Mətbuat Şurası 2009-cu ildəki
fəaliyyəti ilə bağlı hesabat açıqladı
Dünən Mətbuat Şurasında (MŞ) Şuranın 2009-cu ildə gördüyü işlərlə bağlı hesabat təqdim olunub. SİA-nın məlumatına görə, hesabatda Şuranın komissiyalarının və İdarə Heyətinin il ərzində fəaliyyətini əks etdirən statistik göstəricilər, şikayət və müraciətlər haqda məlumatlar, həmçinin onların araşdırılması məsələləri yer alıb.
Sənəddə eyni zamanda MŞ-nin il ərzində reallaşdırdığı tədbir və təşəbbüslər qeyd olunub. Hesabatda göstərilir ki, Şuraya 2009-ci il ümimilikdə 489 müraciət daxil olub. Onlardan 276-sı ayrı-ayrı vətəndaşlardan, 167-i dövlətidarələri, müəssisə və təşkilatlardan, 61-i özəl müəssisələrdən, 45-i ictimai qurumlardan, 29-u özünüidarəetmə orqanlarından, 11-i siyasi partiyalardandır.
Daxil olan müraciətlərdən 267-i Şuranın Katibliyində həllini tapıb. 222 müraciət Şikayətlər üzrə Komissiyada araşdırılıb. 31 şikayətə İdarə Heyətində baxılaraq müvafiq qərar çıxarılıb. 3-4 il əvvəl dövlət idarələrindən şikayət və müraciətlərin daha çox olduğunu bildirən Şuranın sədri Əflatun Amaşov qeyd edib ki, keçən illər ərzində bu şikayətlər yerini ayri-ayrı vətəndaşlardan gələn şikayətlərə verib. Sədr şikayətlərin daha çox təhisl və səhiyyə sahələri ilə bağlı olduğunu diqqətə çatdırıb.
Ə. Amaşov ümumilikdə 55 rayondan şikayətlərin daxil olduğunu deyib: “2005-ci ildə cəmi 7 şəhər və rayondan şikayətlər almışdıq . İndi isə bu rəqəm 55-dir. Gözlənildiyi kimi ən çox şikayət Bakı şəhərindəndir - 195 şikayət”. “Reket” nəşrlərə qarşı ictimai qınağın artırılması üçün Şuranın fəaliyyətinin daha genişləndiyini deyən sədr vurğulayıb ki, bununla bağlı dövlət idarələri ilə danışıqlar aparılır: “Tərtib etdiyimiz “qara siyahını” dövlət idarələrinə təqdim edirik ki, onlar da həmin nəşrləri tanısın və əməkdaşlıq etdiyi mətbuat orqanlarının seçimində yanılmasınlar. Bu siyahıda 94 dövri nəşrin adı var. 2009-vu ildə 4 dəfə “reket nəşr”lərin siyahısı açıqlanıb”.
2009-cu ildə həbsdə olan jurnalistlərin azadlığa çıxarılması, “Diffamasiya haqqında” Qanunun qəbulu, KİV-in inkişafına Dövlər Dəstəyi Fondunun formalaşmasının MŞ-nin diqqət yetirdiyi əsas məsələlərin olduğunu vurğulayan Ə. Amaşov söyləyib ki, 2010-cu ildə bütün bu istiqamətlərdə Şuranın səyləri davam edəcək. Bununla belə o, bu ilin Şura tərəfindən “Diffamasiya ili” elan edildiyini deyib: “Mətbuat Şurası ölkədə diffamasiya ilə bağlı qanunun qəbuluna dəsətk vermək üçün ötən ilin oktyabrında Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi ilə birgə tədbir keçirib. Tədbirdə diffamasiyanın Azərbaycan cəmiyyətinə, xüsusın də jurnalistlərin fəaliyyətinə təsirinə dair fikir mabadiləsi aparılıb”. Həbsdə olan jurnalistlərin azadlığa çıxması üçün müvafiq qurumlarla danışıqlar aparıldığını qeyd edən sədr bildirib ki, mətbuatın maliyyə vəziyyəti ilə bağlı yaranan çətinliklər aradan qaldırılsa digər problemlər də tezliklə həllini tapar. O, Azərbaycan jurnalistlərini qanunvericiliyin tələblərinə uyğun fəaliyyətlərini qurmağa çağırdı.
Tədbirdə çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev mətbuat ilə dövlət orqanları arasında olan münasibətlərə toxunub: “Hesab edirəm ki, ciddi dövri nəşrlər dövlət orqanlarından informasiyanı asanlıqla ala bilir. O nəşrlər informasiyanı almaqda çətinlik çəkir ki, dövlət idarələri, konkret olaraq sual ünvanlanan məmur həmin jurnalisti və nəşri ciddi hesab etmir. Digər tərəfdən məmurların fikirləri təhrif olunursa, təbii ki, fikirləri təhrif olunan məmur jurnalistlərlə əməkdaşlıqdan yayınacaqlar. Heç bir mətbuat orqanına kimsə əli ilə aparıb nəsə vermir. Heç kimə demək olmaz ki, sən reketsən. Qayıdıb deyəcək ki, reket sənsən. Faktlara əsaslanmaq lazımdır. Probelmlərin aradan qaldırılması üçün hesab edirəm ki, mətbuat kommersiya siyasətini düzgün qurmalıdır. Abunə istiqamətində fəaliyyətini düzgün quran mətbuat orqanı da maliyyə məsələlərini böyük ölçüdə həll etmiş olur. Mətbuat Şurası dövriliyi olmayan, neçə müddətdir ki, çıxmayan mətbuat orqanları haqqında Azərbaycan Dövlət Nəşriyyatına məlumat verməlidir və onların nəşriyyatdan çıxarılması haqqında məsələ qaldırmalıdır. Yalnız bundan sonra nəşriyyat müəyyən addımlar ata bilər”.
Kommersiya məsələlərin həll edilməsi istiqamətində MŞ-nin fəaliyyətinin artırılmasının vacib olduğunu vurğulayan B. Quliyev Şuranın “reket jurnalistikası”na qarşı mübarizəni müsbət qiymətləndirdi.
Azərbaycan mediasının hazırkı durumu ilə bağlı kifayət qədər dolğun təsəvvür formalaşdırdığını qeyd edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu MŞ-nin sadalanan istiqamətlər, xüsusən də “reket jurnalistika”ya qarşı mübarizə sahəsində işini gücləndirməsinin əhəmiyyətli cəhətlərinə diqqət çəkib. O, eyni zamanda həbsdə olan jurnalistlərlə bağlı yayılan fikirlərə də münasibət bildirib: “Həbsdə olan jurnalistlərin törətdiyi cinayət əməlinə, yoxsa peşə fəaliyyətinə görə azadlıqdan məhrum edilməsi məsələsi ilə bağlı ciddi fikir ayrılıqları var. Jurnalistlər konkret cinayət maddələri ilə mühakimə olunsalarda, bəziləri hesab edir ki, həmin jurnalistlər peşə fəaliyyətinə görə, həbs olunub. Bu məsələnin müzakirə olunmasına ciddi ehtiyac var. Düşünürəm ki, Şuranın 2009-cu ildəki fəaliyyəti qənaətbəxş olub”. Millət vəkili, MŞ-nin üzvü Aqil Abbas da çıxışında mətbuat ilə dövlət idarələri arasındakı problemləri qeyri-ciddi mətbu orqanların olması ilə izah edib.
Şuraya
daxil olan şikayətlərin maksimum şəkildə obyektiv
araşdırıldığını deyən Vüqar Rəhimzadə
bildirib ki, 2009-cu ildə Şura kifayət qədər səmərəli
işləyib.
Səs.- 2010.- 28 yanvar.- S. 5.