20 Yanvar faciəsi hər zaman mətbuatın diqqət mərkəzində olub

 

Azərbaycan xalqı zaman-zaman yadellilərin, işğalçı qüvvələrin təcavüzünə, işğalına məruz qalıb. İstər rus imperiyasının, istərsə də, erməni təcavüzünün hücumlarına məruz qalan xalqımız heç zaman əyilməmiş və öz mübariz yolundan geri çəkilməmişdir. Xalqımızın ən ağır günlərindən biri olan 20 Yanvar faciəsindən 20 il ötür. Həmin gün  xalqımızın azadlıq mübarizəsinə qalxdığı gündür. Yəni bu gün həm hüzn günü, həm də şərəfli tarixi günlərimizdən biridir. Həmin gün şəhid olan Azərbaycanın oğul və qızları bu torpağa azadlıq toxumunu səpdilər.

 20 Yanvar faciəsinə ilk hüquqi qiymət müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev tərəfindən verildi.  Bu faciə, neçə illərdir ki, xalqın hüzn günü kimi qeyd olunur. Yaddaşımıza qara hərflərlə yazılan 20 Yanvar faciəsinin işıqlandırılmasında Azərbaycan mətbuatının rolu necə olub? Ölkə mətbuatı bu faciəni yetərincə işıqlandıra bilirmi? Buya digər suallarımızla qəzetlərin baş redaktorlarına müraciət etdik.

 

Nurəddin Heydərov,

Kaspi” qəzetinin baş redaktoru:

 

- Fikrimcə, 20 Yanvar faciəsinə Azərbaycan mətbuatı kifayət qədər diqqət ayırıb. Yəni, sadəcə, ildönümlərində bu qanlı Yanvarla bağlı məsələ qaldırılmayıb, il ərzində mərhələ-mərhələ bu məsələnin işıqlandırılmasına yer verilib. Mətbuatımızın bu istiqamətdə müsbət işi o oldu ki, 20 Yanvar hadisələri ictimaiyyətə bir faciə kimi yox, daha çox Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi, xalqın azadlıq mübarizəsinin təcəssümü kimi düşdü. Yəni, bu hadisələr qurur mənbəyi kimi, qəhrəmanlıq tarixi kimi Azərbaycan cəmiyyətinə təqdim edildi. Fikrimcə, biz mətbuat işçiləri olaraq, bu kimi hadisələri mətbuatda bu şəkildə də təqdim etməliyik. Bunu daha çox bir qəhrəmanlıq nümunəsi kimi təqdim etməklə, həm gələcək nəsildə, həm də ümumən xalqın özündə bu hissləri aşılamaq daha yaxşı olardı. Bir sözlə, mətbuat 20 Yanvar hadisəsinə daha dəqiq, daha konkret yanaşdığını və burada bir vətəndaşlıq mövqeyi göstərdiyini deyə bilərəm. 20 Yanvar hadisələrinin nədən yarandığı məsələsinə mətbuatda az yer ayrılır. Yəni, daha çox bu faciənin nəticələrindən yazmışıq. 

  20 Yanvar faciəsinə 10 gün qalmış bizim qəzetdə sözügedən hadisə ilə bağlı müəyyən yazılar dərc olunur.  Əsasən, analitik yazılara üstünlük verilir. Həmçinin, xəbər baxımından 20 Yanvar faciəsi ilə bağlı tədbirləri də işıqlandırmışıq.  

 

Akif Aşırlı,

“Şərq” qəzetinin baş redaktoru:

 

- 20 Yanvar faciəsi və Azərbaycanın digər tarixi faciələri mətbuat orqanlarında kifayət qədər işıqlandırılır və cəmiyyətə çatdırılır. Bu faciənin, nəinki Azərbaycan ictimaiyyətinə, eyni zamanda, dünyaya çatdırılmasında Azərbaycan mətbuatının misilsiz köməyi var. Ötən əsrin 90-cı illərinin əvvəllərindən, 20 Yanvar hadisələrindən sonra ölkə mətbuatına nəzər yetirsəniz, görərsiniz ki, bizim mətbuatımız bu faciəni törədənlərin aşkarlanması, onların niyyətləri haqqında və bu qırğını törədən silahlı qüvvələrin say tərkibi ilə bağlı kifayət qədər materiallar çap olunubdur. Təbii ki, bu, SSRİ imperiyasının Azərbaycan xalqına, Azərbaycan xalqının müstəqillik, azadlıq ideyalarına qarşı yürütdüyü bir siyasət idi. Bu, bir hərbi kampaniya idi. Respublikamızda başlanan bu azadlıq hərəkatı, eyni zamanda, imperiyanın məqsədli şəkildə Azərbaycan torpaqlarının Ermənistana verilməsinə sərt cavab idi. Azərbaycan torpaqları hesabına erməni dövlətinin sərhədlərinin genişləndirilməsi ötən əsrin 90-cu illərinin əvvəllərində xalqımızı ayağa qaldırmışdır. Həmin prosesləri Azərbaycan mətbuatı 1989-cu ildə işıqlandırmağa başlamışdır. “Səhər” qəzeti 20 Yanvar hadisələrini işıqlandıran bir qəzet idi. Ondan sonrakı proseslərdə də Azərbaycan milli mətbuatın bütün nümunələri bu məsələyə çox həssas yanaşırdı. Mən deyərdim ki, Azərbaycanın ümummilli məsələlərində ölkə mətbuatı kifayət qədər həmrəylik nümayiş etdiribdir. Yəni, bu faciələrin xalqa çatdırılmasında mətbuatımızın kifayət qədər rolu olubdur. Ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı Moskvadakı çıxışı, ümummilli liderimizin bu hadisələrə hüquqi qiymətin verilməsi ilə bağlı Naxçıvanın Ali Məclisində çıxışı mətbu orqanlarda dərc olunurdu. 

“Şərq” qəzeti bizim tarixi faciələrimizə hər zaman həssas yanaşıb. Ümumiyyətlə, biz həmişə 20 Yanvar günü küçə və meydançalara qara rəngdə çıxırıq. Ancaq bu da, matəm əlamətidir. İstintaq komissiyasının materialları əsasında araşdırmalar aparmışıq. Eyni zamanda, sovet qoşunlarının dağıdıcı fəaliyyəti haqqında, mütəmadi olaraq, “Şərq” qəzetində yazılar dərc olunur. Təkcə 20 Yanvar faciəsi deyil, həmçinin, Xocalı faciəsi də hər zaman mətbuatımızın, eyni zamanda, bizim qəzetin də diqqət mərkəzində olub. Yəni, Azərbaycan mətbuatı heç zaman xalqın ümummilli məsələlərinə, faciəvi günlərə laqeyd yanaşmayıb.

 

İradə Tuncay,

“Ədalət” qəzetinin baş redaktoru:

 

- Azərbaycan mətbuatı hər zaman 20 Yanvar faciəsinə geniş diqqət ayırıb. Yəni, mən bir mətbuat nümayəndəsi olaraq, Azərbaycan mətbuatının, KİV-in bu mövzuya münasibətindən razıyam.  “Ədalət” qəzeti olaraq, biz də hər zaman 20 Yanvar faciəsinə çox diqqətlə və həssaslıqla yanaşırıq. Çünki bu tarix bizim faciəvi günlərimizdən biridir. 20 Yanvar faciəsi heç zaman unudulmayacaq bir gündür. “Ədalət” qəzeti də 20 Yanvar faciəsinin nəticələrini araşdırır, bununla bağlı qəzetimizdə yazılar dərc olunur.

 

 

GÜLYANƏ AĞAKƏRİMOVA,

 

ANAR MƏCİDZADƏ

 

Səs.- 2010.- 20 yanvar.- S. 11.