“2 Fevral Gənclər
Günü ulu öndər
Heydər Əliyevin gənclərimizə hədiyyəsidir”
“SƏS” qəzetinin redaksiyasında gənclər
gününə həsr olunmuş növbəti dəyirmi
masa keçirildi
(Əvvəli ötən
sayımızda)
Ənənəvi olaraq müxtəlif mövzular ətrafında
dəyirmi masalar təşkil edən “SƏS”
qəzeti budəfəki
dəyirmi masanın mövzusunu da 2 Fevral Gənclər Gününə həsr etdi. Dəyirmi masada
dövlət qurumlarının
əməkdaşları, siyasi
partiyaların gənclər
birliklərinin rəhbərləri,
QHT nümayəndələri, Azərbaycan Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sektor müdiri Vəsilə Möhsümova,
Azərbaycan Respublikasının
İnsan Hüquqları
üzrə Müvəkil
(Ombudsman) Aparatının Hüquqi
Maarifləndirmə Sektorunun
baş məsləhətçisi
Rəşid Rumzadə
və böyük məsləhətçisi Faiq
Ağayev, Yeni Azərbaycan Partiyasının
Qaradağ rayon təşkilatının
gənclər birliyinin
sədr müavini Elçin Çobanov, Azad
Respublikaçılar Partiyasının
gənclər birliyinin
sədri İlqar Abbasov, Azərbaycan Demokrat Partiyasının sədr müavini Vüsal Əliyev, Vəhdət Partiyasının
gənclər birliyinin
sədr müavini Tural Zayıdoğlu, Ana Vətən Partiyasının
Gənc Anavətənçilər
Assambleyasının sədri
Fərid Mustafazadə
və Demokratik İslahatlar Partiyasının
gənclər birliyinin
sədri Ramin Hacılı iştirak edirdilər.
Dəyirmi masanı
giriş sözü ilə açan “SƏS” qəzetinin əməkdaşı
bildirdi ki, hər il fevralın 2-si ölkədə gənclər
günü kimi qeyd olunur. Bu bayramın gənclərə
ümummilli liderimiz Heydər Əliyevin hədiyyəsi
olduğunu söyləyən qəzetin əməkdaşı
onu da qeyd etdi ki, ulu öndərimiz gəncliyimizi hər mənada
güclü görmək istəyirdi və bunun
üçün əlindən gələni edirdi: “Gənclik
bir millətin yaşaması və inkişafı
üçün təməl daşıdır. Bunun möhkəm
olması isə yetişən nəslin sağlam təfəkküründən,
düşünmə qabiliyyəti və
inadkarlığından asılıdır. Səbəbsiz
deyil ki, bütün dövrlərdə millətinin
adını tarixə yazan da elə sağlam gənc qüvvələr
olub. Bunu bilən ümummilli liderimiz Heydər Əliyev də
belə qüvvələri yaratmaq arzusunda idi. Elə ona
görə də, 1994-cü ilin iyulunda Gənclər və
İdman Nazirliyi yaratdı və xalqının gənclərini
bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə
müstəqil dövlətin gənclər forumu keçirildi
və elə həmin günü Azərbaycanın tarixinə
gənclər günü kimi yazdı”.
GƏNCLƏR ARASINDA BÖYÜK MAARİFLƏNDİRMƏ
İŞİNİN APARILMASINA EHTİYAC VAR
Rəşid Rumzadə:
- Ali məktəb tələbələrinin
problemlərinin həllini hər zaman ön planda
saxlamışıq. Qeyd edim ki, Ombudsman Aparatının əməkdaşı
olaraq fəaliyyətimin əsas hissəsini gənclərlə
iş təşkil edir. Aparatın Gəncədə, Cəlilabadda,
Qubada və Şəkidə yerləşən dörd regional
mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlər
regionlar üzrə onlara daxil olan müraciətləri dərhal
araşdırır və onları təmin edir. Orada
çalışan insanlar da gənclərdən ibarətdir.
Ötən ilin dekabr ayında gənclərimizin narkomaniya və
digər pis vərdişlərdən çəkinməsi məqsədilə
treninqlər təşkil etdik. Təbii ki, bu sahədə
problemlər var. Əsas məsələ isə odur ki,
bütün dövlət strukturları və gənclər təşkilatları
səylərini birləşdirərək, mövcud problemlərin
həllinə töhfə verməlidirlər. Belə olarsa, gənclərin
zərərli vərdişlərdən tamamilə çəkinməsinə
nail olmuş olarıq. Hamımız başa düşməliyik
ki, gənclər arasında böyük maarifləndirmə
işinin aparılmasına ehtiyac var. Nəzərə almaq
lazımdır ki, bu günün gəncləri gələcəyin
ailə başçılarıdır. Gələcək ailələrin
də sağlam təməl əsasının
formalaşması üçün bu addımın
atılması olduqca vacibdir.
“Səs” qəzetinin əməkdaşı:
- Bölgələrdə
yaşayan gənc ailələrlə paytaxtdakı gənc ailələr
arasında əlaqələrin qurulması üçün
hansı tədbirləri həyata keçirirsiniz?
AZƏRBAYCAN GƏNCİ OLARAQ VƏTƏNPƏRVƏRLİK
HİSSİMİZİ QABARTMAĞA ÇALIŞMALIYIQ
Vəsilə Möhsümova:
- 2006-cı ildən
etibarən bu sahə ilə əlaqədar intensiv tədbirlər
həyata keçiririk. Tədbir keçirmək xatirinə
5-10 nəfəri bir yerə yığaraq, bunu mətbuatda
işıqlandırmırıq. İş prinsipimiz bundan
tamamilə uzaqdır. Dövlət Gənclər Proqramında
nəzərdə tutulduğu qaydada gənclərin zərərli
vərdişlərdən uzaqlaşdırılması, maarifləndirilməsi,
öz hüquqlarını bilməsi, xüsusilə də, gənclərin
hərbi vətənpərvərlik hissinin yüksəldilməsi
məqsədilə çoxsaylı tədbirlər
keçiririk. Bu cür tədbirlər ölkənin
bütün regionlarında keçirilir, gənclərə
maarifləndirici bukletlər, braşuralar paylanılır. Gənclərə
hərbi vətənpərvərlik hissinin
aşılanması üçün qaçqın və məcburi
köçkün məktəblərindən birini pilot məktəbi
elan etmişik. Orada ardıcıl olaraq treninqlər
keçiririk. Regionlarda yaşayan gənc ailələrimizlə
paytaxt ailələri arasında müəyyən fərqlərin
olması təbiidir. Əgər kimsə bunun
olmadığını iddia edirsə, bu, mümkün deyil. Əvvəla,
şəhər insanının psixologiyası, düşüncə
tərzi fərqli olur. Bölgələrdə elə kəndlərimiz
var ki, qızlarımız orada internet klublara gedə bilməz.
Həmin ərazinin insanları əxlaq və etik normaları
baxımından buna yaxşı baxmırlar. Bu cür problemlərin
də aradan qaldırılması üçün öncə
düşüncələrdə dəyişikliklərə
yol açmalıyıq. Ümumiyyətlə, yeni bir şey
yarananda insanlarımız ona qarşı dirəniş
göstərirlər. Düşüncələrdə dəyişikliklərə
mərhələ-mərhələ nail olmalıyıq. Azərbaycan
gənci olaraq, arzum budur ki, hansı sahədə işləməyindən
asılı olmayaraq, hər bir gənc vətənpərvər
olsun. Özünə qiymət verməyənə başqa
heç kim qiymət verməz.
Avropa Birliyini yaradan
Fransa dövlətidir. Lakin AB-nin konstitusiyasını Fransa
dövləti rəsmən qəbul etmir. Çünki qəbul
edərsə, bu, onun öz konstitusiyasından üstün
olmalıdır. Millət özünə dəyər verdiyinə
görə bu addımı atmır. Hər hansı bir beynəlxalq
təşkilata üzv olmaq olar. Amma bu, o demək deyil ki,
öz milli dəyərlərini qlobal dəyərlərə
qurban verməlisən. Təbii ki, hər bir millətin
içində nankorlar var. Azərbaycan gənci olaraq vətənpərvərlik
hissimizi qabartmağa çalışmalıyıq.
Unutmamalıyıq ki, bizim Dağlıq Qarabağ kimi
ağır problemimiz, əsirlikdə olan oğul və
qızlarımız, düşmən tapdağında qəbiristanlığımız
var. Hər hansı azərbaycanlı gənc xaricdə ən
yüksək təhsil ala və işlə təmin oluna bilər.
Ancaq həmin gənc istər Azərbaycanda, istərsə də
onun hüdudlarından kənarda olarkən öz milli dəyərlərini
unutmamalıdır. Görkəmli azərbaycanlı Əhmədbəy
Ağaoğlunun qızı Türkiyənin ilk qadın vəkilidir.
Bilirsiniz ki, vəkillik sənəti Türkiyədə ən
yüksək peşələrdən biridir. Bu cür
faktları çox sadalamaq olar.
“Səs” qəzetinin əməkdaşı:
- Hər bir fərdin və
qurumun istənilən məsələyə münasibəti fərqli
olur. Maraqlıdır, sizin təmsil olunduğunuz siyasi təşkilatın
gənclər siyasətinin məğzini nə təşkil
edir?
Elçin Çobanov:
- YAP-ın gənclər
siyasətinin əsas məğzi ondan ibarətdir ki, gənclər
daha çox aktiv siyasi həyata qoşulsunlar. Dünyəvilik,
azad vətəndaş cəmiyyətinin və demokratiyanın
inkişafı prosesində gənclər ön sıraya
çəkilsin. Bu istəyimizə nail oluruq. Hətta ötən
il ölkəmizdə keçirilən bələdiyyə
seçkilərinə Qaradağ rayonundan 33 nəfər gənc
namizədliyini irəli sürmüşdü. Çox
sevindirici haldır ki, bunlardan 27-si artıq bələdiyyə
orqanlarının üzvüdür. Gənclərin
seçkili orqanda iştirak etməsi üçün etimad
qazanmaları xalqın onlara olan
inamından qaynaqlanır.
Vüsal Əliyev:
- ADP-nin gənclər
birliyi olaraq, çalışırıq ki, Dağlıq
Qarabağ münaqişəsinin ədalətli həllində
gənclərin rolundan istifadə edək. Digər tərəfdən,
onların potensialından istifadə edərək, ölkəmizdə
demokratiyanın inkişafına töhfə verməyə
çalışırıq. Münaqişənin həllində
isə demokratiyanın inkişafı mühüm amillərdəndir.
ERMƏNİSTANDA İNSAN HÜQUQ VƏ AZADLIQLARI,
DEMOKRATİYA KAĞIZ ÜZƏRİNDƏDİR
Vəsilə Möhsümova:
- Ümumiyyətlə,
ideal demokratiya dünyanın heç bir ölkəsində
yoxdur. Bu anlayış antiyunan fəlsəfəsindən irəli
gələn bir məsələdir. Bu gün demokratiya ilə
dünyaya örnək olduğu bildirilən ABŞ-da bir nəfərdə
olsun qadın prezident olmayıb. Tam səmimi bildirirəm ki, Azərbaycanda
insan hüquqları, söz, fikir azadlığı pozulmur. Tənqidlə
təhqirin qarışdırılması insan
hüquqlarının pozulması demək deyil. Azərbaycanda
kifayət qədər demokratiya var, insan hüquqlarının
müdafiəsi üçün xüsusi qurumlar, Ombudsman
Aparatı yaradılıb. Ölkəmizdə insan
hüquqlarının pozulması haqqında deyilən fikirlər
ədalətsizlikdir. Üstəlik, Ermənistanla müqayisə
etsək, bu cür fikirləri səsləndirmək tamamilə
yolverilməzdir. Ermənistanda insan hüquq və
azadlıqları, demokratiya kağız üzərindədir.
Ermənilərin yaşayış tərzi, həyat səviyyəsi
ilə bizim vəziyyətimiz müqayisə olunmayacaq dərəcədə
fərqlidir. Bu faktların arxasında duran əsas amil də
dövlətin hansı formada idarə olunmasıdır.
Ramin Hacılı:
- Azərbaycanın özünü
görmək istədiyi yer Avropadır. Bu istiqamətdə ölkəmizin
görəcəyi iş mədəni, hüquqi və təhsil
sahələrinin inkişafından keçir. Qarabağ
münaqişəsinin həlli peşəkar Azərbaycan
zabitləri və diplomatlarından asılıdır ki, bunun
da əsasını təhsil təşkil edir. Ölkəmizdə
demokratiyanın inkişafına tam nail olmaq üçün
ayrı-ayrı məmurların
özbaşınalığına son qoyulmalıdır. Təmsil
olunduğum DİP-in yürütdüyü siyasətinin əsas
məqsədi məhz mədəni, hüquqi və təhsil
sahələrində olan problemlərin aradan
qaldırılmasıdır. Partiyamız hüququn aliliyinə
böyük əhəmiyyət verir. Hər yerdə bu amil
çox vacibdir.
KÜBRA ƏLİYARLI,
SEVİNC NƏZƏROVA
Səs.- 2010.- 30 yanvar.- S.