“Kitab abidələri
haqqında” əsasnamə hazırlanıb
Şəxsi kolleksiyalarda saxlanılan 244 kitab abidəsi
aşkar edilib
Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli “Daşınar əmlakın
rəsmi reyestrləri, onların tərtib edilməsi və
aparılması Qaydaları”nın təsdiq edilməsi barədə
Fərmanı imzalandıqdan sonra Mədəniyyət və
Turizm Nazirliyində respublikada mövcud olan unikal və nadir
nüsxəli kitabların, xüsusi əhəmiyyətli nəşrlərin,
əlyazmaların və s. aşkar edilməsi işinə
başlanmışdır.
Bununla əlaqədar Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən Azərbaycan
Respublikasında milli-mədəni irsin mühafizəsi və
gələcək nəsillərə
çatdırılması sahəsində dövlət siyasətinin
müəyyən etdiyi qanunvericilik aktları və digər
qanun və sərəncamlara müvafiq olaraq “Kitab abidələri
haqqında” Əsasnamə hazırlanmışdır.
Nazirliyin mətbuat xidmətinin
bugünədək olan məlumata əsasən, nazirlik tərəfindən
3566 adda müxtəlif formada kitab abidəsi dövlət
reyestrinə daxil edilmişdir. Onlardan 1320 adda kitab abidəsi Mədəniyyət
və Turizm Nazirliyinin sistemində,
2002 adda kitab abidəsi digər nazirlik, idarə və təşkilatların
kitabxanalarında və muzeylərində, 244 adda kitab abidəsi
isə şəxsi kolleksiyalarda olan nüsxələrdir.
Nazirliyə təqdim
olunmuş məlumatlara əsasən, Prezident Kitabxanasında
1088 adda, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında 577
adda, BDU-nun Elmi Kitabxanasında 287 adda, Milli Arxiv İdarəsində
69 adda, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 143 adda,
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda 14 adda,
Azərbaycan Texniki Universitetinin kitabxanasında 48 adda, Azərbaycan
Pedaqoji Universiteti 190 adda, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin kitabxanasında 36
adda, Azərbaycan Dillər Universitetinin kitabxanasında 8 adda,
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
Respublika Elmi Tibb Kitabxanasında 39 adda, Azərbaycan
Respublikası Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Agentliyinin Respublika Elmi-Texniki
Kitabxanasında 30 adda, Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi Respublika Elmi Kənd Təsərrüfatı
kitabxanasında 50 adda, Cəfər Cabbarlı adına Dövlət
Teatr Muzeyində 79 adda, Lətif
Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyində 39 adda, Musiqi Mədəniyyəti
Dövlət Muzeyində 4 adda, Bakı şəhər Mədəniyyət
və Turizm İdarəsinin tabeçiliyində olan
kitabxanalarda 14 adda kitab abidələri müəyyən edilmiş və
qeydə alınmışdır.
Azərbaycan
Respublikasında ən qədim kitab abidələri Prezident
Kitabxanasında 1591-ci ildə italyan dilində çap
olunmuş Appresso Erasmo, Viotto Parma “Historia di Parma”, M.F.Axundov
adına Milli Kitabxanasının
nadir kitablar fondunda saxlanılan 1595-ci ildə
Almaniyanın Yena şəhərində alman dilində
çap olunan “Türklər haqqında on nəsihət”
kitabları qeydə alınmışdır.
Reyestrin tərtibi
zamanı şəhər (rayon) kitabxanalarında və
tarix-diyarşünaslıq muzeylərində çoxlu sayda
kitab abidələri aşkar edilmişdir. Azərbaycan
Respublikasında şəxsi kolleksiyalarda saxlanılan kitab abidələrini
aşkar etmək üçün yerli qəzet, radio və
televiziya vasitəsi ilə əhaliyə müraciət edilməsi
barədə şəhər (rayon) mədəniyyət və
turizm idarələrinin (şöbələrinin) rəhbərlərinə
tapşırıqlar verilmişdir. Bugünkü məlumatlara
əsasən, reyestrdə şəxsi
kolleksiyalarda saxlanılan 244 kitab abidəsi aşkar
edilmişdir.
Azərbaycan
xalqının milli-mədəni sərvətləri, milli-mədəni
dəyərləri min illərlə
kitab yaddaşında qorunub saxlanılmış və gələcək
nəsillərə çatdırılmışdır. Nadir
nüsxələrə çevrilmiş əlyazmalar, kitab, qəzet
və jurnalların çoxu bugünkü nəsillərə
əmanət qalıb və tariximizin,
iqtisadiyyatımızın, mədəniyyətimizin müxtəlif
mərhələlərdə inkişafı barədə məlumat
verən yeganə mənbələrdir.
Respublikanın
bütün şəhər və rayonlarında məhz onlara
xas olan təkrarolunmaz və bənzərsiz materiallar (yerli qəzetlər
və nəşrlər) saxlanılır ki, onlar əbədi
mühafizə edilərək, konservasiya olunması və gələcək
nəsillərə çatdırılması zəruridir.
Zümrüd
Səs.- 2010.- 22 yanvar.- S. 12.