Realist və praqmatik
Azərbaycanın 2010-cu il üçün inkişaf
strategiyası, məhz bu prinsiplərə əsaslanır
2009-cu
ilin sosial-iqtisadi yekunları
Azərbaycandakı inkişafın davamlı olduğunu
növbəti dəfə təsdiq etdi. Prezidentin iştirakı ilə
keçirilmiş müşavirə həm də onu
təsdiqlədi ki, ölkəmizdə, bütün
sahələrdə olduğu kimi, sosial-iqtisadi sferada da
inkişafa doğru həyata keçirilən
məqsədyönlü islahatların bəhrəsi
yaşanmaqdadır.
Təbii ki,
bütün uğurları şərtləndirən əsas
meyar birinci növbədə siyasi iradədir. Bu baxımdan,
Azərbaycanın əldə etdiyi bütün
nailiyyətlər məhz dövlət başçısı
İlham Əliyevin yüksək idarəçilik
keyfiyyətlərindən və peşəkar rəhbərlik
qətiyyətindən xəbər verir. Son 6
ildə ölkənin iqtisadi potensialının tam
hərəkətə gətirilməsinə nail olan Prezident
İlham Əliyev müşavirədəki
çıxışında da Azərbaycanın
gələcəyinin, ölkənin qüdrətinin məhz
iqtisadiyyatdan asılı olduğunu bir daha qeyd etdi: “Bu
gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda
aparılan iqtisadi islahatlar nəticəsində
istənilən sahədə, iqtisadi və sosial
məsələlərin həllində gözəl
nailiyyətlərimiz var. Bunu biz
gündəlik həyatda görürük və eyni
zamanda, statistik
rəqəmlər də bunu əks etdirir.
Bütövlükdə, son illər ərzində
Azərbaycanda iqtisadi inkişaf çox sürətlə
getmişdir və 2003-2009-cu illərdə
iqtisadiyyatımızın həcmi, ümumi daxili məhsul 2,7
dəfə artmışdır. Bu, nadir bir göstəricidir
və beş il ərzində iqtisadiyyatın həcmini
təxminən 3 dəfə artırmaq, doğrudan da,
böyük nailiyyətdir”.
Müşavirədəki
çıxışında Prezident İlham Əliyev, onu da
bildirdi ki, ölkənin sosial-iqtisadi inkişafı
qarşıda duran problemlərin aradan qaldırılması
üçün yeni imkanlar açır. Dövlət
başçısı böyük infrastruktur
proqramlarından, qlobal regional layihələrdən və bu
layihələrin ölkə iqtisadiyyatına gətirdiyi
uğurlardan, regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramının həyata keçirilməsinin
müsbət nəticələrindən danışaraq, bildirdi
ki, respublikada diqqətdən kənarda qalan hər
hansı bir sahə olmamalıdır.
Statistik
rəqəmlərdən də, görünür ki, Prezident
öz iqtisadi kursunu çox böyük uğur və
peşəkarlıqla həyata keçirir. Belə ki, təkcə 2009-cu
ildə ölkə iqtisadiyyatı, ümumilikdə, 16,5 faiz,
sənaye istehsalı təxminən 14 faiz artmışdır. Sevindirinci haldır
ki, ölkəmizdə özəl sektorun inkişafı da
davam edir və ümumi daxili məhsulda onun çəkisi
artıq 84 faiz təşkil etməkdədir. Ən
təqdirəlayiq fakt isə odur ki, hazırda ÜDM-in
artım temrlərinə görə ölkəmiz dünyada
birinci yer tutur. Belə ki, 2009-cu ilin
göstəricilərinə görə ÜDM-in ümumi
həcmi 16,3 milyard manat, adambaşına düşən
məbləği isə 1953,2 manat təşkil etmişdir. Bu
isə ötən ilin müvafiq dövrü ilə
müqayisədə 32,9 faiz çoxdur. O da
səciyyəvidir ki, ÜDM-in 11,5 milyard manatı, yaxud 70,5
faizi məhsul istehsalı sahələrinin payına
düşür və buda ötən ilin müvafiq
dövrü ilə müqayisədə 44,6 faiz
yüksəkdir. Ölkə iqtisadiyyatına investisiya
qoyuluşlarının həcmi isə 5,2 milyard manat, o cümlədən,
daxili investisiyalar 2,2 milyard manat və ya əsas karitala
yönəldilən sərmayələrin 42,7 faizini
təşkil etmişdir.
Statistikadan
da göründüyü kimi, 2009-cu il Azərbaycanda
sosial-iqtisadi inkişaf daha da sürətlənib,
qarşıya qoyulmuş planlar uğurla yerinə yetirilib,
nəzərdə tutulmuş proqnozlar gerçəklikdə
öz əksini tapıb. Bunun da başlıca
şərtinin ölkənin iqtisadi potensialının
güclənməsi təşkil edib. İqtisadi
islahatların nəticəsi olaraq, inkişaf
sürətinə görə Azərbaycan həm MDB
məkanında, həm də dünyada liderlik mövqeyini
əldən verməyib.
Həmçinin, son illərdə 740 mindən
artıq yeni iş yerinin açılması, yoxsulluğun 20
faiz səviyyəsinə endirilməsi, əhalinin sosial
müdafiəsinin möhkəmləndirilməsi
üçün real resursların dayanıqlı
mənbəyinin yaradılması, həqiqətən də,
böyük göstəricilərdir. Dövlət
başçısının sosial sahəyə diqqət
və qayğısının nəticəsidir ki, ötən
illərdə olduğu kimi, 2010-cu ilin dövlət
büdcəsində də sosialyönümlülük
saxlanılıb. 2010-cu ilin dövlət büdcəsinin
həm də investisiya yönümlü olması
vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsinə xidmət edir. Azərbaycan
dövlətinin iqtisadi baxımdan sürətlə
qüdrətlənməsi vətəndaşlarının
sosial rifahının üzümüzə gələn
illərdə daha da yaxşılaşacağından
xəbər verir. Lakin Prezidentin mövqeyi həm də ondan
ibarətdir ki, ölkədə iqtisadi inkişaf
birqütblü getməsin, qeyri-neft sektoru daha da canlansın.
Dövlət başçısı müşavirədəki
çıxışında bunun detallarına da toxundu: “Bizim gələcək illər üçün
əsas məqsədimiz neft-qaz amilindən
asılılığımızı azaltmaqdır.
Əlbəttə, biz realist olmalıyıq və bilməliyik
ki, hələ uzun illər ərzində neft-qaz, enerji
sahəsi bizim iqtisadiyyatımız üçün
aparıcı sahə olacaqdır və bu, normal bir prosesdir.
Amma bilirsiniz ki, qeyri-neft
sektorunun inkişafı üçün lazımi
tədbirlər görülür və deyə bilərəm
ki, son illər ərzində kənd
təsərrüfatında ən yüksək
nəticələr əldə edilibdir.”.
Sözsüz
ki, ölkə başçısının
imzaladığı dövlət proqramlarının əsas
məğzini məhz iqtisadi inkişafı təmin
etməklə yanaşı, vətəndaşların sosial
rifahının yaxşılaşdırılması
təşkil edir. Son illərdə iqtisadi
inkişafın dinamik xarakter alması və neft
gəlirlərinin çoxalması nəticəsində sosial
sahədə diqqəti cəlb edən uğurlara imza
atılıb. Ölkənin hər bir bölgəsində
vətəndaşların sosial rifahının yaxşılaşması
- maaşların, təqaüdlərin
artması, aztəminatlı ailələrə
müavinətlərin verilməsi, qaçqınlara və
məcburi köçkünlərə edilən maddi
yardımın, şəhid ailələrinə və
müharibə veteranlarına verilən müavinətlərin
çoxalması dövlətin öz
vətəndaşının sosial qayğılarına
diqqətlə yanaşmasının
təcəssümüdür.
Onu da qeyd edək ki, əhalinin pul gəlirlərinin,
əməkhaqlarının artması inflyasiyanın
qarşısının alınmasını da diqtə edir ki,
dövlət başçısı müşavirədəki
çıxışında bu tendensiyadan
narahatlığını da
ifadə etdi: “Əhalinin pul
gəlirləri 32 faiz artmışdır və beləliklə,
əhalinin real gəlirləri kifayət qədər
yüksək dərəcədə artmışdır. Amma o
da həqiqətdir ki, hər bir vətəndaşın
gəlirləri 32 faiz artmayıbdır. Ona görə biz
inflyasiyanın normal səviyyədə saxlanılması
üçün əlavə tədbirlər görməliyik.
O da həqiqətdir ki, bütün dünyada
bahalaşma gedir və bunun müxtəlif obyektiv
səbəbləri var. Əgər belə olmasaydı, bu,
necə deyərlər, fərdi xarakter daşıyardı.
Amma bu, bütün dünyada kütləvi xarakter
daşıyır. Ancaq bununla bərabər, mən hesab
edirəm, bizim imkanlarımız var ki, gələcək
illərdə inflyasiyanı normal səviyyədə saxlayaq.
Beləliklə, əhalinin həyat səviyyəsinin
yaxşılaşması daha yüksək sürətlə
gedəcəkdir”.
Onu da qeyd
edək ki, 2009-cu ilin
reallıqları
sırasında diqqəti çəkən əsas
məqamlardan biri də
ölkəyə xarici
investisiyanın cəlb edilməsi prosesində yaşanan
canlanmadır. Belə ki, əvvəlki illərlə
müqayisədə Azərbaycan
iqtisadiyyatına bu il daha çox xarici sərmayə yatırılıb
ki, bu da ölkəmizin parlaq iqtisadi
gələcəyi ilə şərtlənir. Prezident müşavirədəki çıxışında bu məqamın da
üzərində xüsusi olaraq dayandı: “Azərbaycan
xarici və daxili investorlar üçün cəlbedici
ölkə kimi özünü bir daha sübut edib. Xarici
və yerli investisiyaların qoyuluşu çox böyük
rəqəmlərlə ölçülür. Azərbaycana
təxminən 7 milyard dollar sərmayə qoyulmuşdur.
Çox sevindirici hal ondan ibarətdir ki, daxili investisiyalar kəskin şəkildə
artır. Bu isə, onu göstərir ki, Azərbaycanda yerli
sahibkarların fəaliyyəti nəticəsində
böyük işlər görülür”.
Onu da qeyd
edək ki, 2008-ci illə müqayisədə 2009-cu ildə
ölkə iqtisadiyyatının müxtəlif
sahələrinə və sosial
sferanın inkişafına 7,9 faiz çox sərmayə
yatırılıb. Sevindirici haldır ki, bu gün
Azərbaycan investisiya cəlbediciliyinə görə dünya ölkələri
arasında birinci yer tutur. Xüsusilə,
qeyd edilməlidir ki, Prezident
İlham Əliyevin iqtisadi proqramının ən mühüm
tərkib hissəsi həm də tarazlı inkişafın
təmin edilməsidir və bu vacib vəzifənin yerinə
yetirilməsində milli kapitalın iştirak səviyyəsi
də mühüm faktor rolunu oynayır. Həmçinin,
etiraf edək ki, hər hansı bir ölkə xarici investorlar
üçün o zaman cəlbedici görünür ki,
onun iqtisadi potensialı, zəngin təbii
sərvətləri, nəhəng
işçi qüvvəsi ilə yanaşı, möhkəm
təməllərə
əsaslanan ictimai-siyasi sabitlik
də hökm sürsün. Siyasi gərginliyin,
vətəndaş
müharibəsi təhlükəsinin, siyasi
qüvvələr arasında kəskin və barışmaz
qütbləşmənin
mövcud olduğu
ölkələrə, bir qayda olaraq, xarici investorlar maraq
göstərmirlər. Uzağa
getmədən, Ermənistanın timsalında bu faktı
görə bilərik.
Müqayisə
edin, 2009-cu ildə Ermənistan
iqtisadiyyatına vur-tut 140 milyon
dollar xarici sərmayə
yatırılıb ki, bu da Azərbaycana ötən il ərzində qoyulan investisiyaların cəmi 2 faizini
təşkil edir. Yaxud
başqa bir misal, il ərzində Gürcüstana qoyulan
investisiyaların həcmi 500 milyon dollardan yuxarı qalxmayıb. Onu da nəzərə alaq ki,
əvvəlki illərdən fərqli olaraq, ildən-ilə Azərbaycan
yatırılan xarici sərmayə əsasən qeyri-neft sektorunun
inkişafına, ö cümlədən, emal sənayesinin və kənd
təsərrüfatına yönəldilir. Bu isə, onu
göstərir ki, Azərbaycanda
iqtisadiyyatın bütün sahələri ahəngdar
inkişaf edir.
Digər
maraq doğuran məqamlardan biri də odur ki, yerli
sahibkarların da investisiya potensialı
sürətlə artır.
Hətta Azərbaycan
sahibkarları qonşu
ölkələrə də, xüsusilə Gürcüstan,
Rusiya və Türkiyə iqtisadiyyatına da sərmayələr qoyurlar. Misal üçün, təkcə
2009-cu il ərzində yerli
sahibkarların xarici layihələrdə iştirak payı sürətlə artaraq 2,5 milyard
dollara çatıb.
Azərbaycan
Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ölkəmizin ərazi bütövlüyü
çərçivəsində həlli istiqamətində
də 2009-cu ildə aktiv fəaliyyət göstərib. Prezident İlham
Əliyev bütün xarici səfərlərində
keçirdiyi görüşlərdə,
çıxışlarda bu problemin beynəlxalq hüququn
normaları çərçivəsində həllinin
vacibliyini önə çəkib, Ermənistanın
təcavüzkar siyasətini ifşa edib. 2009-cu ildə
aparılan danışıqlar prosesində Ermənistan
rəhbərliyinin stabil mövqedə olmaması,
aqressivlik və qərəz nümayiş etdirməsi,
danışıqları hansısa formada pozmağa
çalışması Azərbaycan tərəfinin diplomatik
üstünlükləri qarşısında acizliyi idi.
Dağlıq Qarabağ məsələsində
Azərbaycanın mövqeyi ölkə Prezidentinin dediyi kimi,
dəyişməz olaraq qalır və bunu Prezident İlham
Əliyev müşavirədəki
çıxışında bir daha vurğuladı: “Mən bir daha demək
istəyirəm ki, aparılan danışıqlar
Azərbaycanın ərazi bütövlüyünün
bərpasına gətirib çıxarmalıdır.
Azərbaycan dövlətinin mövqeyi, birmənalı olaraq,
dəyişməz qalır. Bu münaqişə
Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll olunmalıdır
və Dağlıq Qarabağda yaşayan insanlara və
gələcəkdə oraya qayıdacaq azərbaycanlılara
muxtariyyət statusu verilməlidir. Bunun kənarında
heç bir variant müzakirə olunmur. Mən nə
üçün belə deyirəm? Çünki
vaxtaşırı müxtəlif bəyanatlar səslənir
və bu bəyanatlar cəmiyyətdə müəyyən
dərəcədə yanlış fikirlər oyadır.
Danışıqların əsas mahiyyəti
Azərbaycanın ərazi bütövlüyünün
bərpasıdır”.
Beləliklə, 2009-cu il müstəqil
dövlətçiliyini gündən-günə
möhkəmləndirən, dünya birliyinə
sürətlə inteqrasiya olunan, demokratik inkişaf yolunda ardıcıl
addımlar atan, sosial-iqtisadi sferada
sıçrayışlı inkişafa nail olan
respublikamız üçün bir sıra uğurlu
hadisələrlə yadda qalıb:
ictimai-siyasi sabitlik qorunub saxlanılıb, iqtisadi
inkişafın sürətləndirilməsinə, sosial
tərəqqiyə, vətəndaş həmrəyliyinə,
insan hüquq və azadlıqlarının daha yüksək
səviyyədə təminatına xidmət edən kompleks
tədbirlər həyata keçirilib. Bütün bunlar bir daha
göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin
fəaliyyətinin qayəsini dövlətə, xalqa xidmət
prinsipi təşkil edir.
Səs.- 2010.- 28 yanvar.- S. 4.