“20 Yanvar faciəsi
qəhrəmanlıq səhifəsidir”
Ombudsman aparatında faciənin 20-ci ildönümü
ilə bağlı tədbir keçirildi
“Sovet imperiyasının
Azərbaycana qarşı genosid siyasətinin tərkib hissəsini
təşkil edən və insan hüquq və
azadlıqlarının kütləvi pozulması ilə nəticələnən
20 Yanvar faciəsi XX əsrdə insanlığa qarşı
törədilmiş zorakılığın, qeyri-insani rəftarın,
işgəncələrin ən dəhşətlilərindən
biri kimi xalqımızın qan yaddaşına əbədi həkk
olunubdur. Bu, yalnız ayrı-ayrı insanlara edilən qəsd,
təcavüz deyil, bütün Azərbaycan xalqına, millətinə,
ölkəmizə qarşı hərbi təcavüz idi”. Bu
fikirlər dünən Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
Aparatında qanlı 20 Yanvar faciəsinin iyirminci
ildönümünə həsr edilmiş yığıncaqda
səsləndi. Görüş iştirakçıları
faciə qurbanlarının xatirəsi bir dəqiqəlik
sükutla yad etdikdən sonra ombudsman Elmira Süleymanova bildirdi
ki, insan hüquqlarının təmin edilməsi və
müdafiəsi üzrə beynəlxalq müqavilələri
imzalayan, hüquqi dövlət yaratmaq iddiasında olan
keçmiş sovet dövləti 20 il əvvəl beynəlxalq
hüquq normalarını və SSRİ Konstitusiyasını
pozaraq, Azərbaycana qarşı misli görünməmiş
hərbi təcavüz etdi. Nəticədə insanların ən
ali hüququ olan yaşamaq hüququ kütləvi şəkildə
pozuldu.
E.Süleymanova 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə bağlı bəyanat verdiyini və bu bəyanatın BMT-nin Baş Katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, habelə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlandığını söylədi. Bu sənəddə dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı, insanlıq əleyhinə törədilmiş dəhşətli faciə nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, habelə, insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəalarının kobud şəkildə pozulduğu, bu faciəyə bu günə kimi beynəlxalq hüquqi qiymət verilmədiyi bildirilir.
Sonra Ombudsmanın bəyanatının tam mətni səsləndirildi. Həmin bəyanatda haqlı tələblərimizin dəstəklənəcəyinə ümid ifadə olundu.
Yığıncaqda xalqımızın faciə qurbanlarının milli-azadlıq uğrunda nümayiş etdirdiyi birliyi heç vaxt unutmayacağı, dövlətçiliyimizin möhkəmlənməsi, taleyüklü prioritet məsələlərinin həlli, insan hüquqlarının müdafiəsi, qanunun aliliyi naminə öz milli həmrəyliyini daha da yüksəldəcəyi qeyd edildi.
Tədbirdə “20 Yanvar” Cəmiyyətinin sədri Soltan Əzimzadə, faciə günlərində şəhid olmuş kimya elmləri doktoru, professor İsmayıl Mursaqulovun həyat yoldaşı Gülüş Mursaqulova, digər şəhid ailəsini təmsil edən Şövkət Xanməmmədova, Liderlik Məktəbinin üzvləri çıxış edərək, qanlı yanvar gecəsində faciə qurbanlarına təcili tibb yardımı göstərmələrindən, torpaqlarımızın bölünməzliyi uğrunda mübarizəyə qalxmış oğullarımızın hünəri barədə danışdılar.
Tədbirdə, həmçinin, Şövkət Xanməmmədovanın yaddaşlardan silinməyəcək faciəyə həsr etdiyi “20-dən 20-yə” adlı kitabı mərasim iştirakçılarına təqdim edildi.
Tədbirdə Liderlik Məktəbinin yetirmələri 20 Yanvar faciəsi ilə bağlı mülahizələrini söylədilər, şeirlər ifa etdilər.
R.HÜSEYNOVA
Səs.- 2010.- 20 yanvar.- S. 7.