Azərbaycanın uğurları davamlıdır

 

Aydın Hüseynov: “Çünki bizim ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən İlham Əliyev kimi rəhbərimiz var”

 

Bir neçə gün öncə, Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsi keçirildi. Müşavirədə çıxış edən ölkə başçısı İlham Əliyev qeyd etdi ki, 2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır: “Biz dünya iqtisadi proseslərinə getdikcə daha da sürətlə qoşuluruq. Azərbaycan aparılan ciddi sosial-iqtisadi islahatlar ölkəmizi hərtərəfli inkişaf etdirməyə imkan yaradır.

Dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik. Əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda duran bütün infrasturuktur layihələri, sosial proqramlar icra edildi. Ölkəmizdə 2009-cu ildə də sürətlə inkişaf etməyə davam edirdi, bir dinamika saxlanılırdı. 2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Bunu əyani şəkildə göstərmək üçün, sadəcə, iqtisadi və sosial göstəricilərimizə baxmaq kifayətdir. 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artmışdır. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bu, bir daha onu göstərir ki, bütün uğurlarımızın təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır. Demək olar ki, bizim bölgədə və potsovet məkanında və geniş mənada qitədə ölkələrin tam əksəriyyəti böyük çətinliklərlə üzləşmişlər. O ölkələrdə iqtisadi inkişaf böyük dərəcədə aşağı düşmüşdür. Bəzi ölkələr, demək olar ki, faciə astanasındadırlar. Ancaq bizdə vəziyyət tam başqadır və 9,3 faiz artan iqtisadiyyatımız, bir daha demək istəyirəm ki, 2009-cu ildə və ondan əvvəlki illərdə görülən işlərin nəticəsidir”.

Məsələyə münasibətini öyrəndiyimiz Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü, iqtisadçı-ekspert Aydın Hüseynov bildirdi ki, Azərbaycanın uğurlu inkişafı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətinin nəticəsidir.

- Ölkəmizin iqtisadi uğurlarını necə şərh edərdiniz?

- Ölkəmizin son illər istər iqtisadi, istərsə də siyasi sahədə əldə etdiyi uğurlar hər kəsə bəllidir. Belə ki, respublikamız iqtisadi uğurlar baxımından regionun lider ölkəsinə çevrilib. Təbii ki, bu uğurlar ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətinin uğurlu davamı nəticəsində əldə edilib. Son dövrlər dövlət başçısı İlham Əliyevin gərgin əməyinin nəticəsində Azərbaycan region ölkələrini, hətta dünyanın superölkələrini belə qabaqlayır. İldən-ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ümumən respublikamızın hər tərəfli inkişafı bunun bariz nümunəsdir.

- Heç şübhəsiz ki, bu uğurlu siyasətin nəticəsdir ki, 2009-cu il də Azərbaycan üçün uğurlu illərdən oldu...

- Təbii ki, məqsədyönlü, uğurlu iqtisadi siyasət ötən il də özünü göstərdi. Belə ki, 2009-cu ildə 74 min yeni iş yeri açılıb, sənaye istehsalı 8,6 faiz artıb və bundan başqa, ölkəmizin valyuta ehtiyatları da artıb. Rəsmi məlumatlara görə, hazırda valyuta ehtiyatlarımız 20 milyard dollardan artıqdır. Bu, əslində, Azərbaycanın iqtisadi qələbəsidir. Beynəlxalq böhrana baxmayaraq, respublikamızda sosial və digər layihələr təxirə salınmadı, əksinə, bütün layihələr uğurla həyata keçirildi. Prezident İlham Əliyev cənabları Nazirlər Kabinetinin müşavirəsində qeyd etdi ki, “2009-cu ildə Azərbaycana 9,2 milyard dollar investisiya qoyulmuşdur ki, bunların da 7,2 milyardı daxili sərmayədir”. Bütün bunlar respublikamızın sürətli inkiafının nəticəsdir. Ötən il Prezident İlham Əliyevin əhalinin təbii qaza görə yaranmış borcunun silinməsi haqqında qərarı ölkə rəhbərinin xalqımıza 2009-cu ildə ən böyük hədiyyələrindən biri oldu.

- Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı sahəsində görülən işlər barəsində nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, regionların inkişafı ilə bağlı son 6 il ərzində 2 Dövlət Proqramı qəbul edilib. Birinci Dövlət Proqramı 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramının icrası nəticəsində qeyri-neft sektoru davamlı olaraq inkişaf edib, Bakıətrafı qəsəbələrdə, bölgələrdə kommunal xidmət və eləcə də, sosial infrastruktur təminatının və keyfiyyətinin yüksəlməsi müşahidə olunub.

  “Azərbaycan Respublikasının regionlarının 2009-2013-cu illərdə sosial-iqtisadi inkişafına dair  Dövlət Proqramı” məhz bu istiqamətdə hökumətin, ölkə rəhbərliyinin siyasətilə bağlıdır. Bu gün tam əminliklə deyə bilərik ki, regionlar  iqtisadi və sosial baxımdan sürətlə inkişaf etdirilir. Belə ki, regionlarda müasir tipli sosial obyektlərin, şirkət və müəssisələrin tikilib, istifadəyə verilməsi və bunun da nəticəsində bölgələrdə işsizlik probleminin həll edilməsi bu inkişafın əyani göstəricisidir. O cümlədən, bölgədə görülən işlərlə Prezident İlham Əliyevin yaxından tanış olması əlamətdar hadisədir. 

  Məlumdur ki, bizim bölgələrin böyük turizm potensialı var. Heç şübhəsiz ki, regionlarda müasir otellərin, turizm obyektlərinin istifadəyə verilməsi, kənd turizmin inkişaf etdirilməsi ölkəmizdə həm turizm, həm bölgələrin inkişafı, həm də bütövlükdə, iqtisadiyyatımızın inkişafına təsir edən amillərdəndir. Ümumiyyətlə, qeyd etməliyik ki, ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində regionlarımız sürətlə və hər tərəfli inkişaf etdirilir.

 

 

ANAR MƏCİDZADƏ

 

Səs.- 2010.- 26 yanvar.- S. 7.