə
ehtiramla yad olunacaqlar.
Tədbirdə
çıxış edən Azərbaycan Respublikası
Baş nazirin müavini, Qaçqın və
Köçkünlərin İşi üzrə Dövlət
Komitəsinin sədri Əli Həsənov
20 Yanvar hadisəsini həm faciə, həm tarixi, həm də
qəhrəmanlıq nümunəsi adlandırdı. Ə.Həsənov
faciənin törədilməsinin əsas səbəbkarının
SSRİ-nin o vaxtkı rəhbərliyi olduğunu söylədi:
“Həm bu faciəni, həm də Ermənistan-Azərbaycan
münaqişəsini törədən və
qızışdıran SSRİ-nin o vaxtkı rəhbəri
Mixail Qorbaçov olub. Mən 1999-cu ildə deputat olanda da, indi
də təklif etmişəm ki, Qorbaçov beynəlxalq məhkəməyə
verilsin. O, bu gün sağdır, ölsə belə,
ölüsünü mühakimə etmək lazımdır”.
Qədim tarixə malik
olan Azərbaycan xalqının əsrlərin
sınağından həmişə üzüağ
çıxdığını deyən Ə.Həsənov
millətimizin illərin qan yaddaşına da neçə-neçə
zəfərlər yazdığını vurğuladı:
“Qanlı Yanvar hadisələri bir tərəfdən bizi kədərləndirsə
də, digər tərəfdən də,
düşünürük ki, xalqımız öz müstəqilliyi
uğrunda canını,
qanını verdi. Bu gün respublikamız öz iqtisadi
qüdrəti ilə dünya dövlətlərinin diqqət
mərkəzindədir. Şəhidlər Xiyabanı bizim and
yerimiz, ziyarətgahımızdır. 20 Yanvar şəhidləri
millətin qeyrət rəmzidir. Bu qeyrəti, vüqarı həmişə
uca tutmaq bizim borcumuzdur”.
Tədbirdə Türkiyənin
Azərbaycandakı səfirinin birinci müavini Nihat Civaner,
millət vəkili Fuad Muradov, şair Məmməd Aslan və
digər şəxslər çıxış etdilər.
Tədbirin sonunda şəhid
ailələrinə yardımlar paylanıldı.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 20 yanvar.- S. 5.