Xalqın əbədiyaşar lideri

 

YAP Kürdəmir rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar tədbir keçirib

 

Dünən Ulu Öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə YAP Kürdəmir rayon təşkilatı rayon mədəniyyət və turizm şöbəsi ilə birlikdə tədbir keçirib. Rayonun ucqar kəndlərindən olan Carlı kəndində yerləşən məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş "Kitab bayramı" adlı tədbirdə rayon ziyalıları, kənd əhalisi, gənclərin nümayəndələri, çoxsaylı oxucular, kitabxana işçiləri və məktəbin şagirdləri iştirak ediblər. Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Vaqif Alıyev çıxış edərək Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev ideyalarına sadiq olduğunu vurğuladı: "Bu gün əziz və tarixi günü qeyd etmək üçün respublikamızın bütün regionlarında Ulu Öndərimiz Heydər Əliyevin 88-ci ildönümünü qeyd edir. Keçirilən tədbirdə qoca, cavan, uşaq - hamı böyük sevinc və yüksək əhval-ruhiyyə ilə iştirak edir. Bu xalqın öz liderinə sonsuz hörmət və dərin məhəbbətindən irəli gəlir".

YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli görüşdə çıxış edərək, Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanda kitabxana işinin inkişafına daim öz töhfəsini verməsindən, çağdaş kitabxana quruculuğunun özülü də məhz 70-ci illərin əvvəllərində - Ulu Öndərimizin birinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən qoyulduğunu söylədi: "Məhz bu dövrdə bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur". A.Kərimli, həmçinin, Ümummilli Lider Heydər Əliyevin 88-ci ildönümünün rayonda qeyd olunması ilə bağlı indiyədək həyata keçirilən tədbirlər haqda da məlumat verdi: "May ayının 10-dək rayonun Şilyan, Yenikənd, Dayıkazımlı kəndlərində və Qarabucaq qəsəbəsində də "Kitab bayramı" keçiriləcəkdir.Tədbirə rayon mərkəzində keçiriləcək "Kitab bayramı" zirvə tədbiri ilə yekun vurulacaqdır. Bu tədbirlər, nəinki rayonda fəaliyyət göstərən bütün idarə, təşkilat və müəssisələrdə, həmçinin, hər bir ailədə qeyd olunur”. Tədbirdə əməkdar müəllim Gülməmməd Eyvazov, məktəblilərdən Mədinə Səmədova, Aytac Abdullayeva, Aydan Ələkbərova və başqaları Ulu Öndər Heydər Əliyevə, vətənə, kitaba həsr olunmuş şeirlər söylədilər. Çıxış edənlər "Kitab bayramı"nın geniş oxucu kütləsi tərəfindən maraqla qarşılandığını, kitab təbliğatı sahəsində ən təsirli vasitələrdən biri olduğunu xüsusi qeyd etdilər.

 

 

R.Hüseynova

 

Səs.- 2011.- 30 aprel.- S. 8.