Mövlud Çavuşoğlunun
AŞPA-nın prezidenti seçilməsi...
Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həllinə müsbət töhfədir”
Bir neçə gün
bundan öncə, Avropa Şurası Parlament Assambleyası
(AŞPA) rəhbərliyinə növbəti seçkilər
keçirilib. Sevindirici haldır ki, təşkilatın
prezidenti vəzifəsinə, ilk dəfə olaraq, türkiyəli
parlamentar seçilib. Belə ki, seçkilərin nəticəsinə
əsasən, Türkiyənin təşkilatdakı nümayəndə
heyətinin rəhbəri, Türkiyənin hakim Ədalət və
İnkişaf Partiyasından olan millət vəkili Mövlud
Çavuşoğlu AŞPA prezidenti olub.
Qeyd edək ki,
M.Çavuşoğlu bu vəzifədə iki il müddətində
fəaliyyət göstərəcək. “SƏS” qəzetinə
açıqlama verən millət vəkili, politoloqlar
M.Çavuşoğlunun AŞPA prezidenti seçilməsini
müsbət hal kimi dəyərləndirir. Onların fikrincə,
hər zaman Azərbaycana dost-qardaş mövqeyi ilə
seçilən Türkiyənin bu uğuruna hamımız
sevinməliyik. Çavuşoğlunun öz vəzifəsinin
öhdəsindən layiqincə gələcəyinə və
fəaliyyəti boyunca Dağlıq Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həllinə ciddi səy göstərəcəyinə
ümidvarıq.
Daha sonra Qazaxıstan xarici işlər nazirinin ATƏT-in sədri seçilməsi məsələsinə münasibət bildirdilər. Qeyd etdilər ki, Qazaxıstan ölkəmizlə sıx əməkdaşlıq edir. O, Azərbaycanın 20 faiz torpaqlarının ermənilər tərəfindən işğal olunması faktını bilir və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Bu səbəbdən də, inanırıq ki, Qazaxıstan ATƏT-ə rəhbərlik etdiyi müddət ərzində münaqişənin ədalətli həlli istiqamətində mühüm addımlar atacaq. ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edə biləcək beynəlxalq bir qurumdur. Hətta bu təşkilat 1992-ci ildə münaqişənin həlli üçün tərəflər arasında birgə razılığın əldə olunması məqsədilə Minsk Qrupunu təsis edib. Yəni, Qazaxıstanın münaqişənin həllinə təsir imkanları daha böyükdür. Bu nöqteyi-nəzərdən Qazaxıstanın ATƏT-ə sədrlik etməsi Azərbaycanın ümumi maraqlarına zərbə vurmur.
Millət vəkili, professor Fəzail
İbrahimli:
- AŞPA-nın
öz nizamnaməsi və heç kəs bu nizamnamədən
kənara çıxaraq,
qeyri-addım ata bilməz. Sadəcə olaraq, AŞPA-nın
prinsiplərinə və
dövlətlərin onun
qarşısında götürdüyü
öhdəliyə laqeyd
münasibətin qarşısını
ala bilər. Təbii ki,
Mövlud Çavuşoğlu
ona verilən səlahiyyətlərdən istifadə
edərək, Ermənistanda
insan hüquqlarının
pozulması ilə bağlı ciddi məsələ qaldıra
bilər. Məsələn, Ermənistanın parlamenti
gülləbaran olundu,
ötən prezident seçkilərində insanlar
öldürüldü, ancaq
AŞPA bununla bağlı
heç bir tədbir görmədi.
Ermənistan bu təşkilatın
üzvüdür və
onun haqqında tədbir görmək də həmin təşkilatın səlahiyyətindədir.
Yəni,
o, ikili standartlardan kənarlaşaraq, məsələlərə
obyektiv münasibət
göstərə bilər.
Türk dövlət rəhbərlərinin
bu məsələlərdə
iştirakı artıq
dünya siyasətində
türkün söz demə haqqının olduğunun, türkün gücünün, qüdrətinin
ifadəsidir. Türk liderlərinin dünya
səviyyəsində yetişməsi
deməkdir. Təbii ki,
bu məsələlər
istər AŞPA, istərsə
də ATƏT səviyyəsində
Dağlıq Qarabağ
probleminin həllində
ən azı bu beynəlxalq təşkilatların mövqeyində
ciddi dəyişikliklərə
gətirib çıxara
bilər.
Politoloq Qabil
Hüseynli:
- Mövlud Çavuşoğlunun AŞPA-nın
prezidenti seçilməsi
müsbət faktdır.
Çünki Türkiyənin BMT Təhlükəsizlik Şurasına
keçici üzv seçilməsi müsbət
fakt olduğu kimi, Çavuşoğlunun
AŞPA-nın prezidenti
seçilməsi daha əhəmiyyətli hadisədir.
Azərbaycanın taleyinin bir qismi də Avropa
Şurasından və
onun parlament assambleyasından asılıdır.
Çavuşoğlu da Azərbaycanı
sevən bir insandır və güman edirəm ki, o, Dağlıq Qarabağ münaqişəsinin
həllinə yaxından
səy göstərəcək.
Düzdür, AŞPA-nın prezidenti
olmaq o demək deyil ki, o, istədiyi
hər bir şeyi edəcək.
Amma hər halda, onun obyektiv və
birmənalı mövqeyi
bu fikri söyləməyimizə imkan
verir. Bu günə qədər
AŞPA-nın prezidenti
olan şəxslər
Dağlıq Qarabağ
münaqişəsinin həllinə
ikili standartlardan yanaşıb. Bu baxımdan,
Çavuşoğlunun mövcud
problemin həllinə
doğru həmin standartlarla deyil, məhz obyektiv meyarlarla, beynəlxalq hüququn normalarına uyğun sürətdə
hərəkət edəcəyinə
böyük inamım
var. Belə olan halda, Çavuşoğlunun
AŞPA-nın
prezidenti seçilməsi
Azərbaycanın mövcud
problemlərinin həllinə,
eləcə də, Dağlıq Qarabağ münaqişəsinin həllinə
töhfə ola bilər.
Bununla yanaşı,
Qazaxıstanın xarici
işlər naziri də ATƏT-in sədri seçilib və bu vəzifəni bir il müddətində yerinə
yetirəcək. Hər iki
beynəlxalq qurum Dağlıq Qarabağ münaqişəsinin həllinə
bu və ya digər yöndən
təsir göstərə
bilən təşkilatlardır.
Qazaxıstan Respublikası isə,
xüsusilə, bu münaqişə barəsində
məlumatlı olan bir dövlətdir. Hələ bu problemin yenicə başladığı dövrlərdə
bu ölkənin prezidenti Nursultan Nazarbayev Rusiyanın keçmiş prezidenti
Boris Yeltsinlə birlikdə
regiona gəlmiş və yenicə başlamış müharibəni
dayandırmaq, tərəflər
arasında sülh sazişinə nail olmaq üçün səylər
göstərmişdi. O zaman
onların bu cəhdləri alınmamışdı.
İndi məsələ beynəlmiləlləşib
və beynəlxalq qurumlar səviyyəsinə
qalxıb. Müharibə, hələlik, dayandırılıb
və atəşkəs
elan olunub. ATƏT-in vasitəçiliyi ilə münaqişənin
sülh yolu ilə həlli istiqamətində danışıqlar
gedir. Lakin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin
həlli ilə bağlı bu günədək verdikləri
təkliflər obyektiv
xarakter daşımayıb
və beynəlxalq hüquq normalarına uyğun gəlməyib.
Onların fəaliyyəti daha
çox ermənipərəstliyi
ilə seçilib.
Bu mənada, Qazaxıstanın
məsələlərə obyektiv münasibət bəsləyəcəyinə ümidvaram.
Lakin onun uzun illərdir
ki, həlli uzanan bu məsələlərdə
dönüş yaradacağını
əminliklə deyə
bilmərəm. Çünki Qazaxıstan gənc dövlətdir, hələ
beynəlxalq aləmdə
özünə yenicə
yer tutur. Eyni zamanda, bu ölkə
Rusiyanın təsir dairəsindədir. Buna baxmayaraq, Azərbaycanla çox normal münasibətləri
var.
Həmçinin, N.Nazarbayev Türk Dövlətlərinin Parlament
Assambleyasının yaradılmasında
təşəbbüskarlardan biri olub və
bu prosesdə aktiv iştirak edib. Güman edirəm ki,
bu ölkə Dağlıq Qarabağ münaqişəsinin ermənilər
tərəfindən süni
şəkildə yaradıldığını
və Azərbaycanın
təcavüzə məruz
qaldığını yaxşı
başa düşür.
Bu işğal nəticəsində ölkəmizin
maddi və mənəvi zərbələrə
məruz qaldığını,
bir milyondan artıq insanın öz doğma torpaqlarından didərgin
düşdüyünü bilir. Qazaxıstanın xarici işlər
naziri çalışmalıdır
ki, bu bildiklərini
ATƏT səviyyəsində ictimai rəyə çevirsin. Belə olarsa,
problemin həllinə
yanaşma metodları
dəyişə bilər
və Azərbaycanın
ərazi bütövlüyü
məsələsi, Ermənistanın
işğalçı ölkə
kimi tanınması məsələsi gündəmə
gələ bilər.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni:
- Milli Qeyri-Hökumət Təşkilatları
Forumu olaraq keçən il
Türkiyə - Ermənistan
sərhədlərinin açılmasına
etiraz tədbiri keçirmişdik. Həmin vaxt
Mövlud Çavuşoğlu
ilə Türkiyə Böyük Millət Məclisində görüşümüz
oldu. Onun bu məsələ
ilə bağlı obyektiv və ədalətli mövqeyi bizi qane etdi.
Düşünürəm ki, beynəlxalq
əlaqələrə yaxından
bələd olan, beynəlxalq situasiyaları,
eləcə də, regiondakı vəziyyəti
lazımınca dəyərləndirən
Çavuşoğlunun AŞPA-nın prezidenti seçilməsi hamımız
üçün sevindiricidir.
2010-cu il Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün olduqca
əhəmiyyətli ildir.
Ona görə də həm Mövlud Çavuşoğlunun AŞPA-nın
prezidenti, həm də Qazaxıstanın xarici işlər nazirinin ATƏT-in sədri
seçilməsi münaqişənin
həllinə müsbət
təsir göstərəcək.
Bu hadisə bizim
üçün uğurlu
hadisədir və bu imkanlardan Azərbaycan istifadə etməlidir. Çalışaq ki, onların həmin vəzifədə
olduqları müddətdə
Dağlıq Qarabağ
münaqişəsinin məhz
Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
həllinə nail olaq.
Çavuşoğlunun AŞPA prezidenti seçilməsi və Qazaxıstanın ATƏT
rəhbərliyinə gətirilməsi
ermənilərin sıxışdırılması
demək deyil. Ancaq onların
sıxışdırılması lazımdır. Maraqlısı
odur ki, Mövlud Çavuşoğlu
və ATƏT-in yeni sədri verdikləri bəyanatlarda bildiriblər
ki, onlar bütün imkanlarını
səfərbər edərək,
dünyada mövcud olan münaqişələri
aradan qaldıracaqlar. Xüsusilə də, Azərbaycanla
bağlı verdikləri
bəyanatlarda qeyd ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin
ərazi bütövlüyü
çərçivəsində həllinə maksimum səy göstərəcəklər.
Bu hadisə, eyni
zamanda, bizi məsuliyyətləndirir və
qayğılandırır. Çünki Azərbaycan Mövlud
Çavuşoğlunun AŞPA-nın prezidenti olmasına arxayın olmamalıdır. Azərbaycan dövləti
bütün gücünü
və qüvvəsini
sərf edərək,
mövcud vəziyyəti
layiqincə dəyərləndirməlidir.
Azərbaycan özünün haqlı mövqeyini bütün dünyaya çatdırmaq üçün
mühüm işlər
görməlidir.
KÜBRA ƏLİYARLI
Səs.- 2010.- 28 yanvar.- S. 6.