Bələdiyyə seçkiləri Prezident İlham Əliyevin yürütdüyü siyasətin vətəndaşlar tərəfindən dəstəkləndiyini bir daha təsdiq etdi

 

Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun APA-ya müsahibəsi

 

- YAP bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığa start veribmi?

- Bu yaxınlarda Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinin nəticələri elan olundu və YAP bu seçkilərdə qalib gəldi. Bu seçkilər YAP-ın mövqeyini növbəti dəfə ortaya qoydu, ictimai nüfuzunu bir daha təsdiqlədi. Xüsusilə, bu seçkilər Prezident İlham Əliyevin yürütdüyü siyasətin vətəndaşlar tərəfindən dəstəkləndiyini təsdiq etdi. 2010-cu il isə Azərbaycanın siyasi həyatında parlament seçkiləri ilə əlamətdar olacaq. Seçkilər noyabrda keçiriləcək və YAP bu seçkilərdə fəal iştirak edəcək. Baxmayaraq ki, seçkilərə təxminən 10 ay var, YAP özünün illərlə formalaşmış ənənəsinə uyğun olaraq, yaxın zamanlarda partiya daxilində bu seçkilərə hazırlığa start verəcək.

- Neçə vaxtdır, mətbuatda YAP-ın namizədləri ilə bağlı müzakirələr aparılır, bəzən namizədlərin siyahısı da təqdim olunur. YAP-ın namizədlər siyahısı 2005-ci il parlament seçkilərindəki siyahıdan nə qədər fərqlənəcək?

- İndi 2010-cu ildir və təbiidir ki, 2005-ci ildə keçirilən seçkilərin nəticələri əsasında formalaşmış tərkibin indiki seçkilərdə eynilə saxlanılacağını düşünmək sadəlövhlük olardı. 5 il ərzində Azərbaycanda çox böyük inkişaf gedib, ölkəmiz həm iqtisadiyyatda, həm siyasətdə inkişaf mərhələsi keçib. Digər tərəfdən, parlament 5 il ərzində əhəmiyyətli dərəcədə gərgin fəaliyyət göstərib. Həyat inkişaf edir, qarşıya yeni-yeni vəzifələr çıxır. Bütün bunların hamısı partiyanın qarşıdan gələn seçki kampaniyasında namizədlərin irəli sürülməsi ilə əlaqədar strategiyasını müəyyənləşdirir. Prinsip etibarı ilə 2005-ci ildə keçirilən seçkilər nəticəsində formalaşan parlamentin YAP deputat korpusu səmərəli fəaliyyət göstərib. Biz deputatlarımızın fəaliyyətindən razıyıq. Bizim qarşımızda dayanan əsas vəzifələrdən biri ayrı-ayrı dairələrdə daha şanslı namizədlərin müəyyənləşdirilməsidir. 2005-ci ildə bu taktika ilə hərəkət etmişdik, indi də həmin taktikaya sadiq qalacağıq. Seçkidə qalib gəlməyin vacib şərtlərin biri də seçicilərin rəğbətini qazana biləcək şanslı namizədləri müəyyənləşdirməkdir. 2010-cu ilin seçki şərtləri daxilində biz namizədlərimizi müəyyənləşdirəcəyik. Əgər bu parametrlərə uyğun gələn insanlar indi bizim parlament komandamızda varsa, məmnuniyyətlə, onları namizədlər siyahısına salacağıq, lakin şərait hər hansı dəyişikliyin həyata keçirilməsini tələb edərsə, biz bunu mütləq nəzərə alacağıq.

- Siz bu tələbləri necə müəyyənləşdirəcəksiniz?

- Bunu müəyyənləşdirməyin yollarından biri sorğuların keçirilməsidir. Digər tərəfdən, YAP-ın Azərbaycanın bütün bölgələrində yerli təşkilatları var. Onların bizə verdiyi bilgilər seçicilərin rəyinin müəyyən olunmasında əhəmiyyətli dərəcədə rol oynayır. Bunların hamısı müəyyən edildikdən sonra partiya özünün düzgün bildiyi qərarı qəbul edir. Bu qərarın nə qədər düzgün olmasını isə seçkilərin nəticələri göstərir.

- Ötən parlament seçkilərində YAP-ın siyahısı ilə seçilmiş millət vəkillərindən özünü doğrultmayanlar varmı?

- Biz prinsip etibarı ilə deputat qrupumuzun fəaliyyətindən razıyıq. Amma bizim yanaşmamızla bərabər seçicilərin rəyindən ibarət bir reallıq da var və biz bunu nəzərə almalıyıq. İndiki halda bu iki komponenti nəzərə almadan fikir söyləmək düzgün deyil.

- Şəxsi fikriniz necədir?

- Mən hesab etmirəm ki, indiki halda, biz ayrı-ayrı fərdlərin üzərində dayanmalı və fikrimizi formalaşdırmalıyıq. Bütövlükdə, deputat korpusumuzdan razılığımızı ifadə edirik.

- Belə fikirlər var ki, bu seçkilərdə YAP yaşlı deputatların namizədliyini irəli sürməyəcək. Hətta müəyyən adlar da çəkilir. Bu məlumatlar nə dərəcədə həqiqətə uyğundur?

- YAP-ın taktikasında gənclərə üstünlük verilməsi özünü aydın göstərir. Bu, YAP-ın icad etdiyi yenilik deyil, həyatın sərt reallığıdır. Biz bunu nəzərə almasaq belə, həyat özü bunu mütləq nəzərə alır. Biz bələdiyyə seçkilərində gənclərin bələdiyyələrə irəli sürülməsi təşəbbüsünü irəli sürdük və bu gün bələdiyyələrdə gənclər 28-30 faiz təmsil olunurlar. Qarşıdan gələn parlament seçkilərində də imkan daxilində gənclərin namizəd olaraq irəli sürülməsini təşkil edəcəyik. Bundan əvvəlki seçkilərdə də belə addımlar atılıb. Amma heç bir halda, bunu yaşlı nəslin sıxışdırılması, yaxud YAP-ın yaşlı nəslin nümayəndələrindən üz döndərməsi kimi qəbul etmək olmaz. YAP belə bir yanaşmanı heç bir halda qəbul etmir. Biz gənclərə meydan verilməsinin tərəfdarı olmaqla yanaşı, ilk növbədə, layiqli insanların Azərbaycan parlamentində təmsil olunmasının tərəfdarı kimi çıxış edirik. Hesab edirəm ki, Azərbaycanın parlamentinin formalaşmasında nəsillərin əlaqələndirilməsi və varisliyinin təmin edilməsi bütün dövrlər üçün vacib prinsipdir.

- Bələdiyyə seçkilərində namizədliyini YAP-ın siyahısından kənar irəli sürən partiya üzvləri barədə tədbir görüləcəyini bildirmişdiniz. Həmin şəxslərə qarşı hansı tədbirlər görüldü?

- YAP üzvlərindən cəmi bir neçə yüz nəfər keçirilən bələdiyyə seçkilərində öz bəxtlərini sınamaq istədiyi üçün partiya siyahısından kənar namizədliyini irəli sürmüşdü. Mən bu cür yanaşmanı düzgün saymıram. Çünki partiyanın istənilən üzvü partiyanın ümumi qərarlarına tabe olmalıdır. Hər kəs partiyaya könüllü gəlir və heç kim partiyada zorla saxlanılmır. Partiyaya üzv olan şəxs də təşkilatın prinsiplərini qəbul edir. Partiya seçkilərdə vahid siyahı irəli sürür. Əgər partiyanın hansısa üzvü namizədliyini kənardan irəli sürürsə, bu zaman o partiyaya veriləcək səsləri parçalayır. Bu, partiyanın namizədinin qalib gəlmək şansını aşağı salır və elə ola bilər ki, partiyanın namizədinin səsi azaldığı üçün rəqib partiyanın nümayəndəsi seçilə bilər. Belə olan halda, həmin şəxs partiyaya qarşı hərəkət etmiş olur. Bütün partiyalar üçün əsas olan bu prinsipləri partiyamızın hər bir üzvünə izah etmişik, bunun nəticəsində fərdi qaydada namizədliyini irəli sürənlərin əhəmiyyətli hissəsi öz namizədliyini geri götürdü. Az sayda insan vardı ki, onlar şəxsi maraqlarını partiyanın ümumi maraqlarından üstün tutduqları üçün özlərini partiyadan kənarda qoydular. Bəzi yerlərdə onlarla bağlı sərt tədbirlər görüldü, töhmətləndirildilər, bəzi yerlərdə onların partiyadan çıxarılması ilə bağlı qərarlar qəbul olundu. Bütün bunların hamısı ədalətlidir.

- Müxalifət partiyaları artıq parlament seçkilərinə hazırlığa start verib. Bunu necə qiymətləndirirsiniz?

- Demokratik cəmiyyətdə partiyaların seçkilərdə iştirakı çox vacibdir. Hansısa partiya seçkilərdə iştirakdan ciddi səbəblər olmadan imtina edirsə, bu, həmin partiyanın fəaliyyətinin tamamilə məntiqsizliyindən və mənasızlığından xəbər verir. Seçkilərdə iştirak etməyən partiyanın ölkəni siyasi həyatında mövcudluğunun heç bir mənası qalmır. Bu mənada, Azərbaycandakı müxalifət partiyalarının bir qisminin 2010-cu ilin parlament seçkilərində iştirak niyyətini ortaya qoymasını müsbət qiymətləndirirəm. Eyni zamanda, hesab edirəm ki, onlar bu cür bəyanatları indidən səsləndirməklə YAP-ın özü üçün formalaşdırdığı ənənələrdən ibrət dərsləri götürüblər. Çünki biz dəfələrlə bəyan etmişik ki, YAP-ın seçkilərdə uğur qazanmasının çox vacib səbəblərindən biri də seçkiyə ciddi yanaşma və vaxtında seçkiyə hazırlığa başlamaqdır. Əgər onlar bizim təcrübəmizdən faydalanmaq qərarına gəliblərsə, bunu alqışlayıram.

- Müxalifətin seçkilərə bu qədər tez və sürətlə hazırlaşması YAP-ı nə qədər narahat edir?

- Seçkilərə vaxtında hazırlaşmaq seçkidə qalib gəlməyin çoxlu vacib şərtindən biridir. 2010-cu ilin parlament seçkiləri ilə əlaqədar YAP-ı narahat edəcək hər hansı müxalifət partiyası yoxdur. YAP-ın seçkilərdə qalib gəlməsini şərtləndirən səbəblər tamamilə başqadır. Bu, partiyanın gücü, nüfuzu, partiyanın sədri İlham Əliyevin həyata keçirdiyi siyasətdir. Ümumilikdə isə, bir daha qeyd etmək istərdim ki, müxalifətin indidən seçkilərə hazırlaşması müsbət addımdır, onlar düzgün yol seçiblər.

- Belə fikirlər səslənir ki, bu seçkilərə bəzi xarici qüvvələr tərəfindən müdaxilələr ola bilər. Siz necə düşünürsünüz?

- Ümumiyyətlə, hər bir seçki sınaqdır. YAP hər bir seçkiyə bu cür yanaşır. Hər bir seçkini də xalqın iradəsi həll edir. Ayrı-ayrı hallarda, ayrı-ayrı ölkələrdə keçirilən seçkilərə kənar müdaxilələrin olması haqda faktlar var ki, bu da təəssüf doğurur. Bu, hər hansı dövlətin daxili işlərinə kobud müdaxilə sayılmalıdır. Amma hər bir ölkənin daxili işinə müdaxilə etmək üçün gərək münbit şərait olsun. Mən belə hesab edirəm ki, Azərbaycan onun daxili işinə müdaxilə etməyə imkan verməyən bir gücə və sabitliyə malik ölkədir. 2005-ci ilin parlament seçkilərində belə cəhdlər oldu, amma Azərbaycanın daxili sabitliyi buna imkan vermədi. 2010-cu ilin parlament seçkilərində də bölgəmizdə marağı olan xarici qüvvələrin Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək arzularının olduğunu istisna etmək niyyətində deyiləm. Bu istəklər, bu arzular mövcuddur və münbit şərait olsa, həmin qüvvələr bu istəklərini həyata keçirməkdən geri çəkilməyəcəklər. Amma Azərbaycanın daxili sabitliyi, dövlətin möhkəm dayaqlar üzərində olması bu cür müdaxilələrin qarşısını alan ən əsas faktordur. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz siyasətini özü müəyyənləşdirir. Azərbaycanın kiminsə köməyinə ehtiyacı yoxdur. Bunlar təsadüfi bəyanatlar deyil. Bu bəyanatların arxasında çox ciddi həqiqətlər və çox ciddi həyat məntiqi durur. İndi Azərbaycan özü öz ehtiyaclarını yüksək səviyyədə ödədiyindən, kiməsə möhtac deyil ki, ölkəmizin siyasətinin müəyyənləşdirilməsində də hansısa ölkələr söz söyləyə bilsinlər. Ona görə də parlament seçkilərinə müdaxilə etmək istəkləri olsa da, onun reallaşması ehtimalı azdır.

- Hazırda YAP-ın parlamentdə 66 deputatı var. Seçkilərdən sonra bu rəqəmin aşağı və yaxud yuxarı dəyişmək ehtimalı nə qədərdir?

- Mən hesab edirəm ki, həmin deputatların sayının yüksəltməsi ehtimalı var. Azərbaycanın parlamentində yerlərin yarısından azacıq çoxu YAP-a məxsusdur. 2005-ci illə müqayisədə 2010-cu ildə hakim partiyanın ictimaiyyətdə mövqeyi daha da güclənib. Prezidentin yürütdüyü siyasət nəticəsində iqtidarın mövqeyi möhkəmlənib. Bu faktorlar qarşıdan gələn seçkilərdə YAP-ın daha çox yer qazanması şansını artırır. Amma təbiidir ki, hər bir seçkidə proqnozlar söyləmək elə də xoşagələn deyil. O mənada ki, proqnoz doğrulmaya bilər. Bununla belə, çalışacağıq ki, parlamentdə təmsil olunmaq imkanlarımızın çox olmasından yararlana bilək.

- Bu il YAP-ın qurultayının keçirilməsi gözlənilirmi?

- Nizamnaməyə görə partiyanın qurultayı 4 ildən gec olmayaraq keçirilir. Son qurultayımız 2008-ci ildə keçirilib. Buna görə də yaxın zamanlarda qurultayın keçirilməsi mütləq zərurət deyil. Amma əgər qurultayın həll edəcəyi tələb olunan məsələlər ortaya çıxarsa, o zaman qurultayın keçirilməsi mümkündür. Bunu birmənalı şəkildə istisna etmək düzgün olmaz. Hazırda isə qurultay keçirilməsinə ehtiyac yoxdur.

 

 

Əli Əhmədov

 

Səs.- 2010.- 23 yanvar.- S. 6.