BSU-da 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

 

20 Yanvar faciəsinin iyirminci ildönümünün keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq, Bakı Slavyan Universitetində geniş tədbirlər planı hazırlanmışdır. Bu tədbirlər planı çərçivəsində universitetin müəllim və tələbələrinin Şəhidlər Xiyabanına ziyarəti təşkil edilmiş, fakültələrin Tələbə Gənclər Təşkilatlarında və Humanitar Liseydə Qanlı Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmiş, “Heydər Əliyev məktəbi” Tələbə Teleradiostudiyasında 20 Yanvar faciəsinə həsr olunmuş radioverilişlər hazırlanmış və universitetdə yayımlanmış, “Tələbə dünyası” qəzetində 20 Yanvar faciəsinə həsr olunmuş məqalələr dərc edilmiş, 19 yanvar 2010-cu il tarixində universitetdə keçirilən imtahanlarda və məşğələlərdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, universitetin rektorluğunun 20 Yanvar faciəsinin iyirminci ildönümünə həsr olunmuş geniş iclası keçirilmişdir. Tədbir 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra BSU-nun rektoru, AMEA-ın müxbir üzvü, professor Kamal Abdullayev çıxış edərək, 20 Yanvar faciəsinin xalqın, millətin, milli-azadlıq mübadiləsinin təntənəsi olduğunu qeyd etdi. Çoxlarının həyatında bu günün dönüş nöqtəsi olduğunu qeyd edən K.Abdullayev, əslində, bu günün öz azadlığı uğrunda mübarizə aparan xalqın SSRİ rejiminə qarşı etirazı olduğunu diqqətə çatdırdı: “Bu günü bütöv bir millət öz azadlıq mücadiləsinin təntənəsi kimi qeyd edir. Həmin dövrdə bütün vəzifələrindən kənarlaşdırılmış bir şəxsiyyət öz ailə üzvləri, yaxınları ilə birgə bütün baş verə biləcək təhlükələrə, sui-qəsdlərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, kommunist rejimi, SSRİ adlı imperiyasının riyakar siyasəti haqqında öz kəskin fikirlərini, düşüncələrini ittiham şəkildə dünya ictimaiyyətinə çatdırmışdı. Bu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev idi. Onun bu addımı xalqın gücünə güc qatdı. Şəhid olanlar arasında mənim tələbəm də vardı. Ülvi çox istedadlı yazar idi. Bundan başqa onların arasında mənim tanıdığım və tanımadığım insanlar vardı. Biz onları heç vaxt unutmayacağıq”. İclasda çıxış edən digər müəllim və tələbələr də 20 Yanvar həqiqətlərindən danışaraq, bu kimi tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən və bu istiqamətdə gənclərin üzərinə düşən məsuliyyətdən danışdılar.

 

 

ZÜMRÜD BAYRAMOVA

 

Səs.- 2010.- 20 yanvar.- S. 10.