“20 Yanvar faciəsi qəhrəmanlıq
səhifəsidir”
Ombudsman aparatında faciənin 20-ci ildönümü
ilə bağlı tədbir keçirildi
“Sovet imperiyasının
Azərbaycana qarşı genosid siyasətinin tərkib
hissəsini təşkil edən və insan hüquq və
azadlıqlarının kütləvi pozulması ilə nəticələnən
20 Yanvar faciəsi XX əsrdə insanlığa qarşı
törədilmiş zorakılığın, qeyri-insani
rəftarın, işgəncələrin ən
dəhşətlilərindən biri kimi xalqımızın
qan yaddaşına əbədi həkk olunubdur. Bu, yalnız
ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyil,
bütün Azərbaycan xalqına, millətinə,
ölkəmizə qarşı hərbi təcavüz idi”. Bu
fikirlər dünən Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili Aparatında
qanlı 20 Yanvar faciəsinin iyirminci ildönümünə
həsr edilmiş yığıncaqda səsləndi. Görüş
iştirakçıları faciə qurbanlarının
xatirəsi bir dəqiqəlik sükutla yad etdikdən sonra
ombudsman Elmira Süleymanova bildirdi ki, insan
hüquqlarının təmin edilməsi və
müdafiəsi üzrə beynəlxalq müqavilələri
imzalayan, hüquqi dövlət yaratmaq iddiasında olan
keçmiş sovet dövləti 20 il əvvəl
beynəlxalq hüquq normalarını və SSRİ
Konstitusiyasını pozaraq, Azərbaycana qarşı misli
görünməmiş hərbi təcavüz etdi. Nəticədə
insanların ən ali hüququ olan yaşamaq hüququ
kütləvi şəkildə pozuldu.
E.Süleymanova 20 Yanvar
faciəsinin iyirminci ildönümü ilə bağlı
bəyanat verdiyini və bu bəyanatın BMT-nin Baş
Katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına,
ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa
Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına,
Beynəlxalq Sülh Bürosuna, Universal Sülh
Federasiyasına, müxtəlif ölkələrin
ombudsmanlarına, Azərbaycan Respublikasının xarici
ölkələrdəki və xarici ölkələrin
respublikamızdakı səfirliklərinə, habelə,
Azərbaycanın diaspor təşkilatlarına
ünvanlandığını söylədi. Bu
sənəddə dinc əhaliyə qarşı həyata
keçirilən cəza tədbirləri zamanı, insanlıq
əleyhinə törədilmiş dəhşətli faciə
nəticəsində BMT-nin İnsan Hüquqları haqqında
Ümumi Bəyannaməsinin, habelə, insan hüquqlarına
dair digər beynəlxalq hüquqi sənədlərin
müddəalarının kobud şəkildə pozulduğu,
bu faciəyə bu günə kimi beynəlxalq hüquqi
qiymət verilmədiyi bildirilir.
Sonra Ombudsmanın
bəyanatının tam mətni səsləndirildi. Həmin
bəyanatda haqlı tələblərimizin
dəstəklənəcəyinə ümid ifadə olundu.
Yığıncaqda
xalqımızın faciə qurbanlarının milli-azadlıq
uğrunda nümayiş etdirdiyi birliyi heç vaxt
unutmayacağı, dövlətçiliyimizin
möhkəmlənməsi, taleyüklü prioritet
məsələlərinin həlli, insan hüquqlarının
müdafiəsi, qanunun aliliyi naminə öz milli
həmrəyliyini daha da yüksəldəcəyi qeyd edildi.
Tədbirdə “20 Yanvar”
Cəmiyyətinin sədri Soltan Əzimzadə, faciə
günlərində şəhid olmuş kimya elmləri
doktoru, professor İsmayıl Mursaqulovun həyat yoldaşı
Gülüş Mursaqulova, digər şəhid ailəsini
təmsil edən Şövkət Xanməmmədova, Liderlik
Məktəbinin üzvləri çıxış
edərək, qanlı yanvar gecəsində faciə
qurbanlarına təcili tibb yardımı
göstərmələrindən, torpaqlarımızın
bölünməzliyi uğrunda mübarizəyə
qalxmış oğullarımızın hünəri
barədə danışdılar.
Tədbirdə,
həmçinin, Şövkət Xanməmmədovanın
yaddaşlardan silinməyəcək faciəyə həsr
etdiyi “20-dən 20-yə” adlı kitabı mərasim iştirakçılarına
təqdim edildi.
Tədbirdə Liderlik
Məktəbinin yetirmələri 20 Yanvar faciəsi ilə
bağlı mülahizələrini söylədilər,
şeirlər ifa etdilər.
R.HÜSEYNOVA
Səs.- 2010.- 20 yanvar.- S. 12.