“Azərbaycan və Avropa Şurası: insan hüquqları sahəsində
əməkdaşlıq”
Azərbaycanın Avropa Şurasına üzv qəbul
olunmasının 9-cu ildönümünə həsr olunan
dəyirmi masa keçirildi
Dünən Ombudsman
Aparatında Avropa İnsan Haqları Konvensiyasının 60
illiyinə və Azərbaycanın Avropa Şurasına üzv
qəbul olunmasının 9-cu ildönümünə həsr
olunmuş “Azərbaycan və Avropa Şurası: İnsan
hüquqları sahəsində əməkdaşlıq”
mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə
dövlət və qeyri-hökumət
təşkilatlarının nümayəndələri, Avropa
Şurası baş katibinin Azərbaycandakı xüsusi
nümayəndəsi Veronika Kotek, həmçinin,
Azərbaycanda fəaliyyət göstərən digər
beynəlxalq qurumların və KİV-in təmsilçiləri
iştirak etdi.
Tədbirdə
çıxış edən ombudsman Elmira Süleymanova
bildirdi ki, Azərbaycan 2001-ci ilin yanvarın 25-də AŞ-nin
tamhüquqlu üzvü seçilib. E.Süleymanovanını
sözlərinə görə, 2001-ci il yanvarın 17-də
Avropa Şurası Nazirlər Komitəsinin
nümayəndələri səviyyəsində
keçirilmiş iclasda Azərbaycanın bu təşkilata
üzv qəbul olunması barədə qərar qəbul edilib.
Bundan bir neçə gün sonra, yanvarın 25-də isə
Avropa Şurasının binası önündə
Azərbaycanın üçrəngli bayrağı
qaldırıldı. Azərbaycanın bu təşkilata
üzv qəbul olunması ilə Avropa strukturlarında
mövqeyi gücləndi. Azərbaycan bununla da
həqiqətlərini dünyaya bəyan etmək
üçün daha bir beynəlxalq tribuna qazandı.
E.Süleymanova onu da
bildirdi ki, hər hansı bir dövlət Avropa Şurasına
qəbul olunarkən, üzərinə öhdəliklər
götürür. Ombudsman onu da vurğuladı ki, hüquqi
dövlət quruculuğu yolunda demokratik təsisatların
inkişafını strateji hədəf kimi
müəyyənləşdirən Azərbaycanın bir
sıra beynəlxalq saziş və konvensiyalara qoşulub:
“Şərqdə ilk dəfə olaraq, məhz Azərbaycan
qətiyyətlə tarixi qərar verərək, ölüm
hökmünü ləğv etdi. Bu gün Azərbaycan Avropa
Şurasının inkişafına layiqli töhfəsini
verib: “Azərbaycan artıq Avropa ailəsində
özünə möhkəm yer tutmuş və burada
kifayət qədər böyük nüfuz sahibidir. Azərbaycan
nümayəndə heyətinin Avropa Şurası Parlament
Assambleyasındakı 9 illik fəaliyyəti də bunu
aydın göstərir. Bu, ölkəmizin beynəlxalq imicini
möhkəmləndirməklə bərabər, həm də
Ermənistanın təcavüzkar siyasətini ifşa
etməyə, saxta erməni təbliğatının
qarşısını almağa imkan yaratdı”.
Tədbirdə Avropa
Şurası baş katibinin Azərbaycandakı xüsusi
nümayəndəsi Veronika Kotek isə bildirdi ki,
Azərbaycanla AŞ arasında əməkdaşlıq
1996-cı ildə başlayıb və hazırda uğurla
davam edir: “Üzv dövlətlər ölkədaxili insan
haqlarının vəziyyətini daha da
yaxşılaşdırmağa cəhd
göstərməlidir. Beynəlxalq təşkilat olaraq, biz bu
məsələdə məsuliyyət
daşımırıq. Əsas məsuliyyət
ölkələrin öz üzərinə düşür. İnsan
haqlarının pozuntusu ilə bağlı daxil olan
müraciətlər tam şəkildə
araşdırılmalıdır”.
Tədbirdə Baki
Dövlət Universitetinin professoru Əmir Əliyev “Avropa
Şurasının insan hüquqları sahəsində
standartların Azərbaycan Respublikasının qanunvericilik
sistemində implementasiyası”, Xarici İşlər
Nazirliyinin İnsan Hüquqları, Demokratikləşdirmə
və Humanitar Problemlər İdarəsinin rəisi
Əlimirzamin Əskərov “Avropa Şurasının
Azərbaycanın xarici siyasətində yeri” və Milli QHT
Forumunun İdarə Heyətinin sədri Aydın Kərimov
“Azərbaycan-Avropa Şurası
əməkdaşlığının inkişafında
qeyri-hökumət təşkilatlarının rolu”
mövzusunda məruzə ilə çıxış
etdilər.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2010.- 26 yanvar.- S. 8.