20 Yanvar -
müstəqilliyimizi əbədiliyə aparan
yol
“Nəsillər dəyişəcək, lakin vətən
oğullarının xatirəsi ürəklərdə əbədi
yaşayacaq”
İlham Əliyev
Dünən M.F.Axundov
adına Milli Kitabxanada 20 Yanvar faciəsinin 20-ci
ildönümünə həsr olunmuş “20 Yanvar - qanlı və
şanlı tariximiz, adlı kitab sərgisinin
açılışı və Milli Kitabxananın əməkdaşları
tərəfindən tərtib edilmiş “Şəhidlər.
Biblioqrafiya” adlı kitabının təqdimat mərasimi
keçirildi.
Tədbirə
başlamazdan öncə respublikamızın suverenliyi,
müstəqilliyi uğrunda öz canlarını fəda
etmiş şəhidlərimizin xatirəsi tədbir
iştirakçıları tərəfindən bir dəqiqəlik
sükutla yad edildi.
Tədbiri giriş
sözü ilə açan
Milli Kitabxananın direktoru Kərim Tahirov qeyd etdi ki,
20 Yanvar faciəsilə bağlı
respublikamızın
bütün bölgələrində silsilə tədbirlər
həyata keçirilməkdədir. O bildirdi ki, bu gün təqdim edilən kitab
sərgisində Qarabağ, 20 Yanvar, Xocalı şəhidlərinin
milli qəhrəmanlıq salnaməsindən söhbət
açılır. K.Tahirov bir daha dəhşətli gecəni
tədbir iştirakçılarına xatırladaraq, o
ağrılı günləri yada saldı və bu faciənin
heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini
bildirdi.
“Şəhidlər. Biblioqrafiya”sından söz açan T.Kərimov bildirdi ki, vətənimizin müstəqilliyi və suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda həyatlarını qurban vermiş 20 Yanvar, Xocalı və Qarabağ şəhidləri haqqında kitablarda, dövri mətbuat səhifələrində çap olunmuş materiallar toplusudur. M.F.Axundov adına Milli Kitabxana tərəfindən nəşr olunmuş kitab 200 nüsxə ilə çap olunmuşdur. O bildirdi ki, çox güman ki, kitabda bütün şəhidlərimizin adları qeyd olunmamışdır. “Şəhidlər. Biblioqrafiya”sının yeni tirajla 800 nüsxə ilə çap olunması nəzərdə tutulub. T.Kərimov tədbir iştirakçılarından xahiş etdi ki, kitabda qeyd olunmayan şəhidlərimiz haqqında məlumatları varsa, onlara çatdırsınlar və həmin şəhidlər haqqında yeni nüsxədə məlumat verilsin.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov 20 il bundan öncə baş verən qanlı hadisəyə, xalqımızın qəhrəmanlıq tarixinə nəzər salaraq, 20 Yanvar faciəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını vurğuladı. Həmin gün şəhid olan 142 nəfər şəhidin hər birimiz üçün əziz olduğunu və gələcək nəsillərə Azərbaycan xalqının tarixini və erməni daşnakları tərəfindən xalqımızın başına gətirilən müsibətləri olduğu kimi çatdırılmasının vacibliyini vurğuladı.
İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova öz nitqində xalqımızın tarixində qanlı səhifə olan 20 Yanvar faciəsindən danışaraq, o ağrılı günlərin Azərbaycan xalqının hafizəsindən heç vaxt silinməyəcəyini qeyd etdi. Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğının səbəbi milli müstəqilliyimizi, milli azadlığımızı boğmaq idi. E.Süleymanova analoqu olmayan bu faciənin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd etdi.
Daha sonra tədbirdə çıxış edən Milli Məclisin deputatları Həvva Məmmədova, Aqil Abbas və Tahir Rzayev 20 Yanvar hadisələrini hadisələrini qəhrəmanlıq tarixi kimi qiymətləndirərək, çıxışlarında əsrlər boyu ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri müsibətləri, on minlərlə dinc əhalinin faciə qurbanlarına çevrilməsini böyük təəssüf hissi ilə qeyd etdilər. 20 Yanvar faciəsindən danışarkən, bu hadisəyə verilən hüquqi siyasi qiymətə toxunaraq, xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli liderimiz Heydər Ədiyevin hakimiyyətə qayıdışından sonra verildiyi bildirildi. Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Resupblikası Ali Məclisinin Sədri olduğu zaman Azərbaycanın o vaxtkı riyakar rəhbərliyindən fərqli olaraq, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsində xüsusi prinsipiallıq nümayiş etdirdi. Ulu öndər Heydər Əliyevin respublikamızda yeni siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilmişdir. 20 Yanvar faciəsi xalqımızın elə tarixi şanlı səhifəsidir ki, nəsillər bir-birini əvəz etdikcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi xalqımızın yaddaşından heç zaman silinməyəcək.
Xocalı rayon icra hakimiyyətinin nümayəndəsi öz çıxışında dərin təəssüf hissilə bu ağrılı-acılı günlərdən danışdı. Sonda tədbir iştirakçıları “20 Yanvar - qanlı və şanlı tariximiz” adlı sərgi ilə tanış oldular. Sərgidə 20 Yanvar faciəsinə həsr olunmuş 200-dən artıq kitab, jurnal və qəzet materialları nümayiş etdirildi. Sərgi tədbir iştirakçılarının və oxucuların böyük marağına səbəb oldu.
Zümrüd BAYRAMOVA
Səs.- 2010.- 20 yanvar.- S. 6.