“2 Fevral Gənclər Günü ulu öndər Heydər Əliyevin gənclərimizə hədiyyəsidir”

 

“SƏS” qəzetinin redaksiyasında gənclər gününə həsr olunmuş növbəti dəyirmi masa keçirildi

 

Ənənəvi olaraq müxtəlif mövzular ətrafında dəyirmi masalar təşkil edən “SƏS” qəzeti budəfəki dəyirmi masanın mövzusunu da 2 Fevral Gənclər Gününə həsr etdi. Dəyirmi masada dövlət qurumlarının əməkdaşları, siyasi partiyaların gənclər birliklərinin rəhbərləri, QHT nümayəndələri, o cümlədən, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Vəsilə Möhsümova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkil (Ombudsman) Aparatının Hüquqi Maarifləndirmə Sektorunun baş məsləhətçisi Rəşid Rumzadə və böyük məsləhətçisi Faiq Ağayev, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının gənclər birliyinin sədr müavini Elçin Çobanov, Azad Respublikaçılar Partiyasının gənclər birliyinin sədri İlqar Abbasov, Azərbaycan Demokrat Partiyasının sədr müavini Vüsal Əliyev, Vəhdət Partiyasının gənclər birliyinin sədr müavini Tural Zayıdoğlu, Ana Vətən Partiyasının Gənc Anavətənçilər Assambleyasının sədri Fərid Mustafazadə və Demokratik İslahatlar Partiyasının gənclər birliyinin sədri Ramin Hacılı iştirak edirdilər.

Dəyirmi masanı giriş sözü ilə açan “SƏS” qəzetinin əməkdaşı bildirdi ki, hər il fevralın 2-si ölkədə gənclər günü kimi qeyd olunur. Bu bayramın gənclərə ümummilli liderimiz Heydər Əliyevin hədiyyəsi olduğunu söyləyən qəzetin əməkdaşı onu da qeyd etdi ki, ulu öndərimiz gəncliyimizi hər mənada güclü görmək istəyirdi və bunun üçün əlindən gələni edirdi: “Gənclik bir millətin yaşaması və inkişafı üçün təməl daşıdır. Bunun möhkəm olması isə yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlığından asılıdır. Səbəbsiz deyil ki, bütün dövrlərdə millətinin adını tarixə yazan da elə sağlam gənc qüvvələr olub. Bunu bilən ümummilli liderimiz Heydər Əliyev də belə qüvvələri yaratmaq arzusunda idi. Elə ona görə də, 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyi yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətin gənclər forumu keçirildi və elə həmin günü Azərbaycanın tarixinə gənclər günü kimi yazdı”.

“Səs” qəzetinin əməkdaşı “Necə düşünürsünüz, bu gün gənclərin ölkəmizin ictimai-siyasi proseslərində yetərincə iştirak etdiyi müşahidə olunurmu” sualı ətrafınada müzakirələrin aparılmasının vacibliyini bildirdi.

 

 

AZƏRBAYCANDA GƏNCLƏR SİYASƏTİNİN FORMALAŞMASINDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ROLU MÜSTƏSNADIR

 

Vəsilə Möhsümova:

- “Səs” qəzetinə belə bir dəyirmi masa təşkil etdiyinə görə, təşəkkürümü bildirirəm. Bu gün müstəqil Azərbaycanda gənclər hərəkatı yeni bir mərhələyə qədəm qoyub. Beləliklə, gənclərimizin müstəqil platformada öz fikir və ideyalarını ifadə etmək şansları yüksəkdir. Artıq gənclərin qarşısına öz ideyalarını müstəqil şəkildə həyata keçirmələri üçün heç bir məhdudiyyət qoyulmayıb. Danılmaz faktdır ki, Azərbaycanda gənclər siyasətinin formalaşmasında ulu öndər Heydər Əliyevin rolu müstəsnadır. Ölkəmizdə ilk gənclər forumunun keçirilməsi də Onun adı ilə bağlıdır. Həmin forumu çox gözəl xatırlayıram, çünki mən də həmin tədbirin iştirakçısı olmuşam. Azərbaycanda gənclər siyasətinin formalaşması ilə bağlı imzalanmış sərəncamlar, qanunlar və digər qanunverici aktlar bir daha sübut edir ki, Azərbaycan təkcə Qafqaz bölgəsində deyil, hətta dünyada gənclər hərəkatının inkişafına böyük əhəmiyyət verən dövlətlərdəndir. Bu gün istər dövlət idarəçiliyində, istərsə də özəl strukturlarda gənclərin fəallığı aydın hiss olunur. Təbii ki, bu fakt bizi çox sevindirir.

 

“Səs” qəzetinin əməkdaşı:

- Gənclərin siyasi fəaliyyətlə məşğul olması onların elmi, mədəni və digər sahələrdən müəyyən qədər kənarda qalmasına təsir etmir ki?

 

Faiq Ağayev:

- Hər bir gənc özünün fəaliyyət istiqamətini özü müəyyənləşdirir. Əgər hər hansı bir gənc siyasətdə sağlam əqidə ilə fəaliyyət göstərirsə, bu, normal haldır. Bunun üçün heç kim ona elm və təhsillə məşğul olmaq məhdudiyyətini qoymur. Hər bir sahədə savadlı, bilikli, geniş təcrübəyə malik və işinin öhdəsindən lazımınca gəlməyi bacaran gəncə ehtiyac var. Ən güclü siyasətçi elmli və savadlı olmalıdır.

 

Vüsal Əliyev:

- İstər Azərbaycan, istərsə də dünya tarixində məşhur siyasətçilər heç də tələbə vaxtı passiv olub, sonradan siyasətə qoşulmayıb. Siyasətə qoşulmaq üçün tələbə həyatı önəmlidir. Hətta deyərdim ki, siyasət və elmlə eyni vaxtda məşğul olmaq daha effektlidir.

 

“Səs” qəzetinin əməkdaşı:

- Bəzən deyilir ki, münaqişələrin həll olunmasında gənclərin roluna daha çox yer verilir. Bəs siz necə düşünürsünüz?

 

Elçin Çobanov:

- Düşünürəm ki, gənclər müstəqil həyata yenicə qədəm qoyduqları üçün daha səmimidirlər və bir-birini gözəl başa düşürlər. Məsələn, hər hansı bir idman yarışmasında qalib gələn tərəf məğlub olan tərəfin əlini sıxır. Bu tendensiya gənclər arasındakı münasibətlərə də aid olmalıdır. Gənclərimiz çalışmalıdır ki, bir-biri ilə daim fikir mübadiləsi aparsınlar.

 

Rəşad Rumzadə:

- Müasir gəncliyimizin real vəziyyəti ondan ibarətdir ki, onlar əvvəlki dövrün gəncləri ilə müqayisədə daha effektiv ideyalarla çıxış edirlər. Bu gün geniş informasiya mübadiləsinin aparılması gənclərimizə daha geniş imkanlar yaradır. Təkcə dünyadakı mövcud münaqişələrin həllində deyil, istənilən sahədə gənclərin fəaliyyəti önə çəkilməlidir. Gənclər böyük qüvvədir.

 

 

TORPAQLARIMIZIN İTİRİLMƏSİ FAKTI GƏNCLƏRİMİZƏ MƏNƏVİ-PSİXOLOJİ TƏSİR GÖSTƏRİB

 

Vəsilə Möhsümova:

- Təmsil olunduğum dövlət komitəsi gənclər arasından qaynaqlanıb gələn problemləri araşdırır və onların həlli ilə məşğul olur. Bununla bağlı komitəyə saysız müraciətlər daxil olur. Deyə bilmərik ki, bu gün Azərbaycanda gənclər çox yüksək intellektə malikdir və yüksək səviyyədə düşünür. Əgər hər hansı bir gənc ailə həyatı qurduqdan bir il sonra doğru-dürüst yaşamırsa, boşanarkən öz keçmiş həyat yoldaşı ilə əmlak davası edirsə, onda hansı azərbaycançılıqdan, milli-mənəvi dəyərlərdən söhbət etmək olar? Bu cür problemlərin kökündə bir neçə amil dayanır. Əvvəla, sovetlər birliyindən çıxdıqdan sonra müstəqil ölkəmizdə yeni gənclər hərəkatı formalaşmağa başladı. Gənclərimiz sosializm sistemindən çıxıb, yeni düşüncəyə alışmağa çalışdı. Əvvəllər gənclərimiz ali məktəbi bitirdikdən sonra təyinatla işlə təmin olunurdu. Ancaq indiki kapitalizm şəraitində gənclər arasında rəqabət formalaşmağa başladı. Bu gün kim savadlıdırsa, öz intellektinə güvənirsə, qazanan da məhz o olur. İkinci amil isə ondan ibarətdir ki, Azərbaycan hələ də müharibə şəraitində yaşayan və 20 mindən çox şəhid verən bir ölkədir. Bir sözlə, torpaqlarımızın itirilməsi faktı gənclərimizə mənəvi-psixoloji təsir göstərib. Təsəvvür edin ki, bunun nəticəsində Azərbaycanda gənclər arasında təbəqələşmə prosesi başlandı. Türkiyədə də bu amil özünü göstərir. Məsələn, İstanbula gedərkən, adamda belə bir təəssürat yaranır ki, bura Parisdən heç nəyi ilə fərqlənmir. Amma Anadoluda yetişən türk gəncləri yazıb-oxumağın nə demək olduğunu bilmir. Üçüncü ən əsas amil isə, kütləvi informasiya vasitələrinin, müasir texnologiyaların təbliğindən asılıdır. Bu gün gənclərin potensial hissəsini tələbələr təşkil edir. Tələbələr də internet-kafelərdə çalışırlar. Gəlin, vətənə və mövcud siyasi vəziyyətə həsr olunan forumlarda iştirak edən gənclərlə əyləncəyə meyil edən gənclərin sayını müqayisə edək. Onların arasında kəskin fərq var. Bu gün gənclərimizin maraq dairəsi tamamilə fərqlidir.

Qeyri-hökumət təşkilatları cəmiyyətin sosial institutları rolunu oynamalıdır. Belə ki, gənclərimizin sosial sahədə aktivləşməsi üçün QHT-lərin üzərinə böyük iş düşür. 1996-1997-ci illərdə QHT-lər yarananda cəmiyyətdə onların fəaliyyət istiqamətləri haqqında heç bir məlumat yox idi. Məhz Azərbaycan dövlətinin və hökumətinin yürütdüyü siyasət nəticəsində QHT-lərin fəaliyyəti barədə ictimaiyyətə geniş məlumat verildi. Dövlət Gənclər Proqramına əsasən, üzərimizə bir sıra mühüm vəzifə düşür. Biz AİDS, vərəm, narkomaniya və digər zərərli vərdişlərdən gənclərimizi uzaqlaşdırmalıyıq. Bununla bağlı bir sıra layihələrə də rəhbərlik etmişəm. Çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu gün bəzi rayonlarımızda gənclər narkotik alışqanlığından qurtula bilmir. Bu gənclərin axırı hara gedir? Təbii ki, Azərbaycan dövləti bu cür halların qarşısını almaq üçün bir sıra işlər görür. Türklərin belə bir el misalı var: “Hər şey düşüncədə başlayır, hər şey düşüncədə bitir”. İnsan bir hərəkəti etməmişdən qabaq, onu ani zaman kəsiyində öz düşüncəsində fikirləşir, daha sonra həmin hərəkəti edir. Ona görə də gənclərimiz sağlam düşünməli və sağlam addımlar atmalıdır. Çalışmalıdırlar ki, öz gələcəklərinə ziyan vura biləcək heç bir işə girişməsinlər.

 

 

GƏNCLƏRİMİZ ARASINDA AKTİV HƏYATA MEYİL EDƏNLƏRİN SAYI DAHA ÇOX ÜSTÜNLÜK TƏŞKİL EDİR

 

Elçin Çobanov:

- Mən hesab edirəm ki, gənclərimiz arasında narkomaniyaya qurşanma halları çox cüzidir. Ola bilər ki, Vəsilə xanım bu cür gənclərlə hansısa layihə çərçivəsində bir araya gəlib, müzakirələr aparıb. Ancaq demək olmaz ki, Azərbaycan gənclərinin əksəriyyəti tüfeyli həyata məhkumdur. 9 milyon Azərbaycan əhalisinin təxminən 30 faizini gənclər təşkil edir. Tam əminliklə deyə bilərəm ki, gənclərimiz arasında aktiv həyata meyil edənlərin sayı daha çox üstünlük təşkil edir. Xarici ölkələrə nəzər salsaq, görərik ki, orada gənclər 18 yaşlarına gəldikdən sonra müstəqil həyata təkbaşına qədəm qoyurlar. Ancaq bizim gənclərimiz ailə həyatı qurduqdan sonra belə valideynlərinin qayğısı ilə əhatə olunur. İnternet saytlarındakı təbliğata gəldikdə isə, bunun məsuliyyəti birbaşa həmin saytın qurucularının üstündədir. Gənclərimiz vətənpərvərlik hissinin aşılanmasına xidmət edən saytların açılmasına və onun təbliğinə səy göstərməlidir. Yəni, digərlərində də buna maraq oyatmalıdır.

Bu yaxınlarda tələbə yoldaşlarımdan biri mənə şikayət etdi ki, Azərbaycanda nəşr olunan qəzetlərin əksəriyyətinin internet portalı yoxdur. Bu üzdən də ölkəmizdə baş verən hadisələr barədə lazımi məlumatları xarici mənbələrdən almağa çalışırıq. Mən dəyirmi masaya gəlməmişdən öncə, “Səs” qəzetinin saytına daxil oldum. Bu saytın geniş oxucu kütləsinə malik olduğunu müşahidə etdim. Eyni zamanda, QHT-lərin gənclərin formalaşması haqqında deyilənlərə əlavə etmək istəyirəm. Düşünmürəm ki, QHT-lərin hamısı gənclərimizin formalaşmasında və maariflənməsində işlər görürlər. Bilirəm ki, Avropada xüsusi donor fondlar yaranıb. Həmin donor təşkilatlar tərəfindən maliyyələşən QHT-lər onların göstərişləri ilə hərəkət edir. Hətta onlar bəzi göstərişlərə uyğun olaraq, dövlət siyasətinə qarşı çıxırlar. Biz istərdik ki, ölkəmizdə fəaliyyət göstərən QHT-lər heç bir donor təşkilatdan maliyyə yardımı almasınlar ki, onlardan da asılı olmasınlar. Onların xarici donorlardan asılı olması dövlətçiliyimizə ağır zərbədir.

 

 

(Ardı var)

 

KÜBRA ƏLİYARLI,

 

SEVİNC NƏZƏROVA

 

Səs.- 2010.- 28 yanvar.- S. 8-9.