Heydər Əliyev Fondu uşaq
hüquqlarının qorunması üçün geniş
işlər görür
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban Əliyeva bu sahəyə böyük
diqqət göstərir
Uşaq
hüquqlarının tam həcmdə təmin edilməsi,
uşaq problemlərinin ardıcıl həlli
ölkəmizdə bu sahədə həyata keçirilən
dövlət siyasətinin prioritet istiqamətlərindən
biridir. Təsadüfi deyildir ki, dünyada hökm sürən
qlobal iqtisadi böhran fonunda Azərbaycan Prezidenti İlham
Əliyev 2009-cu ili “Uşaq ili” elan etmişdir. Bu,
dövlət başçısının Azərbaycanın
gələcəyi olan uşaqlara diqqət və
qayğısının nəticəsidir. Uşaqlar
cəmiyyətimizin ən zərif hissəsidir. Onlara
uşaqlıqda göstərilən qayğı və
məhəbbət gələcək fiziki
sağlamlığın, mənəvi saflıq və
zənginliyin rəhni kimi qəbul edilir. Azərbaycan
cəmiyyəti tarixən uşaqlara ən xoş
münasibət və qayğının örnəyi
olmuşdur. Bu gün uşaqların sağlam mühitdə böyüməsi
və tərbiyə olunması, müvafiq standartlara cavab
verən təhsil müəssisələrində oxuması
üçün hər cür şərait yaradılmışdır.
Uşaqların keyfiyyətli təhsil və
yüksək dünya standartlarına cavab verən tibbi
xidmətlərlə təmin edilmələri,
hərtərəfli qayğı ilə əhatə
olunmaları, onlar üçün zəruri şəraitin
yaradılması, böyüməkdə olan nəslin
şəxsiyyət, layiqli vətəndaş kimi formalaşması
Azərbaycanda dövlət uşaq siyasətinin ulu
öndərimiz Heydər Əliyevin
ənənələrindən irəli gələn
başlıca prinsiplərindəndir.
Müasir
dövrümüzdə Prezident İlham Əliyev və
ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın
uşaq məsələlərinə diqqəti bu
sahəyə qayğının daha da artması ilə
nəticələnmişdir. Heydər
Əliyev Fondu uşaqların hərtərəfli
inkişafı, onların müasir tələblərə
uyğun təhsil və tibbi xidmətlərlə təmin
olunması, uşaq problemlərinin həlli istiqamətində
mühüm layihələr həyata keçirir.
BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə
əlaqədar Azərbaycanda “Uşaq hüquqları
haqqında” qanunun qəbul edilməsi ilə bağlı
ötən illər ərzində milli qanunvericilik və normativ
hüquqi aktlar mütəmadi olaraq
təkmilləşdirilmiş, uşaq hüquqlarının
müdafiəsinə yönəlmiş bir çox dövlət
proqramları qəbul edilmişdir. Hazırda
ölkəmizdə uşaq problemlərinin həllinə
yönəlmiş onlarla Dövlət Proqramı həyata
keçirilməkdədir.
Uşaq problemləri
sahəsində digər məsələlərin
həllinə ictimaiyyətin, o cümlədən,
qeyri-hökumət təşkilatlarının, özəl
sektorun, beynəlxalq təşkilatların cəlb edilməsi
də qarşıda duran vəzifələrdəndir.
Regionlarda sağlam həyat tərzi ilə bağlı
kütləvi maarifləndirmə işlərinin
aparılması da çox vacib məsələlərdən
birinə çevrilib. Uşaq hüquqlarının tam
şəkildə reallaşması, hər bir
uşağın öz potensialını göstərə
bilməsi üçün mükəmməl hüquqi baza
yaradılmışdır.
Azərbaycanda təhsilin inkişafı,
gənclərimizin sağlam və savadlı böyüməsi
Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti
olduğundan bu sahədə fondun təşəbbüsü
ilə həyata keçirilən “Uşaq evləri və internat
məktəblərinin inkişafı”, “Yeniləşən
Azərbaycana yeni məktəb” proqramları və
“Təhsilə dəstək” layihəsi ölkəmizdə
təhsilin keyfiyyətcə yeni mərhələyə
yüksəlməsinə gətirib
çıxarmışdır.
Bakıda Heydər Əliyev Fondu, Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi və “Nur” Uşaq və Gənclərin İctimai
Birliyinin təşəbbüsü ilə Azərbaycan
uşaqlarının forumunun keçirilməsi “Uşaq ili”nin
yekunlarına və BMT-nin Uşaq Hüquqları
Konvensiyasının 20 illiyinə həsr olunmuşdur.
Forumda respublikanın müxtəlif bölgələrindən
250-dən çox uşaq iştirak etmişdir.
Uşaqların özlərinin aparıcılıq etdikləri
forumda onları maraqlandıran bütün
məsələlər geniş müzakirə olunmuşdur.
BMT-nin
Uşaq Hüquqları Konvensiyası uşaq
hüquqlarının hərtərəfli müdafiəsini
əhatə edən beynəlxalq sənəddir. Artıq
Azərbaycan dövləti BMT-nin müvafiq komitəsinə 4
dövri hesabatı təqdim etmişdir. Bu, Uşaq
Hüquqları Konvensiyasının 20-ci
ildönümündə respublikamızda həmin
sahəyə diqqətin daha da artmasının
göstəricisidir. Azərbaycan hökumətinin BMT ilə
birgə “Azərbaycanda uşaqların müdafiəsi
islahatı” mövzusunda keçirdiyi konfrans bu
istiqamətdə görülən işlərə
güclü təkan vermişdir. Uşaqları
düşündürən ən mühüm mövzular
ətrafında ekspertlərin iştirakı ilə
müzakirələr aparılmış, təqdimatlar keçirilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Lənkəran şəhərindəki internat
məktəblərində “Uşaq ili”
çərçivəsində “Uşaqlar bizim
gələcəyimizdir” devizi altında keçirilən
tədbirdə də ölkəmizdə uşaqların
sağlam, hərtərəfli, vətənə layiqli
övladlar kimi böyümələri üçün
hər cür şərait yaradılmasından söz
açılmışdır. Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva Lənkəran şəhərinin
uşaq evlərində tərbiyə və təhsil alan,
valideyn himayəsindən məhrum olan uşaqlara daim
qayğı göstərir. Məhz Heydər Əliyev Fondunun
təşəbbüsü ilə rayonda olan iki internat
məktəbi əsaslı təmir edilmiş, lazımi
avadanlıq, mebel və məktəb ləvazimatları ilə
təmin edilmişdir.
Fondun
prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə Əzizbəyov rayonunda, o
cümlədən, Qala qəsəbəsində geniş
abadlıq və quruculuq işlərinin aparılmasını
da qeyd etməliyik. Məlum olduğu kimi
qəsəbədə fəaliyyət göstərən
yeganə uşaq bağçası çox köhnə
və tam yararsız vəziyyətdə olan binada
yerləşirdi. Heydər Əliyev Fondunun
təşəbbüsü ilə uşaq bağçası üçün
yeni 100 yerlik bina tikilmişdir. İndi müasir
tələblərə tam cavab verən yeni binada uşaqlar
üçün hər cür şərait
yaradılmışdır. Buraya gələn balacalar
bağçanın astanasında ikən nağıllar
dünyasına düşürlər. Həyətdə
dekorativ gül və ağac kolları əkilmiş, uşaq
meydançasında gözəl oturacaqlar və
yelləncəklər qurulmuşdur. Bağçada
mərkəzləşdirilmiş nəzarət sistemi
qurulmuş, müşahidə kameraları vasitəsilə
bağçanın hər bir nöqtəsi izlənilir,
balacaların təhlükəsizliyi təmin edilir. Bu
bağçanı digərlərindən yeni layihə
əsasında inşa olunması fərqləndirir.
Heydər Əliyev Fondunun dəstəyi, Bakı
şəhəri üzrə Baş Təhsil İdarəsi
və Əzizbəyov rayon İnkişaf Fondu
tərəfindən “Təhsilə dəstək” layihəsi
çərçivəsində təşkil edilmiş
olimpiada şagirdlərin Azərbaycan dili və
ədəbiyyatı, ingilis dili, Azərbaycan tarixi və
riyaziyyat fənləri üzrə biliklərinin
aşkar etdirilməsinə təsirini göstərmişdir.
Ötən ilin son ayında Heydər Əliyev Fondunun
təşəbbüsü ilə Şamaxı
şəhərində inşasına başlanılan
Nəsimi adına Uşaq İncəsənət Məktəbi
binasının təməlqoyma mərasimi rayon sakinləri
üçün əsl bayrama çevrilmişdir.
Ümumilikdə, burada müasir avadanlıqla təchiz
ediləcək 54 otaq fəaliyyət
göstərəcəkdir. Məktəbin həyətində
yaşıllaşdırma və abadlıq işləri
aparılacaqdır. Üçmərtəbəli müasir incəsənət
məktəbi binasının tikintisinin 2010-cu ildə başa
çatdırılması nəzərdə tutulmuşdur.
Diabetli
uşaqlara qayğı da Heydər Əliyev Fondunun
fəaliyyətində mühüm yer tutur. Fondun
dəstəyi ilə “Diabetli uşaqlara ən yüksək
qayğı” layihəsi çərçivəsində
ölkədə diabet xəstəliyindən əziyyət
çəkən 14 yaşınadək uşaqlar
müntəzəm olaraq insulin preparatları və
şpris-qələmlərlə təmin edilmişlər.
Heydər Əliyev Fondunun həyata keçirdiyi
“Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi
çərçivəsində Lənkəran
şəhərindəki “Qafqaz” sahil otelində
şəkərli diabetli uşaqların psixo-sosial
reablitasiyası məqsədilə istirahət
düşərgəsi də təşkil olunmuşdur. Düşərgədə əlil, Qarabağ
müharibəsi əlili, məcburi köçkün və
qaçqın ailələrindən, valideyn himayəsindən
məhrum, şəkərli diabet xəstəliyindən
əziyyət çəkən iki və daha çox
uşaqlı ailələrdən olan 30 uşağa 4
həkim-diabetoloq, 5 müəllim və 2 psixoloq
xidmət göstərmişdir. Düşərgədə
uşaqlar müxtəlif idman yarışları və
əyləncəli oyunlar keçirmiş və sosial-psixoloji
yardım almışlar. Sonda düşərgənin
bağlanış mərasimi keçirilmişdir.
Fond hər zaman
əməkdaşlığa hazır olan bir təşkilatdır.
Heydər Əliyev Fondu ölkə xaricində - Rusiya və
Gürcüstanda yaşayan azərbaycanlı şagirdlər
üçün də lazımi tədbirlər həyata
keçirir. Bu baxımdan da Heydər Əliyev Fondunun
gördüyü işlər sırf Azərbaycanı
əhatə etmir. Onun layihələrinin coğrafi
məkanı genişdir. Belə ki, gürcüstanlı
soydaşlara, bütün sahələrdə olduğu kimi,
təhsil səviyyəsinin müasir tələblərlə
ayaqlaşması baxımından da yardımını
əsirgəmir. Fondun təşəbbüsü və
dəstəyi ilə Kvemo Kartli-Borçalı
bölgəsinin Dmanisi şəhərində Heydər
Əliyev adına fondun bilgisayar mərkəzində rayon
şagirdləri arasında bilik yarışı
keçirilmişdir. Yarışda Dmanisidəki
azərbaycandilli məktəblərlə yanaşı, rayonun gürcü
məktəblərinin şagirdləri də iştirak
etmişlər.
Respublikamızın Niderland
Krallığındakı səfirliyində bu ölkədə
fəaliyyət göstərən Azərbaycan
məktəblərinə Heydər Əliyev Fondu
tərəfindən hazırlanmış
hədiyyələrin təqdimat mərasimi də bu
qəbildən olan layihələr
çərçivəsində həyata
keçirilmişdir.
Heydər Əliyev Fondu tərəfindən həyata
keçirilən hər bir layihənin əsasında
Azərbaycanın gələcəyi olan uşaqların
gələcəyini təmin etmək və sağlam ruhlu,
düşüncəli uşaqları yetişdirməkdir.
Nəzakət ƏLƏDİNQIZI
Səs.- 2010.- 27 yanvar.- S. 7.