Zəlimxan Yaqubun
yubiley tədbiri keçirildi
Dünən “Gəncəli-Plaza” hotelində Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) təşəbbüsü ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun 60 illiyi münasibətilə təşkil olunan tədbir keçirildi. Tədbirə tanınmış elm adamları, ziyalılar, Milli Məclisin deputatları, poeziya vurğunları iştirak ediblər.
Tədbirdə çıxış edən AAŞ-ın sədri, akademik Budaq Budaqov, şuranın sədr müavinləri Bayram Yusifov, Əli Həsənov, Milli Məclisin deputatı Fəttah Heydərov, xalq artisti Ramiz Əzizbəyli, AAŞ-ın icra aparatının rəhbəri Famil Gözəlov və başqaları Z.Yaqubun həyat və yaradıcılığından, onun ədəbi və ictimai fəaliyyətindən, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən ətraflı söz açıblar.
Tədbirdə bildirilib ki, Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də qədim türk-oğuz yurdu olan Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirən yubilyar, daim axtarışda olmuş və ölməz şeirləri ilə ədəbiyyatımızın inkişafına, təqəqqisinə dəyərli töhfələr bəxş etmişdir.
O, 1995-ci ildə Məmməd Araz ədəbi mükafatına, “Şair harayı”, “Vətən yaraları”, “Sizi qınamıram”, “Ziyarətin qəbul olsun” kitablarına görə, H.Z.Tağıyev adına mükafata layiq görülüb. Şair Azərbaycan Respublikasının “Şöhrət”, Gürcüstanın “Şərəf” ordenləri ilə təltif edilib. Z.Yaqub 1995-2005-ci illərdə Milli Məclisin deputatı olmuşdur. O, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2008-ci ildən isə Azərbaycan Aşıqlar Birliyinin sədridir.
Görkəmli şair 60 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığının əsas xüsusiyyətləri barədə məlumat verən natiqlər qeyd ediblər ki, onun şeirləri xalqın ruhundadır. Şairin söykəndiyi fəlsəfə mücərrəd deyil, xalqın kökünə, onun min illərdən bəri sınaqdan çıxmış məntiqi təfəkkürünə söykənən fəlsəfədir. Sadəlikdən dərinliyə, adilikdən qeyri-adiliyə yüksəlmək şairin poeziyasının qayəsini təşkil edir.
Zəlimxan Yaqubun şeirləri Yunis Əmrə ruhundan, Füzuli sevgisindən, Xətai qüdrətindən, Aşıq Ələsgər ocağından, Vurğun poeziyasından, Bəxtiyar Vahabzadə nəfəsindən, bir sözlə, sazın-sözün qovuşmasından yaranan poeziyadır. Zəlimxan Yaqub ruha hakim kəsilən sözünün qüdrəti ilə hələ uzun müddət çoxlarında təəccüb dolu maraq doğuracaqdır. O, özü boyda bir Vətən sevgisi daşıyır, bu sevgi onu daim ucalığa, bütövlüyə, ölməzliyə səsləyir.
Tədbirdə vurğulandı ki, əslində, şairin yaşı olmur. Şairin yaşı onun şeirlərinin yaşı qədərdir. Z.Yaqub hələ bundan sonra da neçə-neçə ölməz misraları ilə bizlərə yeni ruh, poeziyamıza isə zənginlik gətirəcəkdir. Tədbirdə xalq şairini yubiley münasibətilə təbrik edən natiqlər ona xatirə hədiyyələri verildi. Zəlimxan Yaquba AAŞ-ın vəsiqəsi təqdim edildi.
Yubiley mərasimində Xətai rayonundakı humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdləri şairin şeirlərini səsləndiriblər. Sonda xalq şairi Zəlimxan Yaqub çıxış edərək, tədbirin yüksək səviyyədə təşkilinə, habelə, sevgi və məhəbbət dolu təbriklərə görə iştirakçılara dərin minnətdarlığını bildirib.
Şair AAŞ-ın sıralarına qoşulduğu üçün özünü xoşbəxt saydığını dilə gətirmiş və bundan sonra da böyük həvəslə yazıb-yaradacağını deyib.
“Sürgün” kitabının
yazılma tarixindən danışan ədib bildirib
ki, 60 illik yubileyinə
həsr olunan kitaba onun 2009-cu ildə Özbəkistan,
Qırğızıstan, Qazaxıstan səfəri zamanı bu ölkələrdə yaşayan
Azərbaycan və türk diasporunun
üzvləri ilə keçirdiyi
görüşlər, həmçinin, “Sürgün”
poeması daxil edilib.
Zümrüd
Səs.- 2010.- 26 yanvar.- S. 12.