20 Yanvar faciəsindən 20 il ötür”

 

“Səs” qəzeti Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin 20-ci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq dəyirmi masa keçirdi

 

(Əvvəli ötən sayımızda)

 

XX əsrin sonlarında Azərbaycanda müstəqillik uğrunda baş qaldıran milli-azadlıq hərəkatı sonrakı mərhələdə müstəqilliyimizin bünövrəsini qoydu. Ancaq o vaxtkı SSRİ rəhbərliyi sapı özümüzdən olan baltalardan istifadə etməklə, xalqın mübarizə əzmini qırmağa səy göstərmişdi. Məhz buna görə də, xalqımız üçün bu dövr çox keşməkeşli və ağır olmuşdu. Bu yolda itkilərimiz də az olmadı. 1990-cı il yanvarın 20-də sovet imperiyasının xalqımıza qarşı törətdiyi əməlləri ən qəddar və amansız vəhşilik hesab etmək olar. Həmin gün 131 nəfər qətlə yetirilmiş, 700-ə yaxın insan isə, bu və ya digər dərəcədə bədən xəsarəti almışdı. Bakı şəhərində avtomaşınlar sındırılmış, evlər gülləbaran edilmişdi. Ancaq xalqımızın tarixində ən şanlı, parlaq səhifələrdən olan 20 Yanvar hadisəsi xalqın mübarizə əzmini qıra bilmədi.  Azərbaycan müstəqillik uğrunda mübarizəsini davam etdirdi və 1991-ci il oktyabr ayının 16-da müstəqillik aktının qəbul edilməsinə nail olmaqla istəyini reallaşdırdı. “Səs” qəzeti olaraq ənənəvi keçirdiyimiz dəyirmi masanın mövzusunu məhz 20 Yanvar faciəsinin 20 illiyinə həsr etdik. Dəyirmi masanın mövzusu isə “20 Yanvar faciəsindən 20 il ötür” olmuşdur.

Dəyirmi masada millət vəkilləri Eldar İbrahimov, Aydın Mirzəzadə, politoloq Cümşüd Nuriyev, “Azad Respublikaçılar Partiyası”nın sədri Kamil Seyidov, “Milli Hərəkat Partiyası”nın sədri Nemət Pənahlı, “Azadlıq Hərəkatçılar Birliyi”nin sədri Təhmasib Novruzov, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə, “İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, “Millətim” qəzetinin baş redaktoru Ramiz Tağıyev, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

Onu da qeyd etmək yerinə düşər ki, dəyirmi masaya 20 Yanvar faciəsinin törədilməsində bu və ya digər günahları olduğu bildirilən Sabir Rüstəmxanlı, Etibar Məmmədov, Vaqif Səmədoğlu, Əli Kərimov, İskəndər Həmidov da dəvət edilmişdilər. Ancaq bir sıra suallara cavab verəcəklərindən (bunu həm də onların qorxması kimi də qiymətləndirmək olar-red.), onlar dəyirmi masaya gəlmədilər.

Dəyirmi masanı giriş sözü ilə açan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, ilk olaraq, onu bildirdi ki, qəzetimiz cəmiyyətdə maraq doğuran müxtəlif mövzular ətrafında hökumət və dövlət nümayəndələrinin, millət vəkillərinin, ziyalıların iştirakı ilə müzakirələr qurur, sual doğuran məsələlərə aydınlıq gətirilməsinə çalışır. Budəfəki mövzu heç də təsadüfi seçilməyib. Çünki 20 Yanvar faciəsi, o vaxtkı sovet imperiyasının xalqımıza qarşı törətdiyi qətliam olayı, həm də millətimizin qəhrəmanlıq salnaməsidir. B.Quliyev 20 Yanvar faciəsinin 20-ci ildönümünün ölkəmizin hər yerində qeyd olunması üçün dövlət tərəfindən Tədbirlər Planının hazırlandığını söylədi. Qeyd etdi ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “20 Yanvar faciəsinin 20-ci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiqləyib. Tədbirlər Planına uyğun olaraq, idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin, konfransların, yığıncaq və mühazirələrin keçirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı KİV-lərində, eləcə də, televiziya kanallarında və internet şəbəkələrində qanlı 20 Yanvar faciəsi barədə materiallara geniş yer verilməsi nəzərdə tutulub.

Baş redaktor 20 Yanvar faciəsinə qədər respublikada hökm sürən ictimai-siyasi proseslərə nəzər yetirdi, xalqın müstəqillik uğrunda apardığı mübarizə əzmindən danışdı: “SSRİ Konstitusiyasında xalqların təhlükəsizliyinin təmin olunması prinsipi mövcud idi. Ancaq Moskva bu prinsipi ayaq altına ataraq, o vaxtkı SSRİ respublikalarından biri olan Azərbaycanda kütləvi qətliam həyata keçirdi. 1990-cı ilin 20 yanvarında onlarla azərbaycanlı öldürüldü, yüzlərlə insan isə bu və ya digər formada sağlamlığından məhrum edildi. Bununla Moskva Azərbaycan xalqının mübarizə əzmini qırmağa ümid etmişdi. Ancaq o zaman dünyanın ən mübariz xalqı adını almış millətimiz milli-azadlıq uğrunda mübarizəsini davam etdirdi”.

B.Quliyev 20 Yanvar faciəsinin baş verməsində o vaxtkı milli-azadlıq hərəkatının önündə gedən şəxslərlə yanaşı, Azərbaycan rəhbərlərinin də günahı olduğunu qeyd etdi. Bildirdi ki, digər sovet respublikalarında olduğu kimi, müstəqillik mübarizəsini qansız-qadasız həyata keçirmək olardı.

Baş redaktor 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin ulu öndərimiz Heydər Əliyev tərəfindən verildiyini də bildirdi: “1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələn ulu öndərimiz Heydər Əliyev Bakıda 20 Yanvar faciəsinin törədilməsinə görə, bilavasitə, Qorbaçovun günahkar olduğunu bildirdi. Heydər Əliyev Bakıda baş verən qanlı olaylar barədə dünya ictimaiyyətini məlumatlandırdı. Bununla da Azərbaycanda mövcud olan informasiya blokadası ulu öndərimizin qətiyyəti sayəsində aradan qaldırıldı”.

B.Quliyev 20 Yanvar faciəsinin başvermə səbəbləri və o dövrdəki ictimai-siyasi vəziyyətlə bağlı müzakirələrin aparılmasının vacibliyini dəyirmi masa iştirakçılarının nəzərinə çatdırdı.

 

 

20 YANVAR TARİXİ VƏ GƏLƏCƏYƏ ÖRNƏK OLAN BİR GÜNDÜR

 

Kamil Seyidov:

- 20 Yanvar hadisəsinin kökü milli-azadlıq hərəkatının yaranmasının ilk dövrlərinə gedib çıxır. Məsələn, 1939-1940-cı illərdə Pribaltikada başlanan proseslər ittifaqdan çıxmaq məsələsinə xidmət edirdisə, bu, yalnız müəyyən qrup tərəfindən dəstəklənirdi. Ancaq Azərbaycanda bu proses kütləvi şəkildə başladı. SSRİ-nin Azərbaycana qarşı apardığı qeyri-obyektiv münasibət bütün kütləni meydana çıxartdı. Milli-azadlıq hərəkatına bir milyondan artıq insan qoşulmuşdu. Təbii ki, kütləvilik müəyyən qrup insanların meydana axışmasına gətirib çıxartdı. İstər yerli hakimiyyət orqanları, istərsə də mərkəzi orqanlar antimilli qüvvələrdən çox böyük bacarıqla istifadə etdilər. Hərəkatı daxildən parçalamaq, nüfuzdan salmaq üçün ciddi işə keçmişdilər. Proseslər öz axarı ilə getdiyi bir vaxtda Moskva tamam başqa bir ssenari həyata keçirdi. Bu da xalqın gözünü qorxutmaq yolu idi. O dövrdə mən Bakı Ali Partiya Məktəbində oxuyurdum, birinci kurs dinləyicisi idim. Raykom işçilərini həmin məktəbə göndərirdilər. Çünki Bakı Ali Partiya Məktəbinin yerləşdiyi bina Prezident Aparatının yanında idi. Orada artıq dərslər keçirilmirdi. Polyaniçkodan tələb olunurdu ki, Volskinin rəhbərliyi altında hansı proseslərin getdiyi haqqında məlumat versin. O suallara cavab verə bilmirdi. Çünki hər həftə Mərkəzi Komitədən üç-beş nəfər nümayəndə gedərək, təkidlə gələcək partiya işçilərinə hesabatlar verilməsini tələb edirdi. Burada söhbət xalqa qarşı əks olan proseslərdən gedirdi.

1990-cı ilin yanvar hadisəsi SSRİ-nin və o zamankı Azərbaycan rəhbərlərinin qurduğu ssenari əsasında baş verdi. Bu hadisənin baş verəcəyi haqqında azadlıq hərəkatı liderlərinin məlumatı var idi. Həmçinin, Mərkəzi Komitənin (MK) Azərbaycanda hakimiyyətdə olan insanları da bu haqda məlumatlı idi. Yadımdadır ki, bizim imtahan qrafikləri tutulmuşdu. Axırıncı imtahanımız yanvarın 23-25-i idi. Yanvarın 19-da səhər saatlarında MK üzvlüyünə namizəd, komsomolun katibi məktəbə gəldi ki, saat 15.00-da təcili qapılar bağlanmalıdır. Bizi həmin saata qədər imtahan verməyə tələsdirdilər. Bir neçə gün bundan öncə, artıq hadisənin baş verəcəyini hər kəs hiss edirdi. Bu hadisənin baş verməsində MK-nın o vaxtkı rəhbərliyinin, bu gün özünü demokrat adlandıran, xalqın adından danışmaq səlahiyyətinin ancaq onlara mənsub olduğunu bildirən hərəkat liderlərinin günahı olub. Onlar da öz məsuliyyətlərini hiss etməli, günahlarını etiraf etməlidirlər.

Bügünkü müzakirələr onu göstərdi ki, biz müəyyən hadisələrin etirafına hələ də hazır deyilik. Lakin sonrakı proseslər göstərdi ki, 20 Yanvar hadisəsi hüzn günüdür, tarixə və gələcəyə örnək olan bir gündür. Bu tarix milli qəhrəmanlıq səhifəsidir.

 

 

AZƏRBAYCAN XALQI ÜÇÜN “ÖLDÜ VAR, DÖNDÜ YOX!”

 

Nemət Pənahlı:

- O dövrdə siyasi hakimiyyətə aid olan insanların hamısına hadisənin baş verəcəyi barədə öncədən məlumat verilmişdi. Bu məqsədlə bütün hospitallar boşaldılmışdı. Qırğının olacağı Kommunist Partiyasına və Partiya Məktəbinə bəlli olmalı idi və olmaya bilməzdi də. Təbii ki, bizə də bəlli idi. Mən 1988-ci ilin meydan hadisəsində demişəm ki, bu azadlıq mübarizəsidir və bunu qan içində boğmağa çalışacaqlar. Bundan utanmamalı və çəkinməməliyik. Xatırladım ki, 20 Yanvar qırğınından sonra Bakı buxtasında gəmiçilər arasında belə bir şayiə yaydılar ki, şəhidlər burada dəfn olunmur və onlar hərbi maşınlarla Nargin adasında dəfn olunmağa aparılır. Azərbaycan gəmiçilərinin o dövrdəki qəhrəmanlığını xüsusi qeyd etmək istəyirəm. Onlar Bakı buxtasında mülki gəmilərlə bütün hərbi gəmiləri mühasirəyə aldılar. Onlara nə qədər ultimatum verilsə də, hədə-qorxu gəlinsə də “SOS” siqnalları ilə bu qətliamları bütün dünyaya bildirirdilər. “Orucov” gəmisi onlar üçün qərargah idi.

Bu gün bizi hadisəni bilib, xalqa məlumat verməməkdə ittiham edirlər. Guya bu haqda cəmiyyətə hər hansı bir məlumat verilsəydi, ordunun gəlib onları qıracağını desəydik, nə isə dəyişəcəkdi? Mən hərəkata rəhbərlik etmiş insanam. 20 Yanvar qırğınından öncə, barrikadalarda 100 minlərlə insan var idi. Bu fikri deyənlər elə zənn edirlər ki, xalq qırğının baş verəcəyini bilsəydi, qorxub geri çəkiləcəkdi. Ancaq əslində, belə deyil. İnsanlarımızın yalnız bir fikri var idi, o da “öldü var, döndü yox!” Təsəvvür edin, göydən alov yağırdı, qırğınlar gedirdi, əhali güllə-baran edilirdi. O vaxt Milli Müdafiə Şurasının qərargahı Səttarxan zavodunun mədəniyyət sarayında yerləşirdi. Sovet ordusunun atəş açmasına baxmayaraq, həmin zavodun ərazisindən Çapayevə, indiki Təbriz küçəsinə qədər insan izdihamı idi. Mən əlacsız qalıb, mikrofon vasitəsilə insanlardan geri çəkilmələrini və divarların arxasında gizlənmələrini xahiş etmişəm. İnsanlar bir addım da olsun geri çəkilmədilər. Artıq məcbur olub qırğını dayandırdılar. Bir daha təkrar edirəm ki, 1988-ci il meydan hərəkatı milyonluq mitinqlər idi. Bakıdakı qırğından sonra meydana 4 milyondan artıq insan çıxmışdı. Faktiki olaraq, fövqəladə vəziyyət elan olunmuşdu, yaylım atəşləri bütün şəhəri bürümüşdü, Bakı qan içində boğulurdu. Lakin millət bir an da olsa, geri çəkilmədi. Nə qədər etsələr də, MK-nın qarşısındakı insanları dağıda bilmədilər. Bu proses yanvarın 21-22-də də davam etdi. Beləliklə, bir daha aydın oldu ki, bu millət təsadüfən meydana çıxmayıb və nə uğrunda savaşdığını da çox gözəl bilirdi.

 

“Səs” qəzetinin əməkdaşı:

- Sizcə, 20 Yanvar faciəsinin törədilməsindən ötən 20 il müddətində hadisənin yerli mətbuat orqanlarında işıqlandırılması işi hansı səviyyədə həyata keçirilib? Beynəlxalq ictimaiyyətin bu haqda məlumatlandırılması üçün, konkret olaraq, hansı işlər görülüb?

 

 

XALQIMIZ QƏHRƏMANDIR, ONU UÇURUMA SALANLAR İSƏ NADANDIR

 

Araz Əlizadə:

- Azərbaycanın faciəsi haqqında ən geniş təbliğat aparan, yayan, ölkəmizin haqlı mövqeyini müdafiə edən “Azadlıq” radiosunun şef-redaktoru Mirzə Xəzər olub. Bu sahədə onun müstəsna xidmətləri olub. Onu da qeyd edim ki, o zaman biz faciənin şəkillərindən ibarət broşuralar buraxdıq. Onu da bütün beynəlxalq təşkilatlara yaydıq. 20 Yanvar hadisəsi mənim üçün xalqın qəhrəmanlığı, SSRİ rəhbərliyinin cinayəti və Azərbaycan Xalq Cəbhəsi rəhbərlərinin nadanlığı deməkdir. Xalqımız qəhrəmandır, onu uçuruma salanlar isə nadandır. Əfsuslar olsun ki, bu günə qədər hələ də 20 Yanvar şəhidlərimizin qanı yerdə qalıb. Mən indiyədək dərk edə bilmirəm ki, nə üçün Azərbaycan Prokurorluğu Qorbaçova qarşı cinayət işi açmayıb? Nə üçün Azərbaycan dövləti bu qədər insan qətliamına görə Haaqa Məhkəməsinə müraciət etməyib? Bu suallar mənim üçün hələ də cavabsız olaraq qalır.

 

 

ŞƏHİDLƏR XİYABANI XALQIMIZIN AND YERİNƏ ÇEVRİLİB

 

Vüqar Rəhimzadə:

- Sovet hakimiyyəti Bakıda keçirdiyi qanlı terror aktı vasitəsilə yalnız Azərbaycanın deyil, eyni zamanda, digər respublikaların da gözünü qorxutmağa çalışır, bu yolla Bakıdakı vəhşiliklərin onların da başına gələ biləcəyini göstərmək istəyirdi. Yalnız onlar bir şeyi hesablamağı unutmuşdular: Azərbaycan xalqının mərdliyini və dözümlü bir xalq olduğunu. Beləliklə, Bakıda məğlubiyyət onlara çox baha başa gəldi və nəticədə digər respublikalar da ayağa qalxaraq, öz müstəqilliklərini tələb etdilər. 20 Yanvar şəhidləri 1918-ci il Mart Soyqırımı qurbanlarının uyuduqları yerdə dəfn edildilər. Bu yer hazırda Şəhidlər Xiyabanı adlanır. Şəhidlər Xiyabanında 1990-cı il şəhidləri ilə 1918-ci il şəhidləri bir-birinə qovuşdu. Hazırda bura xalqımızın and yerinə çevrilib.

Bütün televiziya, radio və qəzet kimi əsas mətbuat orqanları sovet hökuməti tərəfindən idarə edildiyinə görə, xalqımız başına gələn hadisələri heç kimə deyə bilmirdi. Həmin müddət isə sovet rəhbərləri günahı öz boyunlarından atmaq üçün yüz plan hazırlayırdılar.

Hazırda Azərbaycanın ən çox əhalisinin öldürüldüyü yer 20 Yanvar adlandırılır. Bakı şəhərində, habelə, Azərbaycanın müxtəlif hissələrində 20 Yanvar şəhidlərinin adını daşıyan küçələr, məktəblər, abidələr var. Lakin ən möhtəşəm abidəni isə xalqımız öz qəlbində yaşadır və silahsız xalqımıza qarşı vurulan bu zərbə insanların qəlbində dərin yara buraxması ilə yanaşı, heç vaxt da silinməyəcəkdir. 20 Yanvar şəhidlərinin yaratdığı ən möhtəşəm abidə isə onların bizə, Azərbaycanımıza verdikləri müstəqillik və azadlıqdır.

Arzu edirik ki, xalqımızın qanını tökən, günahsız insanların ölümünə səbəb olan vəhşilər dünya çərçivəsində və beynəlxalq qurumlar içərisində tez bir zamanda cəzalandırılsın.

 

 

AZADLIQ HƏRƏKATINI “KQB”NİN TƏXRİBATLARINDAN QORUMAQ ÜÇÜN HEYDƏR ƏLİYEVİN TƏCRÜBƏSİNƏ EHTİYAC VAR İDİ

 

Aydın Quliyev:

- Bildiyimə görə, 20 Yanvar hadisəsinin qeyd olunması üçün Azərbaycan hökumətinin qərarı var. Belə bir qərarın verilməsi və müvafiq komissiyaların yaradılması çox əhəmiyyətlidir. Çünki əsas faktları bilsək də, hər il müzakirələr təzələndikcə, proseslər haqqında təsəvvürlərimiz daha da konkretləşir. Bu nöqteyi-nəzərdən, hökumətin bu qərarı çox dəyərlidir. Bugünkü dəyirmi masa da həmin qərar kontekstində öz dəyərini saxlayır. Mən 20 Yanvar hadisəsinin konkret detalları haqqında danışmaqda çətinlik çəkəcəm. Çünki o vaxt mən də Eldar müəllimlə birlikdə Naxçıvan idim. Çox yaxşı haldır ki, 20 Yanvar hadisəsinin mahiyyəti ilə bağlı Azərbaycanda konkret və ümumi bir fikir var. Bu, Azərbaycan xalqına qarşı təcavüz idi, cinayət idi. Bəzi dünya xalqlarından misallar göstərmək mümkündür ki, bu cür hadisələrlə bağlı həmin ölkələr daxilində vahid fikir yoxdur. Məsələn, Litvada belə bir qanun var ki, sovet təcavüzünü inkar edənlər qanunla cəzalandırılır. Amma Azərbaycanda 20 Yanvar hadisəsinə qarşı birmənalı fikir olduğu üçün bu cür qanunun qəbuluna ehtiyac yoxdur. Çünki ölkəmizdə hər kəs qəbul edir ki, bu hadisə xalqımıza qarşı əsil təcavüz, vəhşilik aktı idi. Hadisələrin mahiyyəti ilə bağlı vahid fikrin formalaşmasında Heydər Əliyevin rolu böyük olub. Onun 1990-cı il yanvarın 21-də Moskvada verdiyi bəyanat və 1991-ci ildə Naxçıvan Ali Məclisinin qəbul etdiyi qərar bu işdə müstəsna əhəmiyyət kəsb edib.

Bu gün bizi iki sual daha çox düşündürür və bunların ətrafında müzakirələr gedir. Birincisi, Azərbaycanda milli-azadlıq hərəkatına ehtiyac var idimi, ikincisi, 20 Yanvar hadisəsinin qarşısını almaq olardımı? Birinci sualın cavabı olaraq, konkret deyirəm ki, Azərbaycanda milli-azadlıq hərəkatına ehtiyac var idi. Bu, müstəsna zərurət idi. Çünki o illərdə ölkəmiz bir çox şey itirdi. Qarabağı Azərbaycandan qopartdılar və onun Ermənistanla birbaşa əlaqəsi yaradıldı, buradan xeyli insanımız qaçqın düşdü, seklatizm hərəkatı dünya miqyasına çıxdı, 200 mindən artıq soydaşımızı Ermənistandan qovdular və s. Bu günə qədər itirdiklərimizin heç birini bərpa edə bilməmişik. Əgər milli-azadlıq hərəkatı olmasaydı, o dövrdə verdiyimiz itkilər daha böyük ola bilərdi. Yəni, əgər o illərdə 5 metr torpaq itirmişdiksə, bu hərəkat olmasaydı, bu itki 15 metr olacaqdı. Bu gün həmin 15 metr torpağın həsrətini çəkəcəkdik. Bu baxımdan, milli-azadlıq hərəkatı labüd idi və olmalı idi. İkincisi, qəti şəkildə əminəm ki, sovet əsgərlərinin qarşısını almaq mümkün idi. Əgər respublika rəhbərliyi ilə meydan hərəkatını bir-biri ilə birləşdirmək mümkün olsaydı, bunu həyata keçirə bilən xarizmatik lider olsaydı, bu hadisələrin qarşısının alınması da real olardı.

Nemət, sən mənim dostumsan, xətrini çox istəyirəm (Nemət Pənahlıya müraciətlə). Amma bunlar sənin tarixdəki böyük səhvlərindən biridir. Hələ o zaman meydanda söhbətlər gəzirdi ki, hərəkatı Heydər Əliyev yaradıb və O da idarə edir. Hesab edirəm ki, həmin vaxt meydanda 4 milyon insanın qarşısında bir dəfə də Azərbaycana Heydər Əliyevin lazım olduğunu söyləsəydin və bunu əsaslandıra bilsəydin, 20 Yanvar hadisəsinin qarşısını almaq mümkün olardı. Çünki həmin dövrdə sənin sözünün çəkisi var idi. Beləliklə, faciənin miqyası daha az olardı. Dəfələrlə deyirsən ki, milli-azadlıq hərəkatı sənin üçün doğmadır. Onda hərəkatın mənafeyi naminə Heydər Əliyevi oraya cəlb etmək, qoşmaq lazım idi. Çünki hərəkatı “KQB”nin təxribatlarından qorumaq üçün Heydər Əliyevin təcrübəsinə ehtiyac var idi. Çünki Heydər Əliyev “KQB”nin generalı idi.

Müxbirin sualına cavab olaraq, bildirim ki, əlbəttə, 20 Yanvar hadisəsinin dünya miqyasında tanıdılması üçün Azərbaycan dövləti çox işlər görüb. Burada mətbuatın, qeyri-hökumət təşkilatlarının da rolu olub. Amma çox təəssüflər olsun ki, bu hadisənin Azərbaycan xalqına qraşı genosid, tarixi qırğın aktı olduğunu beynəlxalq tribunalarda qəbul etdirə bilməmişik. Hadisənin baş verməsindən ötən 20 illik müddət ərzində çox işlər görülüb. Bəzi ölkə parlamentlərində bununla bağlı bəyanatlar səsləndirilib, çoxsaylı tədbirlər keçirilib. Bu işdə hər bir ölkə vətəndaşının üzərinə böyük iş düşür. Çalışmaq lazımdır ki, bu işdə xaricdəki diaspor təşkilatlarımızın gücündən maksimum dərəcədə istifadə olunsun. Bu hadisənin dünya ictimaiyyəti arasında işıqlandırılmasına xüsus önəm vermək lazımdır.

 

Nemət Pənahlı:

- Heydər Əliyevlə əməkdaşlıq etməyimə peşman deyiləm. Ancaq ağa qara, qaraya demək mümkün deyil. Heydər Əliyev heç bir zaman hərəkatda olduğu, onu idarə etdiyi barədə iddia irəli sürməyib. Onunla yaxın münasibətim 1990-cı ildən sonra başlayıb və bir neçə dəfə görüşümüz olub. Əslində, Heydər Əliyevin adının əsassız olaraq meydanda hallandırılması Qorbaçovun Azərbaycanı qan içində boğmasına əsas verirdi. Onun Heydər Əliyevlə intriqası var idi. Ona görə Heydər Əliyevin hərəkata rəsmi şəkildə dəvət edilməsi Azərbaycanda daha artıq qan tökülməsinə səbəb olardı. Çünki o zaman seçim yox idi, təyinat var idi. SSRİ-nin rəhbərini və katiblərini də Moskva təyin edirdi. Meydan rəhbər təyin etmirdi ki, biz deyək ki, Ayaz Mütəllimov getsin, Heydər Əliyev gəlsin.

 

 

KÜBRA ƏLİYARLI,

 

SEVİNC NƏZƏROVA

 

Səs.- 2010.- 20 yanvar.- S. 8-9.