“2 Fevral Gənclər
Günü ulu öndər
Heydər Əliyevin gənclərimizə hədiyyəsidir”
“SƏS” qəzetinin redaksiyasında gənclər
gününə həsr olunmuş növbəti dəyirmi
masa keçirildi
(Əvvəli ötən sayımızda)
Ənənəvi olaraq
müxtəlif mövzular ətrafında dəyirmi masalar təşkil
edən “SƏS” qəzeti budəfəki dəyirmi masanın
mövzusunu da 2 Fevral Gənclər Gününə həsr
etdi. Dəyirmi masada dövlət qurumlarının əməkdaşları,
siyasi partiyaların gənclər birliklərinin rəhbərləri,
QHT nümayəndələri, Azərbaycan Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sektor müdiri Vəsilə Möhsümova, Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkil (Ombudsman) Aparatının Hüquqi Maarifləndirmə
Sektorunun baş məsləhətçisi Rəşid Rumzadə
və böyük məsləhətçisi Faiq Ağayev,
Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının
gənclər birliyinin sədr müavini Elçin
Çobanov, Azad Respublikaçılar Partiyasının gənclər
birliyinin sədri İlqar Abbasov, Azərbaycan Demokrat
Partiyasının sədr müavini Vüsal Əliyev, Vəhdət
Partiyasının gənclər birliyinin sədr müavini
Tural Zayıdoğlu, Ana Vətən Partiyasının Gənc
Anavətənçilər Assambleyasının sədri Fərid
Mustafazadə və Demokratik İslahatlar Partiyasının gənclər
birliyinin sədri Ramin Hacılı iştirak edirdilər.
Dəyirmi masanı
giriş sözü ilə açan “SƏS” qəzetinin əməkdaşı
bildirdi ki, hər il fevralın 2-si ölkədə gənclər
günü kimi qeyd olunur. Bu bayramın gənclərə
ümummilli liderimiz Heydər Əliyevin hədiyyəsi
olduğunu söyləyən qəzetin əməkdaşı
onu da qeyd etdi ki, ulu öndərimiz gəncliyimizi hər mənada
güclü görmək istəyirdi və bunun
üçün əlindən gələni edirdi: “Gənclik
bir millətin yaşaması və inkişafı
üçün təməl daşıdır. Bunun möhkəm
olması isə yetişən nəslin sağlam təfəkküründən,
düşünmə qabiliyyəti və
inadkarlığından asılıdır. Səbəbsiz
deyil ki, bütün dövrlərdə millətinin
adını tarixə yazan da elə sağlam gənc qüvvələr
olub. Bunu bilən ümummilli liderimiz Heydər Əliyev də
belə qüvvələri yaratmaq arzusunda idi. Elə ona
görə də, 1994-cü ilin iyulunda Gənclər və
İdman Nazirliyi yaratdı və xalqının gənclərini
bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə
müstəqil dövlətin gənclər forumu keçirildi
və elə həmin günü Azərbaycanın tarixinə
gənclər günü kimi yazdı”.
SİYASİ ƏQİDƏSİNDƏN ASILI
OLMAYARAQ, BÜTÜN GƏNCLƏRİMİZ AZƏRBAYCAN
NAMİNƏ BİRLƏŞMƏLİDİR
Vüsal Əliyev:
- Mən
xatırlayıram, ali məktəbdə təhsil
aldığım illərdə tələbələr siyasi mənsubiyyətindən
asılı olmayaraq, çox aktiv idi. Lakin bu gün tələbə
olan hər bir kəs, eyni zamanda, Yeni Azərbaycan Partiyasına
üzv olur. Bilirik ki, gənclər müstəqilliyi sevəndir.
Bu yaş qrupunda olan insanlar müstəqil olmağı və
müstəqil fikir söyləməyi bəyənir. Bu gənclərin
müstəqilliyi əlindən alındıqdan sonra göstərilən
istiqamətə doğru yönəlir. Təbii ki, dövlətin
gənclərə verdiyi dəstək müsbət haldır.
Bu gün gənclərimizin siyasətdən, milli-mənəvi
dəyərlərimizdən uzaqlaşaraq, şou-biznesə
meyil etməsinin bir sıra səbəbləri var. Ona görə
ki, gənclər arasında qarşılıqlı fikir
anlayışı yoxdur. Hesab edirəm ki, siyasi əqidəsindən
asılı olmayaraq, bütün gənclərimiz Azərbaycan
naminə birləşməlidir. Türkiyə istisna olmaqla, ətrafımızdakı
heç bir dövlət bizə qardaş deyil. Məsələn,
Rusiya və İran üçün Azərbaycan gənclərinin
öz Vətənini sevib-sevməməsi o qədər də
önəmli deyil. Ermənistanın da Azərbaycana
qarşı münasibəti bəllidir. Türkiyə ilə
Ermənistan sərhədlərinin açılması məsələsinə
görə, az qala bu ölkə ilə də münasibətlərimiz
pisləşirdi. Bu da Azərbaycanı istəməyən
qüvvələrin yeritdiyi siyasət idi. Məsələyə
gənclərin mövqeyi birmənalı olmasa da, mən bunun
tamamilə əleyhinəyəm. Bu gün biz nə qədər
Avropadan danışsaq da, bilməliyik ki, Avropa bizə
çox uzaqdadır. Amma Türkiyəyə inteqrasiya etməyimiz
daha asan və məqbuldur.
GƏNCLƏRİMİZ ÖZ QƏRARINI SƏRBƏST
ŞƏKİLDƏ VERİR
İlqar Abbasov:
- Gənclər cəmiyyətin
aparıcı qüvvələri olaraq həmişə ön
sıralarda gediblər. İstər dövlət
strukturlarında, istərsə də digər sahələrdə
onlar öz müstəqil fikirlərini cəmiyyətə
çatdırmağı bacarıblar. Azərbaycanda heç
kimi hansısa siyasi partiyaya üzv olmağa məcbur etmək
olmaz. Gənclərimiz öz qərarını sərbəst
şəkildə verir. Bu, belə də olmalıdır.
Çünki hər bir dövlətin formalaşmasında gənclərin
rolu çox böyükdür. Bilirik ki, Prezident cənab
İlham Əliyev gənclərimizin inkişaf etmiş ölkələrdə
təhsil almaları üçün onları hər cür
maddi şəraitlə təmin edib. Gənclər də
çalışmalıdır ki, onlara göstərilən
etimadı doğrultsun və savadlı, bilikli, potensiallı gənclər
olaraq Vətənə qayıtsınlar. Bu gün gənclərin
olduqları yer onların müstəqil seçimidir. Heç
bir tələbə məcburi surətdə YAP-a üzv olmur.
Partiya sıralarına daxil olmaq onların öz istəyinin
ifadəsidir.
Elçin Çobanov:
- Azərbaycanda demokratik
mühitin mövcudluğunun bariz nümunəsinin biri sizsiniz,
biri mən (Vüsal Əliyevə müraciətlə).
Çünki hər ikimiz eyni universiteti bitirmişik. Siz
müxalifət partiyasının üzvüsünüz, mən
isə hakim Yeni Azərbaycan Partiyasının üzvüyəm.
Qeyd edim ki, mən YAP-a tələbə vaxtı üzv
olmamışam ki, burada hər hansı məcburiyyətdən
söhbət belə gedə bilməz. Ali məktəbi
bitirdikdən sonra öz şəxsi istəyim nəticəsində
partiyaya üzv olmuşam. Təbii ki, sizin ADP-yə üzv
olmağınız da öz şəxsi seçiminizdir. Azərbaycanın
qonşu dövlətlərlə münasibətlərinə
gəldikdə isə, təbii ki, heç bir qonşu dövlət
öz mənafeyini bizə qurban verə bilməz. Məsələn,
qazı baha satmaq Azərbaycana, ucuz almaq isə Rusiyaya sərf
edir. O heç vaxt fikirləşməyəcək ki, Azərbaycan
mənim qonşumdur və mən ona güzəştə getməliyəm.
Təbii ki, qiymətlərdə razılaşmalar olacaq. Ancaq
yenə də hər bir dövlət öz mənafeyini
güdür və ona uyğun addımlar atır.
Düzdür, Türkiyə-Ermənistan sərhədlərinin
açılması məsələsində müəyyən
ajiotajlar oldu. Göründüyü kimi, bunun heç bir nəticəsi
olmadı. Azərbaycan və Türkiyə rəhbərlərinin
birgə səyləri nəticəsində problem aradan
qaldırıldı. Sevindirici haldır ki, hər iki ölkə
rəhbəri bir-birinə qardaş deyə müraciət
edir. Bu da dövlətlərimizin nə qədər yaxın
olduğunu göstərir. Təbii ki, bir gənc olaraq, Azərbaycanın
qonşu dövlətlərlə sıx əməkdaşlıq
münasibətlərinin qurulmasında maraqlıyam. Hətta
Dağlıq Qarabağ münaqişəsi öz müsbət
həllini tapdıqdan sonra Ermənistanla da əməkdaşlıq
münasibətlərinin qurulması mümkündür.
Fərid Mustafazadə:
- Mən Bakı Dövlət Universitetinin məzunuyam. Təhsil aldığım müddətdə gənclərin
siyasi mənsubiyyətinə
görə təzyiqlərə
məruz qaldığının
şahidi olmamışam.
BDU böyük tələbə kütləsinə
malik universitetdir.
Əgər orada belə bir hadisəyə
rast gəlməmişəmsə,
demək, digər dövlət ali
məktəblərində də
bu hallar baş vermir.
Tural Zayıdoğlu:
- Ölkəmizdə
gənclərin hərtərəfli
fəaliyyətinə münbit
şərait yaradılır.
Qeyd edim ki, ötən il keçirilən
bələdiyyə seçkilərində
də gənclərə
və qadınlara geniş yer verildi. Hər bir dövlətin
inkişafında onun gənclərinin böyük
rolu var. Gənclərin
dövlət idarələrində,
ictimai təşkilatlarda
fəaliyyət göstərməsi
həmin dövlətin
inkişafına müsbət
töhfədir.
“Səs” qəzetinin
əməkdaşı:
- Gənclərin
beynəlxalq təşkilatlarla,
xarici ölkələrin
hakim partiyalarının gənclər
birlikləri ilə əlaqələrinin qurulması
onların fəaliyyət
istiqamətində mühüm
yer tutur. Siz gənclərin bu yöndə fəaliyyəti
nədən ibarətdir?
AZƏRBAYCAN GƏNCLƏRİNİN GƏLƏCƏYİNƏ
NİKBİN BAXIRAM
Ramin Hacılı:
- Mən Demokratik İslahatlar Partiyasından
öncə, “Dalğa”
gənclər hərəkatında
fəaliyyət göstərmişəm. Bu illər ərzində həm Avropa Liberal Gənclər Assosasiyası
ilə, həm də Dünya Liberal Gənclər Konfederasiyası
ilə əməkdaşlığımız
olub. Hazırda həmin təşkilatın
üzvüyük. DİP
olaraq, eyni zamanda, Dünya Demokratlar Hərəkatının
üzvüyük. Mən həmin
hərəkatın sammitlərində
dəfələrlə iştirak
etmişəm. Onların dünya
miqyasında “Demokrat” adlı jurnalı çıxır. Həmin jurnalın
Azərbaycan üzrə
yazarlarından biriyəm.
Yazdığım yazılar vasitəsilə
Azərbaycanda baş verən hadisələri dünyaya olduğu kimi çatdırmağa çalışıram. Mən düşünmürəm
ki, hər hansı bir gənc Azərbaycanı bazara çıxarıb sata bilsin və
ya belə bir təşəbbüslə
çıxış etsin.
Kimin haradan qrant alması
bugünkü dəyirmi
masanın müzakirəsi
deyil. Mən özümə inandığım
üçün Azərbaycan
gənclərinə də
inanıram. Hər kəsə
öz qardaş-bacım
kimi yanaşıram.
Əgər kimsə hansısa
təşkilatdan qrant
alırsa, onun qeybətini etməməliyik.
Onun Azərbaycana nə qədər düşmən
olduğunu, dünyaya
aidiyyatı olmayan əxlaqsız ölkələrə
meyillənməsini ifşa
etməməli və onların həbs olunmasına çalışmamalıyıq.
Ona qalsa, Azərbaycana qarşı hər zaman müstəmləkəçilik
siyasəti yürüdən
ölkələr olub.
Onlarla əməkdaşlıq ediriksə,
digər ölkələrlə
də əməkdaşlığa
müsbət baxmalıyıq.
Hesab edirəm
ki, Azərbaycan hakimiyyətinin xarici ölkələrlə kifayət
qədər normal əlaqələri
var. Rusiya və İran kimi dövlətlər Azərbaycanı
Avropadan ayırmağa,
xüsusilə də,
ölkəmizdə Azərbaycana
xas demokratik dəyərlərin yayılmasının
qarşısını almağa
çalışırlar. Ona görə
ki, Azərbaycanda ilk dəfə qadınlara səsvermə hüququ verilib və onlara istədikləri fəaliyyətlə məşğul
olmağa imkan yaradılıb. Bütün bunlar,
onu göstərir ki, Azərbaycan heç də avtoritar, İran qanunlarına meyilli bataqlıqda olmaq istəyən insanlar toplusu deyil. Azərbaycan daha çox bəşəri, bir-birinin
haqqını tanıyan,
sevgi ilə yanaşan insanların Vətənidir. Bu baxımdan, biz özümüzə
güvənməli və
inanmalıyıq. Çalışmalıyıq ki, azadlığımız
olsun və bu azadlığımızı
heç nəyə qurban verməyək.
Azərbaycan gənclərinin gələcəyinə nikbin
baxıram.
AZƏRBAYCAN GƏNCİ OLARAQ, BU DÖVLƏTƏ
İNANIRAM
Elçin Çobanov:
- Mən
bu dövlətdə yaşayıramsa, demək
ki, bu dövlətə
güvənirəm. Əgər kimsə
həbs olunubsa, demək ki, o, hüquq pozuntularına yol verib və
bu hüquqi cəhətdən sübut
olunub. Təbii ki, mən qloballaşmanın tərəfdarıyam.
Lakin qloballaşma prosesində milli-mənəvi dəyərlərə
sadiqlik mühüm əhəmiyyət kəsb
edir.
Faiq Ağayev:
- Ombudsman Aparatı
yaşından asılı
olmayaraq, ona ünvanlanan müraciətləri
cavabsız qoymur. Bu müraciətlərlə bağlı dərhal araşdırma aparır, müvafiq tədbirlər görür. Məsələn, bir neçə ay bundan öncə, müsavatçı gənclər
metrodakı qiymət artımı ilə əlaqədar etiraz aksiyası keçirmişdi
və bu zaman onlar saxlanılmışdı.
Biz dərhal həmin
gənclərlə görüşə
getdik. Onların problemlərinin həlli
ilə bağlı tədbirlər gördük.
Hər kəsə eyni qaydada hüquqi köməklik göstəririk.
Bizim üçün şikayət
verən şəxsin
siyasi mənsubiyyəti
əhəmiyyətli deyil.
(Ardı var)
KÜBRA ƏLİYARLI, SEVİNC NƏZƏROVA
Səs.- 2010.- 29 yanvar.- S. 8-9.