Dağlıq Qarabağ
münaqişəsi: hərbi kontekstdən baxış
Azərbaycan Ordusunun yüksək
peşəkarlığı və zəngin tarixi
ənənələri münaqişənin hərbi yolla
həllinə hərtərəfli zəmin yaradır
Dağlıq
Qarabağ münaqişəsinin real vəziyyəti ondan
ibarətdir ki, problem məhz işğalçı
Ermənistan dövlətinin qeyri-konstruktiv mövqe tutması
nəticəsində həll edilməmiş qalıb.
Azərbaycanın sülh danışıqlarına
etibarlı və səmimi münasibəti fonunda,
sözsüz ki, status-kvo uzun müddət belə davam edə
bilməz. Prezident İlham Əliyev də rəsmi
Bakının mövqeyini dəfələrlə bəyan
edərək, bildirib ki, Azərbaycan münaqişənin
“dondurulması” variantı ilə razılaşmayacaq və bu
problemi gələcək nəsillərə “miras” qoymaq
niyyətində deyil. Bu
baxımdan, işğalçı rejimin özünü
“qalib tərəf” kimi aparması məntiqəuyğun deyil
və Ermənistanın yaşadığı illüziya bir
anın içində “sabun köpüyü” kimi partlaya
bilər. Bu illüziyanı sarsıdan və Ermənistanı
gerçəkdən narahat edən real qüvvə isə, sözsüz
ki, Azərbaycan Ordusu, onun
yüksək hərbi və psixoloji hazırlıq
səviyyəsidir...
Dağlıq
Qarabağ münaqişəsinin hərbi kontekstdən həll
edilməsi perspektivlərinə baxarkən, heç də uzaq
olmayan yaxın keçmişə varmaq daha məqsədəuyğun
olardı ki, keçmişlə bugünü müqayisə
edə bilək. Etiraf
etməliyik ki, müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin milli ordu
quruculuğu sahəsində bərqərar etdiyi
ənənələr bu gün
Ali Baş Komandan İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Təsadüfi deyil ki,
orduya qayğı iləbəil yaxşılaşır, hərbi hissələrimiz müasir
döyüş avadanlıqları ilə təchiz olunur,
əsgər və zabitlərin sosial problemlərinin
ödənilməsi məqsədi ilə ardıcıl
tədbirlər görülür,
vaxtaşırı olaraq
hərbi rütbələr
verilir, zabit heyətinin mənzil
şəraiti yaxşılaşır, vəzifə
maaşları və rütbəyə görə
müavinətlar hər il artır, zabitlərimiz yüksək təhsil almaları
üçün dünyanın müxtəlif
ölkələrinə göndərilir və s.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin
xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlişindən
başlayaraq, ölkədə Milli Ordu quruculuğu
keyfiyyətcə yeni mərhələyə qədəm qoydu,
qısa müddətdə vahid komandanlığa tabe olan nizami
ordu formalaşmağa başlandı. Məhz
həmin dövrdən etibarən ölkə
dayandığı uçurumun qarşısından
addım-addım geri çəkilməyə başladı.
Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmləndirilməsi sahəsində real addımlar
atıldı. Silahlı Qüvvələrdə vahid komandanlığın
təmin edilməsi sahəsində görülmüş
məqsədyönlü tədbirlər nəticəsində
o zaman Azərbaycan üçün mühüm həyati
əhəmiyyət kəsb edən atəşkəsə nail
olundu. 1993-cü ilin iyun ayınadək ordudan fərarilik
etmiş hərbi qulluqçular ümummilli lider Heydər
Əliyevin çağırışı ilə Milli Ordu
sıralarına qayıtdılar.
Heydər Əliyevin Silahlı
Qüvvələrə göstərdiyi diqqət və
qayğının nəticəsində ordunun
mərkəzləşdirilmiş maddi-texniki təminatı
əvvəlki illərdən fərqli olaraq,
əhəmiyyətli dərəcədə
yaxşılaşdırıldı, hərbi birləşmə
və hərbi hissələrin tibbi və digər
vasitələrlə təmin edilməsi təşkil olundu,
maliyyə-təsərrüfat fəaliyyəti nizama
salındı.
Silahlı Qüvvələrin tələb olunan
silah, hərbi texnika, döyüş sursatı və digər
vasitələrlə təminatı yüksək
səviyyəyə çatdırıldı. Bundan
əlavə, orduda şəxsi heyətin mənəvi-psixoloji
hazırlığına, döyüş ruhunun
yüksəldilməsinə diqqət artırıldı,
hərbi vətənpərvərlik tərbiyəsi
gücləndirildi. Silahlı
Qüvvələrdə nizami strukturlar yaradılaraq,
hərtərəfli islahatlar aparıldı. Hərbi
intizamın, vahid rəhbərliyin
möhkəmləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, kadr
hazırlığına dövlət səviyyəsində
xüsusi diqqət yetirilməsi
öz bəhrəsini
verdi. Ulu öndər Heydər Əliyev
güclü və intizamlı ordunun
yaradılmasının milli zabit kadrları
heyətindən asılı olduğunu nəzərə
alaraq, bu məqsədlə 1999-cu il fevralın 20-də
Hərbi Akademiyanın yaradılması barədə fərman
imzaladı. Azərbaycan Silahlı Qüvvələri
üçün kadr hazırlığının təkmilləşdirilməsi
məqsədilə Müdafiə Nazirliyi sistemində
fəaliyyət göstərən tədris
müəssisələri ulu öndər
Heydər Əliyevin 20 avqust 2001-ci il tarixli fərmanı
ilə, müvafiq olaraq, Azərbaycan Ali Hərbi
Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi
və Azərbaycan Ali Hərbi Təyyarəçilik
Məktəbi adlandırıldı.
Beləliklə,
bu gün Azərbaycanın qurucusu ulu öndər Heydər
Əliyev olan möhtəşəm Silahlı
Qüvvələri var. Bu Silahlı Qüvvələrdə
Səməd bəy Mehmandarovun arzuladığı kimi,
nəinki təkcə artilleriya işi kamil qurulub, eyni zamanda,
bütün sahələr üzrə müasir və
peşəkar bir ordu yaradılıb. Bu gün Azərbaycan
əsgəri havada, suda-quruda böyük gücə qadirdir. Bu gün Azərbaycan əsgərinin sorağı
NATO sülhməramlıları qoşunlarının
tərkibində bir çox ölkələrdən gəlir.
Ümumilli lider Heydər Əliyevin vaxtilə ordu
hissələrində şəxsi heyətlə
müntəzəm keçirdiyi görüşlərin
nəticələri zaman keçdikcə ordunun
əzmkarlığının artmasında
özünü büruzə verirdi. Milli
öndərin hərbi hissələrdəki
vəziyyətlə-əsgər və zabitlərin
problemləri, qayğıları ilə maraqlanması,
hərbi təhsil sisteminin müasirləşməsinə
və hərbi biliklərin tədrisinin
yüksəlməsinə böyük diqqət yetirməsinin
səmərəsi Milli Ordunun bugünkü səviyyəyə
çatmasında əsaslı rol oynadı.
Ümummilli
liderimiz Heydər Əliyevin rəhbərliyi altında
aparılan məqsədyönlü daxili və xarici
siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ordu quruculuğunu daim diqqət mərkəzində saxlayan
Prezident İlham Əliyev Azərbaycan Silahlı
Qüvvələrinin qarşısında hər an
torpaqlarımızı azad etmək üçün hazır
olmaq vəzifəsini qoymuşdur. Prezident
çıxışlarında qətiyyətlə
bildirmişdir ki, sülh tərəfdarı
olmağımıza baxmayaraq,
Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim
səbrimiz tükənməz deyildir. Azərbaycan öz
doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad
edəcəkdir.
Bu gün
Azərbaycan Silahlı Qüvvələri yüksək
döyüş hazırlığına malik və
peşəkar, hərbi-texniki vərdişlərə
dərindən yiyələnmiş savadlı,
vətənpərvər kadrlardan ibarətdir. Tarix sübuta
yetirmişdir ki, peşəkar ordusu olan xalqın
müstəqilliyi də əbədidir. Əsası ulu
öndər tərəfindən qoyulmuş hərbi quruculuq
siyasəti beş ilə yaxın müddətdə onun layiqli
davamçısı - Azərbaycan Prezidenti, Ali Baş Komandan
İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Ordu quruculuğuna dair bütün mühüm tədbirlər
ardıcıl surətdə, dünya təcrübəsi
nəzərə alınmaqla həyata keçirilir.
Dövlət başçısı ilk gündən bəyan
etmişdir ki, ordunun möhkəm, qüdrətli olması
üçün dövlətin iqtisadiyyatının
güclü inkişafı vacib şərtdir. Bu
reallığa nəzərən ölkə rəhbərliyi
iqtisadiyyatın inkişafına adekvat olaraq ordu quruculuğu
istiqamətində qətiyyətli addımlar atır.
Təkcə bir faktı demək lazımdır ki, son altı
ildə respublikanın hərbi büdcəsi on
dəfədən çox artaraq bütövlükdə
işğalçı Ermənistanın dövlət
büdcəsinə çatmışdır.
Bu gün ordu quruculuğu prosesi elə bir
mühüm və həlledici mərhələyə
qədəm qoymuşdur ki, qazanılan nailiyyətlərlə
yerindəcə, hərtərəfli, bilavasitə,
tanış olmadan Azərbaycan Ordusunun ürəkaçan
durumunu obyektiv canlandırmaq, dolğun fikir söyləmək
mümkün deyildir. İndi, nəinki arxa
cəbhədə, hətta düşmənlə
üzbəüz təmas xəttində yerləşən
hərbi hissələrdə özünü
göstərən hərbi quruculuq prosesi yalnız
böyük qürur və sevinc hissi doğurur.
Ali Baş
Komandan peşəkar hərbiçilərə üz tutaraq
demişdir: “Qısa müddət ərzində Azərbaycanda
çox güclü ordu yaranmışdır və bu gün
ordumuz qarşıda duran bütün vəzifələri
həll etməyə qadirdir. Ordumuzun maddi-texniki bazası
möhkəmlənmiş, peşəkarlıq
artmışdır. Bu gün ordu quruculuğu prosesinə
böyük diqqət verilir. Son illər ərzində
maddi-texniki bazanın möhkəmləndirilməsində
böyük işlər görülmüşdür,
çoxlu texnika, avadanlıq, müasir silahlar
alınmışdır və beləliklə, Azərbaycan
ordusu xeyli dərəcədə güclənmişdir”.
Bu gün
Azərbaycanın yüksək səviyyəli
döyüş texnikası ilə təchiz olunmuş və
ölkənin ərazi bütövlüyünü bərpa
edəcək ordusu var. Silahlı Qüvvələr daim
səhra təlimləri keçir, qoşunların
döyüş hazırlığı yüksək
səviyyədə saxlanılır. Silahlı
Qüvvələrdə aparılan islahatlar da uğurla davam
etdirilir. Aparılan islahatlar
nəticəsində hərbi təhsil sistem,
bütövlükdə, NATO standartlarına keçirilib,
Azərbaycan əsgərləri NATO-nun “Sülh Naminə
Tərəfdaşlıq” Proqramı
çərçivəsində təlimlərdə
iştirak edirlər. Əsgərlərimiz Kosovo, Əfqanıstan və
İraqda ölkəmizin şərəfini yüksək
ləyaqətlə qoruyurlar.
Düzdür,
bu gün hakimiyyət xalqımızın ən
ağrılı problemi olan Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüquq və
ədalət prinsiplərinə uyğun həlli
üçün bütün vasitələrdən istifadə
edir. Münaqişənin həllində dinc yola, diplomatik
danışıqlara, beynəlxalq birliyin dəstəyinə
üstünlük verdiyini Prezident İlham Əliyev
dəfələrlə bəyan edib. Lakin etiraf
olunmalıdır ki, danışıqların uğurla
nəticələnməsi üçün ordumuzu daha da
gücləndirməli, ölkəmizin müdafiə
qüdrətini və hərbi potensialını daim
artırmalıyıq. Silahlı Qüvvələrin
şəxsi heyəti öz fiziki və hərbi
hazırlığını dönmədən
təkmilləşdirməli, döyüş texnikasına
dərindən yiyələnməli, ən mürəkkəb
şəraitdə ondan istifadə etməyi bacarmalıdır.
Eyni zamanda, tərxis olunmuş hər bir gənc
cəmiyyətdə, həyatımızın bütün
sahələrində ən dəyərli insan hesab edilməli,
hərbi xidmət keçmiş şəxslərin
təcrübəsindən, bilik və bacarığından
geniş istifadə olunmalıdır. Hər
bir dövlət orqanı, respublikamızın hər bir
vətəndaşı müstəqilliyimizin dönməz
və əbədi olması, dövlətçiliyimizin
möhkəmləndirilməsi üçün əlindən
gələni əsirgəməməli, ordu quruculuğu
prosesinə öz layiqli töhfəsini verməlidir.
Bir
sözlə, çalışmalıyıq ki, ümummilli
liderimiz Heydər Əliyevin bizə əmanət qoyduğu
Milli Ordunun şərəfini daim yüksək tutaq.
Bütün bunlara rəğmən, Silahlı
Qüvvələrin Ali Baş Komandanı Prezident İlham
Əliyevin Milli Ordumuzun inkişafına
qayğısını da etiraf etməliyik.
Bütün bu və digər faktlar, sözsüz ki,
Azərbaycanın işğalçı Ermənistan
üzərində hərbi üstünlüyünü
ifadə edir və bir daha təsdiqləyir ki, işğal
faktoru hər an qısa bir vaxtda
ortadan qaldırıla bilər.
Səs.- 2010.- 27 yanvar.- S. 8-9.