Azərbaycan dövlətinin qayğısı nəticəsində QHT sektorunda ciddi inkişaf baş verib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin yap.orq. az-a müsahibəsi

 

- Azay müəllim, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldıqdan sonra vətəndaş cəmiyyətində nə kimi yeniliklər baş verib? İstərdik ki, bu istiqamətdə görülən işlər haqqında məlumat verəsiniz.

- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şuranın yaranmasından təxminən iki ilə yaxın vaxt keçir və aprel ayında onun fəaliyyətinin iki ili tamam olacaq. Qısa müddət keçməsinə baxmayaraq, hesab edirəm ki, şura QHT sektorunda kifayət qədər nəzərəçarpacaq işlər, layihələr həyata keçirib. Prezident İlham Əliyevin bu şuranı təsis etməsi vətəndaş cəmiyyətinin tarixində çox ciddi hadisə oldu və QHT-lər yeni inkişaf mərhələsinə qədəm qoydular. İndiyə qədər dövlətlə QHT arasında olan əməkdaşlıq formaları çox inkişaf etməmişdi, QHT-lər xarici donorlardan asılı vəziyyətdə idi. Şura yarandıqdan sonra, ilk növbədə, dövlətin ayırdığı vəsaiti QHT-lərin layihələrinə yönəltmək səlahiyyətinə malik oldu. Bu çox böyük yenilik idi. Eyni zamanda, bu fakt göstərdi ki, dövlət QHT sektorunu maddi baxımdan dəstəkləmək əzmindədir. QHT-lərə Dövlət Dəstəyi Şurasının səlahiyyətlərinə QHT-lərin yaranması, formalaşması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, QHT-lərin fəaliyyəti üçün münbit şəraitin yaradılması, onların informasiya təminatı və beynəlxalq əlaqələrinin qurulmasında texniki dəstəyin verilməsi və s. məsələlər əks olunub. Bütün bunlar şuranın fəaliyyət dairəsinə daxildir. Onu da qeyd etmək istəyirəm ki, bu müddət ərzində QHT sektorunda xüsusi canlamanı müşahidə edirik.

- Azərbaycanda fəaliyyət göstərən QHT-lər haqqında ümumi məlumatlar mövcuddurmu? Eləcə də, beynəlxalq qurumların yerli QHT-lərlə əməkdaşlığı hansı səviyyədədir?

- Şura yaranandan sonra bütün QHT-lərin keçdiyi yol araşdırılmağa başladı. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən bütün QHT-lərin siyahısını almışıq və onların fəaliyyətini araşdırırıq. Bir növ bu sahədə yenidən strukturlaşdırma başlayıb. Bu, çox önəmlidir. İlk dəfədir ki, QHT-lər haqqında milli hesabat hazırlayırıq. Belə bir hesabat indiyə qədər olmamışdı. Bu hesabatda QHT-lərlə bağlı bütün məlumatlar əksini tapmalıdır. QHT-lərin maliyyə mənbələri tam şəkildə araşdırılacaq. Beynəlxalq təşkilatlar tərəfindən ictimai sektora yatırılan vəsaitin həcmi və istiqamətini müəyyənləşdirməyə çalışırıq. Bundan əlavə, bu sektorda çalışan şəxslərin, könüllülərin statistikası aparılır. Xarici ölkələrdə QHT-lərin ÜDM-in formalaşmasında yeri müəyyənləşir. Biz də bilmək istəyirik ki, QHT sektor olaraq ölkənin inkişafında hansı formada iştirak edir və rəqəmlərdə özünü necə göstərir. Eyni zamanda, QHT standartları müəyyənləşir. Ölkədə yüzlərlə QHT var ki, adı var, özü yoxdur. QHT var ki, bir ailənin çevrəsindədir.

- Yəqin bu təşkilatlar yalnız qrant almaq üçün yaradılır..

- QHT-nin əsas məqsədi qrant olmamalıdır, onlar ictimaiyyəti narahat edən məsələlərin həllinə kömək etməlidir. Qrant problemlərin həlli üçün bir köməkdir. Ona görə də, şuranın yaranmasından sonra bütün bunların hamısı gündəmə gəlib. Şura QHT-lərə iki il ərzində təxminən 3 milyon 500 min manata yaxın vəsait ayırıb. Müqayisəli şəkildə desək, ölkəyə 21 milyon dollardan çox vəsait daxil olub. Bunun yalnız təxminən 3 milyonu şuranın payına düşür. Amma bu faktın özü çox böyük əhəmiyyət kəsb edir. Çünki ilk dəfədir ki, dövlət QHT-lərə qrant ayırır. Hətta bu vəsait hökumətin fəaliyyətini tənqid edənlərə də verilir. Biz buna normal yanaşırıq. Əsas missiyamız odur ki, bütün QHT-lərə bərabər şərait yaradılsın və onların təşəbbüslərinə qiymət verilsin. Belə olan halda, münasibətlər yeni müstəviyə qədəm qoydu və tərəflər arasında qarşılıqlı etimad artdı. Bu gün bütün bölgələrdə QHT-lər fəaliyyət göstərir. Bütün bunlar vətəndaş cəmiyyəti sahəsində inkişafın göstəricisidir.

- 2010-cu ilin dövlət büdcəsində QHT-lərə nə qədər vəsait ayrılıb? Şura tərəfindən müsabiqələrin elan olunması sahəsində vəziyyət necədir?

- Bu ilin dövlət büdcəsindən QHT sektoru üçün 2 milyon 68 min manat vəsait ayrılıb. Biz bu vəsaiti bir neçə mərhələdə təqdim edəcəyik. Artıq birinci mərhələyə başlamışıq. Bilirsiniz ki, hələ ötən ilin dekabr ayında ilk qrant müsabiqəsinin elanını verdik və yanvarın 15-də sənədlərin təqdim edilməsi mərhələsi başa çatdı. Artıq bir ay ərzində 484 təşkilatdan layihə almışıq. Bu rəqəm ötən illə müqasiyədə çox böyükdür. Keçən il 1 milyon 848 min manat vəsait müqabilində cəmi 568 layihə almışdıqsa, indi 903 min manatın müqabilində 484 ərizə almışıq. Bu, ilk növbədə, dövlətin QHT-lərə yardımına olan inamdır. Şuranın daxil olan ərizələri obyektiv araşdırmaq baxımından üzərinə məsuliyyət düşür. Biz az vəsaiti daha ədalətlə bölməliyik. Müsabiqəni isə üç mərhələdə həyata keçiririk. Birinci mərhələdə katibliyin tərkibində yaradılan komissiya ilk texniki seleksiyaları həyata keçirir. Şərtlər və qaydalar çərçivəsində hər bir QHT-nin layihəsi qəbul olunur. Və qaydalara əməl olunubsa, layihə ikinci mərhələyə təqdim edilir. Ötən il bu baxımdan bəzi QHT-lərə müəyyən güzəştlər etdik. Amma bu dəfə belə olmayacaq. Bir həftədən sonra ekspertiza mərhələsi başlayacaq. Ötən il bir layihənin dəyərləndirilməsinə üç eksperti cəlb etmişdik. Bu il isə iki ekspertin imkanlarından istifadə edəcəyik. Səbəb odur ki, bir layihənin üç ekspert tərəfindən dəyərləndirilməsinə xeyli vaxt gedir. Bu da bizim digər mərhələlərdə vaxtımızı məhdudlaşdırır. Dəyərləndirmədən sonra şura müvafiq qərarlar qəbul edəcək. Bütün işlər qrafikə uyğun şəkildə gedərsə, martın 10-dan sonra nəticələri elan edə bilərik. Aprel-may ayında isə yeni müsabiqələrin elan edilməsini düşünürük. Bundan başqa, bizim həm beynəlxalq təşkilatların, həm də özəl sektorun nümayəndələri ilə birgə layihələrimiz olacaq. Ekoloji təşəbbüsləri də dəstəkləyəcəyik.

- Ötən il keçirilən müsabiqəyə kəskin etiraz edən QHT-lər də oldu. Onlar sizi qeyri-obyektiv olmaqda ittiham edirdilər. Yenə də belə iradlar gözləyirsinizmi? QHT-lər vaxtında maliyyə hesabatlarını təqdim edirlərmi?

- Bəzi QHT-lər özlərini çox ərköyün aparırlar. Onlar bizə maliyyə hesabatını vaxtında təqdim etmirlər. Müəyyən səhlənkarlığa yol verirlər. Bu cür QHT-lərlərin siyahısını müəyyənləşdirmişik. Yəqin ki, bu təşkilatlarla gələcəkdə əməkdaşlıq etməyəcəyik. QHT-lər özlərinə arxayın olmalı, innovativ təşəbbüslərlə çıxış etməlidirlər. Rəqabətə tab gətirən layihələr hazırlamalıdırlar və təkliflərini kifayət qədər əsaslandırmalıdırlar. Hər hansı xahişlə, tapşırıqla, müdaxilə ilə şuradan qrant almaq mümkün deyil. Çünki layihələr ekspertlərin rəyi ilə qəbul olunur. QHT-lər peşəkarlığa üstünlük verməlidirlər. Biz ictimai əhəmiyyətli layihələrə dəstək verməyə çox maraqlıyıq. Bəzi QHT-lərin layihələrində məna-məzmun olmasa da, çox iddialı olurlar. Belə layihələr keçməyəndə isə milli donor institutu əsassız tənqidlərə tuş gəlir. Belə olmamalıdır. Hesab edirəm ki, bu prosesdə şəffaflığın təminatı baxımından KİV-lər də fəal rol oynamalıdır.

- Hazırda ölkəmizdə nə qədər QHT qeydiyyatdan keçib? QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması yeni təşkilatların yaranmasına da təsir edirmi?

- Bəli, şura yaranandan sonra QHT-lərin də sayı xeyli dərəcədə artıb. Ümumiyyətlə, hazırda 2500-ə qədər QHT Ədliyyə Nazirlyində qeydiyyata alınıb. Biz bu təşkilatların mərkəzləşdirilmiş vahid məlumat bazasını yaradırıq. Bunu hazırlamaq üçün QHT-lərlə əlaqələr qurmuşuq. Və hazırda 800-ə yaxın təşkilatın baza məlumatlarını hazırlamışıq. Hesab edirəm ki, yaxın aylarda QHT məlumat kitabını ictimaiyyətə təqdim edəcəyik.

- Azay müəllim, bəzi beynəlxalq təşkilatlar Azərbaycan haqqında qərəzli məlumatlar yayır. Onlardan biri “Freedom House” bu yaxınlarda açıqladığı hesabatda ölkəmiz haqqında qeyri-obyektiv mövqe nümayiş etdirib. Belə təşkilatların düzgün mövqeyə gətirilməsi üçün yerli QHT-lər hansı addımlar atmalıdırlar?

- Təəssüflər olsun ki, belə hallar mövcuddur. “Freedom House”un son illər hazırladığı hesabat obyektivlikdən çox uzaq və Azərbaycana qarşı aparılan kampaniyanın tərkib hissəsidir. Onların bizimlə birbaşa əlaqələri yoxdur. Bu təşkilatlar hesabat hazırlayan zaman özlərinin prinsiplərinə uyğun olan QHT-lərlə əlaqə saxlayırlar, ya da heç kimlə əlaqə saxlamırlar. Əvvəllər mən bir neçə dəfə həmin təşkilatın nümayəndələrinə iradımı bildirmişəm. Cavab olaraq mənə deyiblər ki, “Azərbaycanda obyektiv məlumat almaq üçün elə bir mənbə yoxdur. Hesabatlar hazırlanmır ki, onlara istinad edək”. Bu bəhanələri aradan qaldırmaq üçün addımlar atırıq. İlk dəfədir ki, QHT-lərlə bağlı milli hesabat hazırlayırıq. Bu hesabat elə formadadır ki, istənilən beynəlxalq təşkilatlar istənilən indekslə bağlı həmin hesabata müraciət edə bilər. Yetər ki, burada istək və səmimiyyət olsun.

 

 

Səs.- 2010.- 22 yanvar.- S. 4.