Azərbaycan
dövləti elmin inkişafına böyük diqqət və qayğı
göstərir
- Gövhər
xanım, məlum olduğu kimi bugünlərdə AMEA-nın illik ümumi yığıncağı
keçirildi. Azərbaycan elminin
inkişafı üçün bu yığıncaq hansı
hadisələrlə əlamətdardır?
- Hazırda ölkəmizdə elmin inkişafına çox böyük diqqət göstərilir. AMEA-nın illik ümumi yığıncağı zamanı biz bir daha əmin olduq ki, Azərbaycanda elmin ən böyük himayədarı Prezident İlham Əliyevdir. Prezidentimizin yığıncaqdakı çıxışı Azərbaycan elminin inkişafında çox böyük hadisədir.Dövlət başçısı yığıncaqda dərin məzmunlu çıxış etdi və alimlərimizin əməyinə yüksək qiymət verdi. Prezidentimiz Azərbaycanda elmin inkişafı, modernləşməsi, böyük elmi məktəblərin qorunub saxlanması haqqında dəyərli fikirlər bildirib. Təbii ki, bu yığıncaqda qarşımıza qoyulan vəzifələrin yerinə yetirilməsi elmimizin gələcək inkişafında da mühüm rol oynayacaq.
- Amma
nəzərə alaq ki,
Azərbaycan elminin bugünkü
inkişaf səviyyəsinə
çatması heç də asan olmayıb. Vaxtilə AMEA-nın
ləğv olunması barədə də fikirlər də
səslənirdi. Siz o
dövrü necə
xatırlayırsınız?
- Bəli, 1992-ci ildə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Azərbaycan elminə tam başqa münasibət bəsləyirdi. Onların bir illik hakimiyəti dövründə Elmlər Akademiyasının ləğv olunması fikri səsləndirilirdi. Bu fikirləri səsləndirənlər üsə dövlətdə yüksək vəzifə tuturdular. Onlar sovetlərdən qalmış qurum kimi Elmlər Akademiyasının ləğvini iddia edirdilər. Bu fikri yalnız elmə aidiyyatı olmayan adamlar deyə bilərdilər. Çox şükürlər olsun ki, onların hakimiyyəti çox davam etmədi. 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk görüşlərinin birini akademiyanın rəyasət heyətinin binasında alimlərlə keçirdi. Ulu öndərimiz o zaman bildirdi ki, Elmlər Akademiyası Azərbaycan xalqının böyük sərvətidir və bu sərvəti qoruyub yaşatmalıyıq. Qısa müddət ərzində bir sıra fərman və sərəncamlar verildi ki, bütün bunlar akademiyanın cəmiyyətdə, elmi ictimaiyyətdə mövqeyini qat-qat artırmış oldu. Bütün sahələrdə olduğu kimi elm sahəsində də Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirir. Bildiyiniz kimi Azərbaycan elminin inkişaf strategiyası təsdiq olunub. 2009-2015-ci illərdə elmin inkişaf strategiyasının həyata keçirilməsi üçün Dövlət Proqramı qəbul edilib. Elmin İnkişaf Fondu yaradılıb və s. addımlar atılıb. Bütün bunlar göstərir ki, AMEA-ya, Azərbaycan elminə ilbəil diqqət artırılır.
- Hazırda AMEA-nın
maddi-texniki bazasının
gücləndirilməsi istiqamətində işlər
hansı səviyyədədir?
- Bildiyiniz kimi, xeyli vaxt idi ki, AMEA-nın əsas binası, digər binaları da əsaslı şəkildə təmir olunurdu. Dövlət bu təmir-bərpa işləri üçün lazımi vəsaiti ayırmışdı. Bu məsələ Prezident İlham Əliyevin xüsusi diqqətində idi və dövlət başçısının akademiya şəhərciyində aparılan əsaslı təmiri işlərindən sonra vəziyyətlə tanış olması buna bariz sübutdur. Qeyd edim ki, son illər elm və mədəniyyət ocaqlarının təmirinə, maddi-texniki bazasının gücləndirilməsi işinə böyük diqqət ayrılır. Nümunə üçün deyə bilərəm ki, bir müddət öncə Tarix Muzeyi əsaslı şəkildə təmir olundu və onun yeni eksponatlarla təchiz olunması, köhnə eksponatların bərpası üçün dövlət hər il vəsait ayırır. Eləcə də, Nizami adına Ədəbiyyat muzeyi təmir edildi. Hər iki muzeyin təmirdən sonra açılışında cənab Prezident şəxsən iştirak etdi və onların işi ilə yaxından tanış oldu. Bütün bunlar Azərbaycanda elmə, mədəniyyətə verilən yüksək qiymətdən xəbər verir.
Eyni zamanda, onu demək istəyirəm ki, Elmin İnkişafı Fonduna çox böyük vəsaitlər verilir. Elm ocaqlarının yeni avadanlıqlar ilə təchiz olunması, modernləşməsi, dünya elminə inteqrasiya etməsi, qrant müsabiqələrinin keçirilməsi, elmi işçilərin əməyinin stimullaşdırılması üçün bu fond ciddi işlər görməkdədir. Ümumiyyətlə, akademiyanın təchizat məsələləri də son illər xeyli səviyyədə yaxşılaşdırılıb. İstər texniki avadanlıqlarla təchiz olunması, ezamiyyətlərin verilməsi, xarici ədəbiyyatların alınması və s. məsələlərdə müsbət irəliləyişlər çoxdur.
- AMEA-nın illik ümumi
yığıncağında alimlərimiz
tərəfindən bir sıra
təkliflər də səsləndirildi. Bu
təkliflərin reallaşdırılması üçün
nə kimi tədbirlərin
görülməsi nəzərdə tutulur?
- AMEA-nın illik ümumi yığıncağı zamanı dövlət başçısı alimlər tərəfindən səslənmiş təkliflərə də müsbət münasibətini ifadə etdi. Bilirsiniz ki, alimlərin sosial təminatının yaxşılaşdırılması diqqət mərkəzindədir, vaxtaşırı məvaciblər artırılır. Amma cənab Prezident qeyd etdi ki, bugünkü təminat kifayət deyil və ona görə də, yaxın vaxtlarda elm adamlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addımlar atılacaq. Bu görüşdən bir gün sonra Prezidentimiz elm adamlarının əməkhaqlarının 20 faiz artırılması sərəncam imzaladı. Bu da alimlərimiz tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Başqa təkliflərə də dövlət başçısı müsbət münasibətini bildirib. Məsələn, Nizami Mərkəzinin yaradlılması, akademiyanın yeni kitabxana binasının tikilməsi, digər strukturların yaradılması haqda səslənən təkliflərlə bağlı müvafiq tədbirlərin görüləcəyi nəzərdə tutulur. Bütün bunlar onu göstərir ki, Azərbaycan elminin inkişafı, modernləşməsi, dünya elminə inteqrasiya etməsi üçün ölkəmizin iqtidarı əlindən gələni edir. Prezident İlham Əliyev öz mövqeyi ilə sübut edir ki, O, nəinki böyük ictimai-siyasi xadimdir, eyni zamanda, ən müasir səviyyədə düşünən alimdir.
- Gövhər
xanım, Azərbaycan elminin
gələcək inkişafı üçün
alimlərimizin üzərinə hansı vəzifələr düşür?
- Azərbaycan elminin
inkişafı ilə bağlı Prezident
İlham Əliyevin çox
dəyərli fikirləri var. Prezidentimiz bəyan edib ki, biz neft
kapitalını insan kapitalına
çevriməliyik. Hesab edirəm ki, bu ideyanın
reallaşmasında ilk növbədə, Milli Elmlər Akademiyası iştirak
etməlidir. Bu, Azərbaycanın
insanının intellektual
səviyyəsini qaldırmaq üçün,
Azərbaycan elminin dünyada
öncül yerlərə
çıxarmaq üçün çox vacibdir.
Ümumiyyətlə, Azərbaycan elmi bu günə qədər çox
böyük nailiyyətlər əldə
edib. Bunu bizim ictimaiyyət çox
gözəl bilir. Xüsusilə, neft-kimya sahəsində böyük
ixtiralar, kəşflər olub.
Daha sonra şərqşünaslıq elmində
də Azərbaycan alimləri dünya
səviyyəsində əsərlər yaradıblar.
Şərqşünas alimlərimizdən akademik
Ziya Bünyadov, akademik Əlsöhbət Sumbatzadə, akademik Əbdülkərim Əlizadə, professor Aidə İmanquliyevanın elmi əsərləri dünya
şərqşünaslıq elminə böyük
töhfədir. Dünya elmi ictimaiyyəti bu haqda da ətraflı
məlumatlıdır. Bütövlükdə,
görülən işlərdə dövlət bizim alimlərimizi dəstəkləyir,
fəaliyyətini yüksək qiymətləndirir və
alimlər üçün bütün şərait yaradılır. Biz alimlərin də vəzifəsi
Azərbaycan elmini müasir
dövrün tələblərinə
uyğunlaşdırmaq və elmimizi yeni-yeni zirvələrə qaldırmaq üçün işimizi
daha yüksək səviyyədə
aparmaqdır.
Səs.- 2011.- 30 aprel.- S. 8.