Ülvi Bünyadzadənin anım mərasimi keçirildi

 

Tədbirdə 20 Yanvar gününə həsr olunan videoçarx nümayiş etdirildi

 

Dünən Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidləri və ADU-nun tələbəsi “Qanlı Yanvar”ın qurbanı olmuş Ülvi Bünyadzadənin anım mərasimi keçirildi. Mərasimdə ADU-nun rektoru, Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, AŞPA-nın vitse-prezidenti, millət vəkili, professor Səməd Seyidov, ADU-nun professor-müəllim heyəti və tələbələri iştirak edirdi.

Mərasimdən öncə, universitetin professor-müəllim heyəti və tələbələri müqəddəs Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin, o cümlədən, ADU-nun tələbəsi olmuş 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin məzarı üstünə al qərənfillər qoydular. Tədbir ADU-da yaradılmış Ülvi Bünyadzadə muzey-lektoriyası önündə davam etdirildi.

Mərasimi giriş sözü ilə ADU-nun rektoru, professor Səməd Seyidov açaraq, universitetdə 20 Yanvar şəhidlərinin iyirminci dəfə anıldığını, Azərbaycan xalqının əsrlər boyunca azadlıq uğrunda apardığı mübarizədə minlərlə oğul və qızlarımızın öz canlarını Vətən uğrunda qurban verdiklərini, şəhidlik zirvəsinə ucaldıqlarını vurğuladı: “Biz Azərbaycanın ən şərəfli və faciəli günlərini xatırlayırıq. Bu gün vətənin müstəqilliyini görmək istəyən oğul və qızlarımız Azərbaycanın müdafiəsinə qalxmışdır. Mən sizi bu günü unutmamağa, mübarizəyə, Azərbaycanı yüksəltməyə çağırıram “-deyə öz çıxışını tamamladı.

ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, psixologiya kafedrasının müdiri, dosent Misgər Məmmədov, Tələbə Gənclər Təşkilatı nəzdində “Olvi” Vətənpərvərlər Klubunun sədri Kamil Zeynalov da öz çıxışlarında şəhidlərimizin heç vaxt unudulmayacaqlarını və gələcək nəsillərə nümunə olacaqlarını vurğuladılar. Eyni zamanda, tələbələr tərəfindən hazırlanmış 20 Yanvar gününə həsr olunan videoçarx nümayiş etdirildi. Sonda tələbələr Ülvi Bünyadzadənin “Ömür yolu” poemasından parçaları müxtəlif dillərdə səsləndirdilər.

 

 

ZÜMRÜD

 

Səs.- 2010.- 20 yanvar.- S. 11.