“Qara Yanvar” tariximizin qəhrəmanlıq
səhifəsidir
Dövlət Sərhəd Xidmətinin Mərkəzi
Aparatında qanlı 20 Yanvar faciəsinin iyirminci
ildönümü ilə əlaqədar tədbir
keçirilib
Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir, xalqımızın qürur mənbəyinə çevrilmiş 20 Yanvar şəhidlərinin xatirəsi dərin hörmət hissi ilə yad edilir.
Bu tədbirlər çərçivəsində respublikamızın bir sıra ali, orta ixtisas və orta təhsil müəssisələrinin tələbə və şagird kollektivlərinin Dövlət Sərhəd Xidmətinin Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzinə ekskursiyaları təşkil olunmuşdur. Tələbə və şagirdlər qanlı Yanvar hadisələri ilə əlaqədar burada təşkil olunmuş geniş sərginin materialları ilə tanış edilmişlər. Onlara Ulu Öndər Heydər Əliyevin milli istiqlalımızın əldə olunmasında və qorunmasındakı misilsiz xidmətləri, eləcə də, qanlı Yanvar hadisələri ilə bağlı atdığı cəsarətli addımlar barədə ətraflı məlumatlar verilmişdir.
Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında qanlı 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Məhəmməd Abbasquliyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, millət vəkili, Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov çıxış edərək, 20 Yanvar faciəsi barədə ətraflı məlumat vermiş, sovet qoşunlarının Bakı şəhərində və respublikamızın digər şəhər və bölgələrində törətdikləri vəhşiliklər, faciənin səbəb və nəticələri haqqında danışmışlar.
Tədbirdə qeyd olunmuşdur ki, respublikamızın ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz səsini ucaldan, haqq-ədalətin bərqərar edilməsini istəyən, azadlıq, müstəqillik uğrunda şərəfli mübarizə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin keçirdiyi bu terror aktını xalqımız təkcə hüzn hissi ilə deyil, həm də böyük fəxarət hissi ilə qeyd edir. O qanlı faciə göstərdi ki, xalqımız milli-istiqlal və dövlətçilik ideyalarına sıx bağlıdır. Bu qanlı hadisə sovet imperiyasının qaniçənliyini təsdiqləməklə yanaşı, həm də xalqımızın azadlıq əzminin sarsılmaz olduğunu sübuta yetirdi. Sovet ordusunun ölkəmizdə axıtdığı qanlar xalqımızın yaddaşını oyatdı, qəhrəmanlıq ənənələrini təzələdi.
Tədbirdə xüsusi olaraq, vurğulanmışdır ki, o qanlı hadisəyə kəskin etiraz olaraq 1990-ci il yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, mətbuat konfransı keçirdi, hadisəyə siyasi qiymət verdi. Bu qətiyyətli mövqe respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə idi. Ulu Öndər çürüməkdə olan kommunist rejiminin gerçək simasını açdı, xalqımızın suveren hüquqlarına qəsd olunduğunu bildirdi. Dahi Öndər çıxışında 20 Yanvar faciəsinin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı olduğunu, ermənilərin separatçı və işğalçı fəaliyyətinin üstündən iki il keçməsinə baxmayaraq, ölkə rəhbərliyinin bu sahədə heç bir iş görmədiyini xüsusi vurğuladı və bunların nəticəsində çoxlu insan qırğını ilə müşahidə olunan hərbi müdaxilənin baş verdiyini bəyan etdi.
Çıxış edənlər bildirdilər ki, nə 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək, Kreml rəhbərliyinə etiraz edilməsinə, nə də 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi üçün təşəbbüs göstərilməsinə Heydər Əliyevdən başqa heç bir siyasətçinin cəsarəti və qüdrəti çata bilməzdi. Bunun üçün siyasətçidən zamanın gözünə dik baxmağı bacarmaq, siyasi müdriklik zirvəsində dayanmaq, xalqın taleyi ilə yaşamaq, millətin sabahını düşünmək, dövləti və dövlətçiliyi bütün meyarlardan üstün tutmaq keyfiyyətləri tələb olunurdu. Bütün bunlar yalnız Heydər Əliyev şəxsiyyətində cəmləşmişdi. Məhz ona görə də 20 Yanvar hadisələrinə ilk etiraz etmək, bu hadisələrə ilk dəfə siyasi qiymət vermək missiyasını da yalnız Heydər Əliyev yerinə yetirdi və bunun nəticəsində faciələrimizin səbəblərini araşdırmaq, onlara obyektiv hüquqi-siyasi qiymət vermək, baş verənlərdən düzgün nəticə çıxarmaq imkanı yarandı.
Mərasimdə qeyd olunmuşdur ki, 20 Yanvar xalqımızın milli mənliyinə, milli-azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Əksinə, daha da gücləndi. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış Qara Yanvar, eyni zamanda, tariximizin qəhrəmanlıq səhifəsidir. Bu səhifəni yazan şəhidlərimiz tarixlər boyu unudulmayacaqdır.
İ.ƏLİYEV
Səs.- 2010.- 23 yanvar.- S. 8.