Bu gün
Avropanın ən ali tribunasından Azərbaycanın
mövqeyi çox güclü səslənir
Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri, Azərbaycanın Avropa
Şurası Parlament Assambleyasında nümayəndə heyətinin
üzvü Əli Hüseynovun yap.orq. az-a müsahibəsi
- Əli müəllim, Azərbaycanın Avropa
Şurasına üzv qəbul olunmasından 9 il ötür.
Bu dövr Azərbaycanın xarici siyasətində və
diplomatiya tarixində hansı uğurlarla yadda
qalmışdır?
- İlk növbədə,
qeyd edim ki, müasir dövrdə Azərbaycanın həyata
keçirdiyi məqsədyönlü çoxvektorlu xarici
siyasət, sözün tam mənasında, region dövlətlərləri
üçün model ola bilər. Çünki bu kurs milli
maraqların, Azərbaycan dövlətinin maraqlarının
maksimal təminatına yönəlmişdir və müasir
çoxtərəfli beynəlxalq münasibətlərdə
mövcud çağırışa adekvat reaksiya kimi
özünü uğurla doğruldur. Ötən müddət
ərzində Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların
tamhüquqlu üzvlüyünə qəbul edilmiş və həmin
qurumların kürsülərindən geniş istifadə edərək
ölkəmiz haqqında həqiqətləri dünya ictimaiyyətinə
çatdırmışdır. Belə beynəlxalq qurumlardan biri də Avropa Şurasıdır.
Bu gün Azərbaycanın beynəlxalq müstəvidə Avropa Şurası ilə münasibətləri normal məcrada inkişaf edir. Ölkəmiz bu təşkilata 9 il əvvəl tamhüquqlu üzv kimi qəbul olsa da, bu münasibətlərin tarixi 2001-ci ildən bir qədər də əvvələ gedib çıxır. Belə ki, 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanın xarici siyasətində Avropa Şurasına daxil olmaq istiqamətində həyata keçirilən kompleks tədbirlər, müstəqil Azərbaycanın dünyəvi dövlət quruculuğu sahəsində bu qurumdan öyrənmək meyillərini daha bariz şəkildə büruzə verirdi.
Məhz bu dövrdən başlayaraq Ümummilli Lider Heydər Əliyevin beynəlxalq aləmdə cərəyan edən proseslərə incə və praqmatik yanaşma tərzi və Azərbaycanın vahid Avropa ailəsinə daxil olması istiqamətində apardığı məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv olması üçün zəmin yaradıldı. Azərbaycan bu beynəlxalq təşkilata 2001-ci ilin yanvar ayında üzv oldu. Qeyd etmək lazımdır ki, bu proses xeyli vaxt aparsa da, bəzi qüvvələrin müqavimətinə rast gəlinsə də, ölkə rəhbərinin prinsipial və ciddi elmi əsaslara söykənən siyasəti Azərbaycanın Avropa Şurasının sıralarında təmsil olunmaq arzusunu gerçəkləşdirdi. Bu hadisə beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə səbəb oldu. Dünyanın əksər beynəlxalq təşkilatlarında olduğu kimi, burada da erməni lobbisinin təsir imkanları yüksək olduğundan qarşıda ciddi problemlərin həlli vəzifəsi dayanırdı.
Ötən 9 il ərzində qeyd edilən vəzifələri Avropa Şurası təşkilatında dəqiqliklə
yerinə yetirən Azərbaycan bu mötəbər
qurumun layiqli üzvü olmaqla
yanaşı, Avropa ölkələri
qarşısında duran problemlərin həllində
yaxından iştirak edə bilən
dövlətə çevrilmişdir.
Azərbaycana bu gün maraq təkcə
ölkəmizin strateji-coğrafi mövqe və zəngin təbii ehtiyatları
ilə deyil, eyni zamanda, möhkəm siyasi
sabitliyə, demokratik inkişafa,
beynəlxalq birliklə fəal inteqrasiyaya
söykənən dövlətçilik kursunun
dönməzliyi ilə şərtlənir.
- Cənab İlham Əliyevin 2001-2003-cü illərdə
AŞPA-dakı fəaliyyət dövrü bütün qitədə,
sözün həqiqi mənasında bir etalon, örnək qəbul
edilir. Bu müvəffəqiyyətin mahiyyəti nədən
ibarətdir?
- Dövlət
başçımız təxminən 3 il ərzində
AŞPA-da ölkəmizi təmsil edən nümayəndə
heyətinin rəhbəri kimi fəaliyyət göstərib və
qeyd edildiyi kimi, bu vaxt intervalı ciddi nailiyyətlərlə
zəngin olub. Cənab İlham Əliyev özü də
AŞPA-da fəaliyyət göstərdiyi illərin onun
üçün çox qiymətli olduğunu
vurğulayıb: “Həyatımın bu dövrü mənim
üçün bəlkə də ən maraqlı,
mühüm zaman kəsiyidir və bu dövr gələcək
fəaliyyətimdə, əlbəttə ki, bugünkü vəzifəmdə
də vacib rol oynadı”.
2001-2003-cü illərdə AŞPA-da nümayəndə heyətinin başçısı olmuş cənab İlham Əliyevin timsalında kiçik bir ölkənin nümayəndəsinin Avropa Şurası sistemi çərçivəsində qazandığı uğurları istənilən avropalı siyasətçi arzu edə bilər. Qısa müddətdə cənab İlham Əliyev özünü müasir dünya problemlərini bilən və onların həllinə dair real və konkret təkliflər verən strateq kimi tanıda bildi. Fəaliyyətinə və təfəkkür tərzinə görə O, milli çərçivələrə sığmadığını sübut etdi.
Tarixdə bəlkə də ilk dəfə idi ki, Cənubi Qafqazın qarşılaşdığı maneə və çətinliklər ümumavropa siyasəti səviyyəsində cənab İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətli şəkildə təqdim edilirdi. AŞPA-dakı fəaliyyəti dövründə cənab İlham Əliyev hər bir çıxışında avropalılara erməni təcavüzünün mahiyyətini açıqlayır, faktlarla sübut edirdi ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası bizim ölkəmizə nə kimi təhlükə yaradıb və Avropaya necə təhlükə yarada bilər.
2004-cü
ildə Azərbaycan Prezidentinə AŞPA-nın fəxri üzvü diplomu və
medalı təqdim olunması bu təşkilatın
İlham Əliyevin səmərəli fəaliyyətinə
və işgüzarlığına verdiyi
yüksək qiymət kimi səciyyələndirilə
bilər. “Biz ən fəal deputat və nümayəndə heyətinin rəhbəri,
habelə AŞPA-nın ən fəal rəhbərlərindən
biri, nəhayət, ən fəal dövlət
başçısı kimi qiymətləndirdiyimiz
Azərbaycan Prezidenti İlham
Əliyevi yenidən öz yanımızda
görməkdən fərəh hissi
keçiririk. Sizin Avropa dəyərlərinə, Avropa
Şurasına xüsusi diqqətiniz
hamımızda minnətdarlıq hissi doğurmuşdur”. Bu
sözləri AŞPA-nın sədri Piter
Şider Azərbaycan Prezidentinə fəxri
üzv diplomunu və
medalını təqdim edərkən söyləyib.
- Siz Azərbaycanın AŞPA-da parlament nümayəndə
heyətinin üzvüsünüz. Ölkəmizin bu mötəbər
qurumun Parlament Assambleyasındakı bugünkü fəaliyyətini
qənaətbəxş saymaq mümkündürmü?
- AŞPA-da nümayəndə
heyətimizin üzvləri Azərbaycanın milli maraqları
ilə bağlı məsələlərdə siyasi ambisiyalarını
bir kənara qoyduqları, Azərbaycanın haqq səsini
dünya ictimaiyyətinə çatdırmağa
çalışdıqları üçün bu
mühüm beynəlxalq qurumda çox dəyərli sənədlərin
qəbuluna nail olublar. Ermənistandan fərqli olaraq Azərbaycanın
Avropa Şurası qarşısında götürdüyü
öhdəliklərin hamısına vaxtlı-vaxtında əməl
etməsi, cənab İlham Əliyevin sözləri ilə desək,
uzun illər ərzində Avropa ölkələrinin
keçdiyi yolu qısa bir zamanda keçmək istəməsi,
Azərbaycanın rəsmi mövqeyini ifadə edərək
beynəlxalq təşkilatda Ermənistan nümayəndə
heyəti ilə əlaqələr yaratmaqdan imtina edilməsi -
bütün bunlar insan hüquqları və demokratikləşmə
prosesinin sistemli şəkildə irəli getdiyindən xəbər
verir.
9 il əvvələ
nisbətən Avropa Şurası da dəyişib, inkişaf
edib və burada Azərbaycanın da payı az deyildir. Azərbaycanın
AŞPA-dakı nümayəndə heyətinin üzvləri
daim fəallığı ilə seçilmişlər. Heyət
üzvləri bir sıra vacib ümumavropa problemləri ilə
bağlı məruzələr hazırlayıblar,
ayrı-ayrı komitələrdə, alt komitələrdə
rəhbər vəzifələrə irəli çəkiliblər,
onlarca sənəd hazırlayıblar, müxtəlif məsələlərin
müzakirələrində fəal iştirak ediblər.
Azərbaycandan bir qədər
əvvəl və ya eyni vaxtda, yaxud da az sonra Avropa
Şurasına qəbul edilmiş ölkələrlə
müqayisədə bizim bu qurumda qazandığımız nəticələri
xatırlasaq görərik ki, uğurlar nə qədər
çoxdur. Təkcə bizim tövsiyələrimizlə
hazırlanmış və özümüzün
hazırladığımız məruzələrin
sayını götürsək, Azərbaycanın Avropa
Şurasını zənginləşdirmək, bu mötəbər
qurumun öz işini daha səmərəli təşkil etməsi
üçün nə qədər ardıcıl
çalışdığının şahidi olarıq. Bu
baxımdan, Avropa Şurası Parlament Assambleyasında təməli
möhtərəm İlham Əliyev tərəfindən
qoyulmuş nümayəndə heyətinin fəaliyyəti
uğurlu sayıla bilər.
- Bu gün Azərbaycan-Avropa Şurası əlaqələrinin
inkişaf dinamikasını necə qiymətləndirərdiniz?
- Qeyd etdiyim kimi, Azərbaycan
nümayəndə heyəti Avropa Şurası Parlament
Assambleyasının ilk sessiyasından etibarən çox ciddi
və səmərəli fəaliyyətdədir. Məlum məsələdir
ki, AŞPA öz tərkibinə görə çoxspektrli bir
qurum olduğundan, burada bir-birinə zidd siyasət yeridən,
dövlət maraqları qlobal miqyasda toqquşan ölkələrin
nümayəndələri toplaşır, üstəlik
onların siyasi baxışları çoxcəhətlidir.
Belə bir geniş auditoriyada yalnız ümumdünya və
ümumavropa əhəmiyyətli problemlərdən bəhs etməklə,
siyasi baxış və görüşlər fərqinə
yüksəlməklə uğur qazanmaq mümkündür. Bu
mənada, Azərbaycanın nailiyyəti indiyə qədər
eyni qəbildən olan fəaliyyət görsəntilərindən
məhz qaldırılan problemlərin Avropa müstəvisinə
maksimum yaxınlaşdırılması xüsusiyyətləri
ilə fərqlənir.
Bu gün Avropanın ən
ali tribunasından Azərbaycanın mövqeyi çox
güclü səslənir, deputatlar öz sözlərini
açıq şəkildə deyir və Avropanı Azərbaycan
həqiqətlərini dərk etməyə vadar edirlər. Bu
cür iş birliyinin nəticəsidir ki, dünyada ictimai rəy
Azərbaycanın xeyrinə durmadan dəyişir. Azərbaycan
nümayəndə heyətinin uğurlarının əsas səbəbi
müzakirələrdə müdafiə mövqeyindən
çəkilərək qabaqlayıcı manevrlər etməsidir.
Bu, əslində, Avropa məkanında informasiya müharibələrinin
başlıca qanunauyğunluqlarından biridir.
Hadisələrin
inkişafı göstərir ki, Avropa ictimaiyyəti Azərbaycan
həqiqətlərinə biganə deyil və Ermənistanın
ölkəmizə qarşı hərbi təcavüzünün
doğurduğu ağır nəticələrin aradan
qaldırılmasına öz töhfəsini verə bilər.
Azərbaycan Avropa Şurasının şəxsində yeni
bir mübarizə cəbhəsi açmışdır, bu isə
beynəlxalq arenada qüvvələr balansını öz
xeyrinə dəyişdirməyin əlavə mexanizmi kimi qiymətləndirilməlidir.
Məhz bu baxımdan mütəmadi və sistemli surətdə
işləməklə öz haqq sözümüzü
dünyaya çatdırmaq üçün Avropa
Şurasında daha çox tərəfdar qazanmalıyıq.
Əli Hüseynov
Səs.- 2010.- 26 yanvar.- S. 6.