Ölkəmizdə müasir səhiyyə sisteminin
yaradılması uğurla həyata keçirilir
Prezident İlham
Əliyev: “Azərbaycanda
son illər ərzində
səhiyyə sahəsində
çox uğurlu işlər görülür”
Yanvarın 21-də Bakıda Respublika klinik uroloji xəstəxanasının əsaslı
təmirdən sonra açılışı olub. Azərbaycan Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Mehriban xanıma gül
dəstəsi təqdim
edildi. Prezident İlham Əliyev və xanımı səhiyyə müəssisəsində
yaradılmış şəraitlə
tanış oldular. Respublika klinik uroloji
xəstəxanası keçmiş
Sovet İttifaqında
ilk ixtisaslaşmış uroloji
klinikalardan biri olmaqla, 1966-cı ildə akademik Mirməmməd Cavadzadənin rəhbərliyi
ilə yaradılıb.
Xəstəxanada 1969-cu ildə hemodializ
və süni böyrək laboratoriyası
açılmış, 1971-ci ildə Cənubi Qafqazda və Yaxın Şərqdə
ilk dəfə uğurlu
böyrəkköçürmə əməliyyatı aparılıb.
Praktik fəaliyyətlə yanaşı,
bu xəstəxananın
respublikada urologiya və nefrologiya elminin inkişafında böyük rolu olub. Təsadüfi deyil ki,
1972-ci ildə uroloqların
I Ümumittifaq Qurultayı
məhz Bakıda, Respublika klinik uroloji xəstəxanasında
keçirilib. O zaman
qurultay nümayəndələri
ümummilli lider Heydər Əliyev tərəfindən yüksək
səviyyədə qəbul
edilib. Ümumiyyətlə, bu klinikada
1983-cü ilədək 30 böyrəkköçürmə
əməliyyatı aparılıb.
Lakin maddi-texniki bazanın və donor orqan təchizatının zəifləməsi
nəticəsində klinikanın
böyrəkköçürmə sahəsində fəaliyyəti
dayandırılmışdır. Prezident İlham Əliyevin 2007-ci ilin sentyabrında klinikanın əsaslı təmir və təchizatı, onun nəzdində böyrəkköçürmə
mərkəzinin yaradılması
haqqında imzaladığı
Sərəncama uyğun
olaraq Prezidentin Ehtiyat Fondundan, habelə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən
ayrılmış vəsait
hesabına xəstəxanada
yenidənqurma işləri
aparılmışdır. Nəticədə klinika ən
müasir standartlara cavab verən tibb ocağına çevrilib. Azərbaycan
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xəstəxana ilə tanış
oldular. Səhiyyə naziri Oqtay Şirəliyev
məlumat verdi
ki, xəstəxananın
hər üç korpusu əsaslı təmir olunub. Ümumi sahəsi 6,7 min kvadratmetr olan xəstəxanada 167 otaq, o
cümlədən 47 palata,
7 otaqdan ibarət iki əməliyyat bloku, mətbəx və s. əsaslı təmir edilib, yeni qazanxana tikilib, tibb ocağını
fasiləsiz elektrik enerjisi ilə təmin edən generator, mərkəzləşdirilmiş havalandırma sistemi qurulub. 120 çarpayılıq
klinikada uroloji və nefroloji xəstələrə yüksək
səviyyədə tibbi
yardım göstərmək
imkanı olan qəbul, xroniki böyrək çatışmazlığı,
uşaq uroloji, hemodializ, böyrəkköçürmə,
reanimasiya və anesteziologiya, şüa diaqnostikası şöbələri,
immunoloji laboratoriya vardır.
***
Xəstəxananın fəaliyyəti
ilə tanış
olan Prezident İlham ƏLİYEV səhiyyə
ocağının tibb
heyəti ilə görüşdü, onları
təbrik edərək
dedi:
-Ürəkdən təbrik edirəm. Bu gün uroloji xəstəxana əsaslı təmirdən sonra açılmışdır. Çox şadam ki, bütün təmir-quraşdırma işləri yüksək səviyyədə aparılmışdır. Yəqin ki, siz bilirsiniz, iki il bundan əvvəl görkəmli alim, akademik Mirməmməd Cavadzadə mənə bu xəstəxananın təmiri ilə bağlı müraciət etmişdi. O müraciəti Mirməmməd müəllim mən onu “İstiqlal” ordeni ilə təltif etdiyim zaman etmişdir. Azərbaycanın dövlət büdcəsində bu məsələlər üçün vəsait nəzərdə tutulmamasına baxmayaraq, mən qərar qəbul etdim ki, Prezidentin Ehtiyat Fondundan ilkin vəsait ayrılsın və biz təmir işlərini aparaq. Birinci fikir belə idi ki, ancaq bir mərtəbə təmir olunsun və burada müasir böyrəkköçürmə mərkəzi yaradılsın. Ancaq sonra qərara gəldik ki, ümumiyyətlə bütün xəstəxana təmir edilsin, faktik olaraq yenidən qurulsun. Həm təmir işləri görülüb, həm də müasir avadanlıq quraşdırılıb. Yəni, bu gün bu xəstəxana ən yüksək standartlara cavab verir və burada ən gözəl, müasir avadanlıq quraşdırılıb. Mən çox şadam ki, bu gün biz bu xəstəxananın elə bil yeni həyatını birlikdə qeyd edirik. Mən hesab edirəm ki, bu xəstəxanaya Mirməmməd Cavadzadənin adının verilməsi düzgün olardı. Çünki bu xəstəxananın yaradılmasının təşəbbüskarı məhz o olmuşdur və 40 ildən çox müddət ərzində xəstəxanaya rəhbərlik etmişdir. Bu münasibətlə bütün lazımi qərarlar verilməlidir və Mirməmməd müəllimin adı əbədiləşdirilməlidir.
Ümumiyyətlə, Azərbaycanda son illər ərzində səhiyyə sahəsində çox uğurlu işlər görülür. Yeni xəstəxanaların açılışı çox geniş vüsət almışdır, həm Bakıda, həm ölkəmizin müxtəlif rayonlarında. Bölgələrdə 10 müalicə-diaqnostika mərkəzi tikilib, 6-sı tikilməkdədir. Demək olar ki, bütün rayonlarda mərkəzi xəstəxanalar, uşaq xəstəxanaları təmir edilir, yeniləri tikilir. Bakıda çox böyük elmi-tədqiqat institutlarının əsaslı təmir işləri başa çatır və bəziləri - Oftalmologiya, Onkologiya, Talassemiya mərkəzləri artıq istismara verilibdir. Bu gün uroloji xəstəxananın açılışını qeyd edirik. Dövlət Tibb Universitetinin iki korpusu - terapevtik və cərrahiyyə korpusları. Orada da işlər gedir. Hərbi hospital, Daxili İşlər Nazirliyinin hospitalı, Gömrük Komitəsinin hospitalı - bütün bunlar Azərbaycanın səhiyyə sisteminin müasirləşməsinə xidmət göstərir. Çox vacibdir ki, bu gözəl şəraitdə insanlara yüksək tibbi xidmət göstərilsin. İndi bunu etmək üçün bütün imkanlar vardır. Gözəl şərait, ən müasir avadanlıq. Əsas odur ki, bu tibb müəssisələrində çalışan həkimlər və bütün işçilər insanlara, xəstələrə ən yüksək tibbi xidmət göstərsinlər. Əminəm ki, belə də olacaqdır. Bu xəstəxanalarda işləmək üçün bütün şərait, xəstələrin müalicəsi, diaqnostika üçün bütün imkanlar vardır. Beləliklə, biz Azərbaycanda müasir səhiyyə sisteminin yaradılması işində növbəti vacib addımı atırıq. Əminəm ki, gələcək illərdə bizim bütün planlarımız həyata keçiriləcəkdir. Təkcə keçən il, - böhranlı il olmasına baxmayaraq, - Azərbaycanda 59 yeni səhiyyə müəssisəsi yaradılıb, yaxud da ki, əsaslı təmir edilibdir. Bu il də bu proses davam edəcəkdir. Biz elə etməliyik ki, həm Bakıda, həm bütün bölgələrdə hər bir vətəndaş yüksək tibbi xidmət almaq üçün imkanlara malik olsun. Mən sizi bu gözəl xəstəxananın yenidən fəaliyyətə başlaması münasibətilə bir daha təbrik edirəm. Sizə işlərinizdə uğurlar arzulayıram.
***
Xəstəxananın kollektivi
adından Prezident İlham Əliyevə minnətdarlıq edən tibb bacısı Vəzifə QULİYEVA dedi:
-Hörmətli Prezident və hörmətli Mehriban xanım!
Bugünkü sevinci bizə bəxş etdiyiniz üçün klinikanın rəhbərliyi və kollektivi adından çox dərin təşəkkürümüzü bildiririk. Biz tibb işçisi olaraq Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirik.
Çox sağ olun!
***
Sonda xatirə şəkli çəkdirildi.
Səs.- 2010.- 22 yanvar.- S. 2.