Qeyri neft sektorunun dirçəlməsi sosial
infrastrukturun inkişafına təkan verəcək”
Rauf Əliyev: “Dövlət Proqramlarının
icrası xalqın rifahının yüksəldilməsini təmin
etməyə yönəlib”
Azərbaycanda
özünü göstərən yeni meyillərə əsasən,
qətiyyətlə demək olar ki, ölkəmiz demokratik
inkişaf yolunda inamla irəliləyir. 50 min yerli və xarici
müşahidəçinin izlədiyi bələdiyyə
seçkilərinin azad və demokratik şəkildə
başa çatması da onu bir daha sübut etdi ki, Azərbaycan
demokratik prinsiplərə sadiqdir.
Təbii ki, bu prinsiplər,
xüsusilə də, ölkə Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə aparılmış uğurlu islahatlar
nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də
daim yüksək qiymətləndirilib. Millət vəkili Rauf Əliyevin
sözlərinə görə, aparılan uğurlu siyasətin
nəticəsidir ki, Azərbaycan dünyada ən
islahatçı dövlət kimi tanınır və qəbul
olunur: “Bu gün Azərbaycanın iştirakı olmadan regionda
hər hansı bir qlobal layihənin həyata keçirilməsi
mümkün deyil. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və
Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsindən
sonra Azərbaycan dünyada iri layihələrin
reallaşdırılmasında təcrübəsi olan ölkə
kimi tanınıb”. Millət vəkili onu da bildirdi ki,
hazırda müstəqil dövlətimiz öz təbii sərvətlərini
hər hansı bir ölkənin köməyi olmadan, tam sərbəst
şəkildə Avropa və dünya bazarlarına
çıxara bilir. Bütün bunlar möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin azad sahibkarlıq fəaliyyətinə
xüsusi diqqət yetirməsinin, bu sahənin inkişafına
mane olan süni əngəllərin aradan
qaldırılması barədə göstəriş verməsinin
nəticəsidir.
“Regionların Sosial
İqtisadi İnkişafına dair Dövlət
Proqramı”nın icrası istiqamətində aparılan
işləri necə dəyərləndirirsiniz” sualına
cavab olaraq millət vəkili R.Əliyev bildirdi ki,
sahibkarlıq mühitinin
yaxşılaşdırıdması, bu sahədə
uğurlara nail olunması, bölgələrdə yeni iş
yerlərinin açılması Dövlət
Proqramının uğurla icra olunduğunu göstərir:
“Azad sahibkarlıq fəaliyyətinə əlverişli şəraitin
yaradılması bu işdə böyük rol
oynayıbdır. Prezident öz çıxışlarında
dəfələrlə vurğulayıb ki, azad sahibkarlıq fəaliyyətinin
gücləndirilməsi, onlara əlverişli şəraitin
yaradılması çoxlu sayda iş yerlərinin
açılmasında, əhalinin həyat səviyyəsinin
yüksəldilməsində, ölkənin iqtisadi qüdrətinin
artırılmasında öz müsbət təsirini göstəribdir.
Son 6 ildə dövlətimizin bütün sahələr
üzrə sürətli inkişaf yoluna qədəm
qoymasında, dünyanı bürüyən qlobal maliyyə və
iqtisadi böhrana davam gətirməsində azad sahibkarlıq fəaliyyətinin
güclü təsiri olub. Belə ki, 2003-cü ildən 2009-cu
ilin sonuna qədər Azərbaycanda 824 min yeni iş yerlərinin
açılması, hər bir azərbaycanlı ailəsi
üçün rifahın və təhlükəsizliyin təmin
edilməsi, əhalinin aztəminatlı hissəsinin sosial
müdafiəsinin gücləndirilməsi, beynəlxalq
standartlara cavab verən bələdiyyə seçkilərinin
keçirilməsinə nail olunub. Bundan başqa, neft gəlirlərindən
istifadə olunmaqla qeyri-neft sektorunun, regionların inkişaf
etdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllinə
imkan verən müstəqil xarici siyasət yeridilməsi,
Avropa və dünya strukturlarına inteqrasiyanın davam
etdirilməsi və s. bir daha təsdiqləyir ki, ulu öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi
inkişaf strategiyası uğurla reallaşdırılır və
dünyada mövcud olan ən müsbət təcrübədən
istifadə edilir”.
Millət vəkili o fikiri də vurğuladı ki, regional inkişaf siyasətində, yoxsulluğun azaldılmasına yönəldilən tədbirlər sistemində yeni iş yerlərinin yaradılması həlledici amillərdəndir. Son illər özəl sektorun ümumi daxili məhsul istehsalındakı xüsusi çəkisinin 85 faizə çatması da respublikamız üçün kifayət qədər böyük göstəricidir. Prezident İlham Əliyev özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşır. Çünki özəl sektorun inkişafı dünyanın bütün demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi sayılan milli burjuaziyanın, orta təbəqənin əhatəsini genişləndirir. Bu mənada, Azərbaycan Prezidentinin sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar həm də respublikamızda demokratik islahatların iqtisadi yüksəlişlə paralel şəkildə davam etdirilməsinə, siyasi, hüquqi, iqtisadi, sosial və digər sferalarda beynəlxalq əlaqələrin genişlənməsinə, qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirməsinə yaradılan etibarlı zəmindir. Azərbaycan sahibkarı dövlətə münasibətdə özünün sosial və hüquqi məsuliyyətini dərk edir, onlardan irəli gələn vəzifələrin yerinə yetirilməsinə çalışır. Dövlət başçısı İlham Əliyev iş adamlarını müəyyən sosial aksiyaların gerçəkləşməsində fəal iştiraka çağırmış, biznesin inkişafı üçün bundan sonra da bütün zəruri addımların atılacağını demişdir. Azərbaycan 2009-cu ili yüksək göstəricilərlə başa vurdu.
“Başa vurduğumuz 2009-cu il Azərbaycan üçün hansı əlamətdar hadisələr və uğurlarla yadda qalan oldu” sualını cavablandırarkən, millət vəkili bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın həm iqtisadi, həm də maliyyə sektoru dünyada hökm sürən maliyyə böhranı qarşısında davamlılıq nümayiş etdirmişdir. BVF-nin proqnozuna görə, Azərbaycan 2009-cu ili iqtisadi artımla başa vuran azsaylı ölkələrdəndir. 2009-cu il də ümumi daxili məhsul 9 faizdən çox artmış, investisiya qoyuluşunun məbləği 5,2 milyard manatı keçmişdir. İnvestisiyaların dörddən üçü qeyri-neft sektoruna yönəldilmişdir. Makroiqtisadi vəziyyət sabitdir, inflyasiyanın səviyyəsi aşağıdır. Bu dövrdə kredit qoyuluşu 17,8 faiz, əmanətlərin məbləği 12,2 faiz artmışdır:”MDB Statistika Komitəsinin məlumatında bildirilir ki, ötən ayların yekunlarına əsasən, Azərbaycan ümumi daxili məhsulun (ÜDM) artım sürətinə görə MDB ölkələri arasında yenidən liderdir. Həmin dövrdə Azərbaycanda ÜDM 9 faiz, sənaye istehsalının həcmi 5 faiz, kənd təsərrüfatı istehsalının həcmi 3 faiz artmışdır. Nəqliyyat, rabitə, ticarət, xidmətlər və sərmayələr sahələrində də artım qeydə alınmışdır. Ermənistanda ÜDM 19 faiz, sənaye istehsalı 18 faiz, xarici ticarətin həcmi 40 faiz azalmışdır. 2009-cu ilin uğurları 2010-cu ilin büdcəsinin tərtibi zamanı nəzərə alınmışdır. Bu il üçün dövlət və icmal büdcələrinin layihələri hazırlanarkən, dövlət tərəfindən müəyyənləşdirilən strategiyaya uyğun olaraq, sosial və investisiya yönümlülüyün təmin edilməsinə, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına, qəbul edilmiş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Layihənin tərtibi zamanı İqtisadi İnkişaf Nazirliyinin hazırladığı “2010-2013-cü illər üzrə Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri”, ÜDM-in növbəti ildə 6,8 faiz, o cümlədən, qeyri-neft sektorunda 4,9 faiz artım sürəti əsas götürülmüşdür. Büdcə layihəsində 1 barrel xam neftin satış qiyməti 45 ABŞ dolları səviyyəsində götürülmüşdür. Növbəti ildən bir sıra vergilər üzrə vergi dərəcələri aşağı salınacaqdır. O cümlədən, müəssisələrin mənfəətindən tutulan vergi dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərin aylıq gəlirinin 2 min manatdan çox olan hissəsinə tətbiq edilən vergi dərəcəsi 35 faizdən 30 faizə endiriləcəkdir. Sadələşdirilmiş vergi tutulan dövriyyə 90 min manatdan 150 min manata çatdırılacaqdır. Ödənişli məktəbəqədər uşaq müəssisələrinin pullu xidmətlərdən əldə etdikləri gəlirlər əlavə dəyər vergisindən azad olunacaqdır. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında ölkə iqtisadiyyatının gələcəkdə neftdən asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafı məsələsini əsas vəzifə kimi ön plana çəkmişdir. Hazırda sənayenin qeyri-neft bölməsində də irəliləyişlər əldə edilmiş, bu sahədə sənaye məhsulu istehsalı hər il artmışdır. Son illər Bakıda və regionlarda yüksək keyfiyyətli müxtəlif gön-dəri məmulatları istehsal edən müəssisələr, müasir standartlara cavab verən zavod və fabriklər, o cümlədən, regionlarda modul tipli elektrik stansiyaları istismara verilmişdir”.
Millət vəkili Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların və dövlət proqramlarının Azərbaycan xalqının rifahının yüksəldilməsini təmin etməklə yanaşı, ölkənin inkişafının sürətlənməsinə təkan verəcəyini bildirdi.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 23 yanvar.- S. 9.